"Məhv olmuş gündəliklər" yeni yozumda

     

  Hər tamaşa, səhnə əsəri onun yaradıcı heyətinin, iştirakçılarının, teatrın cəmiyyətə sözünü demək üçün əlində bir bəhanədir, vasitədir. Bu "vasitələr, bəhanələr" nə qədər böyük amal, aktual mündəricə daşıyırsa, eləcə də tamaşa nə dərəcədə emosional, bədii cəhətdən mükəmməl olursa, hazırlanan əsər bir o qədər maraq doğurur. Elə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu günlər hazırlanan xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşası da bu cəhətdən diqqətimizi çəkdi.

"Məhv olmuş gündəliklər" tamaşasının quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov görkəmli teatr xadimi Mehdi Məmmədovun tələbəsidir. Mehdi Məmmədov isə heç vaxt tamaşa xətrinə tamaşa qoymayıb, o, yalnız öz estetik ideallarına cavab verən, cəmiyyətin yaralarını özünə göstərməyə qadir olan və ictimaiyyətin diqqətini həmin ağrılara yönəldən tamaşalar hazırlayıb. Bu cəhətdən "Məhv olmuş gündəliklər" tamaşası qaldırdığı problemlərlə, ideya cəhətdən Vaqif Əsədovun bir növ müəlliminin ənənəsinə sədaqətidir. Tamaşanın bədii formasına isə rejissor özünəməxsus detallar, gözlənilməz üsullar, priyomlar tapmışdır.

Bəs ilk dəfə 1969-cu ildə görkəmli rejissor Tofiq Kazımov tərəfindən hazırlanan əsərdə rejissor hansı estetik ideallarını tapmışdır? Əsərin hansı xüsusiyyətləri onu özünə cəlb etmişdir? Bizim fikirimizcə, onu özünə cəlb edən birinci məsələ cəmiyyətin kiçik modeli olan ailədəki səmiyyətdir. Əsərin baş qəhrəmanı Fəridənin anası Gövhərin dediyi kimi: "…Mənim fikrimcə, istəksiz-məhəbbətsiz həyat gec-tez aparıb ikiüzlülüyə, saxtakarlığa, yalana çıxaracaqdır ki, dünyada bundan pis iş yoxdur". Elə əsərdə də bu "pis işlər" açılır. Fəridə tələbə yoldaşı Qəniməti sevir, onun sirdaşı rəssam Savalanla dostluq edir. Amma bu mənən zəngin, maddi cəhətdən ehtiyac içərisində yaşayan gənclərin həyatlarının xoş çağlarında, Fəridənin Ədalətə rast gəldiyi gündən çat yaranır. Fəridənin məhəbbətini qazanmağa nail olan Ədalət yüksək vəzifə ilə yanaşı, alçaq əməllər sahibidir. Fəridənin keçmiş rəfiqəsi Anjeldən qeyri-qanuni oğlu var. Ailə qurduqdan sonra o, Fəridəni də öz mühitindən, dostlarından ayırmağa çalışır. Əslində Ədalət özünü hakim sinfin nümayəndəsi kimi aparır, yoxsul, halal zəhmətlə yaşayan, pak insanları qara kütlə sayır. Elə Fəridədən də layiqli cavabını alır:

Fəridə: - Qara camaat? Məgər, indi belə termin var?

Ədalət: - Mən adi adamları nəzərdə tuturam.

Fəridə: - Mənim üçünsə adi və qeyri-adi adam yoxdur. Həqiqi mərdanə insanlar var.

Fəridəyə görə yüksək vəzifədə olmaq başqa bir aləmə daxil olmaq demək deyil.

Beləliklə, teatr əsərin təqdimatında iki cəhəti irəli çəkir: Ailə səmimiyyətini, əxlaqi dəyərləri və cəmiyyətin siniflərə bölünməsinin, başqalarının zəhməti hesabına, rüşvət və digər əskik, alçaq yollarla varlanmağın iyrəncliyini.

Tamaşanın bədii formasına gəldikdə isə quruluşçu rejissor gözlənilməz bir üsul seçmişdir. Musiqi termini ilə desək, əsər üzərində variasiyalar, gəzişmələr aparmışdır. Onun quruluşunda tamaşaçılar da, iştirakçılar da səhnədə yerləşmişlər. Tamaşaçılar guya hazırlanan əsərin məşqinə gəlmiş, səhnənin kənarlarında əyləşib "məşqə" baxırlar. Əsərin qəhrəmanları da, onu hazırlayanlar da, tamaşaçılar da bir-birinə qaynayıb-qarışıb. Təkcə ortada rejissor yoxdur. Hətta bəzən replikalar tamaşaçılar arasından verilir, bir sıra hallarda ifaçılar onların arasından keçərək oyun meydançasını tərk edir, ya da əksinə, oyun meydançasına tamaşaçılar sırasından keçib gəlirlər. Quruluşçu rejissorun fikri aydındır. Hadisələr 40 il əvvəl deyil, bu gün, bizim aramızda baş verir. Bu da tamaşadakı müasirliyi gücləndirir. Əslində bu "variasiyalar", "gəzişmələr" müəllif mətnini tamaşaçıya daha da doğmalaşdırmaq, yaxınlaşdırmaq üçün verilib.

Rejissor seçdiyi formaya müvafiq olaraq demək olar ki, bütün obrazlar tamaşa boyu meydançada görünür. Şübhəsiz ki, hər ifaçı da oynadığı rolun xarakterinə müvafiq olaraq onu tamaşaçıya çatdırmağa çalışır. Əsərdə əsas konflikt, əks qütblərin toqquşması Fəridə ilə Ədalət arasında baş verdiyindən, ilk növbədə diqqəti bu obrazlar çəkir. Şəbnəm Hüseynovanın Fəridəsi ürkəkliyi, məsumluğu ilə seçilir. Tamaşaçı inanır ki, o, Ədalətə heç vaxt xəyanət etməz. Təkcə ona görə yox ki, Ədalət onun əridir, həyat yoldaşıdır. Həm də ona görə ki, onun mənsub olduğu, tərbiyəsini aldığı təbəqənin, halallıqla yaşayan "adi adamların" ən böyük sərvəti namusudur. Bu təbəqə bir-birinin halına acıyır, bir-birinin puluna, varına göz dikmir, başqalarının sərvətini mənimsəmir. Əksinə, bir-birinə mənəvi dayaq olur. Ona görə də biz Fəridənin - Şəbnəm Hüseynovanın Qənimətlə, Savalanla ünsiyyətində ciddiliyinə, paklığına inanırıq. Həyatının çətin məqamlarında onun göz yaşlarına acıyırıq. Bir sözlə, aktrisa qarşısına qoyulmuş tələbə müvafiq olaraq tamaşaçılarda bu obraza məhəbbət oyatmağın öhdəsindən gələ bilir.

İlk tamaşada Ədalət rolunu Sərvər Əliyev ifa etdi. Əslinə qalarsa, Sərvərin ifasından digər obrazların xarakterinin açılması çox asılıdır. Kimdir Ədalət? Var-dövlətin köləsi, onun bədbəxt etdiyi insan. Tamaşada bütün obrazlarla onun arasında konflikt var: Onunla Fəridə arasında konflikt, onunla Qənimət və Savalan arasında konflikt, onunla Anjel arasındakı konflikt. Nəhayət, onunla öz ətrafındakılarla - üzvü olduğu, mənsub olduğu zümrə arasında konflikt. Onların sırasında Tiplər də (Elşən Çarhanlı) var, gözə görünməyən "qəhrəmanlar"da. Aşağılara qıyğacı baxan bu insankimilər yuxarılarda var-dövlət üstündə bir-birini qırırlar. Var-dövlət, məğrurluq, lovğalıq onların gözlərini kor edib. Sərvət onlara yük olub. Ailələrini pozğunlaşdırıb. Səmimiyyəti riyakarlıq əvəz edib. Elə Ədalət - Sərvər Əliyev də bu xüsusiyyətləri verməyə çalışır. O, səhnə meydançasında dik gəzir, ədalı, aramla danışır. Hislərini o dəqiqə büruzə vermir. Ədalətin ətrafındakı cəmiyyət, insanlar qarşısında qapalı olmağa çalışması aktyor tərəfindən ustalıqla verilir. Sərvər Əliyev təcrübəli aktyordur, Hüseynağa Atakişiyev teatrının, məktəbinin ən yaxşı sənətkarlarından biridir. Bütün bunlara görə biz istərdik ki, o, Ədalətin hiyləgərliyi üçün də cizgilər arayıb tapsın. Çünki Ədalətin mənsub olduğu zümrənin, sinfin mayası hiylə ilə yoğrulub. Burada hiylədə, riyakarlıqda geri qalanlar vurulub sıradan çıxarılır.

Əsərdəki dramaturji xətlərdən biri də Fəridə ilə Qənimət arasındakı məhəbbət xətti, münaqişəsidir. Rasim Cəfərov imkanı daxilində Fəridəyə məhəbbətini, obrazın paklığını verməyə çalışır. Amma onun ifasında bir quruluq var. Bir tamaşaçı kimi istərdik ki, bu rol teatrın suyuşirin, zahiri görünüşü ilə simpatiya oyadan başqa bir aktyoruna veriləydi. Ya da belə bir aktyor dəvət olunaydı. Onda tamaşaçı Fəridənin faciəsinə daha çox acıyardı.

Savalan rolunda əməkdar artist Şövqü Hüseynov nəcib, nisgilli bir insan obrazı yaratmağa çalışır. Obraz üçün cizgilər, detallar tapmağa çalışır. Sövqü teatrın istedadlı, zəhmətkeş, işinə məsuliyyətlə yanaşan aktyorlarındandır. Onu bir çox rollarda görmüşük və razı qalmışıq. Aktyor Savalan rolunda da seçilir. Amma… Bu məqamda əsərdən bir epizodu yada salmaq istərdik. Tamaşanın sonuna yaxın Anjel Savalana deyir: "…Sən gənc, gözəl bir qızla evlənəcəksən… və bir gün küçədə qoca Anjelə rast gəlib bir zaman ona aşiq olduğuna ürəyində güləcəksən". Bizi narahat edən odur ki, tamaşada Savalan Anjeldən qoca görünür.

Tamaşada mürəkkəb, haldan-hala düşən obrazlardan biri də Günel Məmmədovanın ifasında Anjel obrazıdır. Obraz bir xətli deyil. Əslində, bir neçə vəziyyətə düşmüş Anjel var. Günaha batmış Anjel, rəfiqəsinin taleyi üçün narahatlıq keçirən Anjel, oğlunun sabahını düşünən Anjel, Savalana məhəbbət bəsləyən Anjel, ağıllanan, həyatı başa düşüb düz yola gəlməyə çalışan Anjel. İnsafən demək lazımdır ki, aktrisa obrazın vəziyyətdən-vəziyyətə keçid anlarını, situasiyaları maraqla yaradır. Günel obrazı kulminasiya nöqtəsinə apara-apara onun günahsızlığını isbat edə bilir. Sonda Savalanın məhəbbətinə özünü layiq bilmədiyi səhnədə obrazı ülvüləşdirir. Xüsusən uşağın şəklini Fəridəyə göstərib, onun Ədalətə oxşadığını dediyi an səsindəki cingilti, qəzəb tamaşaçı qəlbini riqqətə gətirir. Bu səhnədə Ədalətdən olan uşağın şəkli əvəzinə Ədalətin özünün görünməsi quruluşçu rejissorun tapıntısıdır. Əslində, bu səhnədə Ədalətin zühuru Fəridənin xəyalında Ədalətin simasının canlanmasıdır.

Tamaşada seçilən rollardan biri də Şəfəq Əliyevanın ifasında Gövhər obrazıdır. Gövhər səhnədə az görünsə də, sevilir. Şəfəq xanımın qəhrəmanı təmkinli, bütün həyatını övladına həsr etmiş ana obrazı ilə yanaşı, insanpərvərliyi ilə də diqqəti çəkir. Tamaşaçı inanır ki, uşaq həkimi olan bu qadın digər anaların övladlarını da öz balasından seçməyib. Təəssüf ki, indiki zəmanəmizdə arzusunda olduğumuz belə insanlar yox dərəcəsindədir.

Elşən Çarhanlının Tip obrazının sözü az görünür, amma yadda qalır. Buna həm dramaturji material imkan verir, həm də Elşənin, bu suyuşirin aktyorun ifası. Əslində, dramaturq Tipi iyrənc zümrənin ümumiləşdirilmiş obrazı kimi verir.

Əlbəttə, tamaşanın uğurlu çıxmasında Fəridənin dublyoru Roza İbadovanın da, Qənimətin dublyoru Anar Seyfullayevinaz əməyi olmayıb. Biz bu siyahıya musiqiçilər - Emin Sevdiməliyevin də, Eyvaz İbrahimovun da, Ceyhun Məmmədovun da adlarını əlavə edərdik.

Hər tamaşa kollektiv əməyin məhsuludur. Əgər Nicat Kazımovun verdiyi rəqs quruluşları, Mixail Simonovskinin musiqi tərtibatı, Yelena Şetinkinanın rejissorluğu olmasaydı, tamaşanın keyfiyyətinə xeyli xələl gələrdi.

Tamaşanın tərtibatını da quruluşçu rejissor öz öhdəsinə götürübimkan daxilində də tərtibatdan tamaşanın ümumi ideyasının açılması üçün istifadə edib. Tərtibatda tavandan döşəməyə kimi salınmış sarı pərdələrdən istifadə edilib. Budur, Ədalətlə Fəridənin mübahisə etdiyi səhnə. Ədalət danışa-danışa pərdələri bir-birinə düyünləyir. Sanki Fəridəni kəməndə salır. Sonra Anjel o düyünləri açır. Əslində bu səhnə əsərin məzmununu pantomim vasitəsi ilə ifadə edir. Anjel düyünləri açmaqla Fəridəni düşə biləcək əbədi mənəvi həbsxanadan qurtarır.

Amma rejissor işinə bir iradımız da var. Belə ki, quruluşçu rejissor versiyasında özünü personajlardan birinə çevirib. O, yalnız "məşqin" (əslində tamaşanın) sonunda gəlib çıxır. Ədalı yerişi və hərəkətlərindən bilinir ki, aktyorlardan narazıdır. Hətta aktyorlardan birinə iradını bildirməyi də unutmur. Sonra meydanı tərk edir. Elə bu an ifaçılar tamaşaçıları da təhrik edərək əllərini qaldırıb meydanı tərk etmiş aktyorun "başına kül" edirlər. Əslində, bu rejissor sənəti yarandığı gündən aktyorlarla rejissor arasındakı "antiqonist" ziddiyyətdir. Bu ziddiyyətin yumoristik şəkildə səhnəyə çıxarılması əleyhinə deyilik, bizi qane edir. Amma biz istərdik ki, "kül" ifadəsi əvəzinə başqa bir priyom tapılaydı.

Görkəmli dramaturq İlyas Əfəndiyevin dünyasını dəyişməsinin 15 illiyi ərəfəsində "Məhv olmuş gündəliklər" pyesinin tamaşası görkəmli qələm sahibinin sənətinin əbədiliyi ilə yanaşı, teatrın uğurlu işlərindən biridir. Biz teatrın kollektivinə, tamaşanın quruluşçu rejissoru Vaqif Əsədova uğurlar, xalqımızın böyük sənətkarı İlyas Əfəndiyevə Allahdan rəhmət diləyirik.

 

 

Atababa İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.-S.2-4.