Deyilən
söz yadigardır
Hörmətli
redaksiya!
İctimai televiziya
"Ozan" verilişinin
son sayını (24.09.11)
bütövlükdə xalq şairi Zəlimxan Yaqubun
yaradıcılığına həsr etmişdi.
Verilişdə xalq şairi
Nəriman Həsənzadə, Aşıqlar Birliyinin
katibi Musa Nəbioğlu
ilə yanaşı mən də iştirak
edirdim. Verilişdən sonra
çoxları zəng edərək Zəlimxan Yaqubun səhhəti ilə bağlı
narahatlıqlarını bildirdilər. Şairin
əhvalını soruşdular. Bəziləri
isə mənim çıxışımın müəyyən
məqamları üzərində dayandılar. Arzu etdilər ki,
çıxışımı mətbuatda çap
etdirim.
Mən
onsuz da "Deyilən
söz yadigardır"
başlığı altında görkəmli və
tanınmış qələm sahiblərinin yubiley
tədbirlərində və televiziyada
dediklərimi, o cümlədən də Səməd
Vurğun, Rəsul Rza,
Nigar Rəfibəyli, Hüseyn
Arif, Tofiq Bayram, Qasım Qasımzadə, Əzizə Cəfərzadə,
Fərman
Kərimzadə və başqaları barədə
çıxışlarımı "Ədəbiyyat qəzeti"ndə
çap etdirmiş, sonra isə "Borcumuzdur bu ehtiram" (Bakı -
2010) kitabıma daxil etmişəm. Bildirilən
münasibətlərdən o qənaətə
gəlmişəm ki, belə yazılar
oxucuları qane edir, qələm
sahiblərinə onların marağını artırır. Güman edirəm ki, Zəlimxan
Yaqub haqqındakı bu
çıxışım istisna olmayacaq. Odur ki, bu çox
da böyük olmayan yazını çap
etdirməyi lazım bildim.
Hörmətlə,
Qəzənfər Paşayev
Xalq
şairi Zəlimxan Yaqubun poeziyasını izlədikcə qədim
romalıların "Şairlər doğulur, natiqlər
yetişir" kəlamı qəlbimə hakim kəsilir.
Poeziyamıza "Fələk qapımızı
döyübdü" - deyərək ilhamsız Mirzə Səfərlər
çox gəlmiş, səssiz-səmirsiz getmişlər,
çünki şair üçün əsas olan ilhamdan kasad
idilər. Mikayıl Müşfiq təsadüfi demirdi:
…Anasız
uşağa dayə gərəkdir,
Şairə
ilhamdan mayə gərəkdir.
Zəlimxan
Yaqub poeziyamıza qaynar təbi, ənənəyə, ədəbi
meyarlara yüksək bağlılığı və öz
taleyi, bənzərsiz dəst-xətti ilə gələn
şairdir.
O, xalq ruhu
ilə qaynayıb-qarışan, xalqın içində olan,
xalq tərəfindən sevilən, poeziyası ilə
xalqın qəlbini dilləndirən sənətkardır.
Yaranışdan şair ömrü yaşayıb, yaza-yaza
dünyanı, ən çox da türk dünyasını,
el-obanı gəzib, gəzə-gəzə
yazıb-yaradıb.
Zəlimxan
təkcə Azərbaycanın deyil, bütöv Türk
dünyasının şairidir. Onun
yaradıcılığını bütün türkdilli
ölkələrdə, eyni zamanda da qonşu İranda bizdəki
qədər çox sevirlər.
Zəlimxan
Yaqub ömrünü bəşəriyyətin ən
böyük kəşfi olan kitablara həsr edib. Bu fikri həm
həqiqi, həm də məcazi mənada anlamaq olar. O,
Bakı Dövlət Universitetinin kitabxanaçılıq
fakültəsini bitirdikdən sonra kitab mağazalarında,
kitabxanalarda işləyib. Sonralar isə bir şair və publisist
kimi cild-cild kitablar yazıb. Qırxdan artıq kitabı
işıq üzü görüb. Türkiyədə,
İranda, Rusiyada, Gürcüstanda kitabları böyük
tirajla çap olunub. Çox böyük
həcmli 388 səhifəlik "Biblioqrafiya"sı nəşr
edilib. XIII cildlik "Seçilmiş əsərləri"
oxuculara çatdırılıb. Bu, o deməkdir
ki, gecə-gündüz yazıb-yaradıb, şam kimi əriyib.
Əsl şair ömrü yaşayıb.
Zəlimxan
Yaqub poemaları ilə seçilən, poeziyamıza yeni
töhfələr verən azsaylı şairlərimizdəndir. Şairin keçmişimizdən və bu
günümüzdən bəhs edən poemaları
insanları düşünüb-daşınmağa sövq
edən, gələcəyə səsləyən,
keçmişimizə, mənəvi dəyərlərimizə
qiymət verməyə çağıran, ali
hisslər aşılayan poetik incilərdir. Onun qələminin
məhsulu olan 20-dən artıq poemasından bir neçəsinin
adını çəkmək istərdim: "Saz",
"Göyçə dərdi", "Sizi
qınamıram", "Yunus İmrə" dastanı,
"Peyğəmbər", "Sürgün", ulu öndərimiz
Heydər Əliyevə ithaf olunmuş "Böyük
ömrün dastanı" və s.
Bu əsərləri,
xüsusən də ümummilli liderimiz Heydər Əliyevə
həsr olunmuş poemanı həyəcansız oxumaq olmur.
Çağdaş
poeziyamızda xalq yaradıcılığını və
aşıq yaradıcılığını onun qədər
ruhən damarında-qanında yaşadan, ondan qədərincə
bəhrələnən ikinci bir şair təsəvvür etmək
çətindir. Bu
baxımdan o, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy
Zakir, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif
kimi seçilən və sevilən şairlərimizin
davamçısı kimi ictimaiyyət tərəfindən
etiraf edilən xoşbəxt şairdir.
Zəlimxanın
mayası saz və sözdən yoğrulmuş, folklor
üstündə köklənmişdir. Bu, onun boya-başa
çatdığı mühitlə bağlıdır.
Ulu Borçalıda bu gün belə
insanların mənəvi qidası saz və sözdür,
qoşma və bayatıdır. Az-az
aşıq tapılar ki, Zəlimxan onun haqqında yazmasın.
Nəticədə Aşıq Ələsgərə,
Hüseyn Bozalqanlıya, Hüseyn Saraclıya həsr etdiyi
poemaları meydana gəlmişdir.
O,
Aşıqlar Birliyinə sədr seçiləndən sonra
aşıqların pənah aparacağı ocaq yarandı. Zəlimxan bu ocağı sanki öz doğma
ocağı hesab edir və onunla nəfəs alır. Aşıqlar Birliyi bərpa olunandan sonra aşıq
sənətinə dövlətin qayğısı daha da
artdı. Novruz bayramında Qoşa qala
qapısında ümummilli liderin vaxtında olduğu kimi,
aşıqlar Prezidentimiz və dövlət rəhbərlərinin
qarşısında çıxış etməyə
başladılar. Azərbaycan
televiziyasında "Musiqi irsimizdən", İctimai
televiziyada "Ozan" adlı saat yarımlıq möhtəşəm
verilişlər xalqın zövqünün
formalaşmasına, vətənpərvərlik
hissinin artmasına xidmət etdi.
"Təbiət
Allahın şah əsəridir" - deyən Zəlimxan
özü təbiət şairinə çevrilib. Bu isə yurd sevgisindən,
torpağa və saza-sözə bağlılıqdan irəli
gəlir.
Zəlimxan
Yaqub haqqında ən çox yazılan, ədəbi tənqid
və ictimaiyyətin diqqət mərkəzində olan xoşbəxt
taleli, özünə əbədiyyət qazanan şairlərdəndir. Onun haqqında "Zəlimxan
Yaqubdan yazılanlar" ("Vətən" - 2005, 403 səh.)
və ikicildlik "Zəlimxan Yaqub ədəbi
düşüncələrdə" ("Vətən" -
2009) adlı sanballı əsərlər nəşr
olunmuşdur. Bu nəşrlərdə
görkəmli qələm sahiblərinin əsərləri yer
alır. Onların adlarını saymaqla
qurtaran deyil. Bir neçəsinin adını çəkməklə
kifayətlənirəm: Osman Sarıvəlli, Mirvarid Dilbazi, Bəxtiyar
Vahabzadə, Hüseyn Arif, İsa Muğanna, Xəlil Rza
Ulutürk, Xudu Məmmədov, Qulu Xəlilov, Kamal Talıbzadə,
Bəkir Nəbiyev, Yaşar Qarayev, İsa Həbibbəyli,
Nizami Cəfərov, Budaq Budaqov, İmamverdi Əbilov, Tofiq
Hacıyev, Elçin, Səlahəddin Xəlilov, Yavuz Axundlu, Cəlal
Abdullayev, Nizaməddin Şəmsizadə, Qəzənfər
Kazımov və bir çox başqaları.
Zəlimxan
Yaqubun yaradıcılığına yuxarıda söz
açdığımız kitablardan əlavə daha bir
neçə kitab və
namizədlik dissertasiyası
həsr olunub: F.Xubanlı: "Zəlimxan
Yaqub yaradıcılığı
tərbiyə anlamında" (Bakı -
1998); Ə.Xəlilov: "Olimpə gedən yolda" (Bakı
-2005); H.Həsənov: "Sözün Zəlimxan zirvəsi"
(Bakı -2010); Azər Turan: "Əzəl-axır dünya
türkün dünyası" (Azərbaycan və Türkiyədə
nəşr olunub); R.Kamal: "Zəlimxan Yaqub - İnanc
işığı" (Bakı - 2010); Ə.Hüseynova:
"Zəlimxan Yaqubun yaradıcılığı" -
monoqrafiya (Bakı - 2006) və s.
Bütün
bu əsərlərdən hasil olan qənaət budur ki,
müasir ədəbi prosesdə Zəlimxan Yaqub müstəsna
rol oynayan şairdir.
Zəlimxan
Yaqubun səhhətində olan problemlər saz-söz və
poeziya pərəstişkarlarını narahat edir. Sevimli şairimizin tezliklə
şəfa tapmasını
Yaradandan təmənna
edirik.
Ədəbiyyat qəzeti.- 2011.- 30
sentyabr.- S.5.