Ədəbi körpü

  

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onun bütöv can kimi bütün sahələrdə, eləcə də, maddi-mənəvi dəyərlər sırasında ədəbiyyatının da geniş surətdə inkişafı xüsusi yer tutur. Ədəbiyyat xalqın ictimai-mədəni, sosial-siyasitarixi mərhələlərini özündə əks etdirir. Bu mərhələlərdə hadisələrə poetik-estetik can verib müəyyən zaman içrə onu qələmə almaq və gələcək nəsillərə çatdırmaq isə xüsusi bir qurumun, onun ayrı-ayrı bölmələrinin üzərinə düşən milli-mənəvi borcla yanaşı həm də vətəndaşlıq vəzifəsidir. Düz deyiblər: "Vətənin o başı, bu başı olmaz, vətən vətəndir". Bu baxımdan AYB-nin uzun illərdən bəri fəaliyyət göstərən Cənubu Azərbaycan şöbəsi Arazın o tayında yaşayan xalqımızın həyat salnaməsi, psixologiyası, ədəbi prosesləri və dünya duyumu haqqında zəngin məlumatların verilməsində, eləcə də, orada yaşayıb-yaradan ədiblərin yaradıcılıqlarının layiqincə tədqiq və təbliğ olunmasında mühüm yer tutur. Xalqımız S.Vurğunu necə əzbərdən bilirsə, eynisi kimi ustad Şəhriyarı da eləcə tanıyır, həmçinin R.Rzanı bildikləri kimi, Səhəndi, Həbib Sahiri və başqalarını hifzidən bilirlər. Bu bağlar, zəncirlər heç vaxt qırıla bilməz, çünki bu tellər bir mənbədən, bir candan qida alırlar. Son illər ədəbi-mədəni əlaqələrin daha müntəzəm forma alması isə xüsusilə diqqəti çəkir. Ədəbiyyatımızın Cənubi Azərbaycan qolunun daha geniş formada öyrənilməsi, təbliği və nəşr olunması günümüzün mənəvi tələbinə çevrilməkdədir. Bu baxımdan dövri mətbuatda çoxlu sayda yeni nəşr olunan Cənubi Azərbaycan ədibləri haqqında və onların yaradıcılıqlarından nümunələri qeyd etmək yerinə düşərdi. Cənublu yazar soydaşlarımızdan Məlihə Əzizpurun "Su pıçıltısı" və Nigar Xiyavinin "Əlimdə əlli barmaq" şeir kitablarının burada oxuculara təqdim olunması, yeni yaradıcı nəslin bir-birilə tanışlığı olduqca vacib və təqdirəlayiqdir. Artıq kürəsəlləşən dünyamızda elmin, texnikanın inkişafı dünya düzənində çəkilmiş olan tikanlı sərhəd məftillərini qırır. Bir səmanın havasını, bir torpağın suyunu içən xalqın düşüncə tərzini, həyat fəlsəfəsini heç bir qüvvə və tikanlı məftil ilə ayırmaq olmaz, bu artıq tarixin oxunmuş və köhnəlmiş səhifələridir. Bu gün M.Əzizpurun, N.Xiyavinin yaradıcılıq nümunələri ilə biz tanış olanda görürük ki, bu şeirlərin əsas qayəsində şablonadi həyat tərzindən uzaq, daha çox siyasi sıxıntılara, vətənə və vətənsizliyə olan etiraz dolu üsyankar bir qadın harayı durur. Yaxın zamanlarda oxucularımıza təqdim olunacaq digər bir güneyli şairəmiz Ziba Kərbası isə deyir:

 

Ta gəlmə!

Geyran, naqqışlı gedən yollar

Cızıx-cızıxdır o taydan bu taya

Ayağımın izini tutub gəlsəydin,

Tutuşardıq.

Tox zəmanənin qoynunda qucaqlaşardıq…

 

Güneyli yazarların ayaq izləri, onları vətənin quzeyinə və parçalanmış vətənimizin hər bir guşəsinə aparıb çıxarır. Ziba Kərbası deyir ki, əgər mənimlə, yəni güneylə bir yolda olsanız və ayaqlarımın izi ilə yerisəniz, bütün sonradan yaranan süni fərqlərə baxmayaraq biz tutuşarıq. Bax, bu ayaq izləridir, bu Cığırlardır, illərin soyuğunda, boranında, qışında pozulmayır, itməyir. Zaman keçir, nəsil dəyişir, amma ruhi birlik bu yollarla qırılmadan, sınmadan əl-ələ öz yoluna davam edir.

Cənubi Azərbaycan ədəbi prosesinin təhlili və tənqidi sahəsində çalışan, bu tayda dövri mətbuatda məqalələri ilə bizə tanış olan güneyli çağdaş tənqidçilərimizdən Eyvaz Taha, Cəfər Bozorgəmin, Hümmət Şəhbazı, Nadir Əzhərinin adlarını çəkmək yerinə düşərdi. Qeyd etmək lazımdır ki, onlar təkcə cənub ədəbi proseslərini deyil, həmçinin buradakı ədəbi prosesləri də yaxından izləməklə onlara öz münasibətlərini məqalələri ilə bildirirlər. Bu cür əlaqələrin müntəzəm forma alması xalqın bütöv ədəbi prosesinin formalaşması və zənginləşməsinə səbəb olacaqdır. Bu işdə AYB-nin, xüsusilə Cənubi Azərbaycan şöbəsinin fəaliyyəti isə daha aktiv forma daşımaqdadır. Belə ki, şöbənin təkcə bu ilin əvvəllərindən oxucularımıza təqdim etdiyi çağdaş Güney Azərbaycan ədəbiyyatının üç nümunəsi - İsmayıl Ülkərin "Sevda yoldaymış", Rəsul Yunanın "Mən Çin məhəllələrində itmişəm" və bu sətirlərin müəllifini "Paltarlarım adamsızdır" adlı kitabları dövri mətbuatda və sosial şəbəkələrdə müzakirə olunmuşdur. Bu isə günümüzün maraq və təlabatının doğurduğu mənəvi ehtiyacın olmasının göstəricisidir. Bu gün istər o tayda yaşayan, istərsə də elə burada yaşayan yaradıcı insanlarımızın eyni dərd yükünü daşımasının şahidi oluruq. Qarabağ dərdi, Vətəndə olub da vətənsizlik dərdi bu xalqın sızlayan yarasıdır. Bu ağrını İsmayıl Ülkər belə ifadə edir:

 

Torpağıma göz dikənlərə,

Üstündə də olmasa,

Altında yer verərik.

Biz türkük axı,

Biz qonaqsevərik!

 

Bu milli ruhu daşıyan sözlər, qədim bir kök və mədəniyyəti daşıyan millətin nümayəndəsinə məxsus ola bilər. Torpaq uğrunda döyüşmək və eyni zamanda milli adət-ənənəni etiraz ruhuna qatmaq, əsrlər boyu müharibə və müqavimət şəraitində olan insanın dilinə gələ bilər.

Bax, elə bu səpkidə Güney Azərbaycan şöbəsinin nəşr etdiyi Elvar Qulivəndin "Zibil dolusunda ziyafət" və Ramin Cahangirzadənin "Daşlar" adlı şeir kitabları da olduqca maraqlıdır. Geniş oxucu kütləsi tərəfindən oxunması və müzakirə olunması onu göstərir ki, cəmiyyətin istər qlobal, istərsə də milli düşüncə tərzində hadisələrə münasibəti poetik formaya çəkərək ifadə etməsi gəncliyimizin yaradıcılığında yeni ədəbi prosesin başlanmasından xəbər verir. Belə bir prosesin daha düzgün, mükəmməl və dolğun olması üçün əlaqələrin daha sıx qurulması, yaradıcılıq nümunələrinin geniş oxucu kütləsinə tanıdılması, təbliği və tənqidi münasibət Cənub ədəbi prosesinin inkişafına təbii ki, öz töhfəsini vermiş olacaqdır. Eyni zamanda, klassiklərimizlə yanaşı, müasir Azərbaycan poeziya və ədəbi mühüt nümunələrinin o tayda əski əlifba ilə nəşr olunması və yayılması da olduqca vacib və əhəmiyyətlidir. Oranın da buna ehtiyacı var və deyərdim ki, həm də çox. Baxmayaraq ki, böyük xalq şairləri Bəxtiyar Vahabzadə, Anar, Fikrət Qoca, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Şahmar Ələkbərzadə, Bəhmən Vətənoğlu, Zəlimxan Yaqub, Musa Yaqub, Qəşəm Nəcəfzadənin əsərləri Cənubi Azərbaycan ədəbi mühitinə çoxdan tanışdır, amma yollarımız uzanır, həyat isə öz gözəlliyi və çətinliyi ilə davam edir. Zaman və nəsillər dəyişir, surətlə dəyişən zaman kəsiyində biz gec qalmamalıyıq, yeni ədəbi mühitə yeni əsərlər, yaradıcılıq nümunələri təqdim etməliyik. Məhz buna görə də son vaxtlar Cənubi Azərbaycan ədəbi mühitinə təqdim olmağa hazırlanan "Dantenin yubileyi" (Anar), "Seçmə şeirlər" (Fikrət Qoca), "Cəmilə" (Çingiz Aytmatov), "Axirət sevdası" (Sabir Əhmədli), "Bura mənə tanış gəlir" (Quzey Azərbaycan şeir antologiyası), "Bir az uzaqlarda axtarın məni" (Səlim Babullaoğlu), "Cəza" (Hüseynbala Mirələmov), "Ədəbi düşüncələr" (Elçin), "Gəl günaha bataq" (Nuridə Atəşi), "Şeir toplusu" (Dayandur Sevgin), "Şeirlər toplusu" (Nuranə Nur) kitablarını nümunə olaraq diqqətinizə çatdırmaq hər iki tərəf üçün maraqlı və sevincli olacağına əminliyəm.

 

 

Sayman Aruz

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.- S.4.