Vətənpərvər alim, nəcib
insan
Naxçıvan
Dövlət Universitetində əməkdar elm xadimi, professor
Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş
"Böyük vətəndaş və görkəmli elm
xadimi" mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı
giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli
açaraq "Professor Abbas Zamanov: zəmanəsi, iradəsi və
səsi" movzusunda geniş məruzə etmişdir. Qeyd
olunmuşdur ki, professor Abbas Zamanov görkəmli ədəbiyyatşünas
alim, ustad pedaqoq olmaqla yanaşı, əsl azərbaycanlı,
azərbaycanşünas alim kimi də xatirələrdə
yaşayacaq. Akademik İsa Həbibbəyli alimin mollanəsrəddinçi
şair-publisistlərin yaradıcılıqları ilə
bağlı apardıqları çoxşaxəli tədqiqatlardan,
sabirşünaslığın təməlini qoymasından
danışmışdır. Professor Abbas Zamanovun 100 illik
yubileyi ilə bağlı keciriləcək tədbirlərdən
söz açılmışdır.
Universitetin
"Azərbaycan ədəbiyyatı" kafedrasının
professoru, filologiya elmləri doktoru Yavuz Axundlu "Professor Abbas
Zamanov: alim şəxsiyyətinin məsuliyyəti və
ucalığı" mövzusunda məruzə edərək
professor Abbas Zamanovun Azərbaycan ədəbiyyatşünaslığındakı
özünəməxsus yerindən, vətəndaşlıq
mövqeyindən bəhs etmiş, onunla bağlı xatirələrini
bölüşmüşdür.
AMEA-nın
İctimai və humanitar elmlər bölməsinin akademik
katibi, AMEA-nın müxbir üzvü, Bakı Slavyan
Universitetinin rektoru Kamal Abdulla, Bakı Dövlət
Universitetinin "Azərbaycan dili və ədəbiyyatının
tədrisi metodikası" kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Yusif Seyidov, Türkiyənin Ərzurum
Atatürk Universitetinin ədəbiyyat fakültəsinin
Çağdaş türk ləhcələri və ədəbiyyatları
şöbəsinin müdiri Sedat Adıgözəl, NDU-nun tədris
işləri üzrə prorektoru, filologiya elmləri doktoru
Hüseyn Həşimli, Azərbaycan Dillər Universitetinin Azərbaycan
dilçiliyi kafedrasının müdiri, filologiya elmləri
doktoru, professor Adil Babayev, AMEA Naxçıvan bölməsinin
İncəsənət, dil və ədəbiyyatşünaslıq
şöbəsinin aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru, dosent Fərqanə
Kazımova, professor Abbas Zamanovun nəvəsi, filologiya üzrə
fəlsəfə doktoru Gülgün Rzayeva konfransda
çıxış etmişlər.
Tədbirin
sonunda universitetin müəllimi, Naxçıvan MR əməkdar
rəssamı Cavid İsmayılovun işlədiyi Abbas
Zamanovun portreti professorun vaxtilə hədiyyə etdiyi
kitablardan ibarət zəngin kitabxanaya malik olan Ərzurum
Atatürk Universitetinə hədiyyə edilmişdir.
Konfransda
professor Abbas Zamanovun həyatı və
yaradıcılığına aid slaydlar və kitab sərgisi
nümayiş etdirilmişdir.
Ədəbiyyat
qəzeti.- 2011.- 30 sentyabr.- S.4.