Ömürlük əzab

 

Olmuş əhvalat

       

Məhəllə uşaqlarının xatirəsinə

 

Məhəlləmizdə hamı onu sevirdi. Yaraşıqlı, hündürboy, tərbiyəli oğlan idi. Mənim kimi kiçik yaşlılar ona oxşamaq, onun hərəkətlərini təqlid etmək üçün dəridən-qabıqdan çıxırdı. Böyüklə böyük, kiçiklə kiçik idi. O vaxtlar Ceyhun Yuri Qaqarin adına (indiki Tofiq İsmayılov adına Uşaq və Gənclər Sarayı) Pionerlər evində nağara kursuna da yazılmışdı. Məktəbdə də böyük hörməti vardı. Dərslərə yaxşı hazırlaşır, gözəl futbol oynayırdı. Qızlar onun xoşuna gəlmək üçün bəzənib-düzənirdilər. O isə öz aləmində idi. Elə bil heç kimi görmürdü. Təkcə bibisi qızı Şəhladan başqa. Bibisi də həmişə deyirdi ki, Şəhlanı Ceyhuna verəcəyəm.

Artıq 10-cu sinifdə oxuyurdu. Ailələri kasıb olsa da, müəllimlər onun öz biliyilə instituta daxil olmasına inanırdılar və ona hər cür kömək göstərirdilər.

Mən son vaxtlar Ceyhunun hərəkətlərində qeyri-adi nə isə hiss edirdim. Uşaqdım, bəlkə də mənə elə gəlirdi, amma yox, mən yanılmamışdım.

Məhəlləmizdə Fatmanisə adlı bir qadın yaşayırdı. Məhəllə arvadları, hətta anam da ona gündə min lənət oxuyurdu:

- Bu Fatmanisəni görüm, heç yarımasın, qanına bələnsin, uşaqlarının başına gəlsin, bütün məhəlləni pis günə qoyub.

Sözün düzü, anamın danışığından heç nə başa düşmürdüm. Şirindil, gülərüz qadın olan, həmişə bizə konfet paylayan Fatmanisə xalanın hansı günahın sahibi olduğunu düşünürdüm.

Bir gün yaşıdlarımla məhəllədə oturub "Neftçi"nin sonuncu oyununu müzakirə edirdik:

- Əşşi, Maşallah düz pas versəydi, İsgəndər yüz faiz qol vuracaqdı.

- Yox, o ancaq yıxılmağı bilir, hakim də axmaq deyil ki, həmişə 11 versin.

Bu vaxt Ceyhunla bir oğlan yanımızdan keçdilər. O qədər hirsliydilər ki, bizə heç salam da vermədilər. Pilləkənlərlə yuxarı qalxanda o mənə tərəf çevrilib: - Vaska, bura gəl, - dedi. Sevindim ki, Ceyhun məni çağırdı.

- Düş Məmmədəlidən iki dənə "Tu" al.

- Məəttəl qaldım. Axı o, siqaret çəkmirdi. Öz-özümə fikirləşdim ki, yəqin tanışı üçün alır.

Qayıdanda gördüm otaqdan səs gəlir. Dayanıb qulaq asdım.

- Bu Fatmanisə lap ağ eləyib, malın qiymətini qaldırıb. Deyir guya uçaskovı dolyanı artırıb.

- Yalan deyir, birə-on qazanmaq istəyir, it qızı.

- Əşşi, vurmayın da bu zibili, vacibdi bəyəm, nə görmüsünüz e onda?

- Ceyhun, sən onun ləzzətini bilmirsən. Aləmdir e, aləm.

- Heç bilmək də istəmirəm.

Ceyhunun anası Xatun xala məni görüb:

- Vasif, bala, qapıda niyə durmusan, keç içəri.

- Vaska, gəl görüm, - deyə söhbəti yarımçıq qoyan Ceyhun məni otağa çağırdı. Siqaretlərlə pulun qalığını stolun üstünə qoyanda: - Qoy cibinə, marojna alarsan, - deyib qutunu cəld sökdü. Siqaretlərdən birini yandırıb elə sümürdü ki, yarısı əriyib getdi. Vaska, çox sağ ol, - deyib əli ilə mənə qapını göstərdi.

Bayıra çıxanda yenə Ceyhunun səsini eşitdim:

- Məni bax, bunların taleyi, gələcəyi maraqlandırır.

O gecə səhərə kimi yatmadım. Suallar ürəyimi didib-dağıdırdı: - Axı niyə Ceyhun kimi bir oğlan siqaret çəkməyə başlayıb? Fatmanisə hansı malın qiymətini qaldırıb? Bilirdim ki, Fatmanisəgilin qapısına tez-tez cavan oğlan və qızlar gəlirdi, amma ağlıma pis şey gətirmirdim. Sonralar bildim ki, o narkotik satır.

Bir müddət sonra Ceyhunun, uşaqlar demişkən, səkkiz yaza-yaza evə gəldiyinin dəfələrlə şahidi oldum.

Son zəng idi. Hamı dəstə-dəstə dənizkənarı parka axışırdı. Biz də sinif yoldaşlarımızla gəzməyə getmişdik. Birdən aləm dəydi bir-birinə. Məzunlar arasında vuruşma başladı. Mən ortada Ceyhunu gördüm. Səliqəli geyinmiş, özündən razı birisiylə dartışırdı:

- Axmağın biri axmaq, utanmırsan qızlara sataşırsan, - deyə Ceyhun onu vurdu. Bu vaxt milislər gəlib vuruşanları ayırdı, Ceyhunla həmin oğlanı isə tutub şöbəyə apardılar. Sonra eşitdim ki, həmin oğlan bir telefon zəngi ilə azadlığa buraxılıb. Ceyhuna isə 15 sutka verdilər. Atası Mədət kişi rəislə görüşdüsə də, bir şey alınmadı.

- Deyir, sənin oğlun hörmətli bir adamın oğluna əl qaldırıb, ya 500 manat gətir, ya da ki, yatmalıdır.

Xatun xala içəri keçib bir azdan əlində 500 manat bayıra çıxdı:

- Apar ver o qansıza, qoy uşağı buraxsın. Qara günümüz üçün qəpik-qəpik yığmışdım bu pulu, xeyrin görməsin, - deyib ağlaya-ağlaya içəri keçdi.

Bir saatdan sonra artıq Ceyhun məhəllədə idi. Elə bil toy-bayram idi, hamımız sevinirdik, hamı onu təbrik edirdi.

O il Ceyhun instituta daxil ola bilmədi. Dəli kimiydi, elə hey əsəbi gəzirdi:

- Mənim də atamın pulu olsaydı, indi mən də institutdaydım.

Bir az sonra əsgərliyə getdi. Hamımız onu Biləcəriyə kimi yola saldıq.

Üç gündən sonra xəbər gəldi ki, hərbi donanmaya düşüb. Sağlam olduğu üçün onu atom sualtı qayığına salmışdılar. Böyüklər deyirdilər ki, əsl cəhənnəmdir, başdan-ayağa şüadır.

- Ceyhun kimi oğul orada korlanacaq. Çətin ki, salamat gəlsin.

Amma mən sevinirdim. Tez-tez məktub yazardı mənə:

"Qardaşım Vaskaya!

Salam əziz qardaşım Vasif. Necəsən, dərslərin necə gedir? Mən indi yaxşıyam. Düzdür, təzə-təzə darıxırdım, amma indi hər şey öz qaydasındadır…

Məhəllədəki bütün uşaqlara məndən salam de.

Tezliklə görüşərik. Ceyhun."

Həmişə onun məktublarını səbirsizliklə gözləyərdim. O, mənə dənizin dibindəki ecazkar gözəlliklərdən söhbət açardı.

Üç il bir göz qırpımında ötüb keçdi. Novruza az qalırdı. Uşaqlarla söhbət edə-edə məktəbdən qayıdırdıq. Məhəlləyə girəndə tanış səs eşitdik.

- Ceyhun gəlib, - deyə yuxarı qaçdım.

- Vaska, salam, nə böyük oğlan olmusan, - deyib məni qucaqladı.

Dəyişmişdi Ceyhun, saçları da tökülmüşdü. Amma bədəni möhkəmlənmişdi, kişiləşmişdi.

- Bax, bu da sənin, - deyib dənizçi papağını başıma qoydu - necə söz vermişdim.

Sevincimdən atılıb-düşürdüm, elə bil mənə dünyanı bağışlamışdılar. Hər gün yığışardıq başına, o da bizə əsgərlik xatirələrindən danışardı.

Bir gün həmyaşıdları ilə söhbətini eşitdim.

- İstəyirəm imtahanlara hazırlaşım, bəlkə bu il qəbul oldum.

- Alə, nə danışırsan sən, institut-zad nədi? Bir iş tap, sal başuvu aşağı, işlə özünçün. Sən yaşda adam indi də gedib uşaqlarla bir partada oturacaqsan.

- Ceyhun, İlqar düz deyir. Univermaqda skladda yaxşı iş var, mamanı silkələ, bir az pul versin, gir ora, başuvu dolandır. Atan şikəst, anan da ki, səhər gedir, axşam gəlir. Onlara da kömək edərsən.

Artıq Ceyhun işləyirdi. Elə geyinib-kecinirdi ki, deyirdin lap nazir balasıdır. Xatun xala da onunla fəxr edirdi:

- Şükür Allaha, Ceyhun da bir işin qulpundan yapışıb. Mən də bu qoca vaxtımda işdən çıxıb bir az istirahət edərəm.

Ceyhunun dostları son vaxtlar yaman çoxalmışdı. Tez-tez restoranlarda, barlarda yığışar, evə də hər axşam ləngər vura-vura gələrdi. Heç xoşlamazdım onun bu dostlarını. Hər axşam yatmağa gedəndə xəyalımda onları kəsib-doğrayar, güllələyərdim. Mənə təsir edən o idi ki, Ceyhun vaxtaşırı Fatmanisəgildən çıxırdı.

Bir müddət belə davam etdi. Adəti üzrə məhəllədə uşaqlarla oturub hansısa mövzunu müzakirə edirdik. Bu vaxt sahə müvəkkili "Kolpaçok" (soyadı Qorbaçov idi. Nənəm onu belə çağırırdı. Hamının ağzına düşmüşdü) və bir milis nəfəri gəldi.

- Mədət, ay Mədət, çıx bayıra görüm.

- Mədət yatıb, nə istəyirsən ay Kolpaçok?

- Ceyhun hardadı? Tez onu çağır.

- İşdə olmalıdı, hələ gəlməyib, neynirsən ki, onu?

- Gələndə de ki, mənə dəysin, işim var onunla.

- Neyləyib ki, mənim oğlum, sən xeyirə qapı döyməzsən?

- Həyasızlıq eləmə, dedim ki, mənə dəysin!

Onlar çıxıb gedəndən sonra aramızda pıçhapıç başladı. Salman dedi ki, eşitdiyimə görə Ceyhun iynə vurur.

- Salman, gic-gic danışma, sən nə deyirsən, başın xarab olub?!.

- Dəli niyə oluram, Vasif, dəfələrlə onu Fatmanisəgildən çıxanda görmüşəm.

Əslində onun Fatmanisəgildən çıxdığını mən də dəfələrlə görmüşdüm. Amma gözlərimlə barışa bilmirdim. İndi Salmanın da dedikləri artıq bunu təsdiq elədi.

…Ceyhuna 3 il verdilər. Narkomanlığa görə. Hamı təəssüflənirdi, mən isə özümə yer tapa bilmirdim. İndi Fatmanisəni mən də söyürdüm. Fatmanisə də həmişəki kimi, öz işində idi. Ona heç "gözün üstə qaşın var" deyən də yox idi. Son vaxtlar onun evi mənə əsl cəhənnəmi xatırladırdı. Ora girən cavanların oradan nə gündə çıxdıqlarının şahidi olurdum. Evdən nəsə oğurlayan, həyat yoldaşının, anasının, bacısının qızıllarını oğurlayıb Fatmanisəyə verənləri də, ona yalvarıb-yaxaranları da çox görürdüm.

Üç il keçdi. Ceyhun gəldi. Əvvəlcə onu tanıya bilmədim. Əsgərlikdəki üç illə bu üç il arasında yerlə göy qədər fərq vardı. Qocalmışdı, dişlərinin də yarısı yox idi. Eşitdiyimə görə, yenə iynə vururdu. Amma gözlərində həyat eşqi parlayırdı. Bu məni sevindirirdi. Deməli hələ ümid yeri vardı.

Bir gün anası Xatunun sözlərini eşitdim:

- Oğul, daha bəsdi, yığış otur, kimin qızını deyirsən alım sənə. Amma mənim gözüm birindədi. Bibin qızı Şəhlada. Bilirəm ki, sənin də ürəyindəndi. Günü sabah elçiliyə gedərəm.

- Ana, görmürsən mən nə gündəyəm? Kim indi narkomana qız verər?

- Verərlər, lap o yana da keçərlər. Səndən yaxşısına verəcəklər onu?

Bibisigil bir tin o yanda yaşayırdılar. Biz də gedib eyvanın altından sözlərinə qulaq asırdıq. Birdən Ceyhunun bibisinin səsi gəldi:

- Mənim narkomana veriləsi qızım yoxdu. Qardaş, bir də mənim qapıma bu məsələyə görə gəlməyin, - deyə Güllü xala elçiləri yola saldı.

Mədət kişi ilə Xatun xala suyu süzülə-süzülə məhəlləyə doğru getdilər. Birdən Xatun xala özünəxas çevikliklə Fatmanisəgilin qapısı tərəfə döndü. Qapını açıb şəstlə içəri girdi:

- Səni görüm bir gün görməyəsən, səni görüm balalarından çəkəsən, necə ki, biz çəkirik. Elə bilirsən ki, yığdıqlarının xeyrini görəcəksən. O pullarda, qızıllarda, var-dövlətdə neçə-neçə anaların, bacıların göz yaşları var. Gör nə qədər insanı zəhərləyirsən. Heç kim belə şeydən xeyir görməz. Allaha tapşırıram səni. Qoy o özü sənin bəlanı versin.

- Deyəsən sizə dərs olmadı ha, oğlun darıxıb yenə oralarçun, - deyə Fatmanisə soyuqqanlılıqla qapını çırpdı.

Artıq institutda oxuyurdum. Yenə də arabir məhəllə uşaqları ilə tində yığışırdıq. Belə günlərin birində Fatmanisənin gombul nəvəsi bizə yaxınlaşdı. Heç kim xoşlamırdı onu. Cibindən 2 şpris çıxarıb bizə göstərdi:

- Meyliniz çəkir, əla şeydir, havayı verirəm.

Salman şprislərin birini əlinə götürüb maraqla baxmağa başladı. Bu vaxt bir əl mənim çiynimdən yapışdı. Çevrilib Ceyhunu gördüm. Şprisləri alıb ayağının altında əzib sındırdı. fatmanisənin də nəvəsinə bir təpik ilişdirib:

- İt, rədd ol burdan, kopoyoğlu! Bizim evimizi yıxdız, indi də bunları pozmaq istəyirsiz? Nənövə də de ki, bir də belə şey eləsə, onu özüm boğacağam, - mənə tərəf çevrildi - Sən də get dərslərinlə məşğul ol, - deyib evlərinə sarı döndü. Fatmanisənin nəvəsi:

- Yaxşı, baxarıq, - deyə qapılarına tərəf götürüldü.

Səhər milislər gəlib yenə də Ceyhunu apardılar. Bu dəfə ona 9 il iş kəsdilər. Yenə məhəllə qaldı Ceyhunsuz.

Xatun xala səhərdən axşama kimi işləyib bütün qazancını həbsxanaların yolunda qoyurdu. Deyirdi ki, neynim, narkoman da olsa oğlumdu, çöldən tapmamışam ki?..

Çox qocalmışdı Xatun xala, adamın ona yazığı gəlirdi.

Bir gün səhər tezdən Ceyhungildən şivən qopdu.

- Ay mama, sənə nə oldu? Dünən oynar-gülər idin, bu gün ağlar günə qoydun bizi.

Məhəllə qadınları hamı ora axışdı. Xatun xala infarkt olmuşdu. Ürəyi dözmədi Ceyhunun həbsxanada olmağına. Onu basdıranda da ən çox istəkli oğlu Ceyhun tabutunu apara bilmədi Xatun xalanın.

…Doqquz il də keçdi. Məhəlləmiz həmin məhəllə idi. İnsanlar dəyişmişdi. fatmanisənin iki oğlu avtomobil qəzasında dünyalarını dəyişsə də, o yenə öz işində idi.

Ceyhun da türmədən çıxmışdı. Amma necə çıxmışdı. Dağ boyda Ceyhun əriyib çöpə dönmüşdü. Beli bükülüb, dişləri də tamam tökülmüşdü. Ancaq yenə də iynə vururdu. Özü də əvvəlkindən də çox. Atam deyirdi ki, narkomanlar təqaüdə çıxmırlar, məzuniyyətə gedirlər.

Son günlərini yaşayırdı Ceyhun. Həkimlər deyirdi ki, bunun kitabı bağlanıb. Heç bir orqanı normal işləmir.

Bir gün Salman təngnəfəs gəldi ki, Ceyhun bizi çağırır. Bütün məhəllə gəncləri yığışıb onların evinə getdik. Bir küncdə oturmuşdu. Güclə nəfəs alırdı, başını çiynində zorla saxlayırdı, ayaqları da şişmişdi. Onu bu halda görüb ağladım. Ceyhun xırıltılı səslə:

- Vaska, ağlama, kişi ağlamaz, gəlin içəri, sizə sözüm var. Vaxt var idi, mən də sizin kimi enlikürək, sağlam idim. İndi isə hamınız diqqətlə mənə baxın, yaxşı-yaxşı baxın. Görün bu zibil adamı nə günə qoyur, necə hörmətdən salır, necə məhv edir. Görün bircə saatlıq kayf necə ömürlük əzaba çevrilir. İnsanın birinci ağlını, sonra da içini yeyir və onu heç nəyə çevirir. Baxın, diqqətlə baxın, yadınızda saxlayın, bu kişi işi deyil. Kişinin evi-eşiyi, ailəsi olar, savadı olar, kişinin sənəti olar. Mən gedirəm, - güldü - salamat qalın, bir-birinizlə mehriban olun. Sözlərimi yadınızdan çıxarmayın. İndi isə çıxın.

Ceyhun vəfat etdi. Sonra eşitdim ki, əzablara dözməyib o zibildən iki doza vurub özünə.

Günorta bütün camaat məhəlləmizdə idi. Ceyhunu basdırmağa aparırdıq. Vağzalının sədaları altında.

 

 

Dilavər

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.- S.6.