Bakıda
ikinci Beynəlxalq kitab
sərgi-yarmarkası açıldı
Sentyabrın 28-də Bakı İdman Sarayında Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin
bərpasının iyirminci
ildönümünə həsr edilmiş
ikinci Beynəlxalq kitab
sərgi-yarmarkasının açılış mərasimi oldu.
Sərgidə
120 yerli, 35 xarici olmaqla ümumilikdə 25 ölkəni təmsil
edən çap və poliqrafiya
müəssisəsi, çap işi ilə məşğul olan
qurumların təmsilçiləri iştirak
edirlər.
Mərasimi
giriş sözü
ilə açan Baş
nazirin müavini Elçin Əfəndiyev bütün
oxucuları kitab bayramı münasibətilə
təbrik etdi, belə sərgi-yarmarkaların
artıq bir ənənə halını
aldığını dedi.
Bildirildi ki, iştirakçılar yarmarkada
sərgilənən kitablar vasitəsilə
Azərbaycan xalqının tarixi, mədəniyyəti,
ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.
Baş
nazirin müavini son illər yeni, latın
qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi
istiqamətində xeyli iş
görüldüyünü diqqətə
çatdırdı. Vurğulandı ki, bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 2004-cü il
12 yanvar tarixli Sərəncamından
sonra həyata keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev sərginin Azərbaycanda kitab işinin təbliğinə
təkan verəcəyinə, eyni zamanda, naşirlərimizə əcnəbi həmkarlarının
bu sahədəki təcrübələri
ilə yaxından tanış olmaq
imkanı qazandıracağına əmin olduğunu
bildirdi. Nazir əlavə
etdi ki, sərgi birgə
layihələrin həyata keçirilməsinə də
yardımçı olacaqdır.
Əbülfəs Qarayev Azərbaycanın bir
il ərzində 20 beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunduğunu diqqətə
çatdırdı. Göstərdi ki,
kitablarımız beynəlxalq sərgilərdə birinci, ikinci, üçüncü mükafatla
yanaşı, "Qran-pri"yə də layiq
görülmüşdür.
Nazir daha sonra qeyd
etdi ki, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın səyi və təşəbbüsü
ilə son illər müxtəlif səpkili
kitablar nəşr olunub.
Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən
və onun yaratdığı humanitar fəlakətdən, erməni təcavüzü
nəticəsində dağıdılmış tarixi-mədəni
abidələrimizdən bəhs edən bu
kitablar müxtəlif dillərdə nəşr
olunmaqla dünya
ictimaiyyətinə obyektiv informasiya çatdırır. Heydər Əliyev
fondunun dəstəyi ilə milli-mənəvi
qaynaqlarımız, tarixi keçmişimiz,
tanınmış şəxsiyyətlər haqqında nəşr
edilən kitablar gənc oxucu
auditoriyası üçün zəngin mənbədir.
Nazir demişdir ki, tədbirin məqsədi
Azərbaycanda poliqrafiya, nəşr işinin təşkilinə kömək etmək,
çap məhsullarımızın dünya bazarına
çıxarılmasına təkan verməkdir. Eyni zamanda, belə sərgilər
kitaba marağı artırır.
Bildirildi
ki, üç gün ərzində Bakı sakinləri və
paytaxtımızın qonaqları ölkə nəşriyyatlarında,
eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan,
Qırğızıstan, Tacikistan və
digər xarici ölkələrdə nəşr
edilmiş kitablar, çap məhsulları ilə tanış olacaqlar. Burada
kitab təqdimatları, imza
mərasimləri, naşirlər arasında "dəyirmi masa"lar, müəlliflərlə
görüşlər təşkil ediləcəkdir. Sərginin
son günündə Təşkilat Komitəsi
tərəfindən ən yaxşı nəşriyyat və ən
yaxşı kitab
mükafatlandırılacaqdır.
Sonra
iştirakçılar son illərdə
ölkəmizdə və dünyada nəşr
olunmuş kitab, dərslik
və jurnallara maraqla
baxıblar. Onlara Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq
Sərəncamı ilə buraxılmış kitablar,
həmçinin Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə
çapdan çıxmış nəşrlər,
"Azərbaycan dünya
çapında", "Yaddan
çıxmaz Qarabağ" adlı
bölmələrdə yer almış çap məhsulları barədə ətraflı
məlumat verilmişdir.
"Təhsil",
"Şərq-Qərb", "Adiloğlu",
"Çaşıoğlu", "Əli və Nino", "Çinar"
və digər poliqrafiya müəssisələrinin
son çap məhsullarının
sərgiləndiyi bu yarmarkada
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də ayrıca stendlə təmsil
olunub. AzərTAc-ın
iştirakçılara təqdim etdiyi nəşrlər
sırasında son vaxtlar
agentlik rəhbərliyinin təşəbbüsü
ilə işıq üzü görmüş "Heydər Əliyev və
AzərTAc", "Müasir dünyanın
informasiya şəbəkəsində AzərTAc-ın
yeri: təşəkkül tarixi və inkişaf mərhələləri",
"AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli
yol", "AzərTAc-90" kitabları
sərginin ziyarətçilərində daha
böyük maraq doğurmuşdur.
Nəfis tərtibatla nəşr
olunmuş bu kitablar oxuculara müxtəlif
xalqların böyük
dühalarını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında
aktuallığını itirməyən mövzulara
diqqət yetirmək baxımından müstəsna əhəmiyyət
daşıyır.
Sərgi-yarmarka
çərçivəsində keçirilən tədbirlər
bu gün davam etdirilir.
Ətraflı
məlumatı gələn sayımızda oxuya bilərsiniz.
Ədəbiyyat qəzeti.- 2011.- 30
sentyabr.- S.1.