Elçinin
önə çəkdiyi həqiqətlər
70 il ədəbiyyatımızın başı üstündə dayanan, ədəbi yaradıcılığa istiqamət verməyə çalışan sosrealizmin yenilməz gücü var idi. Bu metodun arxasında o dövr üçün güclü Kommunist Partiyası dayanmışdı. Bu, sadəcə ədəbi metod deyildi, siyasi mahiyyətli metod idi, ədəbi yaradıcılıq yolu ilə Sovet ədəbiyyatı fonunda Azərbaycan ədəbiyyatı da bu yolla getməyə məhkum idi. Ancaq Azərbaycanın ədəbi mühiti, yüz illər zəngin inkişaf yolu keçmiş Azərbaycan ədəbi həyatı, Nizami, Füzuli, M.Axundov, Mirzə Cəlil kimi dahiləri olan Azərbaycan ədəbiyyatı heç də bütünlüklə bu metoda tabeçilik göstərmirdi. Güclü axına malik sulu çaylar öz təbii və qeyri-təbii yataqlarına sığmadığı kimi, qurulan bəndləri uçurub kənara çıxdığı kimi, Azərbaycan ədəbiyyatı da bir sıra hallarda sosializm çərçivəsindən çıxırdı.
Sosrealizm ehkam kimi qəbul edilirdi, təriflənirdi, onun bəzi fəsadları ürəkləri bulandırsa da, nəzəri cəhətdən, yaradıcılıq (bütün sahələrdə) bəzən yadına salmırdı ki, hansı metodla hərəkət edir, mahiyyətini bilmədən də yazıb-yaradanlar olurdu. Belələri arasında təriflənən də, tənqid edilənlər də olurdu, ancaq onlara demirdilər ki, sənin yazdığının sosrealizmə dəxli yoxdur. Ya adını qoyurdular zəifdir, ya da siyasi cəhətdən uyğunsuzdur.
Bir məsələni də nəzərə almaq lazımdır ki, realizm realizmdir. Bu, yaradıcılığın yol yoldaşıdır. Onun yanında hansı sözü işlətsən də (sosrealizm, tənqidi realizm…), onsuz dövrün sənəti anlaşılmaz olurdu. Romantik əsərlər də realizmdən xalı deyil. Mübahisə edilir, Azərbaycan ədəbiyyatında realizmin banisi Vaqifdir, yoxsa M.F.Axundov? Bu mübahisənin cavabından asılı olmayaraq belə çıxır ki, Xaqanidən, Nizamidən başlamış Vaqifə və ya M.F.Axundova qədər Azərbaycanın böyük klassik ədəbiyyatı realist əsaslara malik olmayıb. Bəzi yaradıcılıq sahəsi o qədər qüvvətli olur ki, digərinə kölgə salır, digəri görünməz olur. Geniş oxucu mənasında Şekspiri şair kimi, Üzeyir bəyi dramaturq kimi tanıyan, demək olar ki, yoxdur. Hüseyn Cavid də, C.Cabbarlı da şair kimi. Biz başa düşürük ki, "realizm" istilahının tətbiqi məsələsi başqa məsələdir. Nizami romantik ədəbiyyatın dahi nümayəndəsidir, demirik ki, əsərləri realizm metoduna əsaslanır, deyirik ki, bu əsərlərdə romantika dumanı altında real həyat var, onu görmək çətin olsa da, o var. Biz bəzən zahiri görünüşü irəli çəkir, onun altında yatan həqiqətə diqqət vermirik. S.Vurğunun "Zamanın bayraqdarı" poeması Kommunist Partiyası haqqındadır. Bu, mübahisə obyekti deyil. Əlinə qələm alan bu poemanı sosializm ideyasını təbliğ edən əsər sayır. Bunu da etiraf etmək lazım gəlir. Ancaq bunu da inkar etmək olmaz ki, o zamanlar uşaqdan böyüyə hamı kimi, S.Vurğun da bu poemanı partiyaya - Kommunist Partiyasına inam və məhəbbət hissi ilə yaradıbdır. Əsərin vüsəti də buradan gəlir. Bütün bunlarla bərabər, desək ki, "Zamanın bayraqdarı" insan haqqında, xalqımız haqqında, doğma vətənimiz haqqında poetik düşüncələrin məhsuludur - səhv etmərik. Burada sosrealizm çərçivəsinə sığmayan milli və bəşəri fikirlər var, fəlsəfə var ("Zaman yaşa doldu, insan ağıla"), romantik vüsət var. Rəsul Rzanın "Lenin" poeması da ölməz sənət əsərlərindəndir və yaşamağa layiqdir. Burada da poetik vüsət var, sosrealizm tələblərinə o qədər də uyğun gəlməyən sərbəstlik var.
Elçin belə cəhətləri vurğulayaraq yazır: "Sistem güclü idi və onun həmləsinə tab gətirmək üçün həmin gücə də ekvivalent istedad tələb olunurdu. Bəzən qəribə bir mənzərə yaranırdı: eyni bir əsərdə həm sosrealizm tələbləri, həm də istedadın təhriki ilə sosrealizm tələblərinə o qədər də doğma olmayan bədiyyat tələbləri öz ifadəsini tapırdı". Dəqiqliklə deyilmişdir ki, "İstedadı tam şəkildə ram etmək mümkün deyil". Məhz buna görədir ki, Azərbaycan Sovet ədəbiyyatı yarandı. Yarandı və inkişaf etdi. Heç bir siyasi doqma onun qarşısını ala bilmədi.
Elçin yazır: "Ədəbi cərəyan, metod kimi, sosrealizmin bədii-estetik əmsalı çox aşağı idi və bunun səbəbi də aydındır: dünya ədəbiyyatı tarixində siyasət, rəsmi ideologiya heç bir ədəbi cərəyana sosrealizm dərəcəsində müdaxilə etməyib". Sosrealizmdə ədəbi yaradıcılıqdan çox-çox kənara çıxmaq, yaradıcılar arasında, yazıçılarla tənqidçilər arasında nifaq salmaq çaları da var idi. Bu da böyük-kiçik münasibətlərinin pozulmasına səbəb olurdu. Professor Mikayıl Rəfili kimi böyük alimin və mütərcimin klassik tərcümələrini ("Səfillər", "Ata Qario") lağa qoymaq halları baş verirdi. Xalq ifadəsi ilə desək, "Sözdən söz çıxarmaq" tənqid meyarına, "qlavlitin" iş metoduna çevrilməkdə idi. S.Vurğunun "Yevgeni Onegin"in tərcüməsi münasibəti ilə yazdığı şeirdə belə misralar var: "Yanmadım ömrümün iki ilinə, - Rusiya şerinin şah əsərini Çevirdim Vaqifin şirin dilinə". 30-cu illərin tənqidçisi yazır: "Bəyəm acı dil də var?" S.Vurğunun "Rəhbərə salam" şerində işlətdiyi "Çadrasız, boyasız türk qızlarından" misrasına Stalin kimi antitürk irad tutmamışdı, bizimkilər "türk qızları" ifadəsini "şən qızlar"la əvəz edirdilər. C.Cabbarlının "Ey, dan ulduzu" şeri istifadədən çıxarılmışdı.
Sosrealizm təkcə "nədən yaz" - demirdi, həm də "necə yaz" - deyirdi. Bu metod bədii əsəri romantikadan kənar etməyə, bədii dili oçerk dilinə çevirməyə aparırdı. Ədəbi yaradıcılıq isə buna dözmürdü. S.Vurğun "romantika" yanına bir "inqilabi" sözünü artırmaqla (inqilabi romantika)vəziyyətdən çıxmağa çalışırdı. Şairlər şeirlərinə bir siyasi yamaq vururdular ki, irad tuta bilməsinlər. S.Vurğun kimi, sözü keçən sənətkar 1944, ya 1945-ci ildə yazdığı "Şair, nə tez qocaldın sən!" şerini meydana çıxara bilməmiş, bir neçə ildən sonra eyni adda yazdığı gözəl şerinə "Bilirəm ki, deməyəcək - bir sevgilim, bir də Vətən, - Şair, nə tez qocaldın sən!" sözlərini əlavə etməklə özünü qorumağa məcbur olmuşdur. Yeri gəlmişkən deyək ki, bu cəhətdən Moskva bizə nisbətən demokrat idi. S.Vurğunun bu şerinin rusca tərcüməsi "Pravda"da çap olunandan sonra onun Azərbaycanda çapına imkan verildi. S.Vurğunun "İnsan" pyesinin tənqid obyektində birinci yerdə "Qalib gələcəkmi cahanda kamal" misrası dururdu və bu, Sovet ideologiyasına zidd fikir kimi izah olunurdu. Bir vaxtdan sonra "Pravda" bu adda rubrika açdı. Qadağalar yuxarılardan aşağılara gəldikcə eybəcərləşirdi. Sistem insanları, bir növ, robota çevirirdi. Payızın soyuq günündə çörək növbəsində dayanan ac uşaq ayağının birini götürüb, birini qoya-qoya "Bu gözəl həyatın, Bu şən həyatın" mahnısını oxuyurdu.
"Altmışıncılar"ın meydana gəlməsini SSRİ-də siyasi iqlimin yumşalması ilə əlaqələndirirlər. Bu tezisdə həqiqət var. Ancaq tam deyil. Bu dövrdə tək Stalin yox idi. Qalan hər şey qalırdı. Bir etiraz çıxışı üstündə Abbas Zamanovu partiyadan (və işdən) çıxardılar. Özbəkistan KP MK-nın birinci katibi, siyasi büronun üzvlüyünə namizəd olmuş, görkəmli yazıçı Şərəf Rəşidov gözdən salındı. Ondan sonra gələn birinci katib və neçə vəzifəli şəxs həbs edildi. Eyni məqsədlə erməni mafiyası Azərbaycana əl qatmaq istədi, ancaq bacarmadı. Demək istəyirəm ki, "altmışıncılar"ı siyasi iqlimə bağlamaq birtərəfli olardı. Daxili gənclik temperamenti, xalq, vətən sevgisi, azadlıq düşüncələri onları meydana gətirdi. Və bunlar sosrealizm məsələsini nəzəri problem kimi müzakirəyə qoymadılar. Özlərini belə göstərdilər ki, bu metoddan xəbərləri yoxdur. Bu metoda toxunmadılar, metod da onlara toxunmadı. Ədəbi yaradıcılıqda yenilik axtarışına çıxdılar, ürəklərindən nə keçirirdilərsə, eləcə də yazmağa başladılar. Təəccübə də, tənqidə də məruz qaldılar. Ancaq öz yollarından dönmədilər. Və həyat göstərdi ki, sənətdə zaman-zaman belə dönüşlər olur. Bu, praktik olaraq, sosrealizmə laqeydlik idi, lakin bir yaradıcılıq metodu kimi onun meydandan çıxması demək deyildi. O yaşadı, təsir göstərdi. Ötən əsrin 80-ci illərin sonlarının azadlıq hərəkatı onu heçliyə atmağa başladı. Azərbaycanın müstəqilliyi bu metodu birdəfəlik arxivə atdı. Artıq 20 ildir ki, Azərbaycan ədəbiyyatı sosrealizm buxovlarından azad olub, öz yolu ilə irəliləyir.
Bir şey qalırdı. Bir nəzəri metod kimi, sosrealizmin daxili mexanizmini, onun tarixi missiyasını açıqlamaq lazım idi. Bunu filologiya elmləri doktoru, professor, görkəmli yazıçı Elçin etdi. Bəlkə də, bunu Elçindən yaxşı edən olmazdı. Bunun üçün elmi və bədii yaradıcılıq qələminin birliyi gərək idi. Digər tərəfdən, bu prosesin içində olmaq lazım idi, hər iki halda bu prosesə hərəkət verənlərdən olmalı idi. Elçin "Sosrealizm bizə nə verdi?" məsələsini bir qədər də geniş aspektdə - "Sovet dövrü ədəbiyyatı haqqında məsələnin qoyuluşuna dair" kontekstində təqdim edir.
Sual oluna
bilər: - Nə üçün 20 ildən sonra?
Müəllif
bu suala necə cavab verər? - Bilmirəm. Mən belə
düşünürəm: Əvvəla, belə proseslərə
zamanca uzaqdan baxmaq lazım gəlir. Görmək lazım idi
ki, sosrealizm hökmü olmadan ədəbiyyat necə
yaşayır? Həqiqi sənət əsərləri yarana
bilirmi? Qoy həyat özü göstərsin ki, sosrealizm yeganə
yaradıcılıq metodu deyil. Məhz indi bu problemin verdiyi
yola nəzər salmaq, onun nəzəri və ictimai-siyasi əsaslarını
açmaq, nə verdiyini, nə aldığını elmi əsaslarla
araşdırmaq olar. Belə də oldu.
Elçin
70 illik Azərbaycan ədəbiyyatının yaranması,
inkişafı yollarına nəzər salır, kölgəli
halları da, uğurları da qeyd edir, ümumən, bu
dövrün ədəbi mənzərəsini çəkir.
Bu mənzərədə çox şey görünür. O
görünür ki, ədəbi əsərlər bədii
vüsətinə görə, sənət nümunəsi
olduğuna görə deyil, sovet varlığına xidmətinə
görə qiymətləndirilsə də, bu hər şey
demək deyildi. Sosrealizmin tələbləri çərçivəsinə
sığmayan, bədii orijinallığı ilə ədəbiyyatımızda
özünəməxsus layiqli yer tutan əsərlər də
yaranırdı. Elçin eləsinə də, beləsinə
də nümunələr göstərir. Və bu əhatəli
və zəngin ekskursdan sonra, problemi yeni qüvvətlə təkrar
edir: "Sosrealizm bizə nə verdi?"
Ədib
sualı bir qədər dəyişdirir: "70 illik bir
dövrdə sosrealizm Azərbaycan ədəbiyyatına nələr
verdi (yəni nə qazandıq) və bu ədəbiyyatı nələrdən
məhrum etdi (yəni nə itirdik)?" Cavabı belədir:
"Qazandıqlarımızın ağırlığı
itirdiklərimizdən az olmayacaq, bəlkə də, əksinə,
çox olacaq". 50 ildən çox bu ədəbiyyatın
oxucusu və təəssübkeşi olan mən ürəyim əsə-əsə
bu cavabı gözləyirdim. Bu düzgün və obyektiv
cavabı gözləyirdim. Axı bizim nəsil bir ziyalı
kimi, bu ədəbiyyatla yetişmişik, nəinki lirik
şeirləri, hətta poemaları əzbərləmişik,
nəsr əsərlərindən zövq almışıq.
Bunlarsız bizim həyatımız, mənəvi aləmimiz,
duyğularımız boş görünərdi.
Bəlkə
də, daha yaxşı olardı. Ancaq olanımız budur. Amma
bu da az deyil. Elçin təhlilini davam etdirir və bunu da
deyir. Yəni daha yaxşı olmaq üçün lazım
olan nələri itirdik? Elçin bu istiqamətdə də
problemlər qoyur və nə deyirsə, bizim məqalənin həcmi
imkan versəydi, onları bir-bir sadalayıb, hər birinin
yanında "doğrudur", "doğrudur" sözlərini
yazardıq. Ancaq yenə də bunlardan bəzilərini qeyd etməyi
lazım bilirik: 1) Sosrealizm yeganəliyini saxlamaq
üçün "heç bir ədəbi cərəyanı
yaxına buraxmadı", "Bu da əlbəttə, həm
bədii-fəlsəfi, həm də bədii-estetik rəngarənglik
baxımından ədəbiyyatımıza yeknəsəqlik gətirdi";
2) "Sosrealizm istedadsız ədəbiyyatın meydana
çıxması (və meydan sulaması) üçün
münbit zəmin, əlverişli şərait
yaratdı", "bədii-estetik meyarları siyasi meyarlar əvəz
etdi"; 3) "İnsanın (xislətin) bədii təsvirini
iki zidd qütbə böldü - "müsbət" surətlər
və "mənfi" surətlər" və s.
Son iki məsələ
haqqında bir-iki söz demək istəyirəm. Dünya
yaranandan bəri həyatda xeyir və şər qüvvələr
olub və onlar müxtəlif qütblərdə dayanıb,
bir-biri ilə mübarizə aparıblar. Bu, inkişafın təkanverici
qüvvəsi olan böyük fəlsəfi anlamdır. Ancaq
bu anlayışın çox primitivcəsinə ədəbiyyata
gətirilməsi və ona siyasi baxışdan münasibət
sosrealizmin kəşfidir. Buradan da Elçinin dəqiqliklə
gördüyü belə bir münasibət meydana gəlirdi:
"Hakim ideologiyanı təcəssüm etdirən surət
"müsbət" idi və o "mənfi" ola bilməzdi,
bu ideologiyaya yad hərəkətlərə yol verən isə
heç vəchlə "müsbət" surət ola bilməzdi".
Tamamilə doğrudur ki, sosrealizm ədəbiyyatın
uçuş surətini zəiflətməyə, ədəbiyyatı,
bacardığı qədər, yerlə süründürməyə
çəkirdi. Bu halda istedadsız "əsərlər"
də meydana çıxırdı. Bunlar təkraredilməz həqiqətlərdir.
Ancaq mən bunu da deməyə cəsarət edirəm ki, indi də
belə "əsərlər" baş alıb gedir.
Bir məsələyə
də toxunmaq istəyirəm. "Molla Nəsrəddin" və
"Füyuzat" haqqında Elçinin dediklərinə əlavə
etməyə ehtiyac yoxdur və mümkün də deyil. Həmin
ideologiya bu jurnalları üz-üzə qoymuşdu. Bir həqiqəti
də, bəlkə, birinci dəfədir ki, Elçin deyir:
"Birtərəfli münasibətlərin çoxu bilavasitə
"Füyuzat"ı oxumadan (bəzən hətta "Molla
Nəsrəddin"i də oxumadan) söylənirdi". Bu da
sosrealizmin ehkamı idi. Belə demək lazımdırsa, daha
fakta arxalanmaq, həqiqət dalınca yürümək
lazım deyildi. Elçin o həqiqəti də deməyi
lazım bilir ki, uzun zaman zidd cəbhələrin nümunələri
kimi təqdim edilən bu jurnallar müxtəlif üsullarla,
müxtəlif ifadələrlə eyni amala xidmət edirdilər.
"Füyuzat" o zaman düşmən ideologiya kimi
damğalanan pantürkist jurnal hesab olunurdu. Ancaq bilmirdilər və
ya bilmək istəmirdilər ki, elə bu ideya ətrafında
"Füyuzat"la "Molla Nəsrəddin" arasında
gözə çətin görünən səsləşmə
var idi. "Füyuzat" türk dünyasından Azərbaycana,
"Molla Nəsrəddin" isə Azərbaycandan türk
dünyasına baxırdı.
Elçin
sosrealizm dövründə əldə edilənlər
haqqında da ətraflı danışır və ədəbiyyatımızın
uğurlarını müfəssəl şəkildə nəzərdən
keçirir. Roman janrının "Azərbaycan ədəbiyyatının
milli faktına" çevrilməsi; "Hekayə
janrının… tam şəkildə formalaşması, estetik
mənada ətə-qana dolması, ədəbiyyatımızın
aparıcı janrlarından birinə çevrilməsi";
Azərbaycan ədəbi tənqidinin formalaşması. Azərbaycan
ədəbiyyatı tarixinin, folklor əsərlərinin tədqiqi
və nəşri; ədəbiyyat nəzəriyyəsi
problemlərinə diqqət, tərcümə məsələləri
və s. Bunlar XX əsrin - sosrealizm dövrünün nailiyyətləri
idi.
Azərbaycan
ədəbi dilinin formalaşması, inkişafı və tədqiqi
haqqında Elçinin dediklərinə əlavə etməyə
ehtiyac yoxdur. Elçin ümumi filoloji baxışla bu məsələnin
mahiyyətini açıbdır. Nəticəsi də budur ki,
bu sahədə çox iş görülübdür.
Yazıçılarımızın, alimlərimizin səyi
ilə 1930-cu illərdən başlayaraq, bu günün ədəbi-bədii,
elmi-nəzəri səviyyəsinə cavab verən, müasir
dünya təfəkkürünü ifadə etmək
imkanı olan vahid, zəngin Azərbaycan ədəbi dili
formalaşmışdır. Çox qəribədir, SSRİ-də
milli dil məsələsi, daha doğrusu, praktik olaraq, milli
dillərin sıxışdırılması məsələsi
dövrün, bəlkə də, birinci məsələsi idi.
Elə bu gərginlik içində Azərbaycan dili bir an da
öz inkişafını dayandırmadı, o, inkişaf etdi,
tədqiq olundu. Bu, Azərbaycan həqiqəti ilə
bağlı idi. Bu, Azərbaycan ziyalılarının fədakarlığı
ilə əlaqədar idi. Burada 1970-ci illərin xüsusi qeydə
ehtiyac var: Respublikanın rəhbəri - Mərkəzi Komitənin
birinci katibi Heydər Əliyevin bütün SSRİ
miqyasında əks-səda və təəccüb doğuran,
milli dildə - Azərbaycan dilində
çıxışı, 1974-cü ildə Azərbaycan dili
dərsliklərinə görə onların altı nəfər
müəllifinə Dövlət mükafatı verməsi,
1978-ci il Azərbaycan Konstitusiyasına dövlət dili
haqqında ayrıca maddənin salınmasına nail
olması...
Mövzudan
kənara çıxsam da, bir məsələyə ötəri
toxunmaq istəyirəm. Biz elə bilirdik ki, milli dillərin
sıxışdırılması, dillə əlaqədar
ruslaşdırma siyasəti türk xalqlarına, bir qədər
geniş mənada, müsəlman xalqlarına aid idi, slavyanlara
aid deyildi. Bu, yanlış təsəvvür indi də
qalır. Bircə misal göstərmək istəyirəm,
1980-ci illərin ortalarında V.Orlov yazırdı ki, az qala
milyonlarla belarus ana dilində kitab oxuya bilmir. Bu cəhətdən
Azərbaycan yaxşı vəziyyətdə idi. Səbəblərini
Elçin daha yaxşı izah edib, mən də dedim.
Elçin
bir qəzet səhifəsi həcmində olan 4-cü məqaləsini
"altmışıncılar"a həsr etmiş və Azərbaycan
sovet ədəbiyyatında istər ədəbi-estetik, istərsə
də ictimai-siyasi baxımdan xüsusi istiqaməti olan bu cərəyanın
geniş təhlilini vermişdir. Bu haqda bir-iki söz demək
istəyirik. Mən yaşıma görə 1960-cı ilə
qədər bir oxucu kimi, sovet ədəbiyyatının, necə
deyərlər, içində olmuşam.
Altmışıncı illərdəki dönüşün
də, bu illərdə ənənə ilə yeniliyin
üz-üzə gəldiyinin də, barışdığının
da şahidi olmuşam. Kitablardan oxumamışam, özüm
görmüşəm ki,
"altmışıncılar"ın aparıcı
nümayəndələrinin intellektual potensialı onların
istedadını tamamlayırdı və onlar ən yüksək
partiya tribunalarında belə, mövqelərini müdafiə
etməyi bacardılar, həmin yüksək instansiyaları
özləri ilə hesablaşmağa məcbur etdilər.
Görmüşəm ki,
"altmışıncılar"ın, "aparıcı
nümayəndələri çox az zamanda məşhurlaşdı
və böyük oxucu dəstəyi qazandı. Onların əsərləri
böyük tirajlarla çap olundu", başqa dillərə
tərcümə edilərək yayıldı, ümumittifaq
nüfuzu qazandı, daha geniş miqyasda etiraf olundu".
"Altmışıncılar", əgər belə demək
olarsa, nadinc, yaxşı mənada şıltaq uşaqlar idilər.
Həm yaşca, həm də yeni düşüncə
baxımından. Onların başında inqilabi tələbəlik
ab-havası var idi. 1960-cı ildə Elçinin cəmi 17
yaşı, Anarın 22 yaşı var idi. Başqaları da
belə odlu-alovlu cavanlar idilər, ancaq istedadlı cavanlar idilər,
vətənlərini sevən, ana dilini sevən cavanlar idilər.
Açıq-açığına sistemə qarşı
çıxmasalar da, bu sistemin təbliğatçısı
olan sosrealizmə qarşı kin-küdurət bildirməsələr
də, ona hörmət də göstərmirdilər; belə
bir şeyin varlığını görmürmüşlər
kimi, laqeydlik göstərir, özlərini onda qoymurdular.
Əslində
"Sistemə qarşı bədii-estetik müxaliflik, belə
demək olarsa, bədii-estetik kin-küdurət, bədii-estetik
düşmənçilik (!)
"altmışıncılar"ın
yaradıcılığının mayasına
hopmuşdu". Sonrakı 30 il (1990-cı ilə qədər)
və azadlığın 20 ili
"altmışıncılar"ın yolunun həyatiliyini
sübut etdi. 1960-cı illərin əvvəllərindən
(bir az əvvəl və ya sonra) yarıdıcılıq
startı götürən
"altmışıncılar" indi klassiklər
sırasına keçiblər, ancaq yenə cavanlıq
eşqi ilə yazıb-yaradırlar.
"Altmışıncılar" olmasaydı, ədəbiyyatımızın
son 50 ili xeyli solğun görünərdi.
Elçinin
"Sosrealizm bizə nə verdi?", "Sovet dövrü ədəbiyyatı
haqqında", "Məsələnin qoyuluşuna dair"
adlı silsilə məqalələri bir sıra cəhətdən
qeydə layiqdir; obyektivlik, hər şeyi öz adı ilə
çağırmaq; yaxşıya yaxşı, pisə pis demək.
Gözləmək olardı ki, (belə şeyləri çox
görmüşük) sosrealizmə ancaq qara eynəklə
baxılacaq, onun uğurları inkar ediləcək.
Bütün həyatı boyu, bütün işlərində,
eləcə də ədəbi
yaradıcılığında dürüstlük
meyarını əsas tutan ədib, tarixi keçmişə də
eyni meyarla yanaşır - elmilik, nəzəri ümumiləşdirmə.
Nailiyyətlərə milli vətəndaş mövqeyi, Azərbaycan
ədəbiyyatını yaradanların və inkişaf etdirənlərin
hörmətlə yad edilmələri, ədəbiyyata verdiklərinin
qiymətləndirilməsi. Müasir yazıçı həmkarlarım,
eləcə də gənclərin uğurlarına münasibət,
ədəbi prosesə, elm aləminə bu qədər mütəxəssis
bələdçiliyi. Bunlar hamısı oxucunu
düşündürür və tədqiqat nümunəsi
göstərir.
Yusif Seyidov,
Professor
Ədəbiyyat qəzeti.- 2011.- 14
yanvar.- S.1, 3.