Qibtə ediləsi həqiqət salnaməsi

     

Səyahətlə bağlı əsər təkcə səyahət təəssüratı olaraq qalmır, həmin dövr haqqında tarixi sənədə çevrilir. Məhz buna görədir ki, tədqiqatçılar hər hansı zaman kəsiyindən söhbət açanda, mötəbər mənbə kimi o dövrün səyyahlarının əsərlərinə müraciət edirlər

Şübhəsiz, ilk baxışda şirnikləndirici görünən bu iş çətin və məsuliyyətlidir.

Nəyi qələmə alasan, nədən yazasan ki, xalqın heysiyyətinə toxunmayasan, gələcək nəsillər səni ehtiramla yad etsin, yazdıqlarından bəhrələnsin. Bu, təbii ki, böyük həyat təcrübəsi, dünyagörüşü, dərin biliyi, geniş ürəyi, müşahidə qabiliyyəti olan qələm sahiblərinin payına düşür. Bu baxımdan, Aleksandr Düma (ata) xoşbəxt taleli yazıcılardandır - desək, yanılmarıq. "Qafqaz" səyahətnaməsini vərəqlədikcə Dümanın qələminə heyran olmamaq, qibtə etməmək olmur. Əsər bədii təsvirin ən yaxşı nümunəsi olmaqla yanaşı, Qafqaz xalqlarının tarixi, coğrafiyası, adət-ənənəsi, psixologiyası, həyat tərzi, mədəniyyəti barədə Qərb oxucularına hərtərəfli məlumat verən bir əsər olmaq baxımından da böyük dəyər kəsb edir.

Yazıçı 1858-ci ilin ortalarından 1859-cu ilin fevral ayına qədər Rusiya və Qafqazda olmuş, hər bir xalqın milli mənsubiyyətini əks etdirən zəngin material toplamışdır. A.Düma təəssüratını, necə deyərlər, isti-isti qələmə almış (özünün göstərdiyi kimi, əsərin dörddə üç hissəsini hələ Potidə olarkən artıq bitirmişdi), nəticədə oxucunu valeh edən, vicdanının səsi ilə yazılmış maraqlı bir əsər yaratmışdır. Şübhəsiz, buna görədir ki, 1859-cu ilin aprelindən başlayaraq əsər Fransada dəfələrlə çap olunmuş, 1861-ci ildə Tiflisdə qısaldılmış şəkildə rusca çıxmışdır. XX əsrdə əsər yenidən diqqət mərkəzinə gəlmiş, 1962-ci ildə Nyu-Yorkda ingiliscə, 1964 və 1970-ci illərdə Tiflisdə gürcücə, 1985-ci ildə Bakıda azərbaycanca, 1988-ci ildə Tiflisdə yenidən rusca çıxmışdır. Onu da demək lazımdır ki, əsərin Nyu-York çapını 1983-cü ildə ABŞ-da iki aylıq (iyul-avqust) ingiliscə ixtisasartırma kurslarında olarkən üzə çıxardıq və vətənə dönən kimi tərcümə edərək hissə-hissə "Ədəbiyyat və incəsənət" qəzetində yayımladıq.

Sonradan əsərin Azərbaycana aid olan fəsilləri "Qafqaz səfəri" adı ilə böyük tirajla çap olundu ("Yazıçı", 1985) və ictimaiyyətin rəğbətini qazandı.

Budur, Düma və onun "Qafqaz" səyahətnaməsi ilə yeni görüş. Əsəri fransız dilindən səriştəli tərcüməçi, orijinaldan tərcümə sahəsində xidmətləri olan filologiya elmləri namizədi, şair Şamil Zaman tərcümə etmişdir. Onun Hüqo, Flober, Mopassan, Merime və Balzakdan ana dilimizə etdiyi tərcümələri oxucular tərəfindən yaxşı qarşılanmışdır. Fransanın məşhur dövlət himni "Marselyoza"nı da dilimizə Şamil Zaman çevirmişdir. Şamil Zaman eləcə də Azərbaycan dilindən fransızcaya da tərcümələr etmişdir. Buraya Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Araz, Fikrət Qoca, Zəlimxan Yaqub və Elmira Qasımovanın poeziya nümunələri daxildir.

Kitabda yer alan ön sözün müəllifi akademik Bəkir Nəbiyevdir. Bəkir müəllim "Əlamətdar hadisə" adlı sanballı giriş məqaləsində Qafqazın Strateji Tədqiqatlar İnstitutunun Azərbaycan klassik ədəbiyyatının ayrı-ayrı nümunələrini yüksək səviyyədə geniş oxucu kütləsinə təqdim etmək istiqamətində gördüyü təqdirəlayiq xidmətlərindən söz açır. İnstitutun Azərbaycan və rus dillərində buraxdığı kitabları göz önünə gətirir. Möhbəddin Səmədin dünya şöhrətli alim Lütfi Zadə haqqında "Dünya dahilərsiz yaşaya bilmir", kosmononavtika tarixində nüfuzlu yer tutan həmvətənimiz Kərim Kərimovun "Səmaya aparan yol", M.S.Ordubadinin ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı barədə yazdığı "Qanlı illər", dünyanın 33 dilinə tərcümə edilərək çap edilən "Əli və Nino" romanı və s. barədə ürəkdolusu danışır. Aleksandr Dümanın ilk dəfə olaraq azərbaycanca kamil tərcüməsindən, əsərin məziyyətlərindən bəhs edir. Əsərin ictimai həyatımızda vacib ədəbi, estetik hadisələrdən biri olmaqla yanaşı, Azərbaycan-fransa ədəbi əlaqələri tarixində əlamətdar hadisə olduğunu xüsusi vurğulayır. Akademik haqlı olaraq diqqətə çatdırır ki, Qafqaz səfərimdə Dümanın keçirdiyi görüşlərin və bu görüşlərdən aldığı çox zəngin təəssüratların əsas hissəsi bilavasitə Azərbaycan torpağı və soydaşlarımızla bağlıdır. Bəkir müəllim "Qafqaz" səyahətnaməsində yazıçının müxtəlif xalqlar - onların nümayəndələri haqda mülahizələrinə xüsusi diqqət yetirmişdir. Aradan 150 il keçməsinə baxmayaraq, Dümanın fikirlərinin bu gün də obyektivliyini və aktuallığını itirmədiyini əsərdən gətirdiyi misalla təsdiqləmişdir: "Ümumiyyətlə, burada ermənilər o qədər də yaxşı ad-san qazanmayıblar. Yeri gəlmişkən, bu barədə mən öz fikrimi deyim: əgər azərbaycanlı sizə başı ilə razılıq işarəsi verirsə, ona etibar edin. Əgər fars sizə əl verirsə, ona bel bağlayın. Əgər hər hansı bir dağlı sizə söz verirsə, burada da şübhə etməyin. Ancaq əgər hər hansı bir erməni ilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin və iki nəfər şahid tutun ki, sonra öz imzasını danmasın… Onlar naşükür və nankordular".

İzaha ehtiyac duyulmayan bu cümlələrə onu əlavə etmək olar ki, Düma ermənilər haqqında xalqlar arasında formalaşan fikri gündəmə gətirmişdir.

Burada minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, Bəkir müəllim giriş məqaləsində hələ 1985-ci ildə "Qafqaz" əsərinin Azərbaycana dair hissələrinin Həmid Abbasovla birgə dilimizə tərcümə edərək çap etdirdiyimizdən, "Qafqaz"ın kamil tərcüməsinin bədii redaktoru kimi tərcümənin daha səlis və rəvan səslənməsi üçün çəkdiyim zəhmətdən və kitaba yazdığım şərhlərdən də söz açır: "Bu müfəssəl elmi izahlarda Dümanın dediyi bir çox mətləblərə aydınlıq gətirilir, yazıçının yol verdiyi və belə əsərlərdə qaçılmaz olan bəzi yanlışlıqlara təshihlər verilir, mətləblər dəqiqləşdirilir. Məşhur Gəncə qapılarının taleyi, Hacı Muradın qəbri, Qız qalası əfsanəsi, Xasay Xan Usmiyevin milli mənsubiyyəti, Şeyx Şamilin arvadı Şuanet, Hirkaniya toponiminin yayılma arealı haqqında şərhlər bizə belə təsir bağışlayır".

Dümanın "Qafqaz" əsərinin tam mətninin ilk dəfə olaraq Azərbaycan dilində işıq üzü görməsi Qafqazın Strateji Tədqiqatlar İnstitutunun xalqımıza layiqli töhfəsidir - desək, səhv etmərik.

Tam əminliklə deyə bilərik ki, ilk çapından yüz əlli il keçsə də, yüksək bədii tərtibatla çap olunan bu əsər stolüstü kitabınıza çevriləcək.

Düma bəşəriyyətin beşiyi adlandırdığı Qafqaza gələnə qədər artıq məşhur idi. Hətta 1854-cü ildə yazıçının səyahətləri ilə bağlı Moskvada 4 cildliyi çıxmışdı. Hər yerdə olduğu kimi, Qafqazda da onu böyük ehtiramla qarşılayırdılar. Düma Bakıya qədəm qoyduğu elə ilk saatda baş verən görünməmiş hadisə əyalət və polis rəisi M.Piqulevskini çaşbaş salmışdı. Onun arvadının qonaqları - Qarabağın sonuncu xanı Mehdiqulu xanın xanımı və qızı Natəvan biləndə ki, gələn qonaq Dümadır, onunla hökmən görüşmək arzusunda olduqlarını bildirmişdilər. Yazıçını görmək istəyi müsəlman qadınlarını yaşınmamağa, milli və dini ənənələri pozmağa sövq etmişdi.

Onu da deyək ki, "Qafqaz" əsərindən sonra Dümanın Qafqaz xalqları arasında şan-şöhrəti daha da artdı.

Düma kitabı yazanda onun fransız oxucuları üçün maraqlı olacağını düşünürdü (kitabda bir neçə yerdə bu barədə söz açıb). Zaman göstərdi ki, dahi yazıçı səhvə yol verib. Əsər Azərbaycanda da, Gürcüstanda da böyük maraqla qarşılandı, yazıçıya ehtiram qazandırdı.

Qafqazı, Qafqaz xalqlarını yaxşı tanımaq istəyənlərə tövsiyə edirik ki, Dümanın "Qafqaz" əsərini oxusunlar. Düma tərəfkeşlik etmədən əsərdə hər şeyi həqiqətdə olduğu kimi verib: "Ağ irq həmişə işğalçılığa meylli olub, qaradərililərdə isə bu meyl müvəqqəti olur". Doğrudur, bu maraqlı əsər nöqsanlardan da xali deyildir. Bircə misalla kifayətlənəcəyəm: "Çariça Tamara kral IX Lüdöviklə bir dövrdə yaşamışdı. Ancaq ondan fərqli olaraq bəxti gətirmişdi. O, müsəlmanlarla amansız mübarizə aparmışdı".

Qafqaz, eləcə də ölkəmiz haqqında gözəl kitab yazan, tanıdan yazıçıya özünün Napoleonla bağlı söylədiyi fikri ilə cavab verir və təsəllini də elə bu kəlamda tapırıq: "Böyük şəxsiyyətlər, böyük də səhvlər edirlər". Onların münasibətləri bəzən həddini aşır, anlaşılmazlığa, təəccübə gətirib çıxarır. Bununla belə, etiraf etməliyik ki, heç bir səyyah və ya yazıçı A.Düma qədər Azərbaycana xidmət göstərməmişdir. "Şah dağın qarı" və "Qafqaz" əsərinin yarısı Azərbaycandan bəhs edir. Eyni zamanda, Düma Bestujev-Marlinskinin "Amalat bəy" povestini fransızcaya tərcümə edərək "Səltənət" əfsanəsi adı altında çap etmişdir. Əsər azərbaycanlı Amalat bəylə avar xanı Əhmədin Səltənət adlı qızı arasındakı məhəbbətə həsr edilmişdir.

Göründüyü kimi, Düma Azərbaycanı milyonlarla oxuculara tanıtmaqda əvəzsiz xidmətlər göstərmişdir. Burada Qafqazın çar Rusiyası tərəfindən işğalının ilk dövründə bölgədəki siyasi və etnik vəziyyət, hökumət nümayəndələrinin əhaliyə münasibəti, əhalinin azadlıq mübarizəsi barədə maraqlı fikirləri öz əksini tapmışdır: "Zaqafqaziyada otuz xristian tayfası məskunlaşmışdır və bu ümumi əhalinin az bir hissəsini təşkil edir. Bunların arasında həmçinin gürcülər, ermənilər, yəhudilər də vardır. Ərazinin yerdə qalan hissəsi Azərbaycan xanlıqlarına məxsusdur: Yelizavetpol, Nuxa, Şamaxı, Bakı… hətta Tiflisin lap girəcəyində azərbaycanlılara məxsus Borçalı və Şəmşəddin xanlıqları da vardır".

Bizim fikrimizcə, Dümanın bu əsəri qoca Qafqaz, onun zirvəsi ənginliklərə dirənən dağları, ucsuz-bucaqsız düzənlikləri, bənzərsiz insanları, onların şərə qarşı mübarizəsi barədə əbədiyyət nəğməsidir.

Kitabdan açıqca görünür ki, Düma səyahətə çıxmamışdan əvvəl Qafqaz və onun xalqları barədə zəngin material toplamış, səyahətnaməsini yazarkən həmin materiallardan bol-bol bəhrələnmişdir. Lakin bir an belə obyektivliyi unutmamışdır: "Çar ordusu 1828-ci ildə Nuxanı tutanda Xan sarayı dağıdılmışdı. Xan sarayı elə füsunkar gözəlliyə malik abidədir ki, onun necə birləşdirildiyi məlum olmayan saysız-hesabsız şəbəkə və naxışlarını yalnız memar fırçası yenidən canlandıra bilər. Doğrudur, adlı-sanlı adamların, knyazların burada gecələməsi üçün Xan sarayı bərpa olunmağa başlamış, lakin bərpa işləri yalnız 1-ci mərtəbədə aparılmışdır. Bu füsunkar sənət abidəsinin tam bərpasını davam etdirmək əvəzinə, onu başlı-başına buraxmışlar… Xan sarayından ayrılanda ürəyimdən istər-istəməz bir fikir keçdi: "Xudaya, sən özün bu gözəl və tarixi abidələri yadellilərdən qoru!"

Rusiyanın tarixi abidələrə dağıdıcı münasibətini göstərməklə yanaşı, Düma rusların çoxmillətli əhali arasında "baş kəsmək ənənəsi"ni mükafatlandırmaq yolu ilə yaymasını, məsələn, bir yerlinin başını kəsib gətirənə 10 manat mükafat verilməsini, 12 baş kəsənin Müqəddəs Georgi xaçı ilə təltif olunmasını, 22 baş kəsənin isə üstündə imperatorun monoqrammı olan almaz qaşlı üzüklə mükafatlandırılmasını kəskin tənqid edir və nifrətini gizlətmir.

Çar hakimiyyəti zamanı belə şeyləri yazmağa hər adamın cürəti çatmazdı. Başqa bir misal, ruslar hər vəchlə Şamilin şəxsiyyətinə və əxlaqına xələl gətirə biləcək şayiələr yaydıqları bir vaxtda Düma Şamilin insani keyfiyyətlərini açıb göstərir. Knyaz Cavçavadzenin arvadını və baldızını əsirlikdən azad edəndə (mart, 1855) Şamilin zabitlərə dediyi bir cümlə çox şeyə aydınlıq gətirir: "Knyaz Çavçavadzeyə deyin ki, mən onun arvadı və baldızına öz qızlarım kimi baxmışam".

Yeri gəlmişkən, "Qafqaz" əsərində namus, qeyrət, ləyaqət, adət-ənənə, vətənpərvərlik ön plana çəkilir. Düma deyəndə ki, "yeni il gecəsində gürcülər yalnız öz şərablarını içirlər, hətta əla fransız şərabını belə içməzlər. Bu, böyük həqarət hesab olunur", Onun sözlərinə inanırsan. Düma deyəndə ki, bu azərbaycanlılar əcdadlarının göz qabağında olan mirasına qarşı nə qədər etinasızdılar - papağını qabağına qoyub düşünməli olursan. Düma deyəndə ki, azərbaycanlılarda kişi sözü var. Söz verdi, ona inan - fəxr edirsən, qurur hissi keçirirsən. Düma kitabda ermənilərin iç üzünü açıb göstərən məqamlara da çox yer verib. Dümanın Qafqaz səyahətindən 30 il əvvəl İranda səfir işləyən rus yazıçısı A.S.Qriboyedov rus çarına ünvanladığı məktubda yazırdı: "Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadılar ki, bir neçə on il yaşadıqdan sonra aləmə car çəkəcəklər ki, buralar bizim dədə-baba torpaqlarımızdır" (Bax: Y.Mahmudov, K.Şükürov "Qarabağ: real tarixi faktlar, sənədlər". Bakı, "Təhsil", 2005, s. 33).

Neçə-neçə belə tarixi faktları bildiyimizdən Düma deyəndə ki, ermənilər tarixən satqın və xəyanətkar olublar, daim qul kimi əsarətdə yaşamağa vərdiş edən bu millətin nümayəndələri əvvəllər onlara arxa olmuş birisi bu gün bədbəxtliyə düçar olsa, ona kömək əli uzatmazlar, onlar naşükür və nankordular - onun sözlərinə şübhə etmirsən. Düma deyəndə ki, əgər bir erməni ilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin və iki nəfər də şahid tutun ki, sonra o öz imzasını danmasın - onun sözlərinə haqq qazandırırsan. Çünki yazıçının gətirdiyi misallar və tarix onun sözlərinə şübhə yeri qoymur.

Çox güman ki, Dümanın öldüyü barədə şayiəni yayan və Parisə çatdıran da elə ermənilər və yazıçının Qafqaz xalqlarına hüsn-rəğbətini istəməyən bəzi rus məmurları olmuşlar. Düma "Peterburq xəbərləri" qəzetində haqqında yayılan şayiə barədə oxuyan kimi, Bakıdan yazıçı və şair dostu Jozef Meriyə incə yumorla hərtərəfli bir məktub yazır. Məktubdan bəzi məqamları oxucuların nəzərinə çatdırmaqla kifayətlənirik:

"Əzizim Meri!

Rus qəzetlərinin birində Parisdə, hətta Fransanın hər yerində mənim ölümüm barədə şayiələrin yayıldığını və çoxsaylı dostlarımın təəssüfünə, düşmənlərimin sevincinə səbəb olduğunu oxudum. Sən artıq bir dəfə öz adından mənim ölümüm barədə xəbəri təkzib edibsən. Bu dəfə mənim adımdan qəzetdə yaz ki, mən o qədər də ağılsız deyiləm ki, belə tezliklə həyatdan əl çəkəm…

Əziz Meri, sən hər şeydən xəbərdar olan bir adamsan. Bilirsən ki, Bakı neft quyularına görə atəşpərəstlər tərəfindən müqəddəs yer hesab olunur. Bu quyular "qoruyucu qapaq" rolunu oynayaraq Bakını, qonşu Şamaxını yerlə yeksan edən zəlzələdən qoruyur. Mən indi həmin quyuların arasındayam. Ətrafımda 60 quyu vulkan kimi od püskürür… Bəzi ağzıgöyçəklər deyə bilərlər ki, mən buraya günahlarımdan təmizlənmək üçün gəlmişəm. Qoy desinlər! Mən buraya kef üçün, ləzzət üçün gəlmişəm. Həqiqətən də mən burada xan kimi səyahət edirəm. Burada (Azərbaycan - red.) qonaqpərvərlik Sibir mədənlərinin qızılı kimi tükənməzdir. Qafqazda üç nəfər azərbaycanlı bəyin rəhbərliyi ilə məni müşayiət edən mühafizə dəstəsi 500 nəfərdən ibarət olmuşdur…

Hələlik əziz dost! Səni heç vaxt unutmayan dostunu unutma.

25 noyabr 1858-ci il

25 dərəcə istidə".

(Bax: A.Düma. Qafqaz (rusca). Tbilisi, 1988, s. 270-271; N.V.Markelov. Qafqaz siluetləri (rusca). Pyatiqorsk, 2006, s. 242).

Aleksandr Dümanın "Qafqaz" əsəri maraqlı materiallarla zəngindir. Bu əsəri yol qeydlərini, səfər təəssüratını qələmə alan yazıçıların əsərləri ilə müqayisə etmək ən azı insafsızlıq olardı.

Dümanın bu əsərində bir azərbaycanlı kimi mənə məmnunluq gətirən bir məsələdən də söz açmaq istərdim. Əsər boyu yazıçı harada nə görsə Azərbaycanla bağlayır, Azərbaycanla müqayisə edir. O, Gürcüstanda ən mənzərəli yer kimi Kutaisini göstərir və qeyd edir ki, bura gözəlliyinə görə yalnız Nuxa ilə müqayisə edilə bilər. Başqa bir misal, Kutaisidən Marana gedən yolda hadisə baş vermişdi. Düma bu münasibətlə yazırdı: "Arabaçılar mənim tüfəngimi ya itirmiş, ya da oğurlamışdılar. Onlardan biri olduqca gözəl idi, məşhur silah ustası Kərimin (azərbaycanlı - red.) əl işi idi. Bu silahın qiyməti iki Qarabağ atına bərabər idi".

Qarda-boranda Kutaisinin 11 km-də olan Gelati monastırına Gəncə qapılarını görmək üçün getdiyini açıqca yazır: "Mən Gelati kilsəsinə getmək arzusunda idim, çünki Parisdə bizi inandırmışdılar ki, Dərbənd qapılarından biri bu kilsədə saxlanılır. Məni ən çox maraqlandıran da elə bu qapı idi" - deyir.

Ümumiyyətlə, Azərbaycan mədəniyyətinə, Azərbaycan mənəvi dəyərlərinə rəğbət əsərdə qırmızı xətt kimi keçir. Şamaxı və Nuxada Düma milli musiqimizdən və xalq mahnılarımızdan zövq alıb, kitabda onlardan məhəbbətlə danışıb.

Qoç döyüşü, pəhləvanların güləşi, milli rəqslərimiz, xüsusən də Nisənin rəqsləri, zurnaçılar, nağaraçılar, musiqi alətlərimiz yazıçını valeh edib. Yazıçı bazarlarımıza yüksək qiymət verib: "Orada can dərmanı desən, onu da satırlar. Gördüyüm saysız-hesabsız bazarların içində üçü mənim ən çox xoşuma gəlib. Mən Tbilisi bazarını da istisna etmirəm. Onlardan biri Dərbənd, biri Bakı, biri də Nuxa bazarıdır. Bu qənaətə gəldim ki, bazar Şərq şəhərlərinin ürəyidir. Hərəkət də, həyat da oradadır".

Dümanın Andrey kəndində Əli Sultan və Qubanla, Dərbənddə Kavus bəylə, Bakıda xan qızı Natəvan, anası, əri Xasay xan Usmiyev, Şamaxıda Mahmud ağa, Nuxada Məhəmməd xan və Mirzə Əli kimi tarixi şəxsiyyətlərlə görüşləri, Andrey kəndində Əli Sultanın, Suraxanıda kəndin komendantının, Şamaxıda Mahmud ağanın qonağı olmağından, milli yeməklərimizdən, Mahmud ağanın təşkil etdiyi ovda iştirak etməyindən ağızdolusu danışır.

Gecə saat 3-də qonaq evinə qayıdan Düma yazır: "Yəqin Şamaxı ilk dəfə idi ki, qonaqlıqdan bu qədər gec qayıdan avropalı görürdü".

Şübhəsiz, bu bizim sülhsevərliyimiz və qonaqpərvərliyimizdən xəbər verir. Məhz buna görədir ki, yazıçı Azərbaycanda istədiyi yerə getməkdən çəkinməyib. Görün əyalət şəhəri olan Bakıda Düma nə qədər yerlərdə olub: Xan Sarayı, Qız qalası, Atəşgah, Bibiheybət məscidi, Qurd qapısı, Dümanın dünyada ən çox bəyəndiyi bazarlardan biri - Bakı bazarı, dəniz limanı və s. Dümanın Dərbənddə və Bakıda məscidləri ziyarət etməsi də çox mətləblərdən xəbər verir. Tərif üçün demirəm, kitabı oxuyanda görəcəksiniz ki, Qafqazın heç bir ölkəsində yazıçının səyahəti belə dolğun, mənalı və maraqlı keçməmişdir. Bununla belə, başqa ölkələr haqqında təəssüratlar da maraqla oxunur.

"Qafqaz" əsərinin hər səhifəsində yazıçı qələminin qüdrəti, cazibəsi, ovsunu açıq-aşkar görünür. Dümanın müşahidələri, gəldiyi qənaətləri sahilsiz ümmana bənzəyir. Elə bir ümman ki, həssas ürək buradan istədiyi qədər incilər yığar, bu düha sahibinə minnətdarlıq hissi ilə döyünər.

 

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2011.- 14 yanvar.- S.1, 2.