"Vaxtdan uca"da dayananlar
Qarşımda "Yurdun adındakı can" (sondakı "can" sözü "Azərbaycan" kimi də oxunur), gözlərim önündə, yaddaşımda isə köhnə, qədim Bakının 37-ci illər ağrısını əks etdirən tarixi kinoxronikanın bir epizodu; başı qara çadralı köməksiz bir qadın cəld, təntimiş halda tini burulub keçir. Əlinədki bağlamanı dəli rüzgarın qoparıb aparacağından ehtiyat edirmiş kimi, bərk-bərk özünə sıxıb. Vıyıltısı canı üşüdüb keçən külək xəzəl olmuş yarpaqları amansızcasına qovub, teyləyir. Apağ, əlçim-əlçim vərəqələr də qarışıb bu bağrıyarıq yarpaqlara. "Yurdun adındakı can"dakı insan talelərilə dəli rüzgarın küçə boyu qovub bağrıyarıq etdiyi o xəzan yarpaqları arasında qəribə bir oxşarlıq var.
O xəzan yarpaqları bəlkə elə o talesiz insanların günümüzəcən təslim olmayan, inamdan qalmayan ruhlarıdı?.. Müsibətli tale yaşamış insanların şəkillərindən iztirablı baxış boylanır. Görkəmli ədəbiyyatşünas alim, millət vəkili Rafael Hüseynovun əvvəlki kitablarından oxumuşam… Oxumuşam yox, yaşamışam onların nə çəkdiklərini. Öz zamanındaca Hüseyn Bayqaranın yaxşı cəhətlərini sayıb qurtara bilmədiyi, "Əfkar-i mütəllim" dərgisinin hələ 1919-cu ildə "Vətən atası" deyə haqqını tanıtdırdığı Ələkbər bəy Rəfibəyovdan başlamış çağımıza qədər bu kişi adamın nəsil çevrəsində olan insanların acı, eyni zamanda da adama vətəndaş qüruru yaşadan talelərində söz açılır bu kitabda.
Behiştlik Ələkbər bəy Rəfibəyov ömrünün bəxtəvər günlərində "cəm eləyirmiş başına nəslin başbilənlərini, deyərmiş ki, məsləhətdir xeyrat verməyək. Ehsana çəkilən xərci aparıb verək yeməkxanaya. Çünki bundan savab xeyrat ola bilməz".
Savab iş görmək yanğısı…
O savab işlərdən biri də "Yurdun adındakı can"ı var etmək, ortaya qoymaqdı. Olmuşları, yaşanmış və zorla, müsibətlə yaşadılmışları tarixləşdirmək, özümüzü-özümüzə tanıtmaq savabıdı bu. Bu savaba imza atmağının qürurunu yaşadığındandı ki, Rafael müəllim yeni nəşrə əlavə etdiyi şəklindən elə qürurlu, şux, baxta və vaxta meydan oxuyurmuş, istehza edirmiş kimi boylanıb baxır. Əslində o görünüş Rəfibəylilər nəslinin ideallarının, çağdaşlığının və ölümsüzlüyünün ifadəçisi kimidi. "Yurdun adındakı can"da tarix içində tarix, kitab içində kitab oxunur. Bu, unudulmaz Nigar xanım Rəfibəylidən əvvəl onun valideynləri Xudadat bəy və Cavahir xanımın tarixidi, ondan da əvvəl adı sağlığında "vətən atası" kimi qiyaslandırılan babası Ələkbər bəy Rəfibəyovun, nənəsi Xədicə xanımın, eyni zamanda da Sidqi Ruhallanın, eyni zamanda da Əlimərdan bəy Topçubaşovun, Şəfi bəy Rüstəmbəyovun, Cəlil bəyin, Mirzə və Hadi bəy Rəfibəyovların, Məşədi bəyin, Nağı bəy Şıxzamanlının, Adil xan Ziyadxanın, Aslan bəy Səfikürdiskinin, Hüseyn Cavidin, İsmayıl və Əbülfəz xan tarixidi, Ziyadxanovların, Cəmil bəyin, Məşədi Ruqiyyənin, Kamil Aranın, Saleh Gəncənin, Rəşid Rəfibəylinin, Qaçaq Kəblə İsmayıl Hacızadənin, Qaçaq Məmmədqasımın, Behbud ağa Cavanşirin, Sarı Ələkbərin, soyad ağrısına, faciəsinə düçar edilmiş yüzlərlə dəyərli soydaşlarımızın tarixidi. Və Azərbaycan tarixinin böyük bir çevrəsini bu insanların mənsub olduğu qövmdən ayrı təsəvvür etmək mümkünsüzdü.
Əsəblərin poladdan olmalıdı ki, Novorossiyiskin növbəti qatar dayanacağında bir-birindən xəbərsiz sürgün edilmiş Süsən anayla 21 yaşlı oğlu Kərimin taleyin möcüzəsi ilə baş tutan naqəfil görüşünün sarsıntısından qurtula biləsən: "Bu günlərinə şükür eləyirdilər, taledən razılıq eləyirdilər və Kərim Bakıdan gələn sürgün vaqonundan düşüb Gəncədən gələn sürgün vaqonuna, anası ilə qardaşlarının yanına keçəndən sonra onlar xoşbəxt idilər". Onda 1949-cu il idi.
Bu bədbəxt ailə 11 il əvvəl başqa bir "sevinci" də beləcə beqəfil yaşayası olmuşdu - möcüzə baş vermişdi, o zaman da Süsən xanımı uşaqları ilə birgə sürgün vaqonuna mindirmişdilər. Vaqonun basabasında onun ağlar gözü güllələndiyini zənn etdiyi əri İlyas bəyə sataşmışdı. Sarılmışdılar bir-birlərinə: "Daha sürgün edilmələri də, vaqonun darısqallığı da, narahatlığı da veclərinə deyildi".
Arada, 1937-ci ildə o da olmuşdu ki, Süsən xanım iki oğlu, iki qızı ilə sürgündən qayıdıb Bakıya gəlmişdi, elə vətənə ayaq basan kimi ciqanlar əyin-baş paltarlarını qarət edib oğurlamışdılar, bacısı Bakıda ona qapı açmamışdı ki, ərini işdən çıxararlar, üz tutduğu ata yurdu Gəncədə qardaşları onu qarşılamaqdan imtina etmişdilər. Axırda ərinin Tovuzun Cırdaxan kəndindən olan arvadının uzaq qohumugildə pasibanlanmışdı. Bax, elə o zaman da Süsən xanımın ölmüş bildiyi əri İlyas bəy qəflətən gəlib çıxır Cırdaxana. Bu ailə bir də onda sevinmişdi.
Bu məşəqqətlər taleləri haqqında söz açılan bütün soydaşlarımızın həyatından sıx-sıx keçir. Bu adamların ən böyük günahı əsl türk oğlu, Azərbaycan insanı olmaları və bir də Rəfibəylilər nəslinə bağlılıqları idi. Ona görə ki, Rəfibəylilər millətə, milli dəyərlərə hesablanmış insanlar, yetkin, ziyalı şəxsiyyətlər idi. Qırmızı bolşevizmə isə bu dəyərlər yad idi. Urusbaşlılarımız şəxsiyyətlərdən, milli təəssübkeşlik hissi olanlardan qorxurdular. Ona görə də asmağa, məhv etməyə, sındırmağa məhkum idilər. Azadlıq mücahidi Məmməd Əmin Rəsulzadənin "Fədakar bir millət adamı" kimi xətrini əziz tutduğu cərrah həkim, Gəncə qubernatoru Xudadat bəy Rəfibəylinin nəslinə divan tutanlara Rafael Hüseynovun "Yurdun adındakı can"ında divan tutulduğunu oxuyub-bilənə qədər bu nəsil inadla yaşamalı, milli kimliklərinə səbirlə sahib çıxmalı, şərəfli ömür və əməl sürdürməli idilər.
Yaqub bəyə tutulan qüsurun adı Rəfibəyliliyi idi.
Cəmil bəyin məşhur 58-ci maddənin 10 və 11-ci bəndləri ilə günahlı bilinməsinin səbəbi onun Rəfibəyov familyası daşımasında idi.
Bolşeviklərin nəzərində Həbib Quliyevin suçu Xudadat bəylə qohum olması, Xudadat bəyin sağlığında bu ailənin təsərrüfat işlərini idarə etməsi idi və bu səbəbdən də o, 1856 saylı dustaq adı daşımağa məhkum edilmişdi. Ənnağı Rəfibəyov da öz soyadının qurbanı idi, Cavad bəy də və digərləri də…
Sənubər "MİS" müdirindən anası Rəxşəndə xanımın həqiqətən Kamo küçəsindəki 46 nömrəli evdə yaşaması haqqında arayışı ona görə ala bilmirdi ki, onlar Rəfibəyov soyadı daşıyırdılar.
Fərrux Rəfibəyov o qədər gənc imiş ki, müstəntiqin hansı hakimiyyət ürəyinə daha çox yatır sualına "mənim üçün heç bir fərqi yoxdur" - deyə cavab veribmiş.
Ruhulla Axundovun həbsindən sonra hər kəs onun həyat yoldaşı frida xanıma salam verməkdən qaçarmış. Təkcə Sarabski səkinin o biri üzündən ikiqat əyilib salamlayıbmış onu.
İkiqat əyilib verilən salam Sarabskinin ikiqat ucalığı idi.
O gözəl salamın bir adı da "Yurdun
adındakı can"dı.
Rəfibəylilər
nəslinin ilk bəraəti Nigar Rəfibəyliyə qismət
olmuşdu - 1934-cü ildə Moskvada onun ilk şeirlər
kitabının işıq üzü görməsinə
sistem icazə verdi. Rafael Hüseynovun məntiqi
qaçılmazdı ki: "Bu kitab qələmin ən zərif
bir məxluqun əlində olsa da belə, ən nəhəng
imperiyaları da yenə bilməsinin sübutu idi… Bütün sovet illəri içərisində
ideoloji maşınla səssiz əlbəyaxalarda mən o
kitabı ümumən Rəfibəylilər nəslinin ilk ən
böyük qələbəsi sayıram".
Rafael Hüseynov haqlı olaraq yazır ki, bu kitaba
daxil edilən şeirlərin bir çoxunda yazılanlar Nigarın qohumlarının,
yaxınlarının, əzizlərinin
taleyi idi: "O misralar yazılanda artıq neçə Rəfibəyli ailəsi Sibir sürgünlərinin
gedər-gəlməzliyinə yola salınmışdı…
Keçmədiyi, getmədiyi o yollar
həssas şair həmdərdliyi ilə Nigar bu misraları
yaza-yaza keçmişdi
də, getmişdi də".
Bircə əlavəm qalır ki, sistemin Rəfibəylilərə
ilk bəraəti olan bu kitab həm
də Nigar xanımın Rəsul Rzaya açılan yolu idi.
"Bu əsər Ələkbər
bəy haqqındadır". O Ələkbər
bəy ki, "bütün xalqımız
kimi, düşmənlərimiz
də onunla hesablaşmaq məcburiyyətindəydilər".
Eyni zamanda bu kitab "o böyük insana bir yazıçının,
həmvətənin, həmşəhərlinin,
övladın məhəbbətnaməsi"
kimi qəbul olunur. Yazmağa, deməyə
ehtiyac yoxdur ki, arxivdən-arxivə, rəsmi və qeyri-rəsmi mənbələrdən
mənbələrə baş
vurduqca Rəfibəylilər
nəslinin yaşadığı,
daha doğrusu, amansızcasına yaşamağa
məcbur edildiyi acılardan, nisgillərdən,
dərdlərdən müəllifə
də pay düşüb.
Təbii, bu zəhmətkeş qələm
adamı heç peşiman da deyil: "O xəzinə insanlar məni daxilən daha zəngin etdilər".
Gözlərim qaçaq Saday bəyin kitabda verilmiş şəkli üzərində dayanır. Babam Alı kişi ta uşaqlığımdan mənə bu şəxs haqqında upuzun nağıllar danışardı. O, Saday bəyi şəxsən görmüşdü, dəfələrlə oba ağsaqqalının göndərdiyi ərzaqı Saday bəyin dəstəsinə çatdırmışdı. Saday bəyin ən etibarlı, yaxın silahdaşı Kamal babamın əmiuşaqlarından idi. Mətndə belə yazılıb: "Aşıq Əhməd mənə Saday bəyin ayağı qandallı şəklini də bağışlayandan sonra o qaçaq mənimçün lap əyaniləşdi".
Bir tərəfdən Aşıq Əhmədə qohumluğumuz çatır. Elə hey götür-qoy edirəm ki, ustad aşığın bu "qandallı şəkil" təqdimatı nə dərəcədə məqbuldu? Saday bəy qorxmaz, cəsur adam olmuşdu. Onun haçansa həbs edildiyi, əsir götürüldüyü faktı gərək ki olmasın. Kürətrafı meşədə ruslarla atışma zamanı Saday bəyin silahdaşları vurulduqdan sonra o, sal üzərində üzüb Kürün Şirvan üzündəki qaçaq dəstəsinə qoşulub. Onlara inanmadığından patrondaşlarını alıb özündə saxlarmış. Öz əcəli ilə öldüyü, ölərkən məni" Kamalın dərdi vərəmlətdi, yoxsa urusa can verməzdim" dediyi söylənilir. "Yetimlər dəstəsi" deyilən qaçaqların yalnız Saday bəy öz əcəli ilə öləndən sonra onun cəsədinə toxuna bilibmiş. Üzə çıxmaq, bəraət almaq üçün "Saday bəyi biz öldürdük" - deyə ruslara təhvil vermişdilər. Ancaq tibbi ekspertiza aydınlaşdırmışdı ki, o, öz əcəli ilə ölüb.
Bunacansa Saday bəy hökumətə satqınçılıqda şübhələndiyi eloğluları Böyükkişini və onun qardaşı Cavadı ağbirçək analarının, arvad-uşaqlarının gözü qarşısında barmaq-barmağa çatıb güllələmişdi. Əslində bu da düşmən nifaqı, düşmən işi idi. Əgər Böyükkişi və Cavad hökumət casusu olsaydılar, yerli hökumət onların qətlinə, dəfninə biganə qalmaz, heç olmasa istintaq işi açar, sorğu-sual aparar, məzarları başında ənənəvi "qanımız yerdə qalmayacaq" andı içərdilər. Olmayıb belə şey. Sadəcə olaraq kimsə Saday bəyi gözdən salmaq üçün iki eloğlu arasında şeytançılıq edib. Saday bəy o iki qardaşı ağbirçək analarının, arvad-uşağın gözü qarşısında barmaq-barmağa çatıb güllələyib. Böyükkişinin balaca oğlu Böyükağa qorxudan lal-kar olub. Uşaqlıq illərimdə mən həmin lal-kar Böyükağanı arvadı Məryəmin əl-qol havasına necə başa salmasına maraqla baxar, hey baxardım…
Babam deyərdi Saday bəyin uzun, bığları vardı. O uzun, sallaq bığlar sırsıra, buz bağlarmış. "Yurdun adındakı can"da haqqında söz açılanların taleyi büsbütün elə o cür sırsıradan, buzdan keçib. O sırsıra, o buz dövlət müstəqilliyimizlə, bağımsızlığımızla nəfəs-nəfəsə əriməyə başladı. Bir də Rafael Hüseynov düşüncəli dəyərli şəxsiyyətlərimizin tarixə dürüst münasibəti, pisliklərə ironiyası, vətəndaşlıq durumu ilə…
Onlar "Vaxtdan
uca"da dayanmağı
bacardılar.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 14
yanvar.- S.5.