Yaddaş
6 yanvar 1938-ci il nakam şairimiz Mikayıl Müşfiqin qətlə yetirildiyi gündür. Qələmi susdurulan ölməz söz ustasının xatirəsi ildə iki dəfə yad edilir. Bu il də şairin Bakıdakı abidəsinin qarşısında keçirilən anım mərasimini xalq yazıçısı Gülhüseyn Hüseynoğlu açaraq Müşfiqin şeir dünyasının başlıca məziyyətlərindən danışdı. Sonra maşın karvanı şairin ata-baba yurdu Xızı rayonunda salınmış "Müşfiq ocağı"na istiqamət götürdü. Əvvəlcə tədbir iştirakçıları "Müşfiq" xatirə muzeyi ilə tanış oldular. "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru, əməkdar jurnalist İlqar Paşazadə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin yaradılmasının 15 illiyi münasibətilə nəfis şəkildə nəşr edilmiş "foto-albom"u və ömrünün 32 ilini televiziya-radionun inkişafına sərf etmiş Tahir Paşazadənin unudulmaz xatirəsinə həsr olunmuş "Bir portretin nağılı" kitabını muzeyə hədiyyə etdi. Xatirə günündə şair Məmməd Aslan, əməkdar müəllim Ofelya Babayeva, jurnalist Eldar Eyvazov, Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Sənan Talıbov çıxış edərək cəmi 29 il ömür sürmüş Müşfiq yaradıcılığına yüksək dəyər verdilər, nə məzarı, nə övladı qalan şairin əbədiyaşarılığından danışdılar. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu.
Ədəbiyyat qəzeti.- 2011.- 14
yanvar.- S.6.