Yurd-yuvama qayıdacam

 

ÇalıbCəngi” havasını, -

Qəm əhlini oyadacam.

Salıb cihad davasını,

Yurd-yuvama qayıdacam.

 

Eli köçmüş obam üçün,

Odu sönmüş sobam üçün;

Qəbri qalmış babam üçün

Yurd-yuvama qayıdacam.

 

Ürəyimi yarın, açın -

Orda yatır Şuşa, Laçın.

Başa qoyub şərəf tacın,

Yurd-yuvama qayıdacam.

 

Olub yadın Əzrayılı,

Geri alıb Cəbrayılı;

Dəli dağlı, Çalbayırlı,

Yurd-yuvama qayıdacam.

 

Üzdən silib xəcil təri,

Qaytaracam Kəlbəcəri.

Azad edib hər bir yeri,

Yurd-yuvama qayıdacam.

 

Bir səhər son qoyub yasa,

Dönəcəm Kürə, Araza.

Tariximi yaza-yaza,

Yurd-yuvama qayıdacam.

 

 

Dağlar üz döndərib məndən

 

Dağ çəkib sinəmə dağlar, -

Didərginəm eldən-gündən.

Qan yaşlı gözlərim ağlar, -

Dağlar üz döndərib məndən.

 

El köçmür Bartaz yaylağa,

Cüyürlər enmir çaylağa

Sar qonub tərlan oylağa, -

Dağlar üz döndərib məndən.

 

Qalx, Dədə Şəmşirim, oyan,

Mən yanan oda sən də yan;

Dərdimin üstə dərd qoyan

Dağlar üz döndərib məndən.

 

Qıy vurmur qoca qartalı,

Tək-tənha gəzir maralı;

Haçandır düşüb aralı, -

Dağlar üz döndərib məndən.

 

Qız qala, Qızıl daşlıdı,

Bürünc daş, qarlı-qışlıdı;

Çeşməsi gözü yaşlıdı, -

Dağlar üz döndərib məndən.

 

Göz yaşım sel olan yerdə,

Necə qərq olmuşam dərdə;

Görəm ya görməyəm bir də,

Dağlar üz döndərib məndən.

 

Üç qardaş, Bartaz yan-yana,

Div gərək, dərdə dayana;

Öz dərdim-sərim bir yana, -

Dağlar üz döndərib məndən.

 

  

Oqtay Zəngilanlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 20 yanvar.- S.4.