Bəxtiyar Vahabzadə poeziyasında qocalma ölüm fəlsəfəsi

    

  XX əsr Azərbaycan ədəbi mühitinin yetişdirdiyi fikir dühası, söz bahadırı B.Vahabzadə həm böyük alim, publisist, həm də mövzu etibarilə rəngarəng, dərin məfkurəli şair kimi əsrin poeziya aləminə öz möhürünü vurmuşdur.

B.Vahabzadə yaşamaq yaşatmaq naminə ölümün tərənnümçüsü, "şərəfli ölüm qədər sədaqət yox dünyada" düşüncəsinin daşıyıcısı idi. Bu düşüncəylə yaşamın son dayanacağı isə şəhidlik zirvəsidi və cəsarətlə demək olar ki, B.Vahabzadənin özü ruhu, düşüncəsi ilə əqidə yolunda şəhidlik zirvəsinə ucalanlardan biri oldu.

Elmiliklə bədiilik B.Vahabzadə yaradıcılığının iki önəmli cəhətidir. Hər ikisi fəlsəfi ağırlığa malikdir. Həm yazan, həm də yozan, düşüncələrini elmi süzgəcdən keçirən bir təfəkkür sahibi olan bu böyük mütəfəkkirin fikir düşüncələrindəki fəlsəfi meyar ona filosof-şair demək haqqını qazandırmışdır. B.Vahabzadənin fəlsəfi ağırlığa malik poeziyasının bir budağı da şeirlərindəki yaşlanma və ölümlə bağlı poetik düşüncələrdir. Bəxtiyar poeziyası bütün özəlliyilə yanaşı, həm də inam əqidə yolunda şəhidlik zirvəsinə səsləniş poeziyasıdır. Bu görkəmli şairin özünün ömür yolu o səslənişdən keçir, onu xalqın gözündə inam əqidə, azadlıq şəhidinə döndərir. Bu mənada B.Vahabzadə əslində azadlıq yolunda şəhidə dönənlərimizin birincilərindəndir.

"Vaxtında", "Mən öləndən sonra", "Qocalara", "Həyat-ölüm", "Qəm içində sevinc", "O öldü birdən-birə", "Yaşdan gileyliyəm", "Qocalıq", "Yavaş-yavaş", "Deyilmi", "Qocalmır", "Ölüm haqqında düşüncələr", "Ölümlə qarşı-qarşıya", "Gerçək ölümlə", "Bəhanədir", "Həyat, sən nə şirinsən", "Qafiyələr", "Baş daşında saat" kimi şeirlərindəki lirik-fəlsəfi məzmun şairin yaşlanma, ölüm, ölümün insanda yaşatdığı qorxu həqiqəti əks etdirən poeziya nümunələridir.

İnsan övladının 40 yaşdan sonra yorğunluqla müdrikliyin bir-birinə uymadığını hiss etdiyi üçün qocalıq deyilən bir məfhuma dərin fəlsəfi məna verərək bu pəncərədən dünyaya baxıb qüssələndiyi bir həqiqətdir.

Bəşəri narahatçılıq olan qocalıqdan ölümdən təşvişə düşmək düşüncəsini Bəxtiyar Vahabzadənin yaradıcılığının erkən illərində yazdığı şeirlərində görmək mümkündür. Onun 1960-cı ildə 35 yaşında yazdğı "Yavaş-yavaş" şerində

 

Ömrün payız fəsli sıxdı əlimi,

Yoxsa qocalıram mən yavaş-yavaş.

Payızda yarpağa xal düşən zaman

Düşür saçlarıma dən yavaş-yavaş -

 

deyərək sanki ömrünün qürubuna yaxınlaşmağının ilk səbəbini saçlarına dən düşməsində görüb təşviş hissi keçirir. Hələ 1963-cü ildə yazdığı "Hər baharın öz qaranquşu" poemasında isə B.Vahabzadə qoca Həsrətin dili ilə yaşın doğurduğu nigarançılığı belə mənalandırır:

 

…Ağacın altında Həsrət dayandı,

Bir özünə baxdı, bir çinara.

 

Fikrimizcə, burada ağac altında dayanan Həsrət öz adında həm də itirilmiş yurd yerlərimizin kədərini ehtiva edir. Bu həsrətin bir adı da elə Bəxtiyar Vahabzadənin özüdü ki, var. Və o həsrətin yolunda şəhid olanlardan biri B.Vahabzadədir.

 

Şairin qocalıq mövzusuna daha ətraflı qayıtması isə 1977-ci ildə yazdığı "Qocalıq" şeridir.

 

Zaman öz yerində dayanaydı kaş,

Özüm bilmirəm nədir bu təlaş -

 

deyən şair gəncliyi bahara, qocalığı qışa, gənclik illərini barlı-bəhrəli bir dünyaya, qocalıq illərini isə bu bəhrəni yeyib bitirən qışa bənzədərək yazır:

 

Baharı vermişəm, qış qazanmışam,

İlləri vermişəm, yaş qazanmışam.

Dolunu vermişəm, boş qazanmışam,

Kim deyər gətirir xeyir qocalıq -

 

deyərək qocalığın insan oğlunun yaşlanması ilə bağlı yaratdığı duyğu düşüncələrin bədii tablosunu çəkir.

Eyni düşüncə tərzi ilə şair "Bizik" rədifli şerində qocalığın insana xas bir xüsusiyyət olduğunu ifadə edərək

 

dünya qocalır, nə də zəmanə,

Zamanın əlində qocalan bizik.

 

Şairə görə:

 

Cavanlıqda -

Əllər uzun, dillər qısa,

Qocalıqda -

Dillər uzun, əllər qısa.

Cavanlıqda -

Günlər qısa, illər uzun,

Qocalıqda -

Günlər uzun, illər qısa.

 

Qocalıq bir çarəsiz axşamdır. Ondan təşvişə düşmək insanaməxsus narahatlıqdır. Odur ki, şair:

 

Dağları, daşları qocaldan zaman,

Bilmirəm bəs niyə özü qocalmır -

 

deyə keçirdiyi narahatlıqla gah dünyanı, gah da zamanı ittiham edir.

Göründüyü kimi, B.Vahabzadənin qocalıqla bağlı şeirləri düşündürücü fəlsəfi ümumiləşdirmələrlə yekunlaşır. Şair ciddi bəşəri mövzu olan qocalmanın fəlsəfəsini açmağa çalışır bu pəncərədən oxucusuna dünyanı göstərməyə çalışır.

"Axı dünya fırlanır" deyən şairin yaşlanma ilə bağlı təşvişi səbəbsiz deyil. Dünya qədər fırlansa da, ölüm deyilən bir həqiqətdən yan keçə bilmir. "Gəlimli, gedimli, bir ucu ölümlü dünya" deyən mənəvi sələfləri kimi B.Vahabzadə qocalığın sonunun ölüm olduğunu bilir

 

Axışan illər,

Ölümə uzanan əllərimizdir -

 

nəticəsinə gəlir. Ona görə

 

Yaranışdan bilirik ömrə nəhayətdi ölüm,

Zamanın hökmü budur, hər kəsə qismətdir ölüm -

 

deyərək ölümün ən real bir həqiqət olduğunu yazır, bu danılmaz, acı həqiqətdən qorxulsa da, mənasız yaşamağı ölümdən betər hesab edir:

 

Ölümdən qorxmayan de, kimdir, de kim?

Mənasız yaşamaq ondan qorxulu - deyir.

 

B.Vahabzadə VII əsr özündən əvvəl yaşamış sələfi, böyük türk mütəfəkkiri Yunus İmrənin ölümün insan həyatındakı ən real hadisə olduğu islam fəlsəfəsinə əsaslanan düşüncəsini XX əsrdə bütün bəşəriyyətə belə bəyan edir:

 

Həyat - ölüm! Bir-birinin

həm ilkidir,

həm də sonu.

 

Varlığında görməlisən yoxluğunu,

Həyat - ölüm!

Bir-birinin qənimidir.

 

Yunus İmrə ölümdə həyatın ölməzliyini görür, "Ölür isə mən ölür, canlar öləsi deyil" - deyirsə "Ölüm ölməz" deyən B.Vahabzadə:

 

Ölüm heçlikdir!

Ancaq

Elə heçlik də var ki,

Varlıq küsənir ona,

Varlıq inana bilmir,

Yoxluğun yoxluğuna.

 

Bu misralar şairin mənəvi ölümsüzlüyə bir zəmanətidir. Özündən əvvəlki mənəvi varisləri kimi B.Vahabzadə də kəşf edilməyən bir sirr olan, sehirlərlə dolu ölümün vahiməsini yoza bilmədiyi üçün insanın ümidini ölümdən sonrakı mənəvi ölümsüzlük deyilən bir ömürdə axtarır. Onun mənəvi ölümsüzlüyə dair bir çox şeirləri vardır. "Sinə daşı" adlı şeri isə B.Vahabzadənin mənəvi ölümsüzlüyə inamını ifadə edən bir poeziya incisidir. Şair bu dünyadan o dünyaya köçməyin labüdlüyünü qəbul etsə də, ölməz bir inamın onu mənəvi ölümsüzlüyə gətirəcəyinə, bu inamın onu bəlkə də yenidən dünyaya gətirəcəyinə ümid edərək qəbri üstə sinə daşı qoyulmasını istəmir. Bu istək onun əbəbi vəsiyyəti idi.

 

…Siz qoymayın qəbrim üstə sinə daşı,

Mən diriyəm məzarda da.

Çünki ölməz inamım var,

O dünyadan bu dünyaya dönməyimə

Mənim dəli gümanım var.

 

"Matəmin pərişan səsi, bəşərin ilk dərdi, ilk faciəsi" (S.Vurğun) olan ölüm və olum məsələsi B.Vahabzadə yaradıcılığında da üz-üzə gəlir və əlbəttə, ikinci həyatın doyumsuzluğunu, çoxunun da, azının da şirinliyini ifadə edir:

 

Həyat, sən nə şirinsən,

səndən kim doydu getdi?

Gedənlər bu dünyada qəlbini qoydu getdi.

Dünən qoca bir qarı

dilində ahu-zarı,

"Bu dünyanın əlindən gəlmişəm zara" - dedi,

"Ölmürəm ki, bir kərə canım qurtara" - dedi.

Ürəkdənmi söylədi o bu sözü görəsən?

Xeyr, inanmıram mən!

Dili söylədisə də,

ürəyində o dərhal,

"Lənət şeytana" - dedi.

 

B.Vahabzadənin yaşlanma və ölümlə bağlı şeirlərində dərin fəlsəfi fikirlər önə çıxır. Qocalıq… Ölüm…. Bəşər övladının etiraz və etirafını ifadə edən bu kəlmələrin B.Vahabzadə poeziyasında ayrıca yeri və çəkisi vardır. Böyük filosof şair bu iki kəlməni mənalandırır, onlara fəlsəfi bir görkəm verərək ölümün reallığını qəbul edərək ən müqəyyəd, yəni bir-birinə bağlı, bir-birindən asılı qafiyənin də ölüm-həyat olduğunu etiraf edir.

 

…Qafiyədir göy ilə yer,

Qafiyədir sevinc-kədər,

Qafiyədir eniş-yoxuş,

axşam-səhər,

təzə-boyat.

Ən müqəyyəd qafiyədir.

ölüm - həyat.

 

Göründüyü kimi, B.Vahabzadənin şeirlərində ölüm anlayışı həyəcan və ya təsəvvüfü bir vəchlə söylənmişdir. Onun ölümlə bağlı şeirlərinin cövhərinə ölümün haqq olduğu, ölümün ölməzliyi, insanı öldürənin əcəl olduğu düşüncəsi hakimdir.

 

İnsanı öldürən əcəldir ancaq,

Azar da, bezar da bir bəhanədir -

 

beyti bu gün bir aksiom kimi səslənir.

B.Vahabzadənin bir poeması "Həyat -ölüm" adlanır. Ölümü "Ömrün nöqtəsi" adlandıran şair

 

Ölümlərdən yazıram,

Ölümlər də cürbəcür.

Kimi yaşamaq üçün,

Kimi ölməkçün ölür.

 

Ölümün də həyat tək,

Yaxşısı var,

Pisi var,

Ölümün şərəfsizi,

Həm də şərəflisi var.

…Ölüm dəhşətdir:

Ancaq,

Şərəfli ölüm qədər,

Səadət yox dünyada.

 

 

B.Vahabzadənin ölümü şərəfli ölüm idi. Onun poeziya aləmini lərzəyə salan şeir inciləri kimi, şəxsiyyəti də şərəf timsalı idi. "Həyat -ölüm" poemasının "Epiloq"unda

 

Həyat ölümə deyil,

Qoy ölümün özü də

Həyata şöhrət olsun.

Nola… belə bir ölüm,

Mənə də qismət olsun -

 

deyə yazırdı.

Doğrudan da, iki il bundan əvvəl 13 fevral 2009-cu ildə Azərbaycan poeziyasının nəhəng çinarına da arzu etdiyi ölüm şərəfi nəsib oldu.

 

 

Maarifə HACIYEVA

 

Ədəbiyyat qəzeti.- 2011.- 20 yanvar.- S.1, 2.