Ədəbiyyat
xalqları doğmalaşdırır
- Tahirə xanım, lap yaxın günlərdə sizin ömür-gün yolunuzu,
şəcərə, soy-kök gəlişmələrinizi özündə
əks etdirən materiallarla tanış olduqca özümü uzun qış nağıllarından gələn uzaq işıqların cazibəsinə düşmüş
kimi hiss edirdim. İllah da babanız Ağa Mehdinin, onun
qardaşı Qasım bəyin ağrılı taleyi bərk mütəəssir etdi məni.
- Neynəyəsən, bir cür uşaq oyuncaqları, kuklalar var - üzdən baxırsan ki, bir dənədi, ancaq açırsan, içərisindən özünəoxşar başqa birisi çıxır, yenə açırsan, onun da içərisindən başqa biri, o birisi də elə… Tarix də belədi… Vərəqlədikcə, dibinə getdikcə gözlənilməz sifəti, üzü ilə yeni bir durumda qarşına çıxır. Babam Ağa Mehdinin məşhur milyoner, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bibiheybətdəki neft sahələrinin idarə olunmasında önəmli xidmətləri olub. O, həm də teatra, musiqiyə bağlı adam idi. Xüsusi istedadı olan insanlardan ibarət teatr truppalarının yaradılmasına, konsertlər təşkil olunmasına təşəbbüs göstərərmiş. Babamın qardaşı Qasım bəy Hacı Zeynalabdinin nəvəsi Zara xanımla evlənibmiş. Zara inqilabdan sonra fransaya mühacirət edib. Babam Ağa Mehdi Türkiyədə sığınacaq tapıb. Qasım bəy bütün çətinliklərə baxmayaraq qalıb doğma vətənində, buradakı doğmalara pasibanlıq edib. Eyni zamanda Peterburqda ikinci təhsil alır, Bakı Dövlət Universitetində hüquq fakültəsinin dekanı, professor kimi fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev babamın o biri qardaşı Ağa Rəhimi vaxtilə dostluq etdiyi rus alimi Mendeleyevin yanına təhsil almağa göndəribmiş. Ümumiyyətlə, bizim nəsil çox istedadlı, ədəbiyyatı, musiqini bilən insanlar olublar. Cəfər əmim Azərbaycan Pedaqoji İnstitutunda alman dili fakültəsinin dekanı işləməsinə baxmayaraq musiqini çox gözəl bildiyindən musiqişünaslar onunla hesablaşarmışlar. İndi bütün bunları danışası olsam gərək bir kitab bağlana…
- Olanı budur ki, mənsub olduğunuz nəslin sənətə vurğunluğu
sizi də çəkib
ədəbiyyat sahəsinə gətirdi.
- Hə, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığım illər mənim taleyimi ədəbiyyatla, yaradıcılıq işi ilə büsbütün bağladı. Yazıçı Natiq Rəsulzadə, Eldar Şərifov da mənimlə eyni vaxtda təhsil alırdılar. Onlar tərcüməçilər qrupunda idilər. Tale elə gətirdi ki, o illərdə SSRİ Yazıçılar İttifaqında qonaq olan fin dili mütəxəssislərilə tanış oldum. Onlarla birgə çalışmağa başladım. Qorki adına Ədəbiyyat İnstitutunda da fin dilini öyrənən qrup var idi. Mən həmin qrupun dərslərini də dinləməyə başladım. Bütün bunlar mənim fin dili mütəxəssisi kimi yetişməyimə təkan verdi. İş elə gətirdi ki, sonrakı taleyim finlandiya ilə bağlı oldu. İndi qızımla bərabər orada yaşayıram.
- Görürəm
ki, vətənə əliboş gəlməmisiniz. "Fin yumoru
antologiyası", lirik şeirlərdən
ibarət "Fin poeziya antologiyası"
məhz sizin gərgin
əməyiniz sayəsində sovetlər
məkanı oxucularına çatdırılıb. Mənsur
Vəkilovun şeirlərini fin dilinə çeviribsiniz. Baxmayaraq ki, Azərbaycan-fin
ədəbi əlaqələri daha çox cavan sahədi. Ancaq bu istiqamətdə
də ilk təşəbbüs
sizdən gəlir.
- Ötən əsrin doxsanıncı illərindən taleyimi büsbütün Finlandiya ilə bağlayası oldum. Orada ilk olaraq Yusif Səmədoğlunun əsərlərindən müəyyən seçmələri çevirməyə başladım. Bu çevirmələr nəşr olundu. Qərarlaşdırmışdıq ki, Yusif Səmədoğlunun da iştirakı ilə Finlandiyada maraqlı bir görüş keçirək. Tale elə gətirdi ki, bu görüş baş tutmadı - gözləmədiyimiz halda Yusif müəllim dünyasını dəyişdi. Aradan bir müddət keçəndən sonra nəzərdə tutulan görüşə Çingiz Əlioğlu və Çingiz Abdullayev qatıldı. Deyim ki, Çingiz Əlioğlu Finlandiyada ən çox tanınan Azərbaycan şairlərindəndi. Son dərəcə talantlı və istedadlı qələm adamı olan Çingiz Əlioğlu həm də ədəbi əlaqələrin sürdürülməsinə xüsusi önəm verən birisidi. Onun orijinaldan tərcümə cəhdlərini yüksək qiymətləndirirəm. Tanınmış fin bəstəkarlarından birinin Çingizin silsilə şeirləri əsasında mahnı bəstələməsini eşitmək mənə çox əziz idi.
- Finlərin ədəbiyyata münasibətini bilmək
maraqlı olardı…
- Onlar çox oxuyur, mütaliəni çox sevirlər. Kitabxanalarda kitab almaq üçün uzun növbəyə durmalı olursan. Oxu və kompyuter zalları həmişə dolu olur. İstər yaşlı, istərsə də gənc ədəbi qüvvələrə dövlət səviyyəsində yüksək qayğı var. Tanınmış şair və yazıçılara dövlət səviyyəsində 10-15 il müddətinə təqaüd verilir, mükafatlar ayrılır. Finlandiyada fəaliyyət göstərən Gənc Şairlər Klubu xüsusi qayğı ilə əhatə olunub. Nəşriyyatlar gənc ədəbi qüvvələrin əsərlərini sevərək çap edir. "Gəncliyin səsi" ("Nuori voyma") jurnalı da bu sırada birincilərdəndi. Gənc Şairlər Klubunun təşəbbüsü ilə 2010-cu ildə 1-ci poeziya festivalı gerçəkləşib və qərara alınıb ki, bu festival hər il keçirilsin. Tampere şəhəri ədəbi baxımdan daha qaynardı. Eyni zamanda Turqu şəhərində gənclərin başqa bir fəal qrupu yetişməkdədi. Bu gənclər Edit Sederqran, Paavo Xaavikko, Pentti Saarikoski, Loesi Nummi, Vyaylo Kristina kimi yaşlı ədəbi nəsli böyük sayğı ilə öyrənir. Mayu Lassila, Aqapetus, Kersti Berqort, Serp, Mariya Yotuki, Olli, Mina Baltarş, Meri kimi yazıçılara fin ədəbi həyatında xüsusi maraq var.
- Şübhəsiz
ki, Fin-Azərbaycan
ədəbi ilişgilərinin genişləndirilməsinə
yönəli yeni layihələriniz
var.
- Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyilə görüşlərimiz oldu. Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca ilə ədəbi əlaqələrin mümkün variantlarını götür-qoy etmişik. Məsləhətləşmişik ki, Azərbaycan poeziya antologiyasını fin dilində, fin poeziya antologiyasını isə Azərbaycan dilində nəşr etdirək. Zənnimcə bu, iki xalq arasındakı ədəbi əlaqələrin genişlənməsinə böyük töhfə olacaq. Bu barədə tanınmış şair, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Çingiz Əlioğlu ilə də söhbətlərimiz olub. Elə bu gün də onunla görüşəcəm. Çingiz müəllimin ədəbi əlaqələrə olan həssas münasibətinin heyranıyam. O adam sözdən daha çox əməllə yaşayır və bu çox yaxşıdı.
- Maraqlı olar ki, fin
ədəbiyyatının ən maraqlı nümunələrindən
birinin qısa məzmunu ilə oxucularımızı
tanış edəsiniz…
- Gəlin sizə Sofii Oksinenin "Oçişenie" ("Təmizlənmək") romanından danışım. Otuz yaşlı bu gənc xanımın sözügedən əsəri az vaxt ərzində 26 dildə işıq üzü görüb. Yaxın günlərdə Amerikada ekranlaşdırılacağı gözlənilir. Hadisələr Stalin-Hitler dönəmində Estoniyada yaşanan hadisələri qapsayır. İki eston qızı - iki bacı bir oğlanı sevir. Həmin oğlan bacılardan biri ilə ailə həyatı qurur. Digər bacı bu izdivacı qısqanclıq və qibtə hissi ilə izləyir. Almanlar Estoniyanı zəbt edəndə bu bacı ailə qurmuş bacısını casus adı ilə təqdim edir və yeni doğulmuş körpəsi ilə bərabər onu sürgün etdirir. Hesab edirmiş ki, bu yolla rəqibi olan bacısını yolu üstündən götürər və sevdiyi oğlana qovuşa bilər. Zaman dəyişir. Hadisələr yeni məkanda davam edir. Günlərin birində həmin qadının (artıq qocalmış) evinə gənc bir qız, əslində azğın sovet əsgərləri tərəfindən alçaldılmış və təhqir edilmiş halda gəlib çıxır. Gənc qız əri tərəfindən bu hala salındığını söyləyir. Gəlmə qız xoşuna gəldiyindən qarı onu qoruyur. Az keçməmiş rus KQB-sinin şefləri Lavrenti, Paşa həmin qızın izinə düşür. Qarıdan vaxtilə sürgün etdirdiyi bacısını soruşurlar. Nəhayətdə məlum olur ki, gənc qız qarının bacısı nəvəsidi. Sovet casusları aradan keçən bu qədər vaxt ərzində belə öz qisasçılıq niyyətlərindən əl çəkməyiblərmiş. Əslində maraqlı bir eşq hekayəti fonunda bütöv bir epoxanı saran sovet jandarmının quduz təbiəti bütün reallıqları ilə əks olunub. Romanda göstərilir ki, o ağır illərdə rus əsgərləri özlərini alman faşistlərindən belə azğın, heysiyyətsiz aparırlarmış. Əsər sərt reallıqları qabartdığı, təqdim etdiyi üçün maraqlıdı. Təsəvvür edin, bu əsərlə tanışlıqdan sonra Rusiyada özlərini gənc vətənpərvərlər adlandıranlardan bir qrupu etiraz yürüşləri keçirmişlər. Ancaq neynəyəsən ki, fakt faktlığında qalır, zaman əsl xislətləri, təbiətləri gün işığına çıxarır. 1990-cı ilin 20 Yanvarında Bakının qana boyanması həmin rus sovet əsgərlərinin əsl simasını, əxlaqını ortaya qoydu. Bu əsəri oxuyanda mən sovet əsgərləri tərəfindən təhqir edilən, qana bələnən o eston qızının simasında həm də Bakını, onun qana boyanmış küçələrini, onların dəstəyi ilə tapdalanan Şuşanı, Laçını, Xankəndini, Kəlbəcəri, Ağdamı, Füzulini, Zəngilanı görürdüm, ürəyim qan ağlayırdı. Bu gün 20 Yanvardı. Qanlı faciədən 21 il ötüb. Ancaq yalançı xilaskar obrazı ilə tarixə düşən sovet hərb maşınının əntər kabusu hələ də qafalarda qorxunc röyalar yaşatmaqdadı.
- Maraqlı
söhbət üçün çox sağ olun.
Söhbətləşdi:
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 20
yanvar.- S.3.