Allah dərgahına
gedən yol
Şəhidin qəbri zahirdə qan ilə
islanar, amma,
Dolar müşk ilə daxildə,
saçar can ətri-rizvanı.
Əfzələddin Xaqani
Tarixdə elə şəxsiyyətlər var ki, onlar özləri üçün anadan olmayıblar.
Üzeyir Hacıbəyli
Əziz oxucu, bu sətirləri yazmağa başlayanda müqəddəs kitabımız "Quran"dan "Haqqa nahaqdan don geydirməyin, haqqı bilərəkdən gizlətməyin" ayəsini yada saldım, özümə söz verdim ki, bütün yazı boyu həmin ayənin hikmətini unutmayacağam, ondakı mənanın böyüklüyünü, ucalığını yazımda hifz edəcəm və bu ayə düşüncələrimə işıq saçacaq, yoluma nur çiləyəcək və inşallah, bu yöndə mən qarşıma qoyduğum məqsədə çatacam!
Həyəcanla dolu bu anlarda qəlbimdə bir hay-haray var, sanki sinəm üstə tonqal çatılıb, ocaq qalanıb. Axı hər qəhrəmanın bir yazısı hər yazının da öz qəhrəmanı, öz sevinci və ağrı-acısı var. Mənim də bu kitabımın qəhrəmanı torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Azərbaycanımızın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyevdir.
İndi, ulularımız demişkən, muraz üstəyəm, çətin və məsuliyyətli, eyni zamanda şərəfli bir yolun başlanğıcındayam. Yazmağa başladığım bu kitabla onlarca itnsanlarla söhbətləşmişəm, eləcə də qəhrəmanımızın doğmaları ilə görüşmüşəm, dönə-dönə qəhrəmanımızın valideynləri ilə dərdləşmişəm, qanlı-qadalı keçmişimizə boylanmışam, Fazil Mehdiyevin keçdiyi ömür yollarında xəyalən addımlamışam.
Bir neçə fəsildən ibarət olan bu kitabımda eyni zamanda oxucunu qəhrəmanımızın doğulduğu Laçının yaxın-uzaq keçmişinə aparmağa sövq edəcəm, qəhrəmanımızın son nəfəsinədək cərgəsində olduğu polisin tarixi ilə, dünəni və bu günü ilə tanış olmasına çalışacam. Fazil Mehdiyevin şəcərəsindən də söz açmağı unutmayacam.
Əziz oxucu, sizlərin arasından məni tanıyanlar da var, tanımayanlar da. Hər birinizdən üzürxahlıq edirəm ki, söz adamlarından iki nəfərin vaxtı ilə barəmdə yazdıqları aşağıda verdiyim sətirləri mənim lovğalanmağıma, özümdən müştəbeh olmağıma çıxmayasınız. Çünki mən o ölçüdən çox uzaqdayam. Sadəcə olaraq həmin fikirlərin yenicə qələmə aldığım bu kitabımın məzmununa, məqsəd və qayəsinə uyğun gəldiyini nəzərə alıb, əminlik üçün onu oxucu diqqətinə çatdırmağı zəruri bildim:
Ağsaqqal yazıçımız Cəmil Əlibəyovun mənim "Bir könüldən min könülə" kitabımda bir redaktor kimi yazdığı fikirlərdən sətirlər: "Güman edirəm ki, bu kitabda toplanmış yazıları oxuyandan sonra hər bir azərbaycanlıda belə bir duyğu - hökm fərman olacaq: Xüdavəndi-aləmin yaratdıqlarının ən qiymətli əşrəfi olan insanı sevmək, onu qorumaq və yaşatmaq gərəkdir!..
Sənət dostlarım bağışlasın, Qarabağla mərbut oxuduğum kitabların heç birində (mənim yazılarım da, o cümlədən) Qarabağ taleyi, Qarabağ xoşbəxtliyi və bədbəxtliyi bu qədər çılğın həyəcanla, məftunluqla, qürur və ürək ağrısı ilə təhkiyə edilməyib. Bu gümandayam ki, peşə uğurunun bünovrəsində yazıçılıqla publisistikanın müştərək iştirakı, bir-birini tamamlayan vəhdəti Elbrus Şahmarın torpaqdan səmaya ucalan ərən şəxsiyyəti dayanır".
Bu sətirlər isə professor Yaşar Qarayevin on beş il öncə mənim "Şirin candan keçənlər" kitabıma yazdığı rəydəndir: "Elbrus Şahmarın bu kitabı əslində Şəhidlər xiyabanının davamıdır. Onun ziyarətinə sən də Kərbəlaya ziyarət kimi qoş, əziz oxucu! Qurbanların məzarına qoyulan bu çiçək dəstəsinə bir gül - qərənfil və nərgiz artır. Qoy gəncliyin hər yeni nəsli tarixin və taleyin ilk ibrət dərsini bu təbii abidədən alsın, şəhidlərin təbaşirlə yox, qanla imza etdiyi ən nəhəng yazı lövhəsindən - dağüstü meşəlikdən, bir də bu kitabın səhifələrindən oxusun…"
Hər şeyi taleyin hökmünə tapşırmaq olmaz, axı insan faili muxtardır. Qərb filosoflarından birinin sözünün qüvvəti: "Məncə, belə bir şeyi həqiqət hesab etmək olar ki, bizim hərəkət və əməllərimizin yarısına tale ağalıq edir, ancaq o biri yarısı bizim öz ixtiyarımıza verilir".
Bütün yazı boyu yalnız və yalnız həqiqətə üz tutacaq, kitabın hər səhifəsində şərə qarşı çıxacaq, xeyirin təntənəsinə çalışacaq, heç vaxt şeytan xislətli insanlara sitayiş etməyəcəyəm, yaxşılarımızla fəxr edəcəyəm. Quranda deyildiyi kimi, "şeytana sitayiş etmək Allaha qarşı çıxmaq deməkdir".
Vətənin vətən daşı, xalqının övladı olmayan, ana dilini ana südü kimi varlığına hopdurmayan kəsin "mən azərbaycanlıyam" deyib bu başıbəlalı və bərəkətli torpağımızın üstündə gəzməyə, onun suyunu içib, çörəyini yeməyə, onun adından danışmağa mənəvi haqqı yoxdur.
Bu kitab mənim el-obamızın, Azərbaycanımızın, ümumən, bütün türk dünyamızın igid övladlarına, vətəndaşlıq adını qürurla daşıyanlarımıza, məlum hadisələrdə canından keçən ərənlərimizə, eləcə də barəsində kitab yazdığım Fazil Mehdiyevə olan məhəbbətimin təcəssümü və bar-bəhrəsidir.
Kitab üzərində gecə-gündüz böyük yanğı ilə işlədim. Məqsədim bu mövzuda yazılmış və bundan sonra yazılacaq kitablar arasında öz layiqli sözümü deməkdi. Bircə məqsədim oldu: qəhrəmanımızın adını öz ucalığında saxlaya bilim və əsərimin həm bədii, həm də ictimai-tarixi dəyəri olsun.
Elə həqiqətlər var ki, onun barəsində əvvəllər yazsaydıq, yaxud danısaydıq, bunu cinayət kimi qələmə verərdilər. Ancaq dünən deyə bilmədiyimizi bu gün də deməsək, bu özümüzə xəyanət olardı. Allah bizi o gündən saxlasın! Allah əməlimizi saleh etsin! Bu məqamda Məhəmməd peyğəmbərin bir kəlamı yada düşür: "Əməllərin dəyəri onların məqsəd və nəticəsi ilə ölçülür".
Min illər,
üstə gəl doxsan il… Bəli, min illər, üstə gəl
doxsan ildir zavalı xalqımızın başı qeylü-qaldadır.
Çəkdiyimiz zülmün-zillətin sayı-hesabı
yoxdur. Ərəbdən, farsdan, rusdan çəkdiyimiz az idi,
indi də ermənidən çəkirik. "İndi də
ermənidən" deyəndə ki, azı iki yüz ildi rus
imperialistləri onları quduz it kimi üstümüzə
qışqırdıb, bizi qulağı dinc yaşamağa
qoymurlar. Sərasər davam edən bu davanın sonu
görünmür. Bu illərdə neçə ana oğul
itirib, neçə oğul al qanına boyanıb, şəhidlik
zirvəsinə yüksəlib. Belə analardan biri Şövkət
ana, belə oğullardan biri isə Fazil Mehdiyevdir.
Bəziləri
polisə gələrkən məqsədləri
firavanlıqlarını təmin etmək iştahasında
olur. Nə yaxşı ki, onlar azdır, çox az. Yüzlərlə
qeyrətli oğulu daxili işlər orqanlarına gətirən
amal daha yüksək, daha ülvidir. Onlar ölümlə
üz-üzə dayansalar da, bir məqsədləri var - əmin-amanlığın
keşiyində durmaq, cinayətkarlığa qarşı
mübarizə aparmaq. Ta o çağacan ki, mənsub
olduqları xalq rahat, qorxusuz-hürküsüz yaşaya bilsin.
Lakin son illərin uzun çəkən müharibəsi ilə
bağlı polisin mübarizə fəaliyyəti daha da
genişlənib. Alman filosofu Kantın belə bir sözü
var: "Müharibə bəşəriyyət
qanunlarını alt-üst edən ən böyük bədbəxtliklərdən
biridir". Onun sözünün qüvvəti, vətənimizə
bədbəxtlik gətirən müharibə bütün
qanunları alt-üstə etdi. Bütün vətəndaşlarımızla
bərabər polisin işi birə-beş çətinləşdi.
Onlar daxili qayda-qanunlarımızın mühafizəçiləri
olmaqla bərabər, xain düşmənə qarşı
döyüşlərdə əsgər oldular. Bu yöndə
saysız-hesabsız itkilərimiz olub. Laikn ölüm qeyrətli
polis işçilərimizi qorxuda bilməyib. Ona görə
ki, ölüm hədəsi onların vətən məhəbbəti
qarşısında cılızlaşıb. Elə
oğullarımızdan biri də yuxarıda adını
çəkdiyimiz dağlar oğlu, dağ vüqarlı,
laçın qanadlı laçınlı Fazildir. Andronikin
anasını ağlar qoyan Sultan bəyin, onun əmisi oğlu
və silahdaşı Çal Aslanın nəticəsi,
hamımızın eloğlusu Fazil. O Fazil ki, döyüş
zamanı dəfələrlə mərdlik nümunəsi
göstərib, şəhidliyindən sonra respublika Prezidentinin
fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı"
adına layiq görülüb. Ancaq onu da deyim ki, Şövkət
ana üçün heç bir fəxri ad, heç bir
dövlət təltifi Fazilin yerini verə bilmir və
heç zaman da verməyəcək. Təkcə o adın
yüksəkliyinin şəcərəsinə
başucalığı, üzağlığı gətirəcəyindən
təsəlli tapır. Bir də gec-tez Azərbaycan
torpağının bütövləşəcəyindən.
Gözü
həmişə, hər an Arazdan şimala baxan, bu tayına
boylanan ələmli-qəmli, "Heydərbaba soraqlı"
quzey həsrətlisi Şəhriyar nə vaxtsa, hansı məqamdasa,
hansı hiss və duyğu iləsə deyib:
"Qarabağım çıxıb əldən,
"Segah"ım qoy yetim olsun…".
Bəli,
son illər erməni işğalçılarına
qarşı döyüşlər zamanı vətənimizin
hər qarış torpağı uğrunda minlərlə
oğullarımız şəhid olub, mübarək qanları
ilə torpaqlarımıza qeyrət suyu çiləyiblər.
Bir amalları, bir məqsədləri olub: yağı
düşməni vətənimizə buraxmamaq, qız-gəlinlərimizin,
analarımızın, nənə-babalarımızın namus
və ismətini gözləmək, işğal olunmuş
torpaqlarımızı geri qaytarmaq.
Fazil Umud
oğlu Mehdiyevin döyüş yolu ilə tanış olandan
sonra bu yolun şərəfliliyi, rəşadəti məni
heyrətləndirdi. Heyrətləndim ki, bu cəsarət, bu
igidlik, eyni zamanda bu səriştəlilik və bacarıq 25-26
yaşa necə çıxıb. Axı onun etdiyi igidlikləri
dönə-dönə bərkdən-boşdan
çıxmış, mükəmməl hərbi təhsil və
təlim görmüş, ən azı 34-35 yaşlı
peşəkar döyüşçülər edə billər.
Bu bir daha onu sübut edir ki, Fazil Mehdiyevdə Vətən məhəbbəti
güclü imiş. Və bütün bu igidlikləri də
ürəyində elinə-obasına yanğı olan,
torpağımızın şərəfini hər şeydən
uca tutan Fazil kimi oğullar edə bilər. Yəqin ki, bu məhəbbət,
bu yanğılıq onun mayasından, soy-kökündən gəlir.
Körpə vaxtlarından dönə-dönə valideynlərinin,
qoca qarıların Koroğlu ilə, Qaçaq Nəbi ilə,
bir də Sultan bəylə və ulu babası Çal Aslanla
bağlı söz-söhbətlərinə qulaq
asmış, onların igidliklərindən, torpağa
bağlılığından körpə ürəyində
qürur duymuşdu. Şair demişkən, Fazil hələ
kiçik yaşlarından öz xalqının, öz yurdunun
əsiri-eşqi olur.
Atalarımız
dünyaya gələn övladlarına ad qoyanda, yüz
ölçüb bir biçiblər. Onları ulu
babalarımız, qəhrəman əcdadlarımız kimi cəsur,
qorxmaz, igid və üstün görmək istəyiblər.
Körpə vaxtı ona Fazil adı verəndə adını
mən qoydum, bəxtini Allah versin, ömür-gün
yollarında qorxmaz olsun, adını doğrultsun -deyiblər.
"Fazil"
adının mənası "üstün, ləyaqətli,
ideal" deməkdir. Və Fazil də həmin adın mənasını
yüksək vətənpərvərlik duyğuları ilə
doğrultdu həyatda.
Qəhrəmanlarımızın
ömür yolu qısa oldu, çox qısa. Ancaq o qısa
ömrüylə özünə əbədi abidə qoydu.
Elinə-obasına baş ucalığı, doğmalarına
şərəf gətirdi. Bir aqil necə də düz deyib:
"Həyat uzunluğuna görə deyil, mənasına
görə qiymətlidir". O mənada dünyamızın
uzun ömürlüsü oldu Fazil.
Mühəmməd
Peyğəmbər (s) şəhidlərin məqamını
daha doğru-dürüst deyib: "Behiştə birinci şəhidlər
daxil olur… Peyğəmbərlik məqamına ən yaxın
iki məqam var, birinci ülamələr, ikincisi isə şəhidlər."
Müharibə
zamanı qan torpaqla birlikdə qaynayır. Qan torpaqla birlikdə
qaynayırsa, demək yüz-yüz, min-min həyat solur bu dəhşətli
rüzgarda. Həyat isə hamı üçün əzizdir,
şirindi, qiymətlidir. Amma təmiz adam üçün
namus, qeyrət həyatdan da qiymətlidir, dəyərlidir.
Fazil həyatını
torpaqlarımız uğrunda, namus və qeyrət yolunda qurban
verdi və bununla da əbədiyaşar oldu.
O,
döyüşə gedərkən doğmalarına söz
verib, vəd eləyib ki, tezliklə sağ-salamat qayıdacaq,
özü də qələbə müjdəsi, qələbə
xəbəri ilə. Ancaq həmişə verdiyi sözə əməl
edən Fazil son döyüşündə əməl edə
bilmədi sözünə. Ona görə ki,
torpaqlarımızın bütövlüyü, bir də
qız-gəlinlərimizin, ana-bacılarımızın namusu
naminə şəhidlik ucalığına qalxdı. Bu
gün də doğmalarının, eləcə də valideynlərinin
gözü yollardan yığılmır, onu gözləyirlər,
axşam da, səhər də. Hələ çox gözləyəcəklər.
Axı şəhidlər ölmür. Ölmür, ancaq bir
daha geri qayıtmır.
Həyat
qanlı-qadalı olub həmişə. Nə etmək olar.
Axı bir də Fazil kimilərinə öldü demirlər,
şəhid oldu deyirlər. Şəhidlik də bütün
mənəvi keyfiyyətlərdən yüksəkdə
dayanır. Bax, bu onun bütün doğmalarına təsəlli
olmalıdır. Yəqin ki, qəhrəmanımızın
adını qohum-əqrəba arasında neçə-neçə
körpələrə qoyacaqlar. Vaxt gələcək o
körpələr adını daşıdığı qəhrəmanın
qanını alacaq. Bax, o vaxt yenidən dünyaya göz
açacaq Fazil, elimizin mərd oğlu, igid oğlu fazil.
Bir aqilin
belə bir kəlamı var: "Nəcib, mərd adam olmaq, on
minlərin içindən seçilmək deməkdir".
Haqqında söz açdığımız Fazil minlərin
içindən öz mərdliyi, igidliyi, el-obaya
bağlılığı ilə seçilən oğul idi.
Mənə qədər də onun barəsində yazıblar,
şübhəsiz, məndən sonra da yazacaqlar,
ünvanına şeirlər qoşub musiqi də bəstələyəcəklər.
Bax, beləcə qısa bir igid ömrü əbədiləşdiriləcək,
ürəklərdə heykəlləşəcək.
Elbrus ŞAHMAR
Ədəbiyyat qəzeti.- 2011.- 20
yanvar.- S.4.