Uşaq ədəbiyyatımıza
bir nəzər
Ümumi ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi, onun spesifik bir qolu olan uşaq ədəbiyyatı söz sənətinin strateji əhəmiyyət kəsb edən bir sahəsidir. Ona görə ki, uşaq ədəbiyyatı birbaşa məktəblə, təlim-tərbiyə ilə, yeni nəslin ədəbi zövqünün formalaşması ilə əlaqədardır. Uşaq vaxtı gözəl şeirlər, hekayələr, nağıllar oxuya-oxuya ədəbi zövqü formalaşmayan, ürəyində mütaliəyə həvəs, ehtiyac oyanmayan insanın böyüyəndə ciddi sənət nümunələrini anlaması bir qədər inandırıcı təsir bağışlamır. Öyrəndiyi ilkin ədəbi nümunələr uşağın ədəbiyyata, mütaliəyə həvəsini artırdığı kimi, heç bir məzmun və forma gözəlliyi, didaktik və tərbiyəvi əhəmiyyəti olmayan ümumi söz yığımından ibarət nəzm parçaları, hekayələr, nağıllar isə uşağın şeirə, sənətə, müstəqil oxuya marağını birdəfəlik öldürə bilər. Elə buna görə də ədəbiyyatımızın sabahı naminə onun çox həssas və vacib bir sahəsi olan uşaq ədəbiyyatına ümumxalq səviyyəsində xüsusi qayğı, diqqət, eyni zamanda tələbkarlıq lazımdır. Uşaq ədəbiyyatını təlim-tərbiyə işindən başı çıxmayan, uşaq psixologiyasını bilməyən, poetik zövqü son dərəcə aşağı səviyyədə olan naşı yazarların ümidinə buraxmaq olmaz.
Burada istər-istəməz görkəmli maarifpərvər Cəlil Məmmədquluzadə ilə bağlı maraqlı bir fakt yada düşür. Bir gün cavan bir qələm sahibi özündən razı halda Mirzə Cəlilə deyir ki, Mirzə, necə məsləhət görürsən, istəyirəm ki, mən uşaqlar haqqında bir kitab yazam?
Gənc qələm sahibinin təkəbbürü Cəlil Məmmədquluzadənin xoşuna gəlmir. O, incə bir yumorla soruşur ki, bala, mən başa düşə bilmirəm, məgər uşaqlardan uşaqlar yazırlar?
Rus uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri, pedaqoji elmlər akademiyasının həqiqi üzvü S.Mixalkov çox doğru olaraq qeyd edirdi ki, o adam ki, uşaqla oynamağı bacarmır, ondan uşaq yazıçısı ola bilməz. Rus uşaq ədəbiyyatının digər görkəmli nümayəndəsi K.Çukovski görkəmli pedaqoq, psixoloq idi. O, uşaqların heç bir hərəkətinə, heç bir sözünə biganə qalmır, onları öyrənməyə, başa düşməyə çalışırdı. Elə buna görə də onun yazdığı əsərləri uşaqlar böyük maraqla oxuyurdular. Dünya uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan italiyalı C.Rodari də ixtisasca müəllim idi, özünün etirafına görə əsər yazanda öz şagirdlərindən öyrəndikləri onun çox köməyinə gəlmişdi…
Doğrudan da, uşağın diqqətini cəlb eləyən, onu maraqlandıran əsərlər yazmaq üçün ilk növbədə körpələri yaxından tanımaq, onların arzu və düşüncələrini, yaş səviyyələrini bilmək və nəzərə almaq zəruridir. Bir faktı xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan uşaq ədəbiyyatının ilk nümunələrini yaradan, bu ədəbiyyatın formalaşmasında xidməti olan yazıçıların əksəriyyəti ixtisasca müəllim, pedaqoq, tərbiyəçi, maarifpərvər ziyalılar olmuşlar. A.Bakıxanov, S.Ə.Şirvani, H.Zərdabi, A.Səhhət, M.Ə.Sabir, C. Məmmədquluzadə, R.Əfəndiyev, F.Köçərli, A.Şaiq, S.S.Axundov və başqa bu kimi qələm sahiblərimiz uşaqlar üçün əsər yazarkən, başqa xalqların dilindən mətnlər tərcümə edərkən, dərsliklər hazırlayarkən ilk növbədə uşaqların yaş xüsusiyyətlərini nəzərə almış, uşaq oxusu üçün tədris ədəbiyyatı yaratmağa cəhd göstərmişlər. Uşaq ədəbiyyatına maraq Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilən birinci qurultayından sonra daha da artmışdır. Məktəblərin açılması ideyası uşaqlar üçün dərsliklərin yaranması, uşaqlar üçün əsərlər yazılıb nəşr edilməsi zərurətini ortaya qoymuşdur. Beləliklə, ilk uşaq mətbuatı meydana gəlmişdir. Nəşr illəri o qədər uzun olmasa belə, Azərbaycan uşaq ədəbiyyatının sistemli şəkildə formalaşmasında "Dəbistan", "Rəhbər", "Məktəb" dərgilərinin çox böyük rolu olmuşdur. Bu jurnallarda H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.Hadi, M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, F.Köçərli, A.Şaiq kimi müasir Azərbaycan yazıçılarının əsərləri ilə bahəm onların Krılovdan, Puşkindən, Lermontovdan, Hötedən, Hüqodan, Qorkidən, Sədidən elədikləri tərcümə əsərlərinin nəşri uşaq ədəbiyyatımızın coğrafi ərazisini genişləndirmək sahəsində atılan ilk addımlar olmuşdur. Bundan başqa maarifpərvər ziyalılarımızın tərtib etdikləri ilk dərsliklərdə, oxu kitablarında dünya folklorundan, dünya yazıçılarının əsərlərindən nümunələrin verilməsi uşaq ədəbiyyatımızın inkişaf istiqamətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
"Hərb və sülh", "Anna Karenina", "Dirilmə" kimi çoxşaxəli romanlar müəllifi, xarakter yaratmaq ustası kimi tanınan Lev Tolstoyun uşaq oxusu üçün əsərlər toplaması, başqa dillərdən xarakterik nümunələri yaradıcı şəkildə tərcümə eləyib, işləyib öz oxu kitabına daxil eləməsi, uşaq ədəbiyyatına çox böyük önəm verməsi təsadüfi deyildi. Dahi yazıçı dərindən dərk eləyirdi ki, xalqı qəflət yuxusundan ayıltmaq, kütləni savadsızlığın pəncəsindən xilas etmək üçün uşaq ədəbiyyatına böyük ehtiyac vardır. Elə buna görə də o həm özü uşaqlar üçün əsərlər yazır, xarakterik sandığı olmuş hadisələri qələmə alır, həm də digər xalqların nağıllarından, təmsillərindən yaradıcı şəkildə bəhrələnirdi. Məsələn, uzun illər dərsliklərimizdə özünə möhkəm yer tutan, Lev Tolstoyun əsəri kimi təqdim olunan "İki yoldaş" rəvayəti əslində Qrimm qardaşlarının topladığı nağılların birindən iqtibas edilmişdir.
Bu üsuldan bizim uşaq yazıçılarımız, dərslik tərtib edən pedaqoqlarımız da bəhrələnmişlər. Abdulla Şaiqin "Xoruz", "Keçi", "Uşaq və dovşan" və s. bu tipli şeirləri indi bütün Azərbaycan uşaqlarının dilinin əzbəridir. Ədəbiyyat tarixindən az-çox xəbəri olanlar bilir ki, Abdulla Şaiq də bu və ya buna bənzər əsərləri qələmə alıb dərsliklərə salarkən Lev Tolstoyun istifadə etdiyi metoddan bəhrələnmişdir.
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz.
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan.
Qoymayırsan yatmağa,
Ay canı məstan xoruz.
Bu misralarla rus variantında təqdim etdiyimiz aşağıdakı şeir parçasını müqayisə etsək, izahata heç o qədər də böyük ehtiyac qalmır və bunu deməklə bizim fikrimiz dahi uşaq yazıçımızı gözdən salmaq deyildir, əksinə, onun "əlimyandıda" dərslik yaradarkən nə qədər həssaslıq və uzaqgörənliklə digər xalqların ədəbiyyatından bəhrələnməsini təqdir etməkdir. İndi özümüz müstəqillik dövrünün dərsliyini yaratmaq cəhdi göstərərkən günün, müasir dövrün tələblərinə, müstəqil Azərbaycan Respublikasının təlim-tərbiyə siyasətinə uyğun bədii parçalar tapmayanda Abdulla Şaiqi çox yaxşı başa düşürük.
Petuşok, petuşok,
Zolotoy qribişok.
Zaçem rano vstayoş,
Zaçem
qromko poyoş,
Zaçem
spat ne dayoş?
Sovet
hakimiyyəti illərində uşaq ədəbiyyatının
yaranması və inkişafına çox böyük əhəmiyyət
verilmişdir. Hökumət öz ideologiyasına uyğun əsərlərin
yazılmasına, nəşrinə xüsusi diqqət
yetirmiş, müllifləri həvəsləndirmək
üçün onları mükafatlandırmış, təltif
etmişdir. Bu iş Azərbaycanda da davam etdirilmişdir. O dövrdə
yaranan uşaq ədəbiyyatı nümunələri
ümumilikdə vahid sosializm ideyalarının təbliğinə
xidmət eləsə belə, həmin əsərlərin əksəriyyəti
hətta bu gün belə ümumbəşəri əhəmiyyət
kəsb edir. Böyüklər üçün yaradılan ədəbiyyatla
müqayisədə uşaq ədəbiyyatına ideologiyanın
təsiri o qədər də böyük
olmamışdır. Xüsusən, təbiətə, anaya,
uşaqların arzu və düşüncələrinə,
onların qəribə hərəkətlərinə həsr
olunan əsərlər bu gün də öz təsir
gücünü itirməmişdir.
Abdulla
Şaiqin davamçıları olan Mikayıl Rzaquluzadə,
Mirmehdi Seyidzadə, Xanımana Əlibəyli, Teymur Elçin
kimi qələm sahiblərinin yaratdıqları əsərlərin
əksəriyyəti indi də öz
aktuallığını, bədii və estetik dəyərini
itirməmişdir. Əsasən böyüklər
üçün yazıb-yaradan, bu sahədə əhəmiyyətli
uğurlar qazanan S.Vurğun, M.Müşfiq, M.Rahim, S.Rəhimov,
Ə.Vəliyev, M.İbrahimov, M.Hüseyn, R. Rza, N.Rəfibəyli,
M.Dilbazi, Ə.Cəmil, Ə.Cəfərzadə,
İ.Şıxlı, B.Bayramov, H.Abbaszadə, Ə.Abbasov, B.Azəroğlu,
M.Gülgün, B.Vahabzadə, N.Xəzri, Q.Qasımzadə,
H.Arif, X.Hasilova, Ə.Babayeva, Y.Əzimzadə, M.Araz, Ə.Kərim,
T.Bayram, Anar, Elçin, F.Qoca, F.Sadıq, N.Həsənzadə,
X.R.Ulutürk, Y.Həsənbəy, H.Kürdoğlu, M.Aslan,
İ.İsmayılzadə, Ə.Salahzadə, Ç.Əlioğlu,
S.Sərxanlı, V.İbrahim, M.Ələkbərli, A.Cəmil,
M. Abdulla kimi qələm sahiblərimizin də uşaqlar
üçün əsərlər yazıb çap etdirmələri
əhəmiyyətli ədəbi faktlardır. Emin Mahmudov,
Namiq Abdullayev uşaqlar üçün çox böyük əhəmiyyət
kəsb edən fantastik əsərlər yazmağa
üstünlük vermişlər. Ancaq təəssüf ki,
bu gün onların da yolunu davam etdirən cavan uşaq
yazıçılarımız yoxdur.
Elə
yazıçılarımız da olmuşdur ki, onlar daha
çox uşaqlar üçün yazmışlar. Belələrinə
misal olaraq E.Ağayevin, Ə.Əmrahovun, Z.Cabbarzadənin, Həbibənin,
T.Mütəllibovun, N.Süleymanovun, Ə.Səmədlinin,
T.Mahmudun, H.Ziyanın, C.Məmmədovun, İ.Tapdığın,
M.Günərin, S.Məmmədzadənin,
F.Tanrılının, Z.Xəlilin, T.Ağayevin, K.İsgəndərin,
M.Quluzadənin, M.Sabirin, M.Namazın, Q.İsabəylinin, T.Mirzənin,
Ş.Xəlillinin, Ə.Quluzadənin, S.Nuruqızının,
G.Almazın və b. adlarını çəkə bilərik.
Regionlarda da çox istedadlı uşaq
yazıçılarımız vardır. Onlardan A.Əlizadənin,
S.İbrahimlinin (Gəncə), Ə.Əlioğlunun (Goranboy),
M.Hüseynzadənin (Şəmkir) çap olunan əsərləri
göstərir ki, bu istedadlı qələm sahiblərinin yeni
tipli uşaq ədəbiyyatı yaratmaq baxımından
poetensial imkanları böyükdür.
Bir məsələni
də xüsusi vurğulamaq yerinə düşərdi ki, hər
yaş dövrünün öz ədəbiyyatı
olmalıdır. Bağça yaşlı uşaqlarla ibtidai
sinif şagirdlərini, ibtidai sinif şagirdləri ilə
5-8-ci sinifdə oxuyan uşaqları, orta yaş
dövrünü keçirən balalarımızla yeniyetməlik
dövrünü yaşayanları eyni tutmaq olmaz. Hər
yaş dövrünə uyğun ədəbiyyat nümunələri
yaranmalıdır. Çünki müxtəlif yaş
dövrlü uşaqların anlam və maraq dairələri,
psixoloji durumu bir-birindən əhəmiyyətli dərəcədə
fərqlənir. Lakin təəssüf ki, bizdə uşaq ədəbiyyatı
deyəndə elə yalnız ibtidai məktəb yaşlı
uşaqlar üçün yazılmış əsərlər
nəzərdə tutulur.
Azərbaycan
dövlətinin qayğısı və dəstəyi sahəsində
uşaq ədəbiyyatının yaranmasında,
formalaşmasında, uşaq və yeniyetmələrin
dünyagörüşünün artmasında, oxu vərdişlərinin
inkişafında, bilik dairələrinin genişlənməsində
xüsusi xidməti olan "Göyərçin",
"Günəş" (keçmiş "Pioner")
jurnalları, "Savalan" (keçmiş "Azərbaycan
pioneri") qəzeti indi də fəaliyyətini davam etdirir.
"Göyərçin" məktəbəqədər
yaşlı və ibtidai sinif şagirdləri
üçün, "Günəş" və
"Savalan" isə ortayaşlı uşaqlar
üçün nəzərdə tutulub. Yeniyetmələr və
gənclər üçün nəşr edilən, vaxtilə
ən böyük tirajlı və nüfuzlu qəzetlərimizdən
biri olan "Azərbaycan gəncləri" qəzeti təəssüf
ki, indi fəaliyyət göstərmir və indiki mətbuat
bolluğu içərisində onun missiyasını davam etdirən
bir dənə də olsun nüfuzlu qəzetimiz yoxdur.
Hər
bir mətbuat orqanı öz oxucularının yaş səviyyəsinə
uyğun əsərlər çap etməlidir. Balacalar
üçün kiçik şeirlər, yığcam hekayə
və nağıllar lazımdırsa, ortayaşlı
uşaqların məlumat dairəsi geniş olduğu
üçün şeir və hekayə ilə yanaşı
povest və romanlara da ehtiyac vardır. Vaxtlə E.Ağayevin
"Şişpapaq", "Dəcəllər",
Q.İlkinin "Üçtəpə uşaqları",
"Ömrün oğlan çağı", "Qalada
üsyan" povestlərini, Ə.Əhmədovanın
"Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları"
romanını, N.Abdullayev və E.Mahmudovun fantastik hekayə və
povestlərini ortayaşlı uşaqlar və yeniyetmələr
böyük maraqla oxuyurdular. İndi təəssüf ki, bu
tipli əsərlər yaranmır. Hamı öz qələmini
kiçikyaşlı uşaqlar üçün şeirlər,
nağıllar yazmaqla sınamaq istəyir. Halbuki indi
ortayaşlı uşaqlar və yeniyetmələr
üçün ədəbiyyata da çox böyük
ehtiyac vardır.
Əlifbanı
yenicə öyrənən uşaqların müstəqil oxusu
üçün yığcam, sadə, didaktik və tərbiyəvi
əhəmiyyətə malik uşaq ədəbiyyatı
nümunələrinə böyük ehtiyac vardır. Uşaq
ədəbiyyatının dili sadə, aydın, obrazlı
olmalıdır ki, uşaq elə ilk oxuduğu nağıldan,
hekayədən, şeirdən sonra yavaş-yavaş dilimizin
incəliklərini öyrənməyə başlasın, bu dilin
şirinliyini, ahəngdarlığını, musiqililiyini
duysun, hiss eləsin və bundan sonra onun müstəqil şəkildə
oxumağa, öyrənməyə həvəsi güclənsin.
Nə qədər
istedadlı adamın qələmindən çıxsa belə,
balacalar üçün yazılan şeirlər, hekayələr,
nağıllar ortayaşlı uşaqlar və yeniyetmələr
üçün maraqlı deyildir. Onları
düşündürən problemlər daha ciddi, əhatəli,
düşündürücü, problematik hekayələrin,
romanların, povestlərin, fantastik əsərlərin ortaya
qoyulması zərurətini gündəmə gətirir.
Elmi-texniki tərəqqi, internet əsrinin
uşaqlarının marağını təmin etmək
üçün yazıçı çox ciddi oxumalı,
öyrənməli, gərgin yaradıcılıq
axtarışları aparmalıdır. Bunun üçün
isə o, maddi cəhətdən tam təmin olunmalıdır
ki, digər yardımçı işlərlə məşğul
olmağa ehtiyac qalmasın.
Bizə
elə gəlir ki, Azərbaycan dilində müasir səviyyəli,
həm məzmun, həm də tərtibat cəhətindən
gözəl uşaq kitablarının yaranmamasının,
meydana gəlməməsinin günahını təkcə
yaradıcı insanlarda axtarmaq düzgün deyildir. Uşaq
yazıçısının birinci vəzifəsi
balalarımız üçün gözəl əsərlər
yazmaqdan ibarətdir. Bunun üçün isə onun maddi təminatla
bərabər mənəvi təminatı da olmalıdır.
İndi ən istedadlı, imkanlı yazıçı belə
öz hesabına nəfis tərtibatla, kütləvi tirajla
uşaqların zövqünü oxşayan kitablar çap
etdirib yaymaq imkanına malik deyildir. Onu da nəzərə alsaq
ki, müasir uşaq kitabı rəngli, gözəl
kağızda çap olunmalıdır, onun maliyyə xərclərinin
digər kitablarla müqayisədə nə qədər baha
başa gəlməsi danılmazdır. Uşaq
yazıçısına həm qayğı, diqqət, həm
də tələbkarlıq lazımdır.
Ən əsas
problemlərdən biri də oxucu problemidir. Təssüflə
də olsa qeyd etməliyik ki, indi bizdə mütaliəyə
maraq çox azalıb. Kitab mağazalarının əksəriyyəti
öz profilini dəyişib. Kitab ticarəti, kitab
yayımı şəbəkəsi günün tələblərinə
cavab vermir. Müəlliflərin öz hesabına çap
olunan kitablarının tirajının ən çoxu 500
nüsxə olması bir yana, heç o 500 nüsxəni yaymaq
ehtimalı da çox azdır. Nəinki uşaqların,
yeniyetmələrin, hətta valideynlərin də kitaba, qiraətə
münasibəti acınacaqlıdır. Televiziyalarda gedən
şoularda kimisə dəstəkləmək üçün
qızırğalanmadan sms-lər göndərənlərin
kitaba, jurnala pul xərcləməyə əli gəlmir.
Uşaqlarına bahalı hədiyyələr, mobil telefonlar
alan, ona ən azı ayda on manatlıq kontur yükləyən
valideynlər görəsən ildə 12 manat verib "Göyərçin"
jurnalına, digər uşaq mətbuatlarına abunə
yazılsalar nə itirərlər? Əvəzində
balaları onların tərbiyəsinə mənfi təsir
göstərən şouların tüğyan etdiyi ekranlardan
gözlərini çəkib, uşaq təfəkkürünə
uyğun əsərlər oxusalar çox şey qazanarlar.
Bir məsələni
də xüsusi qeyd etmək istəyirəm. Uşaq mətbuatı
dövlət tərəfindən maliyyələşdirilir,
ancaq onun yayımı böyük bir problemə çevrilib.
İndi təxminən ölkəmizdə 4500-dən yuxarı
məktəb var. Görəsən hər məktəb
üçün çox yox, cəmi-cümlətanı bircə
nüsxə "Göyərçin", "Günəş"
jurnallarına, "Savalan" qəzetinə abunə
yazdırmaq mümkünsüzdürmü? Ümumi
işimizin xətrinə biz əlaqədar təşkilatlardan
dəstək, kömək gözləyirik.
filosoflar
çox doğru qeyd eləyirlər ki, tarix təkrar olunur. Hələ
ötən əsrin əvvəllərində də kitab nəşri,
onun yayımı çox böyük çətinliklərlə
üzləşirdi. O zaman fəaliyyət göstərən
"Nicat" xeyriyyə cəmiyyətinin kitab nəşr eləyib
yaymaq siyasətini Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə
kimi ziyalılarımız dəstəkləyirdilər.
Görəsən indi imkanlı xeyriyyəçilərimiz
onsuz da toylarda qazanan ala-babat müğənnilərimizə
sponsorluq etmək əvəzinə uşaq kitabları nəşr
etdirib yaymaq kimi çox faydalı bir işdən niyə uzaq
qaçırlar? Niyə onlar unudurlar ki, bütün millət
üçün bu işin faydası böyükdür?
Fəxarətlə
demək olar ki, dünya uşaq ədəbiyyatının bir
sıra gözəl nümunələri vaxtilə dilimizə
tərcümə edilib nəşr olunmuşdur. İndi vəsait
olsa həmin əsərləri də nəfis tərtibatlı
kitablar şəklində uşaqlarımıza təqdim etmək
böyük fayda verə bilərdi.
Ölkəmiz
gündən-günə güclənir, inkişaf edir.
Balalarımızın təlim-tərbiyəsinə dövlət
səviyyəsində qayğı göstərilir. İndi
yüksək səviyyədə uşaqlar üçün əsərləri
kütləvi tirajla, nəfis şəkildə nəşr eləyib
yayan, müəllifləri həvəsləndirən, onlara
gördükləri işin dəyəri müqabilində
qonorar verən təşkilata - nəşriyyata böyük
ehtiyac duyulur. Yoxsa yazıçının öz vəsaiti
hesabına ala-babat çap olunan, yayılması böyük
problemə çevrilən üç yüz, beş yüz
tirajlı kitablarla inkişaf etməkdə olan ölkənin tələbatını
ödəmək mümkün deyildir. Sovet dövründə
yazıb-yaradan uşaq yazıçılarımızın,
şairlərimizin əsərləri içərisindən də
günün tələblərinə cavab verən uşaq
hekayələrini, nağıllarını, povestlərini,
şeir və poemalarını seçib yenidən dövlət
səviyyəsində çap elməyə böyük ehtiyac
duyulur.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə
kiril əlifbasında olan kitabların dövlət hesabına
nəşr edilib kitabxanalara hədiyyə edilməsini bu yolda
atılan ilk uğurlu addım hesab etmək olar. Ümid eləyirik
ki, balalarımızın təlim-tərbiyəsinə
xüsusi diqqət yetirən ölkə rəhbərliyi
bütün sahələrdə olduğu kimi, bu sahədə
də ardıcıl siyasətini davam etdirəcəkdir.
Gələcəyin
ləyaqətli vətəndaşını yetişdirmək
və tərbiyə etmək üçün ən dəyərli
vasitələrdən biri də günün tələblərinə
cavab verən, həm müstəqil Azərbaycan
Respublikasının ideologiyasına, həm də müasir
dövrün tələblərinə uyğun əsərlər
yazıb nəşr etdirməyə böyük ehtiyac
vardır. Lakin bu o demək deyildir ki, bizdən əvvəl
yaranmış əsərlərdən imtina edək.
Onların da arasından günümüzlə səsləşən
ədəbi nümunələri seçib yenidən nəşr
etməyə böyük ehtiyac duyulur.
Biz öz
ədəbiyyatımızla, musiqimizlə, incəsənətimizlə
uşaqlarımızı öz tərəfimizə çəkə
bilməsək, çox şey itirə bilərik. Onlar
informasiya bolluğu və seçim azadlığı şəraitində
bizim yox, başqa xalqın nümayəndələri kimi
böyüyə, formalaşa bilərlər. Bunun
üçün Mirzə Cəlil demişkən,
hamımız "papağımızı
qabağımıza qoyub düşünməli",
balalarımızın tərbiyəsi, estetik
zövqünün formalaşması üçün əlimizdən
gələni əsirgəməməliyik. Bir də
xatırlatmağı vacib sanırıq ki, bu gün öz
yaş səviyyələrinə uyğun poetik nümunələri
oxumayanlar, sabah böyüklər üçün
yaradılmış ən ciddi, ən gözəl əsərlərimizə
belə biganə qalacaqlar.
Uşaq ədəbiyyatı,
onun yaranması, nəşri, yayımı çox
böyük əhəmiyyət kəsb edir. Ona görə də
ilkin mərhələdə bu məsələnin müzakirəsinə,
yollar axtarıb tapılmasına böyük ehtiyac duyulur.
Ümid edirəm ki, maarifpərvər ziyalılarımız,
alimlərimiz, pedaqoqlarımız, yazıçı və
naşirlərimiz səsimizə səs verəcək, öz
fikir və mülahizələrini söyləyəcək,
problemdən çıxış yolunu tapmaqda bizə yardımçı
olacaqlar.
Rafiq YUSİFOĞLU
Ədəbiyyat qəzeti.- 2011.- 20
yanvar.- S.5.