İstiqlal mücahidi
Zülmün
üzünə haqq deyilən
şilləni
çəksən,
Şilləndə
möhürlənmiş
o
qeyrətdədir Allah.
B.Vahabzadə
Görkəmli alim, hürriyyət aşiqləri Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəylinin sevimli tələbəsi olmuş professor Əkrəm Cəfər hələ ilk gənclik illərindən başlayaraq Azərbaycan xalqının milli müstəqillik, azadlıq ideyaları uğrunda mübarizə səngərlərinə atılmışdır. 1942-ci ildə alim pantürkizm, panislamizm, antisovetizm damğaları ilə ittiham olunaraq, 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. Əkrəm Cəfər bütün şüurlu həyatı ərzində əbədi Turana, habelə Odlar Yurduna atəşin bir məhəbbətlə müstəsna xidmətlərdə bulunmuş, həqiqət önündə sənələrcə yaşayacaq fədakarlıq, milli-mənəvi dirəniş nümunələri sərgiləmişdir.
Ustad ahıl çağlarında belə - kommunizmin tüğyan etdiyi ötən yüzilin 70-80-ci illərində Vətənin azadlığı uğrunda özünün qələmi ilə vuruşmuşdur. Həmin dövrlərin məhsulları olan, məlum səbəblər üzündən nəşrlərdən kənarda qalan "Cəlladnamə", "Səadətnamə" adlı poemalar, onlarca hürriyyət ruhlu şeirlər, publisistik əsərlər qələmə almışdır.
Azərbaycan xalqının ən böyük faciələrindən
olan 20 Yanvar faciəsi Əkrəm Cəfərin
də məğrur sinəsinə dərin yaralar
vurmuşdu. Ustadın şəxsi
arxivini araşdırarkən
məlum olur ki, o, 20 Yanvar
qətliamı ilə
bağlı hadisələrin öyrənilməsi və təbliğ
edilməsi üçün xüsusi materiallar
toplamışdı. Həmin tarixi-ədəbi sənədlərin
sırasında müxtəlif mətbuat nümunələri, fotoillüstrasiyalar, habelə
Əkrəm Cəfərin qələmə
almış olduğu poeziya
örnəkləri, siyasi məqalələri
mövcuddur. Onlardan möhtərəm oxucuların
nəzər-diqqətinə təqdim edirik.
Sokrat CƏfƏR
Dünyanın toy günü
yaxud
səadət həqiqəti
Duyuram,
anlayıram,
eşidirəm,
bəzən də görürəm hətta
Şəhərimizin küçələrində
O günün addım-addım gəldiyini.
Günəş kimi yavaş-yavaş,
Günəş kimi parıl-parıl
gözümüzdə yüksəldiyini.
Gəlir o gün,
gəlir o dövr,
o zaman,
O zaman ki, bütün
qəlbindəkini
qorxmadan
yazmaq da,
danışmaq da olacaq mümkün.
Baxın
necə görünür
bu gündən o gün
Baxın
gözəl ağ göyərçinlərə
Onlar rəmzidir əbədi azadlığın,
əbədi sülhün.
Hər şey azad olacaq
o gün:
Sevgi azad, dil azad,
ürək azad,
Şair
azad, şeir azad, dilək azad…
Bəşərin min illərlə nəsildən-nəslə
söylədiyi,
Min illərlə həsrət
içində gözlədiyi,
Uğrunda qanlar tökdüyü,
candan keçdiyi
o böyük gün gəlir,
gələcək.
Və üstündə səadətin
qızıl bayrağı
dalğalanan
Bu dünya axınının
qabağını
saxlaya bilməyəcək
Nə Himalaylar, nə Ümmanlar,
nə Sakit Okean
Və nə onun sahillərində
üz-üzə durub
bir-birinə baxan
Yəcuclar,
Məcuclar…
Və, əlbəttə, o günə
dünyada nə Yəcuc,
nə Məcuc qalacaq.
O gün azad dünyanın
Toy günü olacaq.
fevral, 1990
Əkrəm CƏFƏR
Ədəbiyyat qəzeti.- 2011.- 20
yanvar.- S.2.