Çağdaş meyarlar mövqeyindən

 

Azərbaycan ədəbiyyatının iyirminci əsr mərhələsi, bu mərhələyə məxsus ədəbi-bədii və nəzəri-estetik fikir görkəmli tənqidçilərimiz tərəfindən ardıcıl və obyektiv təhlilini tapıb. Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev, Elçin kimi tanınmış simalarla bir vaxtda ədəbi tənqidə Nadir Cabbarlı, Şirindil Alışanlı, Nizami Cəfərov, Rəhim Əliyev, Vaqif Yusifli kimi istedadlı cavanlar da gəlib. Tənqidçilər sülaləsinin 70-ci illər nəslinə mənsub Şirindil Alışanlının o illərdə yazdığı məqalələr tamamilə yeni bir təfəkkürdən və ədəbi duyumdan xəbər verirdi. Hiss olunurdu ki, janrından asılı olmayaraq hər hansı ədəbi-bədii nümunənin dəyərləndirilməsində Ş.Alışanlı intellektual bazaya, geniş erudisiyaya və intuitiv qabiliyyətə malikdir. Onun tənqid və ədəbiyyatşünaslıq sahəsindəki sonrakı fəaliyyəti və xidmətləri dediklərimizi bir daha təsdiq etdi. Lakin sovet sistemi dağılandan sonra ədəbi sistemin özündə də bir "dağıntı" baş verdi. Belə çıxdı ki, demokratik cəmiyyətlərə tənqid lazım deyil, kim nə istəyir, necə istəyir yaza bilər və bunlara ədəbi meyarlar baxımından yanaşmağa ehtiyac yoxdur. Nəticədə "kitab" bolluğu, söz yoxsulluğu mövcud oxucu auditoriyasını çaş-baş qoydu, həqiqi yazıçı həqiqi oxucunu itirdi, bununla da sadə insanlar söz sənətinin estetik enerjisindən məhrum olmağa başladılar.

Ötən əsrin ədəbi mənzərəsinə tənqid müstəvisində yanaşma (müəyyən illər üzrə - A.C.) Ş.Alışanlının bu yaxınlarda çapdan çıxmış "Ədəbi-bədii düşüncənin sərhədləri" məqalələr toplusunda (Bakı, "Sabah" nəşriyyatı, 2010) dərin elmi və kulturoloji təhlilini tapıb. Tənqidçi alimin böyük zəhmətinin bəhrəsi olan bu sanballı kitabda toplanan məqalələr ayrı-ayrı şəxslərin yaradıcılığından çox ədəbiyyatımızın ümumi problemlərinə, ədəbi dövrləşdirmənin nəzəri aspektlərinə aydınlıq gətirmək məqsədi daşıyır.

XX əsr Azərbaycan ədəbiyyatı: tarixi dövrləşdirmənin nəzəri-metodoloji aspektləri, XX əsr poeziyasının müasir dərkində "ədəbi mif" amili, lirik şerin imkanları, poema janrının poetik sərhədləri, təbiətin poetik obrazı, milli-tarixi ənənələr və müasir ədəbiyyatda şəxsiyyət problemi təhlil olunan məqalələrdə toplunun ideya istiqaməti və leytmotivi açıqlanır.

XX əsr Azərbaycan ədəbiyyatında tarixi dövrləşdirmənin nəzəri - metodoloji aspektlərinə çağdaş meyarlar mövqeyindən yanaşan tədqiqatçı haqlı olaraq belə qənaətə gəlir: "Dünya ədəbi-nəzəri fikrinin gündəlikdə duran əsas problemlərindən biri humanitar fikrin tarixi dövrləşdirilməsinin nəzəri-metodoloji problemləridir. İctimai formasiyalar nəzəriyyəsinin və poststrukturalizmin böhranından sonra ədəbi-tarixi dəyərlərin dövrləşdirilməsi və qiymətləndirilməsi artıq qlobal elmi tutum qazanır". (səh.4.)

Ötən əsrin poeziyasında "ədəbi mif" amilindən bəhs edən müəllif öz mülahizələrini xalq şairi Səməd Vurğunun yaradıcılığı üzərində ümumiləşdirir. Klassiklərə birmənalı yanaşmanın olmadığı indiki zamanda klassik irsin müasir dərki və dəyərləndirilməsini Ş.Alışanlı zərurət kimi ortaya qoyur.

"Poeziya - 77" məqaləisndə müəllif 1977-ci ilin poeziyasında müasirlik probleminə toxunur, müxtəlif ədəbi nəsillərin yaradıcılığında bu keyfiyyət tənqidçi-ədəbiyyatşünas həssaslığı ilə izlənilir və ilin poetik ovqatı elmi ümumiləşdirmədən keçir. R.Rza, Ə.Cəmil, N.Xəzri, B.Vahabzadə, V.Azəroğlu, A.Babayev, Ə.Kürçaylı, M.Araz, H.Kürdoğlu, S.Tahir, F.Qoca, F.Sadıq, M.İsmayıl, Ə.Salahzadə, M.Yaqub, M.Şükür, Ə.Elbrus, V.İbrahim, N.Kəsəmənli, S.Rüstəmxanlı kimi şairlərin yaradıcılığından nümunələr ənənə və müasirlik baxımından dəyərləndirilir, obrazlı sözün estetik mahiyyəti açıqlanır. Alimin çağdaş poeziya haqqında qənaəti belə vurğulanır: "Müasir lirikada hissi və rasional, fərdi və ictimai, şəxsi və ümumi arasında məsafə çox yaxındır, bəzən bunları qəti sərhədlərə ayırmaq çətin olur…" (səh.67.)

Sözügedən məqalədə 70-ci illərdə ədəbi aləmə qədəm qoymuş V.Bəhmənli, A.Cəmil, S.Mərzili, A.Əhmədov, F.Müslüm kimi gənc şairlərin yazılarına münasibət bildirilir. Yəni, Ş.Alışanlı il ərzində mətbuat üzü görmüş heç bir ədəbi məhsula biganə yanaşmır.

Topluda yer alan məqalələrin bəziləri ümumi ədəbi prosesə tənqidçi müdaxiləsi olmaqla bərabər bəziləri konkret ədəbi şəxsiyyətlərin yaradıcılıq imkanlarına həsr olunub. M.H.Şəhriyar, H.Arif, O.Sarıvəlli, A.Babayev, M.İsmayıl poeziyasındakı dil-üslub, ifadə tərzi, milli-mənəvi düşüncədən, yurddaşlıq yanğısından qaynaqlanan axtarışlar, tapıntılar bir örnək kimi dəyərləndirilir. Ş.Alışanlı belə nəticəyə gəlir ki, ənənəyə müasir estetik tələblər baxımından yaradıcı münasibət istər-istəməz uğurlu poetik nümunələrlə nəticələnir.

"Ədəbi-bədii düşüncənin sərhədləri" toplusu sərhədsiz hesab etdiyimiz sözün də əslində müəyyən sərhədlərini və hədlərini dəqiqləşdirmək baxımından yazarlarımız üçün dəyərli və gərəkli bilgi mənbəyidir. İnanırıq ki, söz sənətinə ciddi yanaşanlar bu kitabdan yetərincə bəhrələnəcək.

 

 

A.Cəmil

 

Ədəbiyyat qəzeti.- 2011.- 20 yanvar.- S.6.