Qapalı dodaqların söz
yanğısı
Yaradıcılığının ən
parlaq bir dövründə - XX əsrin 60-cı illərinin
ortalarında xalq şairi Rəsul Rza "Məhəmməd
Hadi" şeirində yazırdı:
Şeir yaza bilmirəm,
Nə ürəyim göynəyir.
Nə sözlər yandırır
dodaqlarımı ,
Ağrısız, göynəksiz
Şeir olarmı?
Beləliklə də R.Rza şeirinin bədii-fəlsəfi
formulası yaranır: dodaqları yandıran söz! Bu söz
göynəyən ürəkdən, ağrıyan
yaddaşdan və bir də R.Rzanın hər sözü
kağıza buraxmayan, dünyaya yollamayan kip dodaqlarından
keçib gəlməlidir...
XX əsr Azərbaycan şeiri bədii-fəlsəfi
məzmununa, poetik üslubuna görə iki təmayül
üzrə təkamül edib: birincisi, M.Müşfiq və
S.Vurğunla başlayan lirik-romantik təmayül; ikincisi,
R.Rzanın başçılıq etdiyi fəlsəfi-intellektual
poeziya təmayülü. Birinci təmayülü O.Sarıvəlli,
N.Xəzri, H.Arif, Qabil, N.Həsənzadə, M.Yaqub, Z.Yaqub,
S.Rüstəmxanlı, N.Kəsəmənli... ikinci istiqaməti
isə B.Vahabzadə, M.Araz, F.Qoca, Ə.Kərim, Ə.Salahzadə,
R.Rövşən, V.Səmədoğlu, Ç.Əlioğlu...
davam etdirdilər.
R.Rza Azərbaycan sərbəst şeirinin klassikidir. Onu bu baxımdan türk
şairi N.Hikmət, rus şairi V.Mayakovski ilə müqayisə
etmək olar. R.Rza poeziyası XX əsrin 20-30-cu illərində
novator bir hadisə kimi meydana çıxdı və az
keçməmiş, məsələn, 60-cı illərdə
o, artıq dünya ədəbiyyatı səviyyəsində özünü
təsdiq etməyə nail oldu. R.Rzanın novatorluğu əlahiddə
bir hadisə deyildi. O, bir yandan yaşadığı
dövrün - inqilabi zəmanənin revanşist ritmini
tuturdusa, digər tərəfdən ənənələri Füzulidən
daşlanıb gələn fəlsəfi şeirin Türkiyə
romantik poeziyası- Ə.Həmid, T.Fikrət,
Rza Tevfiq, N.Kamal kimi nümayəndələrindən
yaradıcı surətdə bəhrələnirdi. Təbii
ki, ortada V.Mayakovski, Emil Verxarn, Uitmen, N.Hikmət kimi sərbəst
şeirçilərin təcrübəsi də var idi. Bu
ovqatı, ədəbi prosesi diqqətlə izləyən məşhur
tənqidçi Əli Nazim N.Hikmətin Bakıda çap
olunmuş "Günəşi içənlərin
türküsü" (1927) kitabına dolayısı ilə
yazdığı "Günəşi içirik, günəşlənirik"
məqaləsində belə mənalandırırdı:
"Nazimin ən böyük qüdrəti inqilab ritmini, ahəngini
verə bilməsindədir. O, inqilabı və canlı fikirləri
çox təzə obrazlarla verir...
"Günəşi içənlərin
türküsü" əsərin baş nəğməsidir.
Bu, "torpaq çanaxlarda günəşi içənlərin"
söylədikləri türküdür. Bu, elə bir
türküdür ki, özlüyündə belə, Nazim Hikmətin
yaradıcılığındakı mahiyyəti, fəlsəfi
görüşü, cahan tələqqi tərzini,
dünyanı duyuşunu göstərməyə kafidir. Bu əsərdə
hər şeydən əvvəl inqilabçı bir Nazim Hikmətlə
qarşılaşırıq. Bu, elə bir
inqilabçıdır ki, "altun yelli arslanların
ağzını yırtaraq", gərinərək,
sıçrayaraq "şimşəkli rüzgarlara
minmişdir" və günəşə doğru axına
qovuşaraq:
Axın var,
günəşə axın!
Günəşi zəbt edəcəyiz!
Günəşin zəbti yaxın! -
nəqarətini fırladır".
Beləliklə, o dövrün ifadəsi
ilə desək R.Rzanın sərbəst şeiri, ümumən
şairin poetik üslubu 20-30-cu illərin proletar şeiri məcrasında
inqilabi dalğalar qoynunda, "Ədəbi döyüşlər"
(M.Hüseyn) epoxasında formalaşıb bərkimişdi.
R.Rza 60-cı illərə doğru artıq özü ənənə
yaratdı - sərbəst şeir ənənəsini. Bu proses
çox çətin oldu, tənqidlər, inkarlar şairin
yaradıcılığı ətrafına əsəb toru
hördü. Buna görə də şair bəzən sərt
danışmalı oldu:
Deyirlər ki, şeirin sətirləri
Bərabər olsun gərək,
Köhnə alacıq cığları
kimi
Təşbehlər cilalı olsun.
Sətirlər sığallı,
yağlı,
Qafiyələr xınalı olsun.
...Sətirlərin boyu ilə
ölçüllər
Şeirin dəyərini.
Təyyarədən doğma, əziz bilirlər
cağlı araba təkərini.
R.Rza poeziyasının novatorluğu ənənəyə
münasibətinin konkretliyində idi. Bu münasibətin isə
guşə daşında insan dayanırdı. R.Rza hansı vəzndə
danışmasından asılı olmayaraq insanları
insanlaşmağa çağırırdı. Hətta
R.Rzanı ən çox tənqid edən tənqidçi belə
bunu etiraf edirdi: "İnsanı qoruyun! O, əvəzedilməzdir!
Onun hər anı, hər günü, hər ayı,
düşüncəsi, duyğuları misilsiz gözəllikdir!
Bu ideyalar Rəsul Rza poeziyasının başlıca
leytmotividir" (Asif Əfəndiyev). Bu həqiqətə inam
üçün şairin təkcə 1964-cü ildə
yazdığı "İnsan şəkli" şeirini
oxumaq kifayətdir:
Mənə bir sərgi salonu verin
Orda bir insan şəkli asacağam
Adi bir insan.
Nə elə kiçik ki, məhəl
qoyan olmaya
nə elə böyük ki, baxanda qorxasan
... Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz
yanğısı
Ətrafında bayram təntənələri
Baxışında sınaq günləri
dözüm sənələri.
Şəklin müəllifi zaman
Adı - insanlığın ömür
yolu.
İnsanlığın ömür yolunu
obrazlaşdırırdı Rəsul Rza. Bunun üçün
ilk növbədə qapalı dodaqlarda söz
yanğısını görmək lazım idi. Şair bunu
bacardı. Yalançı bayram təntənələri ilə
süslənən bir cəmiyyətdə insanın azadlıq
təntənəsini bundan daha gözəl, mənalı və
poetik vermək çətindir. "Müəyyən dərəcədə
gözlənilməz olan iki sözün
yaxınlaşmasından xüsusi işıq
saçılır. Bu, obrazın
işığıdır" (Breton), "qapalı
dodaqlarında söz yanğısı" olan azadlıq
mücahidinin obrazı da bu şeri başdan-başa
işığa qərq edib. R.Rza
yaradıcılığında ağlagəlməz
alliterasiyadan- söz uyuşuğundan yaranmış bu
işığı onun dostu və müasiri, Azərbaycanda sərbəst
şeirin ilk çıraqbanı Nazim Hikmət də
görmüşdü:
"Şair sadə və gündəlik məsələləri
elə təsvir edə bilir ki, ətrafındakı hər
şey onun poeziyasının güclü
işığına qərq olur". Adi sözlərdən
böyük bədii-fəlsəfi simfoniya kimi yaranmış
bu şeir işıqla doludur:
Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın
analı, ya anasız
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın
amanlı, ya amansız
Bəhərdən budaqlar əyilsin
İnsan başını əyməsin
xəcalətdən, ya
gücsüzlükdən.
Bundan humanist istək, insana bundan artıq
sevgi olarmı?!
Məşhur nəzəriyyəçi
Q.Qukovski "Mayakovskinin üslubu haqqında"
("Zvezda" 1940 ¹7. s.166) məqaləsində olduqca dəqiq
bir fikir yazır: "Mayakovskinin metaforası fikrin
sözün içindəki işi deməkdir". Eyni fikri
R.Rza poeziyasına aid etmək olar. Şairin 1958-ci ildə
yazdığı "Ərk qalası" şeirindən bir
parçaya nəzər salaq:
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər
Susuzlar yandım demədi
Öpdü qurumuş dodaqları
Qan hopmuş torpağı
Yaralarına basdılar
Qan rəngli bayrağı
Söykənib qala divarına
Öldülər ayaq üstə
çiyin-çiyinə.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən
Keçdi getdi yolu səhərə
Günəş şəfəqdən bir
örtü çəkdi
Torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.
Başdan ayağa bənzətmədir, bənzəməyənlər
bir-birini nə qədər tamamlayır bu şeirdə.
"Alt dodaqdan üst dodağa qalxa bilməyən səs"
- Azərbaycan poeziyasında buna oxşar ikinci bir poetik fiqur
tapmaq mümkün deyil. Hələ siz buradakı psixoloci
yükə baxın. Biz öyrənmişik ki, poeziyada dodaq
gözəllik rəmzidir. Alt dodaqdan üst dodağa qədər
qalxan səs görəsən nədir ki, bu metafora vuruşun
ağırlığını çəkmək
üçün ən sonuncu ölçü vahidinə
çevrilir. İnsan ömrünü onun bütün igidliyi
ilə birlikdə iki dodaq arasında həlak olan bu səsə
yerləşdirmək ancaq R.Rza hünəridir. Yaxud, misal gətirdiyimiz
parçanın son üç xətti: "Günəş
şəfəqdən bir örtü çəkdi
Torpağı qoruyub torpaqda dincələn cənazələrə".
Dərhal adamda torpağı əkib becərən, sonra da da əkdiyinin
bəhrəsini yeyib "oxqay" deyən adamın obrazı
haqqında assosiasiya yaranır. "Dincələn cənazə"
- bu, ancaq R.Rzaya məxsus obrazdır. Başqa bir şeirdən
kiçicik parça:
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi
dildən sorus!
Nəğmələrin həsrətini
bir qırılmış teldən
soruş
...hansı şeirim
hansı sözüm
yaşayacaq məndən sonra
Mən bilmirəm
eldən soruş.
Kül - odun sonu, baş - dilin bəlası,
qırılmış tel - nəğmə həsrətinin
obrazı - əslində bir-biri ilə yola getməyən
assosiativ uyuşmazlıqlardan yaranmış 60-cı illərin
məşhur "Soruş" (1964) şeri.
R.Rza haqqında B.Bağırov, Anar,
R.Ulusel, V.Yusifli və s. maraqlı monoqrafiyalar yazıblar. Bir məqalədə
biz bu böyük sənətkarın
yaradıcılığını əhatə etmək
imkanından və iddiasından uzağıq. Sadəcə
qapalı dodaqların söz yanğısı oldu bizi
özünə cəzb edən. Axı nə var bu
dodaqların arxasında ki, Rəsul müəllim deməmiş
olsun?! Bunun üçün çox müxtəsər də
olsa, R.Rzanın "Rənglər"inə baş vurmadan
ötüşə bilmərik. Fikrimizcə, "Rənglər"in
poetik açarı "Uvertüra"da gizlənib:
Ağ, qara, yaşıl, sarı,
qırmızı;
Hərəsi bir sınaqla
bağlıdır
Biri həsrətimizi xatırladır,
Biri dərdimizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb
bir səbəb görən var
...Rənglər xatirələr oyadır
duyğular oyadır.
Gördüyümüzdən artıq
görmək
istəməsək
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi
var
Ağrının, sevincin, ümidin də
rəngi var
Düşündükcə
açılır
Əlvan səhifələri rənglərin.
Söz, səs, isıq və rəng -
R.Rza "Rənglər"ini bu dörd anlayışın
imkanları müstəvisində yaradıb. "Rəng"lərin
əsasında şairin dünyaya baxışını ifadə
edən söz, səs, işıq və rəng
assosiasiyaları dayanır. Və əslində poetik açar
dəqiq verilir: "Gördüyümüzdən artıq
görmək istəməsək Hər rəng adicə
boyadır." R.Rza "Rənglər"i rəngi boyadan
ayırır. R.Rzanı hamıdan yaxşı duyan N.Hikmət
onun haqqında məqalələrindən birində bu silsiləni
"assosiativ təfəkkürdən doğan poetik nümunələr"
adlandırıb müəllifi haqqında deyirdi: "Rənglər"
silsiləsində Rəsul Rza bir şair kimi
özü-özünü ötüb keçmişdir.
Qırx yaşına qədər o, sadəcə yaxşı
şair idi. İndi isə böyük şairdir".
R.Rza fəlsəfi-intellektual poeziya yolunu
davam etdirən şair və şeirşünas alim mərhum
Arif Abdullazadə ustadın poeziyasından və "Rənglər"dən
bəhs edərək yazıb: "Assosiativ təfəkkür
daha incə və zahirən daha mürəkkəb ümumiləşdirmələr
vasitəsi ilə meydana çıxır. Burada bənzəyənlə
bənzədilən arasında "məsafə" daha uzun
olur, məna dərinliyi daha lakonik ifadə tərzinə əsaslanır,
ümumi məzmun, konkret hiss və düşündürmək
yolu ilə yaranan assosiativ təfəkkür obrazlı təfəkkürün
ən yüksək formasıdır". "Rənglər"
məhz belə assosiativ təfəkkürlə yaranıb.
Böyük rus şairi İlya Selvinski bu şeirlər silsiləsini
oxuyub, "Rənglər" silsiləsi rəsmdən fəlsəfəyə
doğru hərəkətdir"- demişdi.
Azərbaycan ədəbiyyatında mifdən
tutmuş türk epos təfəkkürünün şah əsəri
olan "Kitabi-Dədə Qorqud"a, oradan dahi Nizaminin
"Yeddi gözəl"inə, nağıllarımıza,
"Həpsi rəngdir" müəllifi Səməd Mənsura
və XX əsrin ortalarından R.Rzaya qədər poetik yol
keçmiş bu dünyaduyumu assosiasiyaları musiqi mədəniyyətimizdə
də yer almışdır (Məsələn, Q.Qarayevin
"Yeddi gözəl" baleti).
R.Rzanın "Rənglər"i rəngsizdir.
Onun rənglərini suya salsan, hər rəngin ancaq öz rəngi
(boyası yox) görünər. "Gördüyümüzdən
artıq görmək istəməsək // Hər rəng adicə
boyadır" məntiqi bizə onu deməyə əsas verir
ki, R.Rzanın rənglərinin hər biri öz adi tutumundan
böyükdür. "Rənglər" günəşdə
adi gözlə görünməyən işıq
çalarlarının sözlə ifadə olunan
variasiyalarıdır. Bu şeirlər silsiləsi əhvalat və
əşyalar arasında mümkün olmayan əlaqələrin
harmoniyasından hörülmüş poetik-fəlsəfi
obrazlar çələngidir.
R.Rzanın poeziyasında, xüsusilə
"Rənglər"də sözarası fəza, vakkuumla
duyulanlar söz ilə deyilənlərdən
güclüdür. Məsələn, gəlin "Boz" rəngə
nəzər salaq:
Çoxlara qarışıb itənlər
Hər torpaqda bitənlər
Cansız barmaqlar arasında
Sönmüş siqaretin uzun külü
Vağam güllər - selofana
bükülü
Boş günlər,
boş ürəklər,
Həm elə, həm belə adam
Vərdişli, könülsüz
gülüş
Soyuq tənhalıqdan
Saçlarda qalmış gümüş
Yetim bir qız uşağının
dəyişiksiz dizliyi
Vaxtın rəngsizliyi.
Görün burada nə qədər
bir-biri ilə uyuşmayan və standart təfəkkürə
görə poeziyaya yaramayan söz işlənib. Amma etiraf edək
ki, poeziyaya "yararsız" bu sözlər ilahinin sevgi vəhdəti
sayəsində necə böyük poeziya yaradıb. Obrazlara
fikir verin: "Çoxlara qarışıb itənlər",
"Cansız barmaqlar arasında sönmüş siqaretin uzun
külü", "Selofana bükülü vağam güllər",
"Həm elə, həm belə adam", "Vərdişli,
könülsüz gülüş", "Yetim qız
uşağının dəyişiksiz dizliyi",
"Vaxtın rəngsizliyi". R.Rza poeziyasını bəzən
quru olmaqda tənqid edənlərdən soruşuram: kiçik
bir şeirdə bu qədər poetik obraz çox deyilmi?! Gedin
zövqünüzü dəyişin, cənablar! R.Rza
poeziyası bədii-fəlsəfi tapıntılar silsiləsidir.
İstəsən burada əruzun ləngərli dəvə
karvanını da, hecanın "mən türkəm" deyən
narın pıçıltılarını da görə bilərsən.
R.Rzanın sərbəsti bizim doğma şeirimizin XX əsrdəki
parlaq təzahürüdür:
Bəri gəlgil, bağım baxtı,
evim taxtı,
Evdən çıxıb yürüyəndə
səlvi boylum!
R.Rzanın sərbəsti dünya səcli
nəsrinin möhtəşəm abidəsi "Kitabi-Dədə
Qorqud"dan gəlir. "Kitabi-Dədə Qorqud" Azərbaycan
sərbəst şerinin ana qaynağıdır. Bu baxımdan
R.Rzanın nə V.Mayakovskiyə, nə Emil Verxarna, nə Uolt
Uitmenə, nə də Nazim Hikmətə ehtiyacı yox idi.
Gəlin bir R.Rza hecasına da nəzər
salaq:
Günəş qızıl
yaylığını dağ başında
saldı, getdi,
Göy sularda şəfəqlənən
işığını
çaldı, getdi.
Təbiətdə nəyi vardı, bir
qırpımda
aldı getdi,
Varmı duyan bu həsrəti yer
üzündə
insan kimi.
Bu, hecanın ən ağır 16-lıq
şəklidir. R.Rza Azərbaycan şeirinin hər üç
vəznində - heca, əruz və sərbəstdə yaza bilərdi.
Çünki onun şairlik istedadı Allah vergisi idi.
Böyük rəssamımız Tahir
Salahovun portretindən aydın görünür ki, Rəsul
müəllimin sərt və kip qapalı dodaqları var
imiş. O, bu dodaqların arxasında "Yuxulu körpənin
təbəssümünü" gizlədirdi bu iyrənc
dünyadan. "Çiçəkli bahar budağı" rəngində,
yəni ağ rəngin sevinc çalarında geyinərmiş
R.Rza. Bir də qapalı dodaqlarını yandırmasa, o,
sözü bayıra çıxarmazmış...
Qeyrəti və cəsarəti nəsillərə
nümunə olan görkəmli ədəbiyyatşünas,
AMEA-nın müxbir üzvü professor Abbas Zamanov qeyrət və
cəsarət rəmzi olan "Kişi şair"
adlandırdığı Rəsul Rza haqqında "Bu dünyadan
Rəsul Rza gəlib keçdi" (2008) adlı kitabında
yazıb: "Rəsul həmişə həyatın
inkişaf istiqamətlərini qabaqlamış, onlara
müdaxilə etmiş, oxucularına gələcəkdən
xəbər vermişdir. Bu xüsusiyyyətlərinə
görə o, poeziyamızın tarixinə mütəfəkkir
bir şair kimi daxil olmuşdur.
Ədəbiyyatların tarixindən
tanıdığımız bütün həqiqi novatorlar
kimi Rəsul Rza da klassik irsə bağlı sənətkardır.
Rəsul poeziyasında Nizamidən gələn fəlsəfi
bir duz, Nəsimidən gələn qeyrət, Füzulidən gələn
insani sevgi, Sabirdən gələn öldürücü
gülüş və nifrət vardır. Rəsul Rza
poeziyasında Vaqif şuxluğu, Vidadi kədəri, Hadi
narahatlığı vardır. Rəsul Rza klassik
poeziyamızın gözəl ənənələrini davam və
inkişaf etdirən söz ustasıdır... bugünkü
poeziyamızın canlı klassikidir". Abbas müəllim bu
fikirləri 1980-ci il may ayının 20-də
yazmışdır.
R.Rzanın poeziyası ən gözəl və
əlvan, müdrik və məzmunlu sözlərdən
hörülmüş fəlsəfi poeziya çələngidir.
Bu çələngdə şairin ənənəyə sədaqətinin
məhək daşı olan dahi füzuliyə həsr
olunmuş "Füzuli" poeması xüsusi yer tutur.
1958-ci ildə füzuliyə dərin sevgi ilə
yazılmış miniatür poema bu gün də öz bədii-fəlsəfi
əhəmiyyətini itirməmişdir.
Səni axtarıram sözlər içində,
Yox, adına layiq söz axtarıram.
Dərdini, naləni duyan bir ürək
Möhnətini görən göz
axtarıram.
Ürəyim şerinlə doludur, ustad!
Yazıb-pozduqlarım varaq-varaqdır.
Bu çətin yollarda mənzil
başına
Məni məhəbbətin aparacaqdır.
XX əsrdə Füzuliyə müraciətlə
çox əsərlər yazılıb. R.Rzanın əsərini
zirvələrin dialoqu, həsb-halı kimi dəyərləndirmək
olar. R.Rzaya qapalı dodaqların söz yanğısı
füzulidən gəlir:
Nə yanar kimsə mənə atəşi-dildən
özgə
Nə döyər kimsə qapım badi-səbadan
qeyri
Bu idi Füzulinin yanğısı!
Yandı bağrım hicr ilə vəsli-ruxi
yar istərəm
Dərdiməndi-firqətəm dərmani-didar
istərəm
Bu yanğıların içindən R.Rza
ən başlıcasını - vətən
yanğısını seçib götürür:
Bilirəm ey dərdli, vətən həsrəti
Quru sazaq kimi səni kəsibdir
Hər vətən deyəndə
saralıb gözün
Dodağın titrəyib, dilin əsibdir!
R.Rza bütün Türkiyə romantik-fəlsəfi
şeirinə örnək olmuş, üç əsr Azərbaycan
şeirini "əsarətdə" saxlamış Füzuli
poeziyasının ən parlaq ənənələrinə mərdliklə
ağuş açmış yeni poeziyanın istedadlı və
cəsarətli nümayəndəsidir. Qloballaşma
dövrünün müasir modern poeziyası onu məmnuniyyətlə
özünə kumir seçə bilər.
Gülşən
ƏLİYEVA – KƏNGƏRLİ,
filologiya elmləri
doktoru
Ədəbiyyat qəzeti.-
2011.- 28 yanvar.- S.2.