Xoş gəldin, XXI əsr
Hörmətli xanımlar və cənablar,
dəyərli tədbir iştirakçıları,
qarşıdan gələn qurultay öncəsi "Gənclərin
poeziya və prozası" mövzusunda məruzəmin
adını "Xoş gəldin, XXI əsr" qoymuşam.
İcazənizlə bu məruzəni diqqətinizə
çatdırım.
Azərbaycanın müstəqilliyə
gedən yolu 20 Yanvardan keçməli oldu. Küçələr
qırmızı, təqvimlər qaraya boyandı. Şəhidlər
xiyabanından baxanda Qorbaçovun yenidənqurması daha
çox, yenidən qırmağa bənzəyirdi. Sonra
Qarabağ hadisələri gəldi. XX əsr bizdən 20 faiz
torpaq qopardıb canını tarixə tapşırdı. Müstəqillik
dövrü gənclərinin birinci dalğasına mənsub
olan yazarların əsərlərinə əsrin
sonlarındakı ağrılı hadisələrin təsiri
böyük olmuşdu. Mövzularına deyil, təkcə
obrazlar sisteminə baxmaq kifayətdir ki, həmin illərin
havasını, ağrısını anlayasan. Kəfən,
tabut, mürdəşir, ölüm, tənhalıq... Təbii
ki, bunlarla yanaşı fanilik hissi,
çaş-başlıqdan yaranmış ümidsizlik və
özünütəsəlli üçün ironiya.
Milleniumda ədəbiyyatımıza
inkarçı, nihilist bir gənclik gəldi. Bu gənclərin
ədəbiyyatdakı durğunluğun
qarşısını almaq cəhdləri lazımlı olsa
da, böyük mənada ortaya ciddi mətn qoya bilmədilər.
Postmodern estetikaya məxsus bütün keyfiyyətləri lokal
şəkildə təqlid edən bu gənclərin klassiklərə
münasibətdə inkarçılığı, qutsal dəyərlərə
qarşı nihilizmi yalnız səs-küy yarada bildi.
Çox qəribədir ki, müxtəlif qəzetlərin səhifələrində
postmodenizm adı altında gündə bir bəyanat, manifest
çap olunsa da, bütün bu iddialar, davakarlıq,
dağıdıcılıq cəhdləri postmodernizmdən
çox futurizmə bənzəyirdi. Ara sakitləşəndə
isə əldə yalnız həqiqi ədəbiyyata sadiq ikən
yazdıqları 5-6 şeir və bir neçə hekayə
yadda qaldı.Yaşasın istisnalar!
Bu dönəmdə
"Vətəndaş həmrəyliyi", "Ədalət",
"Yeni Azərbaycan" və s. qəzetlər ədəbiyyatçılara
səhifələr ayırdı. Tənqidçi-ədəbiyyatşünas
Əsəd Cahangirin redaktorluğu ilə Azərbaycan
Yazıçılar Birliyinin nəzdində ilk peşakar ədəbi-tənqid
dərgisi olan "Körpü" nəşrə
başladı. Yenə AYB-nin nəzdində şair-tərcüməçi
Səlim Babullaoğlunun redaktorluğu ilə peşakar tərcümə
jurnalı olan "Dünya ədəbiyyatı" jurnalı
işıq üzü gördü. Yeni əsrin özü ilə
gətirdiyi dünyaya inteqrasiya çabaları, lokal çərçivələri
aşmaq cəhdləri adları çəkilən hər iki
jurnaldakı materiallarda aydın görünür.
Əfsuslar olsun
ki, nə 2000-cilərin birinci dalğası, nə də indi əsərləri
barədə danışacağım nəsildaşlarımın
yazılarını "Ədəbiyyat qəzeti"nin səhifələrində
görə bilmədik. Bu qəzet sanki qapılarını həm
ortayaşlı yazarların, həm də gənc nəslin
üzünə bağlayıb və hər yeni çıxan
kitab barədə informasiya əvəzinə, nekroloqlar
yayımlamaqla ədəbiyyata münasibətini göstərir.
Birinci
dalğadan sonra ədəbiyyatımızda təxminən
2005-ci ildən görünməyə başlayan 2000-cilər
nəslinin ikinci dalğası gəldi. Bəndənizin də
aid olduğu bu ədəbi nəsli Əsəd Cahangir
müsahibələrinin birində "xoşbəxt gənclik"
adlandırıb. Əsəd bəylə razılaşmamaq
olmur. Çünki doğurdan da bu ədəbi nəsil
heç kimi söymədən, təhqir etmədən, qəzet
künclərində nifrin, kin püskürmədən,
oğurlamadan, sakit, rahat şəkildə ədəbi
mühitə qədəm qoydu. İnsani münasibətlərdə
2000-cilərin birinci dalğasından daha humanist, daha əxlaqlı
və təkcə etik yox, həm də
dünyagörüşü baxımından daha diri, daha
çağdaş bir gənclik ortaya çıxdı.
Bu yerdə
fikrimi qüvvətləndirmək üçün Əsəd
Cahangirin Elxan Qaraqanın bestseller olmuş "A" romanı
haqqında yazdığı "Bir de görüm A" məqaləsinin
birinci hissəsindən bir parçanı sitat gətirmək
istəyirəm. Əsəd bəy yazır: "90-cı illər
üçün səciyyəvi olan radikal müxalifət-iqtidar
qarşıdurması bugünkü sosial-siyasi həyatda
öz önəmini itirdiyi, ikinci plana keçdiyi kimi, anoloji vəziyyət
ədəbi-bədii düşüncə sahəsində də
müşahidə olunur. Cəmiyyətdə ildən-ilə
daha qabarıq görünən siyasi, iqtisadi, mənəvi
stabilləşmə ədəbiyyatda da əks olunur.
İnqilablar dövrünü daha sivil, daha elitar islahatlar
dönəmi əvəzləyir. Elxanın da mənsub
olduğu müstəqillik dövrü üçüncü
nəsil yeni yazarların əsas təmsilçilərində
(Z.Quluzadə, C.Zeynallı, Ə.Əlioğlu, Zərdüşt
Şəfizadə, E.Bakiroğlu və b.)
davranışlarından tutmuş yazı-pozularına qədər
bir fərqləndirici cəhəti qabarıq hiss edirəm:
sözügedən qarşıdurmanın fövqünə
qalxmaq: bu qarşıdurmanın lokal milli, məhdud ədəbi-bədii
çərçivələrindən çıxaraq daha
geniş miqyasda düşünmək cəhdi! Üstəgəl
həm hər cür saxta millilik, məqsədyönlü
konservatizm, həm də hər dürlü
inqilabçılıq, vulqar radikalizmdən uzaq
ziyalılıq, elitarlıq. Və bunu üçüncü
nəsil yeni yazarların birbaşa qəhrəmanlığı
saymadığım kimi, onların ayağına günah kimi
yazmaq fikrim də yoxdur. Şübhəsiz ki, bu da ilk öncə
yuxarıda göstərdiyimiz zaman, dövr məsələsiylə
bağlıdır. İnsanlar valideynlərindən çox zəmanələrinin
övladları olur. Estetik zövqü,
dünyagörüşü milli ədəbi-bədii ənənələrdən
daha çox ən yeni dünya ədəbiyyatı, xüsusən
də Hollivud filmləri, ən son dünya musiqisi əsasında
formalaşan bu gənclərin bəziləri üçün
çağdaş milli ədəbi proses və bu prosesdəki
qarşıdurmalar ikinci dərəcəli fakta çevrilir, bəziləri
üçün isə sadəcə öz önəmini
tamamilə itirir. Onların ən tipik təmsilçiləri
dünya ədəbiyyatı və mədəniyyəti ilə
sadəcə rus dili yox, həm də ingilis dili və ya
Türkiyə türkcəsi vasitəsilə tanış olan
qloballaşma dönəmi çocuqlarıdır."
Sitatın sonu.
XXI əsrin ilk
on ilini arxada qoyarkən bir neçə maraqlı olaya
şahid olduq. Bunlardan birincisi Bakı Slavyan Universitetinin
rektoru, yazıçı Kamal Abdullanın təşəbbüsü
ilə BSU-da yaradıcılıq fakültəsinin
yaradılmasıdır. İki il sonra - 2008-ci ildə isə
ölkənin iki nüfüzlu qurumu - Mədəniyyət və
Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin
əməkdaşlığı nəticəsində
böyük rezonans doğuran "Gənc ədiblər məktəbi"
yarandı. Ayda bir dəfə M.F.Axundov adına Milli Kitabxanada
toplaşan məktəbin sıraları qısa zaman ərzində
genişləndi. Təkcə paytaxtda yaşayan yaradıcı
gənclər deyil, əyalətdə yaşayan istedadlı
cavanlar da məktəbə qoşuldular. Hazırda həmin məktəbin
sıralarında 100-ə yaxın yaradıcı gənc var.
Onların müəyyən hissəsi Azərbaycan
Yazıçılar Birliyinin üzvü, xüsusi fəallıqları
ilə seçilənlərisə həm də Prezident təqaüdçüsüdür.
Əsərləri haqqında danışacağım gənclərin
əksəriyyəti "Gənc ədiblər məktəbi"nin
üzvləridir.
İndisə bu ədəbi
nəsil barədə daha konkret nümunələrə
keçək. Şərti olaraq 3 bölüm üzrə
danışmaq istəyirəm: poeziya, proza və bədii tərcümə.
Publisistikanı və esseistikanı prozanın tərkibinə
qatmışam. Bu nəsildən hələ ki, dramaturq
yetişmədiyi üçün bölgümüzün
içində dramaturgiya yoxdur.
Başlayaq
poeziyadan.
Əvvəlcə
avtomobil qəzası sonucu, çox sevdiyi Həzrəti
İsa yaşında aramızdan ayrılan Fərhad Metenin şeirlərindən
danışmaq istəyirəm. Fərhad Metedən
başlamağım mərhum xalq şairi Məmməd
Arazın məşhur şeirinin təsdiqi kim görünə
bilər:
Soruşdum birindən:
- Şairəmmi mən?
Özüm ki
özümü öyə bilmərəm.
Cavabı asanca
qopdu dilindən:
"Hələ
ölməmisən, deyə bilmərəm".
Lakin məni Fərhadın şeirlərindən
başlamağa təhrik edən onun bizim nəslin ən
istedadlılarından biri olmasıydı. İkinci isə
haqqında deyilənləri eşitməyəcək deyə
(hərçənd ki, bunu dəqiq deyə bilmərik) onun
yazdıqlarını yalnız ötəri
xatırlamağı və ya üstündən keçməyi
içimə sindirə bilmədim. Fərhadın şeirlərində
metafizik düşüncə dominant idi. Bəlkə də bu
heç metafizik plastda düşünmək deyil, yalnız
ona cəhd idi. Onun şeirlərində mediativ intonasiya,
arxetiplərlə işləmək, dini mənbələrdən
qidalanan simvolik dil və bütün bunların vasitəsilə
ən adi həyat mətləbləri arasında körpü
yaratma cəhdi diqqəti cəlb edirdi. Metenin "Ailə"
adlı şerindən bir parçaya baxaq:
Bir sabah
ayılıb görsən ki,
Hər şey dəyişib,
Yəni
gördüyün kimi deyil nə varsa -
Yəni göy
üzü yerində günəşdi.
Sonra yadına
düşsə ki, yuxunda qadın görmüşdün.
Uşaq yerinə
iri buğda dənəsi doğan
Çılpaq
qadın.
Qorxma,
sığal çək sevgilinin saçlarına
Və də
pıçıltı ilə "səni sevirəm" de.
O da mütləq
"mən də sevirəm" deyəcək.
Bu balaca şeir
parçasında "buğda dənəsi doğan
qadın" ifadəsi var. "Buğda" sözü burda
uşağı əvəzləyib. Buğda həm
xristianlığın dini mətnlərində çox
işlənən simvol, həm məlum Adəm-Həvva əhvalatını
xatırladan arxetip, həm də şerin ailəyə aid
olması baxımından fərdi anlam kəsb edən
maraqlı obrazdı. Göründüyü kimi, şeir yozuma
geniş imkan verir. Sağlığında kitabı dərc
olunmayan Fərhad
Metenin ölümündən sonra xalq yazıçısı
Anarın şəxsi dəstəyi və Səlim
Babullaoğlunun redaktorluğu ilə "Bu şəhərə
uzaqdan baxarsan" adlı kitabı işıq üzü
gördü. Dəyərli şair, nasir Əjdər Olun dəstəyi
ilə "Əjdər Ol və onun dostları" adlı səsli
şeir diski də Fərhad Metenin xatirəsinə ithaf olundu. Fürsətdən istifadə edib bu
dəstək üçün həm xalq
yazıçısı Anara, həm dəyərli Əjdər
Ola, həm də şair Səlim Babullaoğluna yazar
dostlarımız adından təşəkkür edirəm.
2009-cu ildə
"Ulduz" jurnalının baş redaktoru Elçin
Hüseynbəylinin təklifi ilə jurnalın iki sayı -
aprel və sentyabr nömrələri gənc ədiblərin
ixtiyarına verilməsindən dolayı Elçin bəyə
də öz təşəkkürümü bildirməyi
lazım bilirəm. Məruzəmin ulduz
yarışlarındakı sms yığmaq üçün
hamıya təşəkkür edən müğənnilərin
çıxışına oxşamasından ehtiyatlanmayaraq,
sonuncu minnətdarlığımı yazar dostlar adından Azərbaycan
Yazıçılar Birliyinin gənclər üzrə katibi,
"525-ci qəzet"in baş redaktoru, "Gənc ədiblər
məktəbi"nin yaradıcılarından olan Rəşad
Məcidə bildirmək istərdim. Həm AYB-də, həm
"525-ci qəzet"də, həm də həyati məsələlərdə
yaradıcı gənclərə qayğıyla
yanaşdığı üçün!
Haqqında
danışıb təqdir etmək istədiyim və ya əksinə,
tənqidə tuş etmək istədiyim gənc yazarların
hamısından ayrı-ayrılıqda danışsam, bu məruzə,
nağıl dili ilə desək, 40 gün 40 gecə davam edə
bilər. Bunun üçün də şairləri iki qrupun
içində ümumiləşdirsəm yaxşı olar:
hecaçılar və modern şeri təmsil edənlər. Yəni
ənənəvi şeir tərəfdarları və modernistlər.
İstisnalar var ki, hər ikisinə aiddir.
Beləliklə,
poeziyada modernist qolu təmsil edən gənclərdən
danışaq. Bunlar Alik Əlioğlu, Aysel Əlizadə, Feyziyyə, Rəbiqə
Nazimqızı, Kəramət Böyükçöl, Fərid Hüseyn, Aytən Təhmasib,
Səxavət Sahil, Seyid Ramin, Musa Əfəndi, Aysel Novruz,
Nuranə Nur, Vüsal Nazimoğlu, Günel Rüstəmova,
Orxan Zaman, Mirbəhram Əzimbəylidir.
Modernist xətti
təmsil edənlərdən Alikin şeirlərinin mövzusu
daha çox naturalistlərin sevdiyi aşağı təbəqədən
olan, əzilmiş insan talelərilə bağlıdır. O,
şeirlərindən birində fahişə ananın
oğluna oyuncaq düzəltməyindən bəzək-düzəksiz
və antiestetizmə sapmadan, çox sadə, amma
ağrıyla yazır:
Ən gülməli
sözlər
ən dəyərsizidir,
ən axmağıdır sözlərin.
Amma misal
üçün bu,
Görün bu nə
gözəldir:
fahişə
qadın
Anadır və
Oğluna oyuncaq
düzəldir...
Alik Əlioğlu
bədii yaradıcılıqdan başqa həm də bir
neçə internet qəzetinin təsisçisi və "Xəzərin
səsi" internet radiosunun icraçı direktorudur.
Mövzuları
Aliklə oxşar olmasa da, eyni modernist xəttə aid etdiyim Feyziyyənin şeirləri də
çap olunanda diqqəti cəlb etmişdi:
Nədənsə
başlamaq lazımdı,
Məsələn,
Küsə biləcək
birini tapmaqdan,
Və səni
küsdürə biləcək
bir şeylər
uydurmaqdan.
Sonra kimsə xətrinə
dəyibmiş kimi
için-için
ağlamaqdan,
Və küsə
biləcək birinin gəlib könlünü
almağını
gözləməkdən,
Bir ömür
boyu...
Feyziyyənin
"Ulduz" jurnalının 2009-cu ilin aprel sayında dərc
olunan şeirləri barədə "525-ci qəzet"dəki
gənc ədiblər haqqındakı icmal yazısında tənqidçi
Vaqif Yusifli dəqiq ümumiləşdirmə aparaq yazır:
"Feyziyyənin bu
adsız şerinin hər bəndinin (bəndlərin sayı
qeyri-sabitdir) ilk misraları həmin fikrin digər
çalarlarını səsləndirir. Deməli, bu şerin
müəyyən konstruksiyası var və Feyziyyə adlı cavan şair də
şerini bu konstruksiya əsasında davam etdirir.
Bu
"konstruksiya" işi Feyziyyənin digər şeirlərində də diqqəti
cəlb edir. Bu üsul onun şeirlərində bir səliqə-sahman,
əvvəldən-axıra bir nizam yaradır. Onun şeirlərinin
bir üstünlüyü də obrazlı ifadələrin,
metaforaların, təşbihlərin təzəliyidir. Bəzən
ənənəvi obrazlar da onun şeirlərində yeni
biçimdə üzə çıxır." Sitatın
sonu.
"525
kitab" seriyasından "Doğulacaq qadın" adlı
şeirlər kitabı çıxan Aysel Əlizadəninin
yaradıcılığında da modernizm üstündür və
onun yaradıcılığı adlarını çəkdiyim
gənc xanımların yaradıcılığından həm
də cəsarətli publisist vurğusuyla fərqlənir. Təkcə
"Postmodernist aparıcıya realist cavab" məqaləsini
xatırlamaq kifayətdir. Şeir kitabından başqa Ayselin həmin
seriyadan "Ora" adlı hekayələr-etüdlər
kitabı da dərc olunub. Ayselin də şeirləri barədə
Vaqif Yusifli "Təzə səslər, nəfəslər"
silsilə yazısının bir hissəsində yazıb.
Burda mənim Vaqif müəllimlə
razılaşdığım və razı
olmadığım məqamlar var. Fikrimizin üst-üstə
düşdüyü məqam odur ki, Ayselin şeirlərində
ictimai yönüm var. Məsələn, yuxarıda
adıkeçən məqaləsində Vaqif müəllimin
də sitat çəkdiyi "Mən türk qızıyam,
sonra qadın" fikri. Bu xətti mən Ayselin şeirlərindən
başqa gənc xanım yazarların heç birində
görməmişəm. Lakin hörmətli Vaqif müəllim
öz məqaləsində mənim Aysellə bağlı
işlətdiyim "ictimai" sözünü
dırnağa alır onu fərdiyyətçilikdə
qınayır. Məncə, fərdiyyətçilik istər
şəxsi hisslərin ifadəsi, istərsə də ictimai
məsələlərdə poeziya üçün qüsur
tutulmamalıdır.
Peşakar
jurnalistika fəaliyyəti ilə yanaşı, şeirləri
ilə də adı çox yerdə çəkilən,
tez-tez xatırlanan imzalardan biri də Rəbiqə
Nazimqızıdır. Rəbiqə 2008-ci ildə Rəsul Rza Ədəbiyyat
fondunun gənc yazarların debüt əsərləri
üçün təsis etdiyi "Ümid
işığı" mükafatının lauretatı
olmuş və fondun hesabına onun "Sənə qədər"
adlı şeirlər kitabı nəşr olunmuşdur. Rəbiqənin
şeirləri barədə çox yazılıb. Onlardan
yadımda qalanları Vaqif Yusiflinin "Təzə səslər,
nəfəslər" və Səlim Babullaoğlunun 2008-ci
ilin noyabrında "525-ci qəzet"də dərc
olunmuş "Gənc ədiblər məktəbi"nin
müdavimləri haqqında" adlı
yazılarındakı müvafiq parçalardır. Bəlkə
sözlərim şişirtmə və ya nəsildaşlarımı
olduqları yerdən daha yuxarı qaldırmaq cəhdi kimi səslənəcək,
lakin mənə belə gəlir ki, əgər bizim əsrin
sonunda XXI əsri qadın şeri antologiyası tərtib
olunsa, orda mütləq Rəbiqənin qızına
yazdığı "Aynur üçün" şeri
olacaq. Rəbiqənin maraqlı mikroşeirləri var.
Ovqatımdan asılı olaraq gah razılaşıb, gah sevmədiyim
bir Edqar Po kəlamı var: "Təbiətdə uzun şeirə
rast gəlinmir." Rəbiqənin bu mikroşeirləri həm
onun şairə kimi talantına, həm də içimdəki
Po sevgisinə rəğbətimi artırır.
Modernist qolun digər
təmsilsçisi Kəramət Böyükçölün
2009-cu ildə "Çatlamış fincan" adlı
şeirlər kitabı nəşr olunub. O, eyni zamanda, Bakı
Dövlət Universitetinin nəzdindəki "Metafora" ədəbi
dərnəyinin yaradıcısıdır. Kəramətin
şeirlərində Alikdən, Feyziyyədən, Rəbiqədən
fərqli olaraq ictimai-siyasi həyatda baş verənlərə
reaksiya daha güclüdür. Daha doğrusu, Alikin və digərlərinin
şeirlərində sosial ədalətsizlikdən,
narazılıqdan yaranan ovqatın, hissin vektoru narazılıq
obyektinə yox, içəri, şairin özünə istiqamətlənirsə,
Kəramətdə bu əksinədir. Bu mənada Kəramət
daha aktiv ictimai mövqeli şeirlər yazır. Qarabağla,
Xocalıyla, ATƏT-lə bağlı şeirləri bu qəbildəndir.
Amma Kəramətin şeirlərində istər forma, istərsə
də məzmun baxımından şair Qəşəm Nəcəfzadənin
qabarıq təsiri hiss olunur və bütün bunlar onun
şeirlərini hələ ki, özünüaxtarış
nümunələri kimi dəyərləndirməyə əsas
verir.
Modernist qola aid
etdiyim şairlərdən növbətisi hal-hazırda hərbi
xidmətdə olan fərid Hüseyndir. fəridin 2009-cu ildə
"Əlifaba sırası" adlı şeirlərdən və
esselərdən ibarət kitabı dərc olunub. Kitaba "Fərid üçün məktub"
adı ilə son sözü Səlim Babullaoğlu yazıb. Bu
yazısında Səlim bəy fəridin uğurlu, yaddaqalan
misralarından sitatlar çəkib. Onlardan bəzilərinə
baxaq: "İnsanlar insanlardan başlayır, ölkələr
sərhədlərdən", yaxud "qaraçıya pulla
bərabər mərhəmətini də ver" və ya
"dünya kimləri itirib: amma özünü heç nə
itirməmiş kimi göstərir."
Fəridin
kitabı haqqında xalq şairi Zəlimxan Yaqub
"Düşündürən nə varsa, düşünməyə
dəyər" adlı məqaləsində yazır: "21
yaşlı bir gənc üçün mən bu şeirləri
və esseləri uğurlu başlanğıc hesab edirəm. Səndə
düşünmək və düşündürmək
qabiliyyəti var. Ədəbiyyata gəlmək istəyən
adamın ən vacib keyfiyyəti bu meyarla ölçülməlidir
...Sənin kitabını oxumayan oxucular mənim məqaləmi,
ürək sözümü, xeyir-duamı oxumaqla qoy səni
daha yaxından tanısın, kitabını tapıb sənin
könül aləminə səyahət eləsin. Gənclik
vaxtında kəşf olunmayanda, diqqəti çəkməyəndə,
qayğı görməyəndə istər-istəməz
içəridən qırılır, sınır, yeni
uçuşlara ürəklə qanad gərə bilmirsən".
Sitatın sonu.
Modernist qolu təmsil
edən gənclərdən Səxavət Sahilin "Hər
zaman və heç vaxt", Vüsal Nazimoğlunun " 23
addım", Seyid Raminin "Yaşasın ölmək!",
Nuranə Nurun "Yanaqda yağış yeri", Mirbəhramın
"Bir çocuğun dünyasından səslər" və
"Səssizliyin harayı" kitabları dərc olunub.
Adları çəkilən müəlliflər və
onların kitablarını ümumiləşdirən bir cəhət
var. Bunu Səxavət Sahilin kitabına ön söz yazan xalq
şairi, millət vəkili Sabir Rüstəmxanlı belə
ifadə edib: "Bu, sevgisini telefon mesajlarıyla, çatlarla
bildirən, ayrılığı "sildi telefonundan nömrəmi",
təkliyi "həyat yollarımda qırmızı
işıq yanır" kimi ifadə edən bir nəslin
şeirləridir. Yeni texnologiya həyatımıza gəldiyi
kimi, duyğuların ifadə vasitələri arasına da
daxil olub. Bu şeirlər yığcamlığı, fikri hədəfə
yönəltməyə çalışması ilə
maraqlıdır." Sitat sonu.
Kitabı dərc
olunanlardan başqa, "Ulduz", "Azərbaycan"
jurnallarında, müxtəlif saytlarda şeirləri dərc
olunan Aysel Novruz, Aytən Təhmasib, Musa Əfəndi,
Günel Rüstəmova, Yeganə Cansail, Leyla Şərifova,
Məmməd Ağayev, Günel Xəzəl də modernist qolu
təmsil edən, xüsusilə virtual məkanda fəallıq
göstərən gənc yazarlardı.
Ənənəvi
şeri təmsil edən gənclərin
yaradıcılığına keçmədən öncə,
həm ənənəvi, həm də modernist formalarda qələmini
sınayan bir neçə gənc yazarı da təqdim etmək
istəyirəm. Bunlardan "Yaxşı ki yaza bilirəm..."
adlı şeirlər kitabının müəllifi Elnaz
Eyvazlı, "Yağış damlasıyam" adlı
şeirlər kitabının müəllifi, "Turan" ədəbi
birliyinin yaradıcısı Vusal Nuru və "Atillaya məktublar"
və "Dərdimdən ölən dərdlərim"
kitablarının müəllifi Hafiz Hacıxalılın
adlarını çəkmək olar. Hər üç
müəllifin adları çəkilən kitabları daha
çox ənənəvi xəttə aid olan şeirlərdən
ibarətdir. Lakin bu kitabların çapından çox
qısa zaman keçdi və bu gənc yazarların mətbuatda,
ədəbi portallarda modernizmə xas forma
axtarışları olan şeirləri göründü. Bunu
da mən müsbətə doğru keyfiyyət dəyişkənliyi
kimi qiymətləndirirəm. Demək, bu gənc şairlər
ənənəvi poetik vərdişləri qırıb yeni nəsə
yaratmaq istəyirlər.
Heca vəznli
şeirdə haqqında danışmaq istədiyim maraqlı
imzalardan birincisi adını məşhur türk
serialının baş qəhrəmanı Polad Ələmdarın
soyadından, soyadını isə böyük Cəfər
Cabbarlının soyadından alan, "Bizim söz" qəzetinin
təsisçisi, ədəbiyyata fədakarlıqla xidmət
edən Ələmdar Cabbarlıdır. Ələmdarın
şeirlərində əksər yazarlarda olduğu kimi,
aparıcı xətt lirikadır, lakin digərlərindən
fərqli olaraq bu lirikada zaman-zaman ictimai narazılıq
görünür və tez də gözdən itir. Ələmdar
elə bil şerini ictimailəşməyə qoymaq istəmir
və yəqin ki, düz edir. Şerində
narazılığının göründüyü yerlərdə
belə qınaq vektorunu özünə tuşlayır,
üzünü Allaha tutur, dərdini yaradanla bölüşmək
istəyir:
Qaçıb gətirmişəm
tək Sənə pənah.
Qoyma gora getsin mənlə bu günah;
Hər gün aldadıram anamı, Allah,
Hər gün deyirəm ki, yaxşı
olacaq...
Vaxtilə məşhur türk şairi Cəmal
Sürəyya şeirlərinin birində bəyan etmişdi
ki, soyadımdakı "y" hərflərindən birini
atıram. Sonradan C.Sürəyanın atdığı hərfi
başqa bir şair götürüb soyadına əlavə
etmişdi. Türk ədəbiyyatında məşhur olan bu əhvalatı
elə-belə xatırlamadım. İndi poeziyası barədə
danışacağım Elvin Bakiroğlu məşhur türk
şairindən daha cəsarətli davranıb. Vaxtilə Elvin
Kədər təxəllüsü ilə yazan gənc
şair sonradan bu təxəllüsün bir hərfini deyil,
bütünlüklə adının yanından atıb.
Arzumuz budur ki, Elvinin atdığı təxəllüsü
götürmək heç kimin ürəyindən keçməsin.
E.Bakiroğlunun 2009-cu ildə "Şəms"
nəşriyyatında "İki ürəkli adam"
adlı şeirlər kitabı dərc olunub. Bu kitabda müəllifin
mətbuatda, ədəbi portallarda qısa zamanda sevilən
şeirləri yer alıb. Elvin dəqiq qafiyələrlə
işləməyi sevir. Yaradıcılığında əsas
xətt lirikadır. Fikrimin təsdiqi üçün Elvindən
bir şeir parçasını diqqətinizə
çatdırmaq istəyirəm:
Dənizə daş atmayın,
Dalğalar yaralanar.
Su
Su
Dənizə daş atmayın,
Üzündə qalar izi.
Gedin üzün dənizdə,
Üzməyin bu dənizi.
Yenə zalım uşağı
Gör dənizə neyniyir?
Dənizə daş atmayın,
Dəniz sizə neyniyir?
Ötən il iki ədəbi mükafat
qazanandan sonra dostlar arasında Elvinə "mükafat
ovçusu" deyirlər. O, 2010-cu ildə Mədəniyyət
və Turizm Nazirliyinin təsis etdiyi "Yeni adlar"
müsabiqəsinin qalibi və "Nəsimi" ədəbiyyat
müsabiqəsinin xüsusi mükafatını qazanıb.
Bu sırada, yəni ənənəvi
şeri təmsil edən gənclər sırasında
Elşad Ərşadoğlunun "Kələfin ucu",
Qılman İmanlının "Hardan düşdün
yadıma sən?" , Xəyalə Sevilin "Daş",
Orxan Adiloğlunun "Yurd yanğısı" kitabları dərc
olunub. Bu xətti təmsil edən Anar Amin, Tapdıq
Türksoy, Günel Şamilqızı, Cahad Göyçəli
və Şahəstə Qarayeva da fəallıqları ilə
seçilirlər. Onların poetik axtarışları həmişə
uğurla sonuclanmasa da, bəzilərinin şeirlərində
müəyyən epiqonçuluq duyulsa da, həm öz
içlərindəki qəlibləri, həm uzun əsrlərlə
klişeləşmiş deyim formalarını qırmaq cəhdləri
ilə maraq doğururlar.
Poeziya barədə fikirlərimi
yekunlaşdırarkən deməliyəm ki, gənclərin əksəriyyətinin
poeziyasında maraqlı, ümidverici tərəflərlə
yanaşı, neqativ çalarlar da var. Tutaq ki, əksər gənclərin
poeziyasında ifrat eqosentrizm var. Texnologiyanın həyatımıza
daxil olmasıyla birgə yazarların həyatının bir
hissəsini noutbuklar tutdu. Hələ də vərəqdən
ayrıla bilməyən bəndəniz kimi, çox az gənc
var ki, noutbukdan istifadə etməsin. Noutbukda yazan gənclər
(noutbukda yazmağı pis iş saydığım zənn
olunmasın, tam əksinə. Sadəcə, noutbuk yazı
adamının həyatındakı sivilizasiyanı təmsil
edən və ən çox işlənən nəsnədir)
bəzən hərfləri böyüdən caps lock düyməsini
söndürməyi unudurlar. Bu da MƏN sözü ilə
başlayan və bütün hərfləri böyük
yazılan ədəbiyyat nümunələrinin yaranmasına
gətirib çıxarır. Hesab edirəm ki, caps locku
söndürmək lazımdır.
Proza barədə poeziyada olduğu kimi, ənənçilər-modernistlər
bölgüsü çərçivəsində
danışmaq istəmirəm. Hesab edirəm ki, təsnifatı
janrlar üzrə aparmaq - romançılar, hekayəçilər
və esseistlər bölgüsü daha yaxşı
bölgüdür.
Başlayaq romanlardan.
Ötən ilin ən qalmaqallı
romanını Elxan Qaraqan yazdı. "A" romanı təkcə
kitab bazarındakı statistikanı silkələmədi, həm
də ədəbi mühitdə qızğın
dartışma konusu oldu. Elxanın ilk dəfə keçirilən
Milli Kitab müsabiqəsində qalib olmasından sonra isə əməlli-başlı
hay-küy qopdu. Son bir ildə Elxan və onun "A"
romanı ədəbi gündəmin əsas predmetinə
çevrildi. Elxanı ədəbi plagiatda suçlayanlar da, əsərinin
ümumiyyətlə, ədəbiyyat olmadığını
deyənlər də oldu. Qaraqanın ədəbiyyatımız
üçün yenilik saya biləcəyimiz alternativ nəsr
tipində yazdığı debüt romanının təyinatını
bəzi tənqidçilərimiz düzgün anlaya bilmədilər.
Romanı bəyənməyənlərin birmənalı şəkildə
xorla təkrar etdikləri iradlar beləydi: dili bərbaddı,
yazıçı cümləsi yoxdur, sonluq qeyri-müəyyəndi,
milli deyil, tip yarada bilməyib və s. Az-maz çağdaş
dünya nəsrinin alternativ qanadına mənsub yazarların əsərlərindən
xəbəri olanlar bilir ki, bu tipli əsərlərdə zatən
məqsəd cilalı dil, milli xarakter və ya tip yaratmaq deyil.
Alternativ nəsr klassik olan hər şeyin əleyhinədir, hətta
bir dövr məşhuri-cahan olan postmodernizmin özünə
belə. Nə yaxşı ki, Əsəd Cahangir var və o
Elxanın "A" romanı haqqında yazdığı
"Bir de görüm A" adlı silsilə yazısıyla
sübut etdi ki, deyilənlər yanlışdır. Məşhur
ifadəylə desək, "qeysərin haqqını qeysərə"
qaytardı. Romanı çağdaş dünya nəsrinin ən
dəbdə olan anlayışı - alternativ nəsr
anlayışı ilə yorumladı. Romanı 50 il bundan
öncənin tələbləriylə yorumlamaq istəyən
adamlarla Ə.Cahangirin estetika fərqi burda su üzünə
çıxdı. Gəlin roman barədə Ə.Cahangirin
adı çəkilən məqaləsindən bir
parçaya baxaq. Əsəd bəy yazır: "Xaosa
tapınan, qeyri-müəyyənlik və tərəddüd
zolağında dayanan postmodernizmdən fərqli alternativ
düşüncə dünya nizamını, sosial-siyasi ədaləti
bərpa etmək amacıyla çıxış edən,
döyüşkən, mübariz ruhlu bir təmayüldür
(Təsadüfi deyil ki, bu təmayülün kult romanı
"Döyüş klubu" adlanır). Postmodernizmdən fərqli,
o sadəcə dağıtmaqla kifayətlənmir, həm də
yenidən qurmağa cəhd edir. Onun feminist (qadın) səciyyəli
xristianlığa qarşı yönələn maskulin
(kişi) xarakteri də dünyanı yenidən və ədalətlə
qurmaq uğrunda mübarizə əzmindən doğur. Lakin
bütün mübarizə
çağırışlarına rəğmən alternativ
düşüncə daşıyıcıları öz
proqramlarının mütləq mənada həyata keçəcəyinə
lenincəsinə sadəlövh inamdan da uzaqdırlar. Bir qayda
olaraq alternativ nəsr təmsilçiləri əsərlərinin
fiasko, intihar, qallüsinasiya səhnələri ilə bitməsi,
yəqin ki, bu müdrik inamsızlıqdan doğur. Biz bunu istər
Palanik, istərsə də Elxanın romanlarında
görürük". Sitatın sonu.
Məndən olsaydı, mən də Elxan
kimi məruzə janrına alternativ yanaşar və Ə.Cahangirin
Elxanın romanı barədə olan məqaləsini
bütünlüklə sitat kimi çıxışıma əlavə
edərdim. Lakin məruzə roman deyil və elə zamanda
yaşayırıq ki, Əsəd bəyin məqaləsini
oxumaq üçün google-da balaca bir axtarış aparmaq
kifayətdir.
E.Qaraqan "A" romanından sonra ikinci
çox satılan "Bir milyon dollarım olsaydı..."
romanını çap etdirdi. Birinci romandan fərqli olaraq bu
roman psixoloji-realist roman tipinə daha yaxındır, amma bu
romana da konkret realizmin parametrləriylə baxmaq kifayət
deyil. Elxan ikinci romanı ilə "müvəqqəti
şöhrətdi, davam edə bilməyəcək" deyənlərə
isbat etdi ki, hələ deyiləsi sözü çoxdur.
"A" romanından sonra gənclərdən
Cavid Zeynallının "Günəşi gözləyənlər"
romanı rezonans doğurdu. Bu romana qədər Cavid öz
hekayələri ilə bir neçə müsabiqədə
qalib olmuş, bundan başqa isə onun "525-ci qəzet"də
çap olunan özünəməxsus üslubda
yazılmış reportajları maraqla
qarşılanmışdı. Hamının Caviddən ən
yaxşı halda hekayələr kitabı gözlədiyi bir
zamanda o, ortaya roman qoydu. "Günəşi gözləyənlər"də
realist xətlə naturalist xətt aparıcıdır. Lakin
Caviddə naturalizmə meyl daha qabarıqdır. Romanda kirayədə
yaşayan tələbə Üzeyirin sonucu gedib mistikaya,
şamançılığa çıxan taleyindən bəhs
olunur. Romana yazdığı ön sözdə Əsəd
Cahangir "Günəşi gözləyənlər"lə
Nobel ödülçüsü, məşhur Norveç
yazıçısı Knut Hamsunun "Aclıq" və
xalq yazıçısı Anarın "Beşmərtəbəli
evin altıncı mərtbəsi" romanıları
arasındakı paralelləri üzə çıxarır. Əsəd
Cahangir çox doğru olaraq təsdiq edir ki, Cavidin Hamsunla
oxşarlığı həm hadisələrin birinci şəxsin
dilindən nəqli, həm qəhrəmanların çətin
maddi durumları, bunların fonunda sevgi macəraları, polis və
uşaq obrazlarının üst-üstə düşməsidir.
Hamsundan fərqli olaraq isə Cavidin avtoironiyası var və Əsəd
bəyin yazdığı kimi, onun qəhrəmanı
Üzeyir Norveç yazıçısının qəhrəmanından
fərqli olaraq sevgilisi Nərmini xilas etməyi özünə
məqsəd seçir və buna nail olur. Bu da Cavidin
romanına daha nikbin ruh verir. Xalq yazıçısı
Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi"
romanı ilə Cavidin romanı arasında paralelləri isə
Əsəd Cahangir belə aparır:
"Hər iki romanda kişi qadını
fahişəyə, yoxsa mələyə çevirmək
sorunu ilə üz-üzə qalır. Anarın Zauru bu dilemmanın
istəməyərəkdən birinci, Cavidin Üzeyiri isə
bilərəkdən ikinci tərəfini seçir. Zaur toplumla
mübarizədən məğlub, Üzeyir isə
özüylə mücadilədən qalib çıxır. Anarın
qayəsi bu məğlubiyyəti, Cavidin məqsədi isə
bu qələbəni göstərməkdir." Sitatın
sonu.
Cavidin romanı rəvan təhkiyəsi,
orijinal metaforalarla zəngin dili, maraqlı süjeti, canlı
xarakterləri ilə də seçilir. Bütün bunlar Cavid
Zeynallının gələcəyin romançısı kimi
yetişməkdə olduğunu söyləməyə əsas
verir.
Prozada növbəti səs-küylü
romanın müəllifi Taleh Şahsuvarlı oldu. Onun
"Canlanma" romanı ədəbi mühitdə əməlli-başlı
canlanma yaratdı. Roman mətbuatda, xüsusilə ədəbi
portallarda bir çox dartışmlara gətirib
çıxardı. Müəllifin dediyi kimi, "Canlanma"
Azərbaycanda ilk tarixi meta-romandır. İngilislərin
meta-fiction dedikləri postmodern estetikanın meta-dil, meta-tarix
anlayışları içində səciyyələnən
meta-roman doğurdan da bizim nəsrdə olmayıb və bu o
demək deyil ki, Talehin yazdığı da bu roman
növünün ideal nümunəsidir. Talehi təkcə bu
meta-roman cəhdinə görə də təqdir etmək
olar.
Nəsrimizdə gənclər ən
müxtəlif yöndən çox maraqlı cəhdlərə
imza atdılar. Bu cür cəhdlərdən birini gənc nasir
Orxan Muxtarlı etdi. Onun fentezi janrında yazdığı,
sovet dönəmində povest deyilən, çağdaş ədəbiyyatşünaslıqda
long novel (uzun hekayə) adlandırılan iki əsəri -
"Xaç kölgəsində" və "Özgə bədəndə"
əsərləri çap olundu. Janrın tələblərinə
tam cavab verməsə də, dil qüsurları çox olsa
da, Orxanın yazdıqları cəhd kimi
öz-özlüyündə maraqlıdır. Bundan başqa
Orxan "İrəli" ictimai birliyi tərkibindəki ədəbi
məclisin rəhbəridir. 2010-cu ildə onun layihə rəhbəri
olduğu almanaxda gənc ədiblərin əsərləri
işıq üzü görüb.
Bundan başqa Kəramət
Böyükçölün tərəkəmə həyatından
bəhs edən, maraqlı dil yaratmaq çabası ilə
yazdığı "Çöl" romanı, Ülviyyə
Heydərovanın qloballaşma dövrü gənclərinin
problemlərindən bəhs edən "Noutbuk" romanı,
Ziyad Quluzadənin ədəbi portallarda parçalarını
çap etdirdiyi "Kəpənək ölümü"
romanı da nəsrimizdəki eksperimentalizmin, ən müxtəlif
yönümlü cəhdlərin maraqlı nümunələridir.
Gənc hekayəçilər
romançılara nisbətən sayca az olsalar da, onların da
yazdıqları arasında maraqlı bədii nümunələr
oldu. "Gənc ədiblər məktəbi"nin koordinatoru
Zərdüşt Şəfizadənin "Başqa
adamlar" adlı hekayələr silsiləsindən müxtəlif
dərgilərdə çap etdirdiyi "Zırrama",
"Heykəltəraş", "Nuhun tufanı" hekayələri
mövzuya maraqlı yanaşma ilə yadda qalsa da,
düşünürəm ki, Zərdüştün nəsr
dilinin durulmağa ehtiyacı var. Bu nəsildə yalnız Zərdüştdə
magik realizm xətti var və bu da onu digərlərindən fərqləndirir.
Digər gənc hekayəçi Nahidin bu
il çap olunan "21 hekayə" adlı hekayələr
kitabında da maraqlı cəhdlər var. Nahid gözlənilməz
vəziyyətləri kompyuterə almağı sevir və onun
üçün novella daha doğma formadır. Amma Nahidin də
nəsr dilində müəyyən qüsurlar var və bu mənada
Cavid Zeynallı özünün dilə qarşı hədsiz
tələbkarlığından nəsr dili qüsurlu olan bu
dostlara pay versə, pis olmazdı.
Müxtəlif dərgilərdə, ədəbi
portallarda çap olunan Ayxan Kiçikbəyin komik, ironik və
çaparaq üslubdakı hekayələri də maraqlı bədii
nümunələr kimi yadda qaldı.
Son illər gənc xanımların da hekayə
yaradıclığında maraqlı nümunələr olub. Sahilə
İbrahimovanın "Varlı kişinin portmanatı",
Jalə İsmayılın "Heykəlin içindəkilər",
Nərmin Hüseynzadənin "Qırmızı" hekayə
kitabları dediklərimə misal ola bilər. Hər
üç xanımda dil qüsurları var, lakin Sahilə
yüksək realizm hissi, Jalə bəzək-düzəksiz
optimizmi, Nərmin isə sirayətedici səmimiyyəti ilə
oxucu qəlbinə yol tapa bilirlər.
Esseistikada Mövlud Mövludun "525-ci qəzet"də
dərc olunan yazıları xüsusilə seçilir. Mövludun
bu yazıları sanki "Hazırlaşın çox
yaxşı bir nasir gəlir" xəbərinin siqnal fişəngləridir.
Mövluddan başqa Pərvin Nurəliyevanın
da "525-ci qəzet"də dərc olunan hekayə-esse
arasındakı yazıları bunların müəllifinin
yaxın zamanda esseistikadan uzaqlaşıb hekayə janrına
keçəcəyinə işarə kimi görünür.
Esseistikada Günel Eminlini də xüsusilə
vurğulamaq istəyirəm. Günel çap olunmağa
etüdlərlə və bir neçə hekayəylə
başlasa da, daha çox Edit Piaf barədə
yazdığı "Mənə Piaf deyin" essesiylə
yadda qaldı.
O cümlədən Zərdüşt,
Cavid, Yeganə Cansail, Elvin və Kəramətin də
maraqlı esseistik yazıları ilə mətbuatda
vaxtaşırı rastlaşırıq.
Bədii tərcümə sahəsində
yeni nəsil formalaşır. Nihalənin Conatan Livinqston,
Ülkər Nəsibbəylinin Steynbek və folknerdən
çevirmələri dediklərimizə əyani sübut ola
bilər. Bunlar son illərin ən yaxşı tərcümələri
kimi yadda qaldı.
"Ən yeni ədəbiyyat"
seriyası ətrafında birləşən cavanlardan Nərmin
Kamalın "Aç, mənəm", Aqşinin "Cənnətdə
terror aksiyası", G.Mövludun "5xl", Sevinc
Çılğının "Alaçarpa", Sevinc Pərvanənin
"Şəhər", Svetlana Quliyevanın
"Dalğa" romanları öz müəlliflərinin
bütün yenilikçilik cəhdlərinə baxmayaraq, əksərən
müvafiq janrların tələblərinə, bəzən hətta
elementar tələblərinə belə cavab vermir.
Və sonda.
XXI əsrin gəncliyi gündən-günə
texnikiləşən, robotlaşan, mənəvi dəyərlərdən
uzaqlaşan, dostlarına görüşü real məkana
yox, virtuallığa təyin edən insanların içində
ədəbiyyat mücadiləsi aparır. Sevgi şeri,
insanları işığa səsləyən romanlar
yazır. Bütün qüsurları, təndiq etdiyimiz tərəfləri
ilə birgə, damarlarında gəncliyin qanı axmasa, ədəbiyyat
əsrdən-əsrə adlaya bilməz. İndi əksər gənclərin
çox normal bir arzusu var: nə vaxtsa nüfuzlu ədəbi
mükafatlar qazanmaq. Məsələn, Nobel mükafatına
sahib olmaq. Mənim uşaqlıqda çox sevdiyim bir saqqız
vardı. O saqqızın içindən çıxan şəkilləri
dünyanın ən müqəddəs nəsnəsi kimi uzun
illər saxlamışdım. İndi nə o saqqızın
adı yadımdadı, nə də o şəkillər durur. Dostlar,
biz adını unutduqlarımız, itirdiklərimizlə birgə
artıq qaçılmaz bir həqiqəti bütün nəhəngliyi
ilə dərk etməliyik: biz XXI əsrin adamlarıyıq və
bütün dövrlədə alçaldılmaq, məhv
edilmək istənən ədəbiyyatı bizim əsrəcən
daşıyan böyük yazarların
davamçılarıyıq. Pis bir qanunauyğunluq var ki, hər
əsrə həmişə ən azı iki müharibə
düşür. Bizim əsr hələ ki, mülayim
görünür. Mən bu əsrin bizim üzümüzə
xoş baxmasını arzulayıram. Məruzəmi bitirib
sizinlə sağollaşanda isə XXI əsrə cəmi bircə
cümlə demək istəyirəm: Xoş gəldin, XXI!
Qismət RÜSTƏMOV
Ədəbiyyat
qəzeti.- 2011.- 28 yanvar.- S.4, 6.