Gənclərin
yaradıcılıq müzakirəsi
Yanvarın 26-da Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda gənc
yazıçıların yaradıcılıq müzakirəsinə
həsr olunmuş tədbir keçirildi. Əvvəlcə AYB-nin gənclər üzrə katibi Rəşad Məcid ölkəmizdə gənclər siyasətinin
uğurla həyata
keçirilməsindən, bu çərçivədə yaradıcı
gənclərə dövlət səviyyəsində göstərilən
qayğıdan, AYB-nin Mədəniyyət
və Turizm Nazirliyi ilə birgə gənc
ədəbi qüvvələrlə bağlı birgə layihələr
həyata keçirməsindən, eyni zamanda gənc nəslin
uğurlarından söz açdı.
Sonra gənc şair
Qismət Rüstəmov
"Xoş gəldin, XXI əsr" mövzusunda məruzə etdi (məruzə qəzetimizin bu
sayında olduğu kimi dərc edilir).
Məruzə ətrafında
gedən çıxışlar zamanı "Ulduz"
jurnalının baş
redaktoru Elçin Hüseynbəyli vurğuladı ki, maraqlı və əhatəli məruzəyə görə
Qisməti təbrik etmək olar. "İradım onadır ki, o, heca
və modern şeir bölgüsü təsnifatında
yanlışlığa yol verib. Ona görə ki, hecada da modern
şeir yazıla bilər, yazılır da. Şerin ayrıca
modern növ bölgüsü yoxdur".
Tənqidçi Əsəd Cahangir
çıxışında qeyd etdi ki, ən əsası məruzədə
təəssürat layihəsinin olmasıdı: "Məruzə
elmi təfəkkürə söykənir. Buradakı təqdim,
təhlil və tənqid öz obyektivliyi ilə seçilir. Ən
əsası, məruzə sistemli idi. Qismət gətirdiyi
sitatlarla ədəbi gəncliyin düşüncə tərzini
ortaya qoyub".
Yazıçı İlqar Fəhmi məruzədə ədəbi
gəncliyin durumunun düzgün ifadə
edilə bilməsindən, "Dünya ədəbiyyatı"
dərgisinin baş redaktoru Səlim Babullaoğlu Qismətin həmkarlarının
bədii mətnlərinə hörmətlə
yanaşmasından söz açdılar. Şair Qulu Ağsəs
vurğuladı ki, ədəbiyyatda qızıl ortanı
tapmaq çətindi, buna baxmayaraq məruzəçi
mövzuya ədəbi dəyərlərlə
yanaşmağı bacarıb.
Kulturoloq Aydın Xan tərifin çox vaxt
böhranla nəticələndiyini diqqətə
çatdırdı: "Tərifə meyl dinlədiyimiz məruzədə
də önə çıxıb".
Gənc şair Kəramət
Böyükçöl də Aydın Xanın fikrilə həmrəy
olduğunu dedi: "Qismət istedadlı şairdi. Bu məruzəsində
də o, daha çox şair kimi göründü və
öz çevrəsinin ədəbi panoramı çərçivəsindən
kənara çıxmadı, məruzəsini daha çox
kompyuter texnologiyası qurğusu üzərində qurdu".
Filologiya üzrə
fəlsəfə doktoru
Elnarə Akimova dedi
ki, istərdim məruzəçi "Ən yeni ədəbiyyat"
təqdiminin özünü doğrulda bilməsinin nədənliyi
üzərində daha çox dayanaydı.
"Ədəbiyyat qəzeti"nin
şöbə müdiri, filologiya üzrə fəlsəfə
doktoru Adil Cəmil xatırlatdı ki, Qismət mənim tələbəm
olub: "Onun ədəbi uğurlarına ürəkdən
sevinirəm. O, özünəməxsus təfəkkür
sahibidir. Qismətin məruzəsi lakonik, yığcam bir məruzədi.
Xüsusilə dili obrazlı və şairanədir. Ancaq istəməzdim
ki, bu maraqlı məruzədə tərifə belə
geniş yer verilsin".
Şair Qəşəm Nəcəfzadə
də məruzədə ümumiləşdirmələrin
diqqətəlayiq olduğunu önə çəkdi:
"Ancaq məruzədə ədəbi prosesdə gənclərin,
konkret yazarın yeri göstərilməyib. Ədəbiyyatımızdakı
varislik ənənəsi, dünya ədəbi prosesinə adəptəsi,
milli zəminə sadiqliyi məruzədə hiss olunmur. Burada
dedilər ki, məruzədə tənqidi münasibət az
hiss olunur, məncə, daha çox təhlil yoxdu və
bütövlükdə məruzə Əsəd Cahangirin ədəbi-tənqidi
qeydlərindən çıxış edilərək
hazırlanıb. Məruzə elmi yox, publisistik təəssüratlar
əsasında yazılıb".
Gənc şair və
yazıçılardan Rəbiqə Nazimqızı, Cavad
Zeynallı, Pərvin Nurəliyeva, Elvin Bakiroğlu və
başqaları məruzə ilə bağlı fikirlərini
bölüşdülər.
Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu
məruzəni qənaətbəxş adlandıraraq dedi:
"Ola bilsin ki, başqa bir məruzəçi fikirlərini
bir az fərqli şəkildə ifadə edə bilərdi. Mənə
maraqlı gəldi ki, məruzədə Qismətin özü
var idi. Məruzədən adları keçən gənclər
həqiqətən maraqlı və fədakardırlar. Ancaq
istərdim təkcə AYB-nin üzvü olanların yox, digər
gənclərin də yaradıcılığına nəzər
salınaydı. Məruzədə elmilik və insani duyumun
harmoniyası öz əksini tapıb".
AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca məruzəni təqdir edərək dedi: "Xoşuma gəldi,
gözəl bir məruzə idi. Əslində hər bir
şair özünə ineqrasiya edir. Qismətin istedadı ona
imkan verib ki, belə bir məruzə hazırlasın. Mən
bu məruzədə tərifdən çox məhəbbət
gördüm. Gənclərin bir-birinin tərəfini
tutmaları maraqlıdı. Sevinirəm ki, indiki gənc ədəbi
qüvvələr orijinaldan tərcümə edə bilirlər".
Xalq yazıçısı, AYB-nin sədri
Anar qeyd etdi ki, məruzədəki şairanəliyin təhlilə
xələl gətirməməsi daha çox xoşuma gəldi:
"Qisməti mənə ilk dəfə Fikrət Qoca təqdim edib. Sonra filormaniyada
keçirilən poeziya gecəsində Qismət də bir
şeir oxudu və daha çox da o alqışlandı. O, bu
gün də burada maraqlı məruzə ilə
çıxış etdi və
yaradıcılığının daha bir tərəfi önə
çıxdı. Sevinirəm ki, ədəbiyyata güclü
gənc ədəbi nəsil gəlir. Ədəbi nəsillər
bir-birlərinə qarşı olmamalıdırlar. Çox
istərdim ki, bu gənclər korlanmasınlar, daha çox
bir-birlərinin uğurlarına sevinsinlər, mükafat
dalınca qaçmasınlar. Mükafat özü
istedadlıları tapır. Yarışsınlar, ancaq əsərlərilə.
Bu yolda həmişə Yazıçılar Birliyinə
arxalana bilərsiniz".
Müzakirəni AYB-nin gənclər
üzrə katibi Rəşad
Məcid yekunlaşdırdı.
P.S.
Qismətin "Xoş gəldin, XXI əsr"
adı ilə təqdim edilən məruzəsini hər bir qələm
adamı kimi, mən də maraqla dinlədim. Yuxarıda verilən
qeydlər bir növ elə mənim özümün də
fikirlərimi ehtiva etdiyindən geniş münasibət bildirməyə
ehtiyac görmürəm. Ancaq Qismətin önə
çıxardığı bir neçə məqama
münasibət bildirmədən də ötüşmək
olmur.
Xalq yazıçısı Anarın belə
bir dəqiq ifadəsi var ki, yanlış münasibətə
düzəlişi ona görə cavab vermək lazımdı
ki, eşidənlər o yanlışlığın doğru
olduğu qənaətində olmasınlar. Məruzədə
deyilir: "Əfsuslar olsun ki, nə 2000-ci illərin birinci
dalğası, nə də indi əsərləri barədə
danışacağım nəsildaşlarımın
yazılarını "Ədəbiyyat qəzeti"nin səhifələrində
görə bilmədik. Bu qəzet sanki qapılarını həm
ortayaşlı yazarların, həm də gənc nəslin
üzünə bağlayıb və hər yeni çıxan
kitab barədə informasiya əvəzinə, nekroloqlar
yayımlamaqla ədəbiyyata münasibətini göstərir".
Füzuli elmsiz şeri bünövrəsiz
divara bənzədirdi. Əlahəzrət fakta söykənmədən
tutulan irad da elədi. faktlara nəzər salsaq, görərik
ki, "Ədəbiyyat qəzeti" təkcə son iki ildə
Qismətin məruzədə adlarını çəkdiyi nəsildaşlarının
sayından çox gənc ədəbi qüvvələri
çap edib. İmam Əlinin sözüdü ki, əgər
düz deyirsənsə, fakt gətir. Elə isə təkcə
2010-cu ilin faktlarına nəzər salaq: "Ədəbiyyat qəzeti" xalq şairi Fikrət Qocanın "Sara Selcana xoş gəlmisən deyirəm"
başlıqlı təqdimatı ilə Sara Selcanın silsilə
şeirlərini 18 oktyabr 2010-cu il tarixli sayında təqdim
edib və Qismət bunu oxumayıb. "Ədəbiyyat qəzeti"
9 aprel 2010-cu il tarixli sayında xalq şairi Nəriman Həsənzadənin
təqdimatı ilə gənc şair Zərifə
Şükürovanın silsilə şeirlərini dərc
edib və Qismət bundan xəbərsizdi. "Ədəbiyyat
qəzeti" 20 yanvar 2010-cu il tarixli sayında
xalq şairi Fikrət Qocanın "Üç kitabın yaratdığı təəssürat"
adlı məqaləsini dərc edib ki, burada da Qismətin
yaşıdları olan Sayman Aruz, Nigar Xiyavi və Məlihə
Əzizqızının yeni kitablarının məziyyətlərindən
bəhs olunur. Və Qismət bundan xəbərsizdi.
"Ədəbiyyat qəzeti" Qismətin
nəsildaşı olan Nuranə Nurun (29 oktyabr 2010), Sona
Yaqublu, Qafar Qərib və Elxan Yurdoğlunun (7 avqust 2009), alman
dilindən birbaşa tərcümələr edən Rəsmiyyə
Babayevanın (6 fevral 2009) yaradıcılıqlarından
nümunələri də vaxtaşırı çap edib. Filologiya üzrə fəlsəfə doktoru Adil Cəmilin təqdimatında
İradə Aytel və Elşad Ərşadoğlunun şeirləri
(20 yanvar 2011) və gənclər haqqında "Yeni ruh, yeni nəfəslə"
məqaləsi dərc olunub. Şübhəsiz ki, bunlar da Qismətin
nəsildaşları və yurddaşlarıdı və
çap olunanların tam siyahısı deyil. O ki, qaldı
sözügedən orta yaş nümayəndələrinə,
onda gərək yüzdən çox qələm
adamının və hansı sayda dərc olunduqlarının
siyahısını yazımıza əlavə edək.
Hesab edirəm
ki, döymədiyin qapıda əl, getmədiyin evdə, məkanda ayaq izini axtarmaq ədəbdən deyil. Soruşmaq təbir-caizsə,
məruzə müəllifi
deyə bilərmi məruzəsindən adı
keçən gənclərdən
kim nə vaxtsa "Ədəbiyyat qəzeti"nə hər
hansı (ədəbi
dəyərindən asılı
olmayaraq) yazını
təqdim edib və qəzet həmin yazını çap etməyib? Qəzet ona göndərilməyən yazını,
təqdim edilməyən
mətni necə çap edə bilər? Qismət ən azından məruzəçi olaraq
"Ədəbiyyat qəzeti"ndə
son 5 ildə çap olunan yaşıdlarının
imzası xətrinə
bu qəzeti vərəqləməyə borclu
idi. Yaxşı olardı ki, məruzəçi istedadlı
gənc şair Ələmdar Cabbarlının
adının qabağında
yazdığı "adını
məşhur türk serialının baş qəhrəmanı Polad Ələmdarın soyadından,
soyadını isə
böyük Cəfər
Cabbarlının soyadından
alan" sözləri
əvəzinə öz
çevrəsindən kənarda
qalan istedadlı nəsildaşlarının imzasını
da əlavə edəydi. Belələrinin
sayı çoxdu və onlar Qazax,
Gəncə, Lənkəran,
Quba, Aran bölgələrində fədakarlıqla
yazıb-yaradırlar. Diqqətə
çatdırmaq istərdim
ki, "Ədəbiyyat
qəzeti" bütün
zamanlarda, eləcə
də son 5 il ərzində ölkəmizdə,
eyni zamanda da Yazıçılar Birliyində gənc ədəbi qüvvələrlə
bağlı həyata
keçirilən ən
kiçik fakta belə biganəlik göstərməyib. Qismətin
özünün də
qatıldığı və
qələm təcrübələri
ilə çıxış
etdiyi bütün mötəbər tədbirlər
qəzetdə layiqincə
işıqlandırılıb və o yazılanlardan Qismətin özünün
də adı dönə-dönə keçib.
Qəzetin təkcə
17 sentyabr 2010-cu il tarixli sayına baxmaq bəs edər ki, bu,
doğurdan da belədir.
Qəzetdə verilən nekroloqların ümumi həcmi 5 il ərzində yalnız 2-3 kompyuter vərəqi təşkil
edə bilər və bu nekroloqlar
bir qayda olaraq yalnız Yazıçılar Birliyi
üzvlərinin, onların
əzizlərinin vəfatı
münasibətilə verilib.
Biz qələm dostlarımızın
ölüsünə biganə
yanaşsaq dirisinə
münasibətimiz də
səmimi olmaz.
Yadımıza gəlmir ki, Qismətin "nəsildaşım"
deyə təqdim etdiklərindən kimsə
"Ədəbiyyat qəzeti"ndə
kifayət qədər
ədəbi nüfuza
malik hər hansı bir qələmdaşımızın ciddi polemik yazıları
ilə bağlı fikirlərini bölüşməyə
səy etsinlər. Təəssüf ki, gənclərin bir qrupu asan çap,
himayədarlıq düşüncəsinə
hesablanıblar.
Eyni zamanda "Ədəbiyyat qəzeti" təkcə XXI əsrə
yox, həm də inamla ona tərəf üz tutan bütün
istedadlı gənclərə, vicdanlı söz
adamlarına "Xoş
gəldin" deməyə həmişə hazır olub, indinin özündə
də hazırdı və şübhə etmirik
ki, gələcəkdə də belə olacaq.
S.Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 28 yanvar.- S.4.