Klassik ədəbiyyatımızın üzdə olan tədqiqatçılarından biri

 

Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,

Ta dust tən edib deməyə bivəfa məni!

 

Məhəmməd Füzuli

 

Əlbəttə, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda təmkin yarışması keçirilsəydi, filologiya elmləri doktoru, Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Azərbaycanın tanınmış mediyevist alimi İmamverdi Yavər oğlu Həmidov heç şübhəsiz ki, qələbə çalıb baş prizi alardı və Füzuli Məcnununun dilindən deyilmiş yuxarıdakı beyti tam əminliklə onun ilk baxışdan yumşaq və həlim, əslində isə möhkəm və prinsipial xarakterinə də aid etmək olardı.

Elə bu Füzuliyana, Məcnunyana təmkininin nəticəsidir ki, təkcə Ədəbiyyat İnstitutunda deyil, humanitar elmimizin bütün dairələrində İmamverdi Həmidov nüfuz və söz sahibi, sayılıb-seçilən, üzdə olan alimlərimizdən biri kimi tanınır. Elə Məcnun kimi mütənasib arıq bədənli bu alimin şəninə, həmin qəzəldəki başqa bir beyt də, zənn edərsəm, tamamilə yaraşır:

 

Öylə zəif qıl tənimi firqətində kim,

Vəslinə mümkün ola yetirmək səba məni.

 

Kiçik bir korrektə ilə bu beytdə də İmamverdi müəllimə işarələri tapmaq mümkündür: bu şərtlə ki, "zəif" sözünə cəmi bir hərf artırasan və "zərif" kimi düzəliş edəsən. Tanrı da ömrü boyu İmamverdi Həmidovun tənini-bədənini belə zərif qılmaqla, onun uzun illər ayrı düşdüyü Leylisinə - ədəbiyyatşünaslıq elminə beləcə qovuşmasını asanlaşdırıbdır.

Taleyindəki yeganə şum rəqəm elə anadan olduğu 1941-ci il oldu. Bu da ki, təbii, özündən asılı deyildi və özü seçməmişdi bunu. Sonrakı həyatında - seçim özünə qalanda səbri, təmkini, ağayanalığı, hər şeydən öncə isə yapışdığı hər bir işə ciddi, məsuliyyətli yanaşması sayəsində taleyin incitmədiyi bir şəxsiyyət kimi tanındı. Doğrudur, həzrəti tale onu ərköyün də böyütmədi və nə yaxşı ki, ilk gəncliyindən zəhmətin bəzən acı başa gələn şirinliyini daddı və bunu bütün ömrünün, fəaliyyətinin leytmotivinə çevirməyi bacardı.

1966-cı ildə o zamankı Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini fərqlənmə diplomu ilə bitirmiş İmamverdi Həmidov ana dili qədər mükəmməl mənimsədiyi bu dildən təkcə o çətin zamanlarda özünü və ailəsini dolandırmaq vasitəsi kimi deyil, həm də klassik Azərbaycan ədəbiyyatının hələlik insan ayağı dəyməyən sahələrini gəzib-dolaşmaq, bir çox həqiqətlərin üstündən pərdəni götürmək, ədəbiyyatşünaslıq elmimizi inkişaf etdirməklə yanaşı, həm də klassiklərimizi dünyaya tanıtmaq üçün istifadə etdi və uğurla istifadə etdi ki, bu uğurların nəticəsi göz qabağındadır.

1966-cı ildə Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olan 25 yaşlı gənc İmamverdi Həmidovu cəmi bir il sonra perspektivli bir kadr kimi təhsilini təkmilləşdirmək üçün o zaman imperiyanın paytaxtı olan Moskva şəhərinə ezam edirlər. Burada "papağı günə yandırmayan" (gün də bir gün olaydı...) gənc araşdırıcı, SSRİ şərqşünaslığı sahəsində dünya şöhrətli bir alim kimi tanınmış professor Rüstəm Əliyevin elmi rəhbərliyi altında IX yüzilliyin məşhur ərəb alimi və ədibi İbn Qüteybə Dinəvərinin həyat və yaradıcılığına həsr edilmiş namizədlik dissertasiyasını Rusiya Elmlər Akademiyası Şərqşünaslıq institutunun dissertasiya şurasında tam zamanında və uğurla müdafiə edərək yüksək ixtisaslı kadr kimi doğma instituta qayıtmışdır. Üç il institutun azman şöbələrindən olan Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində mərhum professor Mirzağa Quluzadənin rəhbərliyi altında elmi tədqiqat işləri aparandan sonra ona o zaman və elə indinin özündə də institutun ən məsuliyyətli vəzifələrindən biri olan elmi katiblik tapşırılır və üç il də bu sahədə uğurla "külüng çalaraq", bir növ, institut əsgərliyini başa vurmuş olur.

 

Olsaydı məndəki qəm fərhadi-mübtəladə,

Bir ah ilə verərdi min Bisütuni badə.

 

Yalançının şahidi yanında olar - deyiblər. Mən də 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib indi kobud düşmən çəkmələri altında inləyən Kəlbəcərə təyinat aldıqdan sonra, hələ təyinat yerinə yola düşməzdən öncə, təbii ki, öz perspektivim üçün müəyyən etdiyim və gələcək iş yerim kimi gördüyüm (insanda uzaqgörənliyə bax) Ədəbiyyat İnstitutuna bir baş çəkdim və elmi katibin kabinetində, deyəsən, artıq o vaxt ərəb ölkələrindən birinə işləməyə getmək üçün "çamadan əhval-ruhiyyəsində" olan İmamverdi müəllimi gördüm və onun üzündəki nur, klassik alim tipi təsəvvürünü bir neçə qat gücləndirən qalın şüşəli dördkünc eynəyi mənim Ədəbiyyat İnstitutuna məhəbbətimi birə-beş artırmış oldu. Nə isə, söz sözü çəkər; fikrimizi yayındırmayaq...

İmamverdi Həmidovun qarşımda qalaqlanmış dörd kitabından birincisi, rus dilində olan və namizədlik dissertasiyası əsasında hazırlanmış "İbn Qüteybə Dinəvəri" monoqrafiyası Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında 1998-ci ildə nəşr olunub. Müqayisə üçün deyim ki, bu sətirlərin müəllifinin ilk kitabı 2001-ci ildə, yenə də həmin məşhur "Elm" nəşriyyatında işıq üzü görüb. Balaca bir hesablama aparsaq, belə çıxır ki, İmamverdi müəllim ilk kitabının sevincini 57 yaşında, mən isə 47 yaşımda yaşamışıq (Bu yerdə bəzi "herağac" həmkarlarımın dərin bir istehza ilə qımışdıqlarının fərqindəyəm...). 10 il fərq. Bu həmin on ildir ki, İmamverdi Həmidov doğma yurdunu, el-obasını, sevimli iş yerini və elmi məşğuliyyətini tərk etməyə məcbur olaraq bir tikə çörək, bir az yaxşı dolanışıq, bir də, indi heç kimin bəyənmədiyi, o zaman isə xoşbəxtlik zirvəsinin başlıca göstəricisi olan "QAZ-24" markalı minik avtomobilinin dalınca ərəb ölkələrini dolaşmalı olmuş, özü etiraf etməsə də (İmamverdi müəllim Koroğlu dəlisi Bəlli Əhməd kimidir - qanı göllənər, sirri bəllənməz), "namünasib üzlər görüb, nalayiq sözlər" eşitməyin acısını da çəkməli olmuşdu... Hələ tələbə ikən istedadlı bir tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında (1963-64), sonralar Yəmən Ərəb Respublikasında (1976-1980), İraq Respublikasında (1985-89) müxtəlif sovet təşkilatları üçün ərəb dili tərcüməçisi işlədiyi illər müəyyən mənada onun "kisəsini" doldursa da, fikrimcə, həm də Azərbaycan mediyevistikasının "kisəsindən" getmiş illər kimi dəyərləndirilməlidir.

Ancaq bu yerdə adamdan soruşarlar ki, 1968-ci ildən bu yana İmamverdi Həmidovun 80-dən artq elmi məqaləsinin Moskvanın və Bakının ən sanballı və nüfuzlu elmi nəşrlərində, Bağdad, Ədən, Qahirə, Tehran, Təbriz, Urmiya və indi yadıma düşməyən bir çox başqa şəhərlərdə çap olunub müxtəlif ölkələrin elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq təqdir olunanda sən harada idin? Və xəlvətcə onu da deyim ki, yaxşı olar, bu sualı heç mənə verməsinlər...

Elə yuxarda ümumi sayını qeyd edib, adlarını çəkmədiyim ilk məqalələrindən və adını çəkdiyim ilk monoqrafiyasından, İmamverdi Həmidovun istedadlı bir mediyevist kimi Azərbaycan elminə gəldiyi silahsız gözlə də açıq-aydın görünür. Moskva şəhərində ezamiyyətdə olarkən dünyanın ən güclü şərqşünaslıq məktəblərindən biri sayılan sovet şərqşünaslığının ən yaxşı və qabaqcıl ənənələrini, bu məktəbin humanist elmi təhlil və dəyərləndirmə prinsiplərini bacarıqla mənimsəyən İ. Həmidov həmin prinsipləri yaradıcı şəkildə öz araşdırmasına tətbiq edə bilmiş və elə bunun sayəsində də tələbkar Rusiya elmi mühitində öz dissertasiyasını vaxtında və uğurla müdafiə etməyə nail olmuşdu.

Ədəbi abidələrə, hadisə və faktlara eyni ciddi, titiz yanaşma üsulunu onun 2005-ci ildə başa çatdırdığı, ancaq özünə qarşı ifrat tələbkarlığı üzündən yalnız dörd ildən sonra müdafiə etdiyi "Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri" mövzusunda qələmə aldığı doktorluq dissertasiyasında və 2007-ci ildə həmin "Elm" nəşriyyatında işıq üzü görmüş "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" adlı monoqrafiyasında da açıq-aşkar görmək mümkündür.

Müəllifin özünün də qeyd etdiyi kimi, mövzu həddən artıq geniş olduğundan, araşdırma əsas etibarilə klassik Azərbaycan ədəbiyyatının üç titanının - Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılıqlarının ərəb ədəbiyyatşünaslığında öyrənilməsinin elmi dəyərləndirilməsinə həsr edilmişdir. Ana dili qədər mükəmməl bildiyi ərəb dili ilə yanaşı fars dilinə, xüsusən klassik poeziya dili olan dəri dilinə yaxşı bələdliyi nəticəsində Xaqani və Nizamini, eləcə də Füzulinin farsdilli əsərlərini orijinaldan oxuyub müvafiq tutuşdurmalar apara bilməsi sayəsində İ. Həmidov obyektiv elmi nəticələr əldə etməyə nail olmuşdur. Əsər Azərbaycan elmi ictimaiyyəti tərəfindən müxtəlif səviyyələrdə yüksək qiymətləndirilmiş və doktorluq müdafiəsindən az sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası alimin yüksək adını təsdiq etmişdir.

Ümumiyyətlə, demək lazımdır ki, İ. Həmidovun əsərlərinin aprobasiyasında o zaman Moskvada yaşayıb fəaliyyət göstərən Azərbaycan alimlərindən prof. Rüstəm Əliyev, prof. Qəzənfər Əliyev, Azərbaycan elmi mühitindəki akademiklərdən Həmid Araslı, Ziya Bünyadov, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Yaşaq Qarayev, Bəndeyi-Həqir, professorlardan Mirzağa Quluzadə, Məhəmmədhüseyn Təhmasib, Qafar Kəndli, Malik Mahmudov, Nüşabə Araslı, Mehdi Kazımov, Rusiya alimlərindən prof. Q. Şarbatov, prof. M.N. Osmanov, prof. İ.Y. Braginski və bir çox başqaları yaxından iştirak etmişlər.

Ərəbdilli Azərbaycan poeziyası haqqında da özünün sanballı mütəxəssis sözünü deməyə nail olmuş İmamverdi Həmidov, Ömər Gənci, Bərakəveyh Zəncani, Məğlisi Marağayi kimi klassik Azərbaycan şairlərinin əsərlərini müxtəlif qaynaqlardan üzə çıxararaq tədqiq və tərcümə etmişdir.

Alimin birinci kitabından bir il sonra - 1999-cu ildə nəşr olunmuş "Əbu Bəkr əl-Valibi və onun "Əxbar ul-Məcnun və asaruhu" kitabı da Azərbaycan ədəbiyyatında və folklorunda geniş yayılmış və ilk dəfə böyük Nizaminin poema həsr etdiyi Leyli-Məcnun əhvalatının ilkin qaynaqlarının üzə çıxarılması, tədqiqi və tərcüməsi ilə istər ədəbiyyatşünaslığımızda, istərsə də qaynaqşünaslığımızda xüsusi əhəmiyyəti ilə seçilən bir nəşr kimi qiymətləndirilməlidir.

2002-ci ildə işıq üzü görmüş "Azərbaycan-ərəb ədəbi əlaqələrindən səhifələr" kitabı da İ. Həmidovun komparativistika və ədəbi əlaqələr sahəsində apardığı uğurlu tədqiqatları zənginləşdirən bir monoqrafiya sayıla bilər.

Klassik alim-tərcüməçi tipinin canlı təcəssümü olan İmamverdi Həmidovun təbii ki, sırf araşdırıcılıqla ürəyi soyumayaraq, pedaqoji fəaliyyətlə də yaxından məşğul olur. 1993-cü ildən bu günə kimi Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı müəllimi kimi uğurla fəaliyyətini davam etdirən alim, 1994-1996-cı illərdə Ali Diplomatiya Kollecində ərəb dili müəllimi, 1997-2006-cı illərdə isə Bakı Asiya Universitetində ərəb dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000-ci ildən isə dilöyrətmə sahəsindəki pedaqoji qabiliyyətini Bakıdakı Misir Mədəniyyət Mərkəzində qısqanclıq bilmədən azərbaycanlı balaların ərəb dilinin incəliklərinə yiyələnməsi işinə həsr etməkdədir.

İmamverdi Həmidovun əsas hissəsi mənim gözlərimin qarşısında keçən Nizami adına Ədəbiyyat İnstitutundakı fəaliyyətinin böyük bir qismi də elm təşkilatçılığı ilə bağlıdır. 1977-ci ildən bu günə qədər institutun aparıcı şöbələrindən biri olan və min illik bir dövrün Azərbaycan ədəbiyyatını öyrənən Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinə uğurla rəhbərlik edən İmamverdi müəllim, eyni zamanda, uzun onillər ərzində Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi kimi də çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının uğurla müdafiə edilməsində gərgin əməyi olan insanlardan biri kimi doktorantlar arasında böyük hörmət və nüfuza malikdir.

Kadr hazırlığı sahəsində də ədəbiyyatşünaslıq elmimizə öz töhfələrini vermiş İ.Həmidov aspirant və dissertantlara elmi rəhbərlik, eləcə də opponentlik fəaliyyətini özünəməxsus ciddiyyət və məsuliyyətlə həyata keçirmiş və bu gün də həmin işi uğurla davam etdirməkdədir.

Xarici ölkələrdə Azərbaycan mediyevist ədəbiyyatşünaslığını böyük müvəffəqiyyətlə təmsil edən İmamverdi müəllim 1970-ci ildən indiyə kimi Rusiya, İran, Türkiyə, İraq, Misir və başqa ölkələrdə 17 beynəlxalq məclisdə məruzə və çıxışlarla iştirak etmişdir.

70 yaş. Biz uşaq olanda bu yaşda kişilərə pambığın içində saxlanılacaq qədər qoca, taqətdən düşmüş, illacsız insanlar kimi baxırdıq. Bu gün isə 70 yaşlılarımızın əksəriyyəti, xüsusən elm adamları, mənəviyyatı pak və içi işıqlı ziyalılar 70 yaşı bu günlərdə tamam olmuş İmamverdi müəllim kimi qıvraq, çevik, həyat enerjisi, yaratmaq həvəsi ilə dolu insanlardır. Bu, bəlkə də yüzillərdən bəri həsrətində olduğumuz dövlət müstəqilliyinin azərbaycanlılara verdiyi ölçüyəgəlməz ruh yüksəkliyinin və vətəndaş qürurunun nəticəsidir. Nə bilim. Çox güman ki, elə belədir. Və belədirsə, İmamverdi Həmidov kimi elmimizə və elimizə gərək olan insanların 70 yaşında da belə cavan və gümrah qalmaları üçün onlara göstərilən maddi və mənəvi dəstəyə görə doğma dövlətimizə, müstəqil respublikamızın rəhbərliyinə minnətdarlığımı bildirməklə də həmkarım, dostum və böyük qardaşım İmamverdi Həmidovu yubileyi münasibətilə təbrik edir və ona ədəbiyyatşünaslığımızın sonrakı inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları, qələm tutan qoluna qüvvət, düşünən beyninə kəsər, dərinlərə nüfuz edən gözlərinə bol-bol işıq diləyirəm.

 

 

Sevgilərimlə: Teymur KƏRİMLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 28 yanvar.- S.5, 6.