İnsanlıq və müsəlman bir şeydi

 

Qonağa bağlı qapı

Axırda boş sandıq olur.

Kim həqarətlə yaşar

Onda nə insanlıq olur?

Mollası şahlıq edən

Ölkə qəbristanlıq olur.

Ədalət ilə görə

Hər kəs işin dünyada,

Bu dünya cənnət olur,

Hər kəsi ad-sanlı olur.

Demirəm haqqı yeritmək

Daha asanlıq olur.

Haqq yolunda ad alır,

Ya da ki, ehsanlıq olur.

Qoca Fikrət deyir:

Boş-boşuna vəz eləmə,

Haqqı bayraq edən

Hər kəsdə müsəlmanlıq olur!

 

 

Çəkhaçək

 

Biri çörək dərdi çəkir,

Biri ağrıyan ürəyində

Ürək dərdi çəkir.

Birinə deyiblər "baxaq, görək",

İndi "görək" dərdi çəkir.

Biri Havana siqarı çəkir

Bu çəkhaçəklər aləmində,

Hərə bir cürə çəkir

 

 

Artıq işdi

 

O qədər çox yaşamışam,

Devrilmişəm, devirmişəm.

Üzümün rəngi köhnəlib,

Astarımı çevirmişəm

Sağam-solam, artıq işdi.

 

Astarım üzüm eynidi,

Sükutum, sözüm eynidi.

Sözümlə-izim eynidi,

Canımda dözüm eynidi,

Mənə zülm artıq işdi.

 

Çox az qalıb tanış adam,

Elə bil gəlməyəm, yadam.

Kül altında qalan odam,

Özüm yoxam - quru adam,

Mənə ölüm artıq işdi.

 

Savaşdım, haqsız olmadım,

Heç vaxt Allahsız olmadım.

Hara gəldi paz olmadım,

Qocaldım namaz qılmadım,

İndi qılım? Artıq işdi.

 

Gələcəyə baxa-baxa,

Ad qazandım ucuz-baha.

Şükür eylədim Allaha,

Sən məni çağırma daha

Yox, ay gülüm, artıq işdi.

 

 

Toy toydan sonra

 

Toydan gözəl var, təki toy olsun!

Leylinin, Məcnunun vüsal dəmidi.

Ürəklər boşalsın, qədəhlər dolsun,

Sevgi burulğanı, eşq aləmidi.

 

Gözəl arzularla gəlir hər gələn,

Bir evə bünövrə olur hər düyün.

Qohumlar yığılıb hər iki eldən,

Bir nəsil ağacı əkilir bu gün.

 

Toydan gözəl var? Təki toy olsun.

Toyda olursa-olsun, qoy olsun!

Çətin yol hər toydan sonra başlayır,

Bəy, gəlin hərəsi bir şey xoşlayır.

 

Qınayır bir-birin təzə qohumlar,

Xırda söz-söhbətə başlayır onlar.

Kənar quzğunlar da leşə qonurlar,

Qaşınmayan yeri qaşıyır onlar.

Hamsı "mən, mən" deyir düşünmür sonu,

Atırlar bu evə qısqanclıq daşın.

Gəlinə qısqanır ana oğlunu,

Gəlinə qısqanır bacı qardaşın!

 

Qohumlar araya söz-söhbət salır,

Toyu olanları peşman eləyir.

Məhəbbət saralıb gül kimi solur,

Məcnunu Leyliyə düşmən eyləyir.

 

Böyüklər özünü düşündü yalnız,

İstədi bu evdə hökmdar olsun.

sevgi-məhəbbət, oğul, qız,

Təki öz hökmü bərqərar olsun.

 

Axırda cavan bir ailə dağıldı,

Arada zəhərli neçə söz qaldı.

O toydan yadigar körpə doğuldu,

Atası sağ ikən atasız qaldı.

 

Daha "böyüklərin" sönüb hikkəsi,

Hərə öz evinə çəkilib baxır.

Batıb gölməçədə qurbağa səsi,

Zaman işindədir, axır, hey axır

 

İnsana hər şeyi həyat öyrədir,

Doğulan böyüyür, batanı yoxdu.

Anadan yapışıb bir körpə gedir,

O biri əlindən tutanı yoxdu.

20.01.2011

 

 

Gələcək

 

Ağlı qaçıb illərin,

Nizamı pozulub fəsillərin,

Yuxusu qaçıb ağacların

Köhnə yarpaqları tökülə bilmir.

Təzə yarpağı, çiçəyi açılıb ağacların

Ağlaya bilmir, gülə bilmir.

Yanvarın sonunda

Hava bayram donunda

Yaşıl yamaclar

Qışın üzünə dayanıb.

Quşların yuva tikmək,

Yumurtlamaq həvəsi oyanıb.

Yağışda əl-üzünü yuyub,

Körpə uşaq kimi

Gülümsəyir gül-çiçək.

Deyəsən bahar

Növbədənkənar gələcək.

İnsanlar lətifədən əvvəl güləcək,

Canlılar doğulmazdan əvvəl öləcək.

Belə getsə gələcək özü

Çox tez gələcək.

 

 

Milli park

 

Mahnı üçün mətn

 

Bulvar güllü xalçadı

Sərilib sahil boyu.

Onun qoynunda keçir

El bayramı, el toyu.

Bahar donlu milli park

Gül-çiçəkdi il boyu.

Ən işıqlı, ən gözəl

Yolumdu milli parkım,

Xəzəri qucaqlayan

Qollarım milli parkım.

Gözəlliyi vəsf olur

Dalğaların səsində.

Ən uca bayrağımın

Meydanı sinəsində.

Sərvlərin, şamların

Ətri var nəfəsimdə.

Ən işıqlı, ən gözəl

Yolumdu milli parkım.

Xəzəri qucaqlayan

Qollarım milli parkım.

Odlu diyar mənəm, mən,

İndi gözəl çağımdı.

Yurdumun hər qarışı

Müqəddəs ocağımdı.

Bakıyam, sahil bağı

Qızıl boyunbağımdı.

Ən işıqlı, ən gözəl

Yolumdu milli parkım.

Xəzəri qucaqlayan

Qollarım milli parkım.

 

 

Yolda

 

Çəltik - düyü olunca döyülür.

Ağac - içindən yeyilir.

Adam - insan olanda öyülür.

Bu tamaşaya hamı gəlir,

Özünə baxır ağlayır, gülür.

Ac gəlir, çıxıb gedir ac,

İzaha qalmır ehtiyac.

 

 

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2011.- 28 yanvar.- S.5.