Azərbaycan və Hindistan

ədəbi-mədəni əlaqələrinə bir baxış

  

Dünya mədəniyyətinin inkişafına töhfələr bəxş edən Hindistanın paytaxtı Dehlidə dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) 870 illik yubileyinə həsr olunan beynəlxalq konfrans əlamətdar günlərdə keçirilir. Noyabr ayının 19-da görkəmli ictimai xadim İndira Qandinin anadan olmasının 95 illiyi və İndira Qandi Milli Mədəniyyət Mərkəzinin 25 illiyi qeyd olundu. Beynəlxalq konfransın bu mədəniyyət mərkəzində keçirilməsi təsadüfi deyildir. Mənim mövzum Nizami Gəncəvi və İndira Qandinin fəaliyyəti ilə sıx əlaqədardır. Odur ki, icazə verin iki dost ölkə arasında ədəbi və mədəni əlaqələrə dair məruzəmə başlayım.

Tarixi mənbələr göstərir ki, Hindistan və Azərbaycan arasında ədəbi - mədəni əlaqələr qədim zamanlara gedib çıxır. Lakin Orta əsrlərdə bu əlaqələr daha da dərinləşmişdir. Dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Xaqani Şirvani bəzi əsərlərini və ya əsərlərinin bəzi hissəsini Hindistana həsr ediblər. Nizami Gəncəvi “Yeddi gözəl” əsərinin birinci hissəsini hind şahzadəsi Furakin hekayətinə həsr edib. Bundan əlavə, Nizami yaradıcılığının zirvəsi olan “İskəndərnamə” əsərinin hər iki hissəsində - “Şərəfnamə” və “İqbalnamə”də Hindistandan söz açır: “İskəndər Hindistana yola düşür”, “İskəndərin Keydə məktubu”, “İskəndər Hindistandan Çinə yollanır”, “Hind müdrikinin İskəndərlə söhbəti”, “İskəndərin Hindistana və Çinə ikinci səfəri” və s. Qeyd etmək istərdim ki, Nizaminin “Xəmsə”si görkəmli hind şairi Əmir Xosrov Dəhləviyə (1253-1325) o qədər dərin təsir etmişdir ki, Nizamini özünün müəllimi adlandırmış və Nizaminin “Xəmsə”sindən ruhlanaraq “Pənc gənc” (“Beş Xəzinə”) əsərini yazmışdır. O da maraqlıdır ki, Nizami də hind ədəbiyyatından təsirlənmiş, müdriklik xəzinəsi olan “Pançatnatra”nın (“Kəlilə və Dimnə”) motivlərindən bəhrələnmişdir. Həmkarlarımın nəzərinə çatdırıram ki, “Kəlilə və Dimnə” Azərbaycanda çox sevilən əsərlərdəndir, 1809-cu ildən başlamış bu əsər təkrar-təkrar müxtəlif tərcüməçilər tərəfindən Azərbaycan dilinə çevrilərək çap edilmişdir. Əsərin ilk tərcüməçisi Əvəz Əli Şəfiqulu oğlu olmuşdur.

Əsərlərindən göründüyü kimi, Azərbaycanın məşhur şairi Xaqani Şirvani (1126-1199) də Hindistanla, onun fəlsəfəsi, məntiq elmi, musiqi və rəqsləri ilə çox maraqlanmış, Hindistana “Şiniyyə” adlı gözəl poema həsr etmişdir. Şirvanşah III Manuçöhrə həsr etdiyi əsərində hind qılıncını vəsf etmiş, Manuçöhrün hind qılıncı ilə düşmənləri necə qırdığını nəzmə çəkmişdir.

Hindistan-Azərbaycan əlaqələrində azərbaycanlı səyyahların da payı olduğunu qeyd etməliyik. Səyyahlarımızın yazdıqları hesabına azərbaycanlı oxucular bu əfsanəvi ölkənin insanları, adət-ənənələri, bitki və heyvanlar aləmi, təbiəti, şəhərləri və s. haqqında məlumat əldə edə biliblər. Məsələn, Əbdürrəşid əl-Bakuvinin 1403-cü ildə çap etdirdiyi “Coğrafiya” kitabı bu baxımdan diqqəti çəkir. Başqa bir səyahətçimiz Hacı Zeynalabdin Şirvani (1780-1838) Hindistanda səkkiz il yaşayaraq ölkəni başdan-başa gəzmiş, “Riyaz əs-siyahə” (“Səyahət edilən bağlar”) və “Bustan əs-siyahət” (“Gül-çiçək bağlarına səyahət”) adlı maraqlı kitablar yazmışdır.

Musiqi sahəsində də diqqətçəkən oxşarlıqlarla üzləşirik. Şah Təhmasibin (1513-1578) hakimiyyəti dövründə hind imperatoru Hümayun Təbrizi ziyarət edərkən (Şah Təhmasib onun ikinci dəfə hakimiyyətə gəlməsinə kömək etmişdi) özü ilə musiqiçilər gətirmişdi. Güman ki, “Hümayun” və “Mahur hindi” o vaxtdan azərbaycanlı müğənnilərin repertuarına daxil olmuşdur.

Başqa bir misal. Lap qədim dövrlərdən Hindistanın suvarma sistemi və suvarma kanalları olmuşdur. Azərbaycanın Ağcabədi rayonunda Hindarx kəndi vardır. Şübhə yoxdur ki, vaxtilə hindli mütəxəssislərin rəhbərliyi ilə burada suvarma kanalı çəkilmiş və Hindarx kəndinin adı bununla bağlıdır. Bu məsələyə toxunmazdım, əgər daha köklü sübut olmasaydı. İraqda Bağdad-Kərbəla yolunda Fərat çayı üzərində bənzəri olmayan, möhtəşəm “Hindiya Baraj” adlanan bənd (damba) vardır. Bu bənddən Hindarx adlanan böyük kanal çəkilmişdir. Mətləbdən uzaqlaşmayaraq onu da deyim ki, Bakıda - İçərişəhərdə XV əsrdə tikilən “Moltanı” adlanan karvansara vardır. Bu, vaxtilə iki ölkə arasında ticarət əlaqələrinin çiçəkləndiyindən xəbər verir. Başqa bir misal. Bakının şəhərətrafı məntəqəsində Atəşgah adlanan ibadətxana vardır. Bu ibadətgahı XVIII əsrin əvvəlində varlı hind taciri tikdirib. 1880-ci ilə qədər burada hind zəvvarları ibadətlə məşğul olmuşdular.

Xüsusi vurğulamaq istərdim ki, Əkbər şahın və onun varislərinin zamanında hindlilərin, farsların, türklərin və azərbaycanlıların milli ənənələrinə hörmət siyasəti yeridildiyinə görə bir çox azərbaycanlılar, o cümlədən də şairlər Hindistana köç ediblər. Orada yazıb-yaratmış, bir çoxu elə oradaca haqq dünyasına qovuşmuşlar. Hindistana köç edən şairlərdən bəzilərinin adlarını çəkmək istərdim: Sahib Təbrizi, İbrahim Ordubadi, Mahmud bəy Fusuni, Əbdüləli Mehbu, Hacı Müzəffər Təbrizi, Əli Nazim, Mirzə Məhəmməd Munsi Təbrizi və başqaları. Maraqlıdır ki, XVII əsr hind təzkirələrindən “Şəmu andneymən”, “Nigaristani soxen”, “Miratül-xiyal”, “Xezanenamire”də Azərbaycan şairlərindən Nizami, Xaqani, Nəsimi, Füzuli, Saib Təbrizi və başqalarının yaradıcılığına yüksək qiymət verilmişdir. Belə olmasa idi, XIX əsrdə Nizaminin bütün əsərləri litoqrafiya üsulu ilə Hindistanda çap edilməzdi.

XX əsrin əvvəllərində ölkələrimiz arasında iqtisadi, mədəni və ədəbi əlaqələr yüksələn xətlə yeni istiqamət aldı. 1899-cu ildən azərbaycanlı milyoner Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə Kəlkətədə müsəlmanların mütərəqqi “Həblülmətin” (“Səmimi dostluq”) qəzeti çap olunmağa başladı. Sonralar görkəmli dövlət xadimi kimi yetişən yazıçı Nəriman Nərimanov 1901-1905-ci illər arası həmin qəzetin Qafqaz müxbiri kimi fəaliyyət göstərmişdir.

Azərbaycan və Hindistan arasında iqtisadi, mədəni və ədəbi əlaqələr XX əsrin ikinci yarısında uğurla inkişaf etdi. 1954-1957-ci illər arası Hindistanın dövlət xadimlərindən prezident Razakrişnan, Baş nazir Cəvahirləl Nehru, onun qızı İndira Qandi Azərbaycanı ziyarət etdilər. İndira Qandi Azərbaycana 1955-ci ilin iyul ayında gəlmişdi. O, Atəşgahı ziyarət etsə də, xalqının ibadətgahı onu sevindirmədi. İndira Qandi də atası Cəvahirləl Nehru kimi özünə əziyyət vermək, həyatından imtina etmək kimi qədim ənənələri pisləmişdi. Lakin “İncəsənət muzeyi”ni ziyarət edən İndira Qandi gördüyü incəsənət əsərlərini, xüsusən də xalq rəssamı Mikayıl Abdullayevin “Mənim anam” əsərini çox xoşlamışdı. İndira Qandi fürsətdən istifadə edərək dünyanın “Yeddi möcüzəsi”ndən biri olmağa layiq - Neft Daşlarını ziyarət etdi. Dənizin ortasında dayaqlar (estakada) üzərində tikilmiş kiçik şəhərdə neftçilər dənizin dibindən neft (indi isə həm də qaz) çıxarırlar. İndira Qandinin Neft Daşlarını ziyarət etməyinin məqsədi sonralar, o, Baş nazir olanda məlum oldu. İndira Qandi bir çox hind gəncini Neft və Kimya İnstitutunda (indi Neft Akademiyası) oxumağa göndərmişdi.

Yeri gəlmişkən, 70-ci illərdə azərbaycanlı mütəxəssislər Eyyub Tağıyevin rəhbərliyi ilə Hindistanda neft və qaz yataqlarını üzə çıxardılar. Bundan sonra Eyyub Tağıyev ömürlük Hindistan Dövlət Nazirliyində baş məsləhətçi təyin edilmişdi.

Bir daha qeyd etmək lazımdır ki, İndira Qandinin Azərbaycana gəlişi ziyalılara, xüsusən də qələm sahiblərinə o qədər təsir etmişdi ki, onlar mədəni, ədəbi, iqtisadi, tarixi əlaqələrə dair kitablar yazmağa başladılar. Görkəmli Azərbaycan alimi Sara Aşurbəyli “Azərbaycan-Hindistan iqtisadi və mədəni əlaqələri” adlı çox maraqlı və gərəkli kitab yazdı. Yusif Hacıyev “İndira Qandi” adlı əsər yazdı. İndira Qandi ilə bağlı maraqlı faktlardan biri də odur ki, valideynlər yeni dünyaya gələn körpə qızlarına İndira adı verir və qürurla İndira Qandiyə teleqram və məktublar göndərirdilər. İndira Qandi onların məktublarını cavabsız qoymurdu. Onun məktublarından birini məruzəmdə verməyi münasib bildim.

Baş nazirin iqamətgahı,

Nyu Dehli

30 yanvar 1958-ci il.

Hörmətli Sadıxova!

Biləndə ki, nəvənizə mənim adımı qoyubsunuz, çox sevindim. Hesab edirəm bu, bizim ölkəmizə sayğıdır. Arzu edirəm balaca İndira böyüyəndə gözəl və mehriban bir qız olsun. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinin simvoluna çevrilsin. Ona xoşbəxtlik arzulayıram.

Hörmətlə İndira Qandi.

Sonralar Hindistanla əlaqələrimiz yeni vüsət aldı. Görkəmli hind aktyoru Rac Kapur Azərbaycana gəldi. Onun gəlişi təntənəyə, bayrama çevrildi. Xalq artisti Rəşid Behbudovun Hindistana qastrol səfəri də bayrama çevrildi. Qəzetlər yazdılar: “Azərbaycan musiqisi və mahnıları bizimkilərə çox yaxındır. Rica edirik, ey müğənni, Hindistana bir də gəl”. Rəşid Behbudov yenidən Hindistana dəvət edildi. İndira Qandi müğənninin sənətini yüksək qiymətləndirdi.

İnanılası deyil, lakin faktdır. Keçən əsrin 50-ci illərində hind filmləri Azərbaycanda bütün kinoteatrları fəth etmişdi. “Cənab-420”, “Avara”, az sonra “Zita-Gita” filmləri kino-teatrlarda ən çox göstərilən filmlər idi. Hind filmlərində yer alan mahnılar, rəqslər o qədər geniş yayılmışdı ki, hind mahnı və rəqsləri üzrə müsabiqələr keçirirdilər. Çox gənc, 16 yaşlı Elmira Rəhimovanın istedadı o vaxt üzə çıxdı. 1957-ci ildə Elmira Rəhimovanı Cəvahirləl Nehru Hindistana mahnı və rəqs üzrə oxumağa dəvət etdi. O, iki il Kəlkətə və Benqaliyada hind mahnı və rəqslərini öyrəndi və məşhurlaşdı.

1957-ci ildə xalq rəssamı Mikayıl Abdullayev də Hindistana dəvət edildi və üç ay “Hindistan haqqında” adlandırdığı rəsm əsərləri üzərində işlədi. Dahi Azərbaycan bəstəkarı Qara Qarayev Nizaminin “Yeddi gözəl” poeması əsasında gözəl bir balet ortaya qoydu. Hind gözəli furaka həsr olunmuş musiqini həyəcansız dinləmək olmur. Bəstəkar və dirijor Niyazi Rabindranat Taqorun “Çitra” əsərinə musiqi yazdı. Baletin səhnə quruluşunu rəssam Mikayıl Abdullayev verdi.

Xüsusi qeyd etmək istəyirəm ki, keçən əsrin 70-ci illərində Azərbaycanın görkəmli sənətkarlarından Mikayıl Abdullayev (1970), Maestro Niyazi (1974) və Mirzə İbrahimov (1979) Beynəlxalq Cəvahirləl Nehru mükafatına layiq görülüblər. 1971-ci ildə Mikayıl Abdullayev ikinci dəfə Hindistana dəvət edilmişdi. Baş nazir İndira Qandi Beynəlxalq Cəvahirləl Nehru mükafatını rəssama şəxsən özü təqdim edib. Mikayıl Abdullayev xeyli rəsm əsərləri çəkərək onlara “Hindistanla ikinci görüş” adı verib. Rəssam bu səfəri zamanı İndira Qandinin təbiətdə olduğu kimi portretini çəkib. Bundan sonra görkəmli Azərbaycan rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov və əməkdar incəsənət xadimi Asəf Cəfərov da Hindistana gediblər. Görkəmli rəssam, xalça ustası Kamil Əliyevin eskizi əsasında İndira Qandinin portreti ilə qeyri-adi xalça toxunulub.

2010-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Dillər Universitetində Dehli Universitetindən gəlmiş professorun yaxından iştirakı ilə hind dili tədris edilən şöbə yaradılmışdır. Burada otuza yaxın azərbaycanlı tələbə oxuyur. Bütün bunlar Azərbaycan-Hindistan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edir.

Mən iki ölkə arasında ədəbi əlaqələrin möhkəmlənməsində dahi hind yazıçısı, şairi, dramaturqu və filosofu, Nobel mükafatı laureatı (1913) Rabindranat Taqorun (1861-1941) rolunu və xidmətlərini xüsusi vurğulamaq istərdim. 1925-ci ildə Taqor Sovetlər Birliyinə dəvət olunmuşdu. Lakin o, yalnız 1930-cu ildə gələ bildi. Bununla belə Taqor Azərbaycanda XX əsrin 20-ci illərindən tanınmağa başlamışdı. 1923-cü ildən başlamış yazıçının ad günü Azərbaycanda hər il qeyd edilir. Ədəbiyyatşünas alimlər onun yaradıcılığına əsərlər həsr edirlər.

Taqorun «Fəlakət» əsəri 1929-cu ildə Azərbaycan dilinə çevrilərək çap edildi. Professor Mikayıl Rəfili «Fəlakət» əsərinə rəy yazdı (Bax: «İnqilab və kultura» jurnalı, ¹7-8, 1929). Ədəbiyyatşünas alim, sonralar akademik olan Məmməd Arif Taqor yaradıcılığına sanballı məqalə həsr etdi («Ədəbiyyat qəzeti», 11.06.1936). Şair Mikayıl Rzaquluzadə Taqorun poeziya yaradıcılığına aid məqalə yazaraq Moskvada dərc etdirdi («Literaturnaya qazeta», 12.06.1946). 1961-ci ildə Taqorun anadan olmasının 100 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Görkəmli yazıçıya bir çox məqalələr həsr edildi. Onlardan aşağıdakıları qeyd etmək olar: Akademik Məmməd Arif «Böyük hind yazıçısı» («Azərbaycan» jurnalı, ¹4-5, 1961), professor Mir Cəlal «Qədim Şərqim qocaman mütəfəkkiri» («Ədəbiyyat qəzeti», 6.05.1961), professor Cəfər Xəndan «Hindistanın ən böyük qələm sahibi» («Kommunist» qəzeti, 5.05.1961), yazıçı Anar «Rabindranat Taqor» (rusca çıxan «Literaturnıy Azerbaydjan» jurnalı, ¹5, 1961), elə həmin ildə Anar və Araz Dadaşzadə yazıçının «Bağban» hekayələr toplusunu Azərbaycan dilinə çevirərək xalq şairi Rəsul Rzanın «Hind xalqının böyük nəğməkarı» adlı giriş məqaləsi ilə çap etdirdilər. Rəsul Rza məqalədə Taqoru Əbu Əli İbn Sina, Leonardo da Vinçi, Mixail Lomonosov, İohann Höte kimi dahilərlə müqayisə etmişdir.

Taqorun «Əbədiyyət nəğmələri» kitabı da Bakıda işıq üzü görüb («Mütərcim» nəşriyyatı - 2003). Kitabın tərcüməçisi, professor Maqsud Hacıyev ona «Bəşəri arzular carçısı» adlı maraqlı ön söz yazmışdır. Kitaba Taqorun çoxlu mənsur şeirləri və altı hekayəsi daxil edilmişdir. Onlar aşağıdakılardır: “Adət”, “Oğurlanmış xəzinə”, “Dəftər”, “Ac daşlar”, “Dənizin o biri sahilində” və “Naməlum qız”. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Hindistanın Azərbaycandakı səfirinin iştirakı ilə yazıçının yubileyi təntənəli şəkildə qeyd edildi. Professor Vaqif Arzumanlı geniş və məzmunlu məruzə ilə çıxış etdi. Ədəbiyyatşünas alimlər Taqor yaradıcılığının məziyyətlərindən söz açaraq yazıçının Azərbaycanda ən çox sevilən ədiblərdən olduğunu xüsusi vurğuladılar. Bunu deməyə onların əsası vardı. Taqor o az saylı müəlliflərdəndir ki, demək olar bütün bədii yaradıcılığı Azərbaycan dilinə tərcümə edilərək 1963-1967-ci illər arası 8 cilddə çap edilib. Mən hər cilddə gedən əsərlər barədə ayrıca danışmaq istərdim. Qoy hindli həmkarlarımızda görülən işin böyüklüyü barədə təsəvvür yaransın.

I cild (Bakı - Azərnəşr - 1953, 288 səhifə). Bu cildə Taqorun həyat və yaradıcılığına həsr olunan geniş həcmli məqalə (s. 5-24) və Əli Səbri tərəfindən tərcümə edilən “Fəlakət” romanı daxil edilmişdir.

II cild (Bakı - 1964, 388 səh). Bu cildə Taqorun xalq yazıçısı Qılman Musayev tərəfindən tərcümə edilən “Qora” romanı daxil edilmişdir.

III cild (Bakı - 1964, 340 səh). Bu cildə yazıçının Beydulla Musayev tərəfindən tərcümə edilmiş “Ev və dünya” və “Sonuncu şeir” romanları daxil edilmişdir.

IV cild (Bakı - 1965, 360 səh). Bu cildə yazıçının Mehdi Mirkişiyev tərəfindən tərcümə edilən 33 hekayəsi daxil edilmişdir.

V cild (Bakı - 1965, 287 səh). Bu cilddə yazıçının Mikayıl Rzaquluzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilən 16 hekayəsi yer alır.

VI cild (Bakı - 1965, 268 səh). Bu cildə yazıçının 6 pyesi daxil edilmişdir. «Təbiətin qisası», «Qurbanlıq heyvan», «Raci», «Poçt» və s. Tərcüməçi Cəfər Bağır və Məmməd İbrahim. Yeri gəlmişkən, «Poçt» pyesini professor Vilayət Quliyev ingilis dilindən yenidən tərcümə edərək çap etdirmişdir («Azərbaycan» jurnalı, ¹11 - 2012).

VII cild (Bakı - 1965, 300 səh). Bu cildə müəllifin «Bağban» əsərinin bir hissəsi, «Çitanjali» və «Köçəri quşlar» kitablarından götürülmüş mənsur şeirləri daxil edilmişdir. Tərcüməçilər Məmməd Rahim və Mikayıl Rzaquluzadədir.

VIII cild (Bakı - 1967, 272 səh). Bu cildə yazıçının Əkbər Ağayev və Həmid Qasımzadə tərəfindən tərcümə edilmiş «Xatirat» və «Rusiya haqqında məktublar» əsərləri daxil edilmişdir. (Məruzədə adı keçən bütün kitabların Bakıda üz qabığını çıxartdırıb Nyu-Dehlidə İndira Qandi Milli Mədəniyyət Mərkəzinin direktoru, prof. Mənsurə Haydara təqdim etdim)

Təəssüf ki, Rabindranat Taqorun yaradıcılığını çıxmaqla hind ədəbiyyatı barədə məlumatımız o qədər də çox deyildir. Əminliklə deyə bilərəm ki, bizim Hindistana səfərimiz ədəbi və mədəni əlaqələrimizin inkişafı yolunda uğurlu addım olacaq. Çünki bizim dövlətimiz, xüsusən də möhtərəm Prezidentimiz, cənab İlham Əliyev xarici ölkələrlə hərtərəfli əlaqələrə xüsusi önəm verir.

 

Qəzənfər Paşayev

filologiya elmləri doktoru, professor

 

Ədəbiyyat qəzeti.- 2012.- 7 dekabr.- S.1-3.