«Ədəbiyyat qəzeti»nin baş redaktoru Ayaz Vəfalıya

  

Hörmətli Ayaz müəllim!

Mətbuatda xəbər verildiyi kimi, noyabrın 29-30-u Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Hindistandakı səfirliyimizin və İndira Qandi Milli Mədəniyyət Mərkəzinin dəstəyi və yaxından iştirakı ilə Hindistanın paytaxtı Nyu-Dehli şəhərində, İndira Qandi Milli Mədəniyyət Mərkəzində dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunan Beynəlxalq konfrans və sərgi təşkil olundu.

Sərginin düzənlənməsində və konfransın keçirilməsində tanınmış mədəniyyət işçiləri, ədəbiyyatşünas alimlər, incəsənət ustaları iştirak edirdilər. Konfransın işinə və sərginin təşkilinə böyük önəm verildiyindən nazirlikdən Vaqif Bəhmənli, F.Babayev, Ə.Rəsulov, A.Cəfərov, xalq artistləri A.Zeynalov, M.Əyyubova, M.Müslümov, F.Dadaşov, Azərbaycan televiziyasından F.Nadir, operator F.Məstanov, xalçaçılıq muzeyindən R.Zeynalova, M.F.Axundzədə adına Milli Kitabxanadan X.İsmyılova, ədəbiyyatşünas alimlərdən AMEA-nın müxbir üzvü, prof. T.Kərimli, fil.f.d. S.Hacı və mən iştirak edirdik. Konfransın açılış mərasimində İndira Qandi Milli Mədəniyyət Mərkəzinin prezidenti Ç.R.Qarexan, ölkəmizin Hindistandakı səfiri İbrahim Hacıyev, nümayəndə heyətinin rəhbəri Vaqif Bəhmənli, İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin direktoru, prof. Mənsurə Haydar çıxış edərək ədəbi-mədəni əlaqələrimizin möhkəmlənməsindən məmnunluqlarını bildirdilər. Sonra Nizami Gəncəviyə həsr olunmuş sərginin açılışı oldu. İncəsənət ustalarımız sərgiyə baxış zamanı mahnıları ilə nəinki hindliləri, elə nümayəndə heyətinin üzvlərini də valeh etdilər. Günün ikinci yarısı konfrans öz işinə başladı. Konfransda 14 professor olmaqla 24 alimin məruzəsi dinlənildi. Müzakirələrdə çıxış edənlərin sayı daha çox idi. Nizami yaradıcılığı ilə bağlı çoxlu suallar verdilər. Bütün sualları Nizamişünas alimimiz Teymur Kərimli cavablandırdı. Konfrans zamanı məlum oldu ki, Hindistanda bütün universitetlərdə Nizaminin əlyazma nüsxələri vardır. Biləndə ki, Nizami universitetlərdə tədris olunur, qürur hissi duyduq. Oxucularda təsəvvür yaransın deyə hind alimlərinin məruzələrinin bəzisini burada qeyd etməyi münasib bildim.

Prof. Aynul Həsən: «Nizami Gəncəvi poeziyasının mahiyyəti və dəyəri»;

Prof. Nəsim Əhməd Şah: «Cammu və Kəşmir kitabxanalarında olan Nizami «Xəmsə»sinin əlyazmalarının dəyərləndirilməsi»;

Prof. S.M.Niyazmənd: «Kəşmirdə farsca məsnəvi yazanlara Nizaminin təsiri»;

Dr. Sayfulla Saifi: «Nizaminin Əliqarh və Cəmiyyə Milliyə kitabxanalarındakı əlyazmaları haqqında»;

Prof. Cəfəri: «Nizami Gəncəvinin Mövlanə Azad kitabxanasında yer alan əlyazmalarında Nizami sənəti və düşüncələri»;

Dr. Möhsin Əli: «FüzuliNizaminin «Leyli və Məcnun» əsərlərinin müqayisəli təhlili və tədqiqi».

Çox maraqla dinlənilən məruzələrdən biriprof. T.Kərimlinin «Nizami Gəncəvinin əsərlərində türk xarakteri» oldu. Konfransda məruzəsi olmayan, lakin çıxışları maraqla izləyən qocaman alim, prof. Muşirul Hasan T.Kərimlinin məruzəsindən sonra çıxış edərək şübhələrinə son qoyulduğunu, Nizaminin azərbaycanlı olduğunu kəşf etdiyini söylədi. Mənim rəhbərlik etdiyim bölmədə 7 professor məruzə etdi. Onları dinlədikcə ürəyim dağa dönürdü. Yekun çıxışımda dedim: “Hörmətli hind alimlərini dinlədikcə, onların Nizamiyə olan məhəbbətini dərindən duyduqca bir daha o qənaətə gəldim ki, Nizami kimi şairlər, Taqor kimi yazıçılar bir xalqa mənsub olmurlar. Onlar bəşəriyyətə məxsus olurlar.”

Mənim məruzəm «Azərbaycan və Hindistan ədəbi-mədəni əlaqələri» adlanırdı. Məruzədən sonra vaxtilə Leninqradda təhsil almış prof. Mənsurə Haydar dedi ki, mütləq Hindistan və Azərbaycan ədəbi-mədəni əlaqələrinə dair kitab yazacaq. Mövzu ilə bağlı rusca kitabları ona göndərməyimi xahiş etdi. Məmnuniyyətlə söz verdim ki, prof. Sara Aşurbəylinin «Azərbaycan-Hindistan iqtisadi və mədəni əlaqələri» adlı kitabını səfirliyimiz vasitəsi ilə ona çatdıracağam.

Xüsusi qeyd etmək istəyirəm ki, konfrans çox yüksək elmi səviyyədə keçdi. Konfransın bağlanma mərasimində Vaqif Bəhmənli çox bəyənilən, alqışlarla qarşılanan, həqiqətdən xəbər verən sözlər dedi: «Biz Hindistanı yaxşı tanıyır və qiymətləndiririk. İndi gördük ki, bu hisslər qarşılıqlı imiş. Hindistanda da bizi yaxşı tanıyır və sevirlər».

Mən konfransda Hindistanla bağlı Azərbaycanda yazılan kitablardan, 1929-cu ildən indiyə kimi Taqorun ölkəmizdə çap olunan kitablarından söz salaraq ədəbi əlaqələrin qarşılıqlı olanda daha çox bəhrələr verdiyini xüsusi vurğuladım. Hindistanda Azərbaycan dilini bilən olmadığını göz önünə gətirərək qeyd etdim ki, XX əsrin 70-ci illərindən səriştəli əcnəbi tərcüməçilərin köməyi ilə Azərbaycan ədəbiyyatı nümunələri xarici dillərdə, o cümlədən də ingilis dilində antologiyalar şəklində çap olunur. Siz həmin antologiyalardan istifadə ilə ürəyinizə yatan əsərləri ana dilinizə tərcümə edə bilərsiniz. Təklifim bəyənildi. Bu istiqamətdə də işin aparılacağı şübhəsiz öz bəhrəsini verəcək.

"Azərbaycan ədəbiyyatı antologiyası"nı (ingiliscə) onlara göndərməyi də mən öz boynuma götürdüm.

Həmin gün axşam səfirliyimiz ziyafət verdi. Hindistanlı qonaqlarxarici ölkələrin səfirləri diplomatik korpusun nümayəndələrinin də dəvət olunduğu ziyafətdə incəsənət ustaları hamını haldan-hala saldılar.

Gecədən xeyli keçənədək davam edən ziyafətdə türk səfiri xahiş etdi ki, «Ayrılıq» mahnısını oxusunlar. Mələkxanım Əyyubova və Azər Zeynalov mahnını elə həzin, elə məlahətlə oxudular ki, türk səfirinin həyat yoldaşı göz yaşlarını saxlaya bilmədi. Ertəsi gün bu əfsanəvi ölkənin möhtəşəm bir abidəsini - Tac Mahalı ziyarətə getdik.

Yol boyu şahidi olduq ki, Hindistandakı təsərrüfat mədəniyyətinə çox az ölkədə təsadüf edilir. Yəqin belə olmasa idi bir milyarddan artıq əhaliyə yemək çatdırmaq çətin olardı. Hindistanda çətinliklərimiz də oldu. Oradakı qədər acı bibərli yeməklərə olsa-olsa Pakistanda rast gəlmək olar.

Mən ABŞ, İngiltərə daxil olmaqla çox ölkələrdə elmi konfranslarda olmuşam. Nyu-Dehlidə Nizaminin 870 illiyinə həsr olunan konfrans kimi xoşməramlı, elmi səviyyəli konfransları çox az görmüşəm. Güman ki, bu, Nizami dühası ilə bağlı məsələdir.

Onu da deyim ki, mənim məruzəm konfransın materiallarına həsr olunmuş məcmuədə ingiliscə çap olundu. Güman edirəm ki, məruzə azərbaycanlı oxucular üçünmaraq kəsb edəcək. Odur ki, onu dərc etməyinizi xahiş edirəm.

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2012.- 7 dekabr.- S.2.