Cəmil Əlibəyov
- 85
Hörmətli Cəmil müəllim!
Sizi - tanınmış yazıçımızı 85 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Sizin imzanız ötən əsrin 50-ci illərindən oxucularımıza tanışdır. Yaradıcılığa publisist kimi başlamış, ən aktual mövzulu oçerk və məqalələrlə mətbuatda çıxış etmisiniz. Çox keçmədən "Sınaq" adlı romanınız ədəbi ictimaiyyətin ixtiyarına verilmiş, böyük maraqla qarşılanmışdır. Bu roman Azərbaycan komsomolu mükafatına layiq görülmüşdür. "Qayaların göz yaşı" povestinizin də taleyi uğurlu olmuşdur. Əsərdə Azərbaycan kəndinin müharibə dövründəki və müharibədən sonrakı həyatı real boyalarla təsvir olunur, maraqlı bitkin insan xarakterləri yaradılır. Sonralar "Özümü axtarıram", "Nigarın arzusu", "Mənim analı dünyam", "Dözümlü məhəbbət", "İlk məhəbbət", "Qış macərası", "Dünyanın o biri üzü", "Qızıl at və torpaq" ümumiyyətlə, otuzdan artıq kitabınız nəşr edilmişdir. "Mənim analı dünyam" trilogiyası, "Sınaq" romanınız, "Qayaların göz yaşı" povestiniz Moskvada, hekayələriniz Türkiyədə çapdan çıxmışdır.
Dramaturgiya sahəsində də qələminizi sınamısınız. Bir neçə pyesiniz səhnələşdirilmişdir. Ssenarilərinizin əsasında "Azərbaycanfilm" kinostudiyasında və "Ekran" Yaradıcılıq Birliyi sənədli filmlər çəkilmişdir.
Rəngarəng yaradıcılığınızda bədii tərcüməyə də yer ayırmısınız. Fransız yazıçısı Corc Sandın "İndiana" romanını, qırğız yazıçısı Çingiz Aytmatovun "İlk müəllim", "Ana tarla", "Ağ gəmi" povestlərini və başqa əsərləri rus dilindən tərcümə etmisiniz.
1944-cü ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, beşinci kursda tarix fakültəsinə keçmiş, ali təhsilinizi burada tamamlamısınız. Əmək fəaliyyətinə 1949-cu ildə "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi kimi başlamısınız. Artıq on ildən sonra bu qəzetin baş redaktoru idiniz. 1970-ci ildən bu vəzifədə çalışmış, sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində sədr müavini, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru olmusunuz. 1984-1988-ci illərdə Azərnəşrin baş redaktoru, 1988-1990-cı illərdə "Yazıçı" nəşriyyatının baş redaktoru vəzifələrində çalışmısınız. Sonralar "Vahid" qəzetinin baş redaktoru, "Elm və həyat" nəşriyyatının direktoru kimi fəaliyyət göstərmisiniz. Mədəniyyət sahəsindəki xidmətlərinizə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına, "Qırmızı Əmək Bayrağı" ordeninə, Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüsünüz.
Hörmətli Cəmil müəllim!
Sizi bir
daha yubileyiniz
münasibətilə təbrik edir, sizə
uzun ömür,
cansağlığı, yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2012.- 7
dekabr.- S.4.