Mənim həyatım - "Azərbaycan gəncləri"

 

“Zəmanələrlə üz-üzə” kitabından

 

Ayrı-ayrı məqamlarda "Azərbaycan gəncləri" qəzeti ilə bağlı olaylarıma rast gəlirsiniz. Bunu təbii hesab edin. Həmin qəzetdən ayrılıb gah radio işçisi, gah film istehsalçısı, gah naşir və yenidən respublikanın ən önəmli qəzetində çalışmalı olsam da, ömrümün gənclik dövrünü keçirdiyim, 22 il bu mətbuatda işlədiyim və məhz burada bədii aləmə qədəm qoyduğum, burada ailə qurduğum ev-eşik sahibi olduğuma görə də, bir də ona görə ki, məhz dövlətçiliyin, cəmiyyətin də hər işinə qarışmaq, əsl həyatı dərk etmək imkanı tapdığım üçün, sözün həqiqi mənasında, bu qəzet mənim bir çox dəyərlərimin, şüurlu həyatımın beşiyi olmuşdur.

Jurnalistikaya gəlişimdən on illər keçib, bədii yaradıcılıqla məşğul oluram. Rəğbətlə qarşılanan neçə dildə çap edilmiş romanların, povest, hekayə, dram əsərləri və film ssenarilərinin müəllifiyəm. Publisist kimi bu müddətdə respublikada çıxan dörd qəzetin - "Azərbaycan gəncləri", "Kommunist", "Novruz" və "Vahid" qəzetlərinin, dörd nəşriyyatın - "Azərnəşr", "Yazıçı", "Azərbaycan dünyası" və "Elm və həyat" nəşriyyatlarının baş redaktoru və direktoru işləmişəm.

"Azərbaycan gəncləri" öncüldür.

Əvvəlcə onu deyim ki, bizim nəslin əsas jurnalistika yaradıcılığı vahid ideologiya çağlarına təsadüf edib, o zamanın tələblərini indiki kimi plüralizmin püskürdüyü dövrə şamail etmək olmaz. Ancaq bir qayə yaradıcı adam üçün dəyişməz qalır: məxsus olduğun xalqın etik normalarını gözləmək, milli məsləkə qulluq etmək!

Demə, qəzet taleyim imiş.

Soruşula bilər: Qəzetə gəlişin kommunist ideologiyasına münasibətlə, atamı məhv etmiş, qardaşlarımı pərən-pərən salmış, var-dövlətimizi əlimizdən almış, bizi evimizdən belə çıxarmış dövlət rejimi ilə ziddiyyət təşkil etmirdlimi?

Bu, mürəkkəb sualdır. Mövcud cəmiyyətə müxtəlif qütbdə dayanmayıb, cəmiyyətin həyatında bütün varlığımla, bütün bilik və bacarığımla çalışmaq əzmimə görə anam Ziba xanıma minnətdaram. Bizi evimizdən çıxardanda - bu, son dərəcə gərgin anda anam belə bir söz dedi: "Şura hökuməti atana, mənə düşməndir, amma sizin hökumətinizdir". Bu, mənim məsləkimə, əqidəmə çevrildi. Cəmiyyətdə bərabərlik, haqq-ədalət yaratmağa çağırış get-gedə məni o ideologiyanın ən fəal təbliğatçılarından birinə çevrildi. Mən nəinki komsomol qəzetinin əməkdaşı, hətta Azərbaycan Komsomolu Mərkəzi Komitəsi bürosunun üzvü kimi, səmimiyyətlə fəaliyyət göstərdim, bu ideologiyanı yayan qəzetin on iki il redaktoru oldum, yüzlərcə məqalə yazdım, respublika komsomolunun tarixinin yazılmasının təşəbbüsçüsü, redaktoru və müəlliflərindən biri oldum, digər nəzəri-elmi kitablar da nəşr etdirdim. Moskva, Helsinki, Vyana, Sofiya ümumdünya gənclər festivallarında ideoloji debatlarda iştirak etdim… Sosializmin humanist qayəsini əyani faktlarla əcnəbi idioloqlara sübut etməyə çalışdım.

Başqa bir sual: Bolşeviklərin milyonlarla günahsız adama, biri də elə atanıza qarşı qanlı əməllərinə necə baxırdınız?

Məncə, içində yaşamalı olduğun cəmiyyətə düşmən mövqeyində olmaqdansa, gizli və ya açıq siyasi boşboğazlıq etməkdənsə, yaranmış imkanlardan istifadə edib xalqın bir işinin qulpundan yapışaraq onu bacardığın qədər irəli aparmaq imkanından istifadə daha seçimli yoldur. İndi də belə hesab edirəm. Sonradan bədii yaradıcılığa başlayanda da bu qayə - xalqa gərək olan iş aparmaq bütün yazılarımın ana xətti oldu. Əlbəttə, qəzetdəki cəsarətli çıxışlara görə başımı sığallamırdılar. O dövrün jurnalistləri, yazıçıları buna şahiddirlər. Ancaq başqa cür edə bilməzdim - balıq tutmaq istəyən çırmanıb suya girməlidir, kor olacağından ehtiyatlanıb el üçün ağlamamaq olmazdı.

Jurnalistika, üstəlik, həm də mənim məhəbbətim olub. Ailə taleyimdən mənunluğum da bir çox cəhətdən onunla bağlıdır. Gələcək həyat yoldaşımla - Təkbir xanımla - o da jurnalist ixtisası almışdı, "Gənclər"də tanış olmuşdum.

Və bunları da əlavə edim: jurnalist olduğuma görə mənə heç kəsin qapısında boyun bükmədiyim halda, bunun üçün əlləşib-vuruşmadığım halda çağırıb ev verdilər və yazıçılığa qədəmlərim də publisistikadan başladı - qəzet mənim üçün ən geniş-əngin aləmə uçuş meydanı oldu. Dörd qitəni gəzə bildim.

Sual oluna bilər: Sonradan yazıçılıq buna qısqanmadı ki?

Əlbəttə, bir ömürdə - iki həyat yaşamaq çətindir. Jurnalistliyə də, yazıçılığa da… yarı ömür vermək düz olmazdı. Ancaq belə jurnalistlər, yazıçılarımız da az deyil. Mən də bunların ikisini pis-yaxşı uzun çəkən ömrümə sığışdırmalı olmuşam. Gecələrimi yazıçılığa, gündüzlərimi jurnalistliyə həsr etmişəm. Mənim yazıçılığım - jurnalistikanın övladıdır. Əslində bunlar qan qardaşıdır, bir ananın südü ilə qidalanıblar. Biri olmasaydı, o birisi doğulub yaşamazdı mənim aləmimdə.

Hər iki peşənin məqsədi birdir - həyatın sirlərini iti gözlə görüb "əqil süzgəci"ndən keçirərək ürəkdə mayalandırıb, xalqı ondan agah eləmək, düz və əyri yollarda xeyir və şərin mənasını açıqlamaq və insanları düz yola çağırmaq… Qəzetçi bu işi operativ informasiyalar və analitik yazılarla görür, yazıçı isə daha dərin qatlara enir, demək istədiklərini insan və təbiət obrazlarına çevirir, gerçək həyatın bir parçası edib oxucuların təkcə zəkasına deyil, duyğularına - qəlbinə hopdurur.

Hansına üstünlük verirəm - jurnalistliyə və ya yazıcılığa?

Əgər jurnalist olmasaydım, dünyaya gəlişimdən peşman olardım. Jurnalistika ali söz məqamına - ədəbiyyata gedən yolda bələdçilik edərək, məni elə imkanlı edib ki, anamın borcunu ödəməyə səy göstərmişəm… "Mənim analı dünyam" trilogiyasını yazmışam. Anamın əhliyyətindən azca da olsa çıxa bilmişəm.

Belə bir sual da ortaya çıxa bilər: Bəs vətən borcu? İnsanın öncə vətən borcu var. Jurnalist kimi bu illər həmin borcu ödəmək imkanı qazanmışammı? Və qəzetlərin min-min nüsxəsi buna dəlalət edirmi?

Anam olmasa, - heç vətənim də olmazdı. Və daha sərrast demək istəsək, ana məhəbbəti vətəndaşlıq sevgisinin mayasıdır, inanıram ki, anasını sevməyən vətəninin həqiqi mənada vurğunu olsun. Bir misal çəkmək istərdim: Moskva nəşriyyatı "Mənim analı dünyam" trilogiyasını tərcümə etdirib çapa verəndə, məni çağırtdırdı. Onu deyim ki, trilogiya - "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanları ayrı-ayrılıqda çap olundu, sonra 90-cı ildə "Sovetskiy pisatel" nəşriyyatında bir cild də işıq üzü gördü. Moskvada kitabın redaktoru mənə belə bir sual verdi: "Sizin Ana obrazınız rus ədəbiyyatında yoxdur. Necə olub ki, siz belə bir ana yarada bilmisiniz?" Dedim: "Mənim anamın bənzəri də heç dünyada yoxdur. Azərbaycan anaları belə olur".

Bilirsiniz, mən jurnalistika ilə yazıçılığı qarşı-qarşıya qoya bilmərəm. Bunlar hər məqamda mənim həyatımda əkiz olub və ikisi də həyatımın, heç nə ilə qoparıla bilməyən qoşa qanadıdır.

Başqa bir sual: Xeyirxahlığı - həyatımın ən qiymətli dəyəri hesab edirəmmi? Qəzetdə işlədiyim dövrdə çoxlarının "əlimdən su içdiyini" demələri buna şahidlikdir. Gənclər məndən həmişə xeyirxahlıq görüblər, şərdən uzaq olmuşam.

Özümə gəldikdə, belə hesab edirəm ki, jurnalistikanın, yazıçılığın məramı ancaq xeyirxahlıq olmalıdır, görünür mən yaradıcılıq sənətimi, irsimizə sədaqəti müəyyən dərəcədə qorumağa çalışmışam.

"Dünyanın o biri ucu" romanı əsərin qəhrəmanı haqda belə cümlələrlə başlayır: "Kədər üz verəndə o özünü daha gümrah saxlamağa çalışırdı. Kədərlə həmdəm olmurdu, isinişmirdi, tərkidünyalıq ona yabançı idi… ən ümdəsi isə öz aqibətinin ürəyincə-diləyincə olacağına qəti inamı vardı. Həmişə belə olmuşdu". Bu - mən idim.

"Azərbaycan gəncləri qəzetində bu gün böyük bir nəsil yaradıcı adamların, yeri gəldikcə, mediada, mötəbər yığıncaqlarda minnətdarlığı və onların talelərində qəzetin və mənim adımın çəkilməsini xoş qismət hesab edirəm.

Bu qəzeti yaradıcı adam kimi izləyən, ancaq ən "xatalı" şeirləri orada çap olunmamış Bəxtiyar Vahabzadə kimi şanlı klassikin onu "islahatçı qəzet" mövqeyindən qiymətləndirən, xalq şairi Nəbi Xəzrinin "bizim kişi arxamız", Qabilin "xalqın ürək sözlərini, xalqa məxsus cəsarətlə deməkdən çəkinəmyən", Məmməd İsmayıl kimi, qəzeti gəncliyin yaradıcılıq beşiyi adlandıranlar da az deyil.

Mən həmin qəzetdə işlədiyim dövrün əksər jurnalistlərini ürəkdən dost adlandırmağa və bu günə kimi onların xoş sifətlərini tez-tez xatirimə gətirib, bununla tənhalıq sıxıntılarımı dəf etdiyimə görə bir daha onlara minnətdarlığımı bildirirəm. İlahi, necə seçmə insanlar cəm olmuşdu bu redaksiyada. Redaktorlarımız Böyükağa Həsənov, İdris Qasımov, Mirpaşa Miriyev… hər birindən nəinki qəzetçiliyin və qəzetçinin necə olmağı dərsi almışıq, bunlar həm də həyat dərsi fənnindən bizlərə müəllimlik etmiş, mənəvi ata olmuşlar. Camal Qaryağdı, Rauf İsmayılov, Zeynal Babayev, Cəmşid Əmirov, Kamil Bəktaşi, Yusif Mehdizadə heç bir mükafat, heç bir vəzifə irəliləyişi gözləmədən qəzetdə necə fəhləlik - əlahəzrət fəhləliyi edirdilər. Qasım Qasımzadə, Novruz Gəncəli, Nəriman Həsənzadə, Bəkir Nəbiyev, Tofiq Mütəllibov cavan şairlərə necə zəmanətlə arxa olub, ilk şeirlərini qəzet səhifələrinə çıxarmaqla qayğılandıqlarını, indikilərlə müqayisə etdiklə, belə bir ustad-şəyird münasibətinin olduğuna inanmağım gəlmir.

Zaur Zamanovu Azərbaycanda idman jurnalistikasının pionerlərindən hesab edirəm. "Gənclər"də işlədiyi zaman yazıları ilə həvəsləndirib, müdafiə edib, tanıtdığı adamların indinin özündə də bu mədəniyyət sahəsinin liderləri arasında olmasını alqışlamaqda haqlıyıq!

Türklərin çox da xoşlamadığım bir ifadəsini - bacıya "kız kardaş" deməsini Sona xanım Bəhrəli qızına (Bağırovaya) necə şamil etməyəsən! Sona nəinki "Azərbaycan gəncləri"nə gəlməsiylə bizə "ağbirçəklik" etdi, haqlı olaraq hər jurnalistə qismət olmayan üç fəxri ad qazanıb dünyamızdan köçdü. Hamılıqla dedik ki, "bizim bircə Sonamız var", hamılıqla dedik ki, o, xalqın binəsib övladları üçün "Tereza ana" səviyyəsinə yüksəldi, hamılıqla təsdiklədik ki, sovet, erməni xəyanətkarlarının güllələrinə məhəl qoymadan ilk dəfə o, mənəvi və atəşli döyüş istehkamlarına atıldı. Və "Jurnalist  Sona Bağırova" mükafatı şərəfli adı ilə neçələrini öz peşə mücahidliyinə sövq etdirən "kız qardaşımız" - mənə ömrünün son günlərinədək bacılıq etdi. Sədaqətli qızları: Sevinc, Sevda, Tamila irsi bir xeyirxahlıq kimi bu mehribançılığı davam etdirirlər. Uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə başçılıq edən Hacı Hacıyevlə dostluğumuz yarım əsrlik tarixi çoxdan adlayıb. İsti, etibarlı, ürəyə dayaq olan dostluğumuz isə yaşayır öz gözəllikləri ilə! Hacının "Azərbaycan gəncləri"nə gəlişi ilə Bakıda yaşadığım neçə il ərzində Novruz bayramlarında göz yaşı axıtmağıma son qoyuldu. Hər il Novruzda kirayənişin yaşadığım rus "babuşka"sının evində tək-tənha oturub kənddəki günləri xatırlayaraq qəmə-kədərə batırdım. Hacı tanışlığımızın birinci ili məni evlərinə apardı. Çəmbərəkənddəki bizim kənd evlərinə oxşayan evləri də, atası, anası da, hətta ipə-sapa yatmayan, qılıqsız, dərrakəli qardaşı Ariflə (sonradan akademik səviyyəsinə yüksəldi) mənə çox doğma gəldi - sadə, mehriban, evdə qonaq olub-olmamasını sezdirməyən, sıxıntı çəkməkdən məni qoruyan ailə, ta özüm ailə quranacan Novruz bayramının fərəhini yaşatdı mənə. Hacı evin xanımını itirənədək Novruz ərəfəsində Elmira xanımın bayram biş-düşündən bağlamayla bizə gələcəkdi, dəmir pilləkənləri (yaşı yetmişi keçmişdi) təngnəfəs qalxacaq və oturub keçən günləri xatırlayacaydıq.

Hər dəfə başqa bir ailəvi dostumuzu - Kamil Məmmədovu və Züleyxa xanımı xatırlayırıq. Axı onların şəhərin mərkəzindəki evi dostların "Jurnalist klubu" idi. Asudə vaxtlarımızı bu mehriban, şən ailə mühitində keçirirdik. Bu evə o qədər ərkimiz çatırdı ki… Züleyxa radioda diktor işləyirdi. (Səksən yaşını keçəndən sonra, özü də qızı Rəna da orada çalışır. Nə yaxşı). Axşamlar özu evdə olmayanda xörəyimizi bişirib hazır qoyurdu. Biz naxələflər də "özünəxidmətdən" hirslənib, toyuğun soyutmasını yeyirdik, skletini torbadan asırdıq və altında hər dəfə bir zarafat cümləsi yazırdıq: "Toyuq da ev sahibəsi kimi uçdu getdi…"

Əfqan indi nüfuz sahibi olan: "İqtisadiyyat" qəzetinin redaktorudur. Qəzetə "qədəm basandan" on illər ərzində Əfqanın varlığına vəhy olunmuş yaradıcılıq mayası onu necə polad siqlətli sahələrdə sınaqdan keçird: şirin oçerklər, acı felyetonlar, kino ssenari, romanlar…

Şamil Fərzəliyev sıramızdan tez getsə də, ürəyimizdə yaşayır. Qaraqabaq, son dərəcə təvazökar cavan oğlan tez bir zamanda bütün Azərbaycanı, yolundan-irzindən sarpmış, azğınlaşmış və xalqın adına ləkə olan nadürüst adamlara istehzalı gülüşü - felyetonları ilə gülürdü. Moskvada təhsil aldı, Mərkəzi Komitədə işlədi və "Azərbaycan gəncləri"nin redaktoru oldu. Ən xoş anlarımın unudulmaz görüntüləri bizim ailəvi dostluğumuzun şirinliyi ilə yadda qaldı. Mürşüd Dadaşov "Azərbaycan gəncləri"nə "Rəndə" gətirdi və bu iti qələmli jurnalist mənim neçə bədii yazımın müsbət obrazına çevrildi və ona minnətdarlığım, xüsusən ailə yaxınlığımıza qənimət saydığım qardaşı Ərşadla tanışlıq-dostluğumla bağlıdır. Məndən sonra Qəşəm Aslanovun redaktorluğu uzun çəkməsə də, rəhbər partiya işində çalışarkən bizlərin bir çox nəşəli, xeyirli günlərimizin təşkilatçısı oldu. Yazıq ki, amansız ölüm onu sıralarımızdan çox tez ayırdı.

Yazıçı-jurnalist Yusif Kərimov, nəinki uzun müddət əsası əllinci illərdən qoyulmuş, sözün həqiqi mənasında, xalq qəzeti funksiyasını yerinə yetirən təzə "Gəncləri" zəmanələrin fırtınalarından çox məharətlə qorudu.

"Azərbaycan gəncləri" qəzetində çap edilmiş son yazımı - yubiley müsahibəmi kitaba salmağa lüzum gördüm.

"Çox müəllif qazanmağın, oxucu cəlb etməyin başlıca amili qəzetin hər nömrəsinin maraqlı çıxması idi. Gənc qurucuların əməklərini qiymətləndirməyi, istedadı olanlara qol-qanad verməyi, onların sevimlisi, dostu, köməkçisi olmağı "Azərbaycan gəncləri" özünün əsas amalı, borcu hesab edirdi.

1956-70-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşam. Müharibə dövrü kolxozda işlədiyim üç il istisna edilərsə, həyat fəaliyyətimə burada siftə etmişəm. Əslində 70-i haqlayan ömrüm həmin zaman çərçivəsində (22 ilə) saxlansaydı, bununla tam qane olardım. O, proloqsuz, epiloqsuz ömür idi, əsl ömür. Burada işəlyə-işləyə ali təhsil diplomu almışam; burada gənc jurnalist həmkarımla ailə qurmuşam; burada nəşriyyat mənə mənzil verib; burada cəsarətə gəlib yazıçılar aləminin qapısını açmışam; dörd qitəyə səfərlərim bura ilə bağlıdır; ən yaxşı dostlarımı da burada tapmışam. Bir sözlə, "Gənclər" mənim əzəli və əbədi istəklimdir, üstəlik məslək varisliyim...

Bəs jurnalist müəllimim kim olub? Ən əvvəl redaksiyada qəzetin ötən nömrələrinin təhlili verilən "letuçkalar". Burada əsas məsələ həyat və qəzetin bu günü, sənətkarlıq ölçüsü ortaya qoyulardı. Bir böyük dərsi məlum səbəb üzündən buraxmağımın ağrısını indi də çəkirəm: Klassik juranlistlik irsimizdən uzun müddət demək olar ki, xəbərsiz olmuşam. Əldə etdiyim "Füyuzat" jurnalının komplektini gecə yarısı oxuyurdum ki, görən olmasın. Axı o, ədəbiyyatlar qadağan idi.

Həmin dövr qəzetinin yaradıcılarının çoxu sonralar qəzet redaktoru oldu.

Şairlərimiz iki cəbhədə işləyirdilər. Nəriman Həsənzadə növbətçi olanda, arada vaxt tapıb "Nəriman" poemasını yazardı. Novruzla Tofiq isə redaksiyada fikirləşib evdə şeir yazardılar, bizim qəzetə verməzdilər ki, şeir selinin qabağında duruş gətirsinlər. Şair Fikrət Qoca redaksiyanın ərköyün övladı kimi sevilirdi. Bizim kollektivimizi "tarixə salan" fotoqraf Katiyasız, Üzeyirsiz xeyrimiz-şərimiz olmazdı.

"Azərbaycan gəncləri"ni, ötən on illər dövrünü xatırlayarkən, qəzetin əməkdaşı olmayan, lakin onun rəğbət və nüfuz qazanmasında müstəsna əməyi olan ziyalılar xoş hisslərlə anılırlar. Azərbaycan Dövlət Universitetinin müəllimləri Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, yazıçılar: Süleyman Rəhimov, Mehdi Hüseyn, Əli Vəliyev, İlyas Əfəndiyev, Mir Cəlal, Əli Əsgərov, Bayram Bayramov, Qasım Qasımzadə, Novruz Gəncəli, Nəbi Xəzri, Emin Mahmudov, Əkrəm Əylisli, Fikrət Qoca, Məsud Əlioğlu, Təhsin Mütəllibov, Qulu Xəlilov, Kələntər Kələntərli, Vasif Nəsiboğlu, Azad Nəbiyev, Sabir Əmirov, Yasif Nəsirli, Şamil Əsgərov, Məmməd Aslan, Yalçın Əlizadə, Vəli və Tahir Məmmədovlar, Məmməd İsmayıl, Məmməd Kazım, Məmməd Oruc, Məmmədəli Əsgərov, Xalid Əlimirzəyev, Xəlil Rza, Hikmət Ziya və inşaatçı alim Telman Əliyev, Vaqif Nəsib, onlarla başqaları, musiqi xadimləri: maestro Niyazi, bəstəkar Əfrasiyab Bədəlbəyli isə redaksiya kollegiyasının üzvləri idilər, musiqişünas Firidun Şuşinski qəzetə muğam tariximizi gətirdi, filosof Ziyəddin Göyüşov, iqtisadçı-alimər: Tofiq Quliyev, Müzəffər İmanov, tarixçi Məcid Katibli, Mirəli Seyidov, komsomol işçiləri Əbülfəz Əsgərov, Elmir Şərifov, Nazim Novruzov, onlarca başqaları həmin dövrdə qəzetin dayağı olmuşdular.

Bu siyahıda onu da əlavə etməliyəm ki, məhz qəzetçi kimi həyatın içində olmağım, zamanın qayğıları ilə yaşamağım - ədəbi yaradıcılığımı canlı hadisələr və xarakterik obrazlarla mayalandırdı. "Sınaq" romanı Sibir neftini kəşf edənlərdən, "Özümü axtarıram" dövrün, insanların həyatına gətirdiyi haqsızlıqlardan, "Qış macərası" insani qədirdanlığa xəyanətdən - olmuş hadisələr əsasında yazılmışdır.

Bu ağır, ancaq mənim üçün ilk məhəbbət kimi unudulmaz olayları lirik ricətlə bitirmək istərdim.

Redaktorum Mirpaşa müəllim axşam - qəzetin buraxılmasına qol çəkmək üçün mətbəəyə gəlmək istəməyəndə (onda ədəbi işçi idim) deyərdi: Cəmil, axşam qızla gəzintiyə çıxanda, yolunu mətbəədən salarsan, qəzetimizə qol çəkərsən. Başa düşdüm ki, gecə saat 12-də qızla gəzməyə çıxmadığımı yaxşı bilir, ancaq… qıza görüş boyun olmağım naminə gedib qəzetə qol çəkərəm. Amma onu da bilirdi ki, qəzet mənim üçün qıza olan sevgidən üstündür. Hətta qəzetə qol çəkib, gecə saat 3-də evə gələndə də, gözümə yuxu getmirdi. Qətran qoxusu çəkilməmiş qəzeti stolun üstündə qrafinə söykəyir, kirpiklərim qapanana qədər baxışlarımı ondan çəkmirdim. Redaksiyada bundan xəbərdar idilər ki, sevdiyim qız vədələşdiyimizə riayət edərək, gəlib redaksiyanın yanında gözləyirdi. Xeyli sonra çıxıb ondan üzr istəyir və deyirdim: "Zəhmət olmasa, trolleybusa min get evinizə. Qəzet gözləyə bilməz".

O dövrün "Azərbaycan gəncləri" qəzetini təkcə mən yox, çoxları həyatın mənası hesab edirdi. Sevgi vermədən, sevgi almaq, oxucu məhəbbəti qazanmaq mümkün olmazdı. Bizim həyatımızın mayası bu idi.

Ədəbi tarixə düşmüş "Gənc qələmlər" birliyi mənim təşəbbüsümlə komsomolun və Yazıçılar İttifaqının rəyi ilə yaranmışdı. Çox sonralar Sabir Rüstəmxanlı "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "Yazıçının ana dünyası" məqaləsində "Gənc qələmlər" məclisini belə səciyyələndirmişdir: "Azərbaycan gəncləri" qəzetinin köhnə binasında redaktorun iri otağını xatırlayıram. Buraya "Gənc qələmlər" birliyinin üzvləri toplanmışdılar. Biz də - universitetin ilk kurs tələbləri də məclisə gedərdik. Hələ danışmazdıq, şeir oxumazdıq, qulaq asardıq. Çıxışların içində o vaxt çox zəhmli görünən (indi düşünürəm ki, o vaxt onun 35-36 yaşı var imiş, amma bizə ağsaqqal kimi görünürdü) Cəmil Əlibəyovun söhbəti həmişə öz canlılığı, yapışıqlığı və ən başlıcası, səmimiyyəti, qayğıkeşliyi ilə seçilirdi. Elə bu qayğının nəticəsidir ki, 60-cı illərdə "Azərbaycan gəncləri" qəzeti bir sıra istedadlı gənc şair və yazıçının start meydanına çevrildi. İndi ədəbiyyatda onların öz möhkəm mövqeləri var. Adları respublikamızdan kənarda bəllidir… Radionun və televiziyanın indi məşhur olan neçə-neçə verilişi, nə qədər yaxşı ənənəsi bu qayğıdan doğulub…

Hekayəti bununla da bitirmək istəyirəm.

 

Ədəbiyyat qəzeti.- 2012.- 7 dekabr.- S.4