Əkrəm
Əylisli - 75
Hörmətli qələm dostumuz Əkrəm Əylisli!
Sizi - görkəmli nasir, tərcüməçi, publisist və dramaturqu anadan olmanızın 75 illiyi münasibətilə ürəkdən təbrik edirik.
Siz bədii yaradıcılığa şeirlə başlamısınız. İlk mətbu hekayəniz "Qəşəm və onun kürəkəni", ilk kitabınız "Gilas ağacı"dır. 60-cı illərdə ədəbiyyata gələn gənclər sırasında şairanə dilinizlə, öz dəst-xəttinizlə seçildiniz. "Gilas ağacı" az bir zamanda oxucuların rəğbətini qazandı. Əldən-ələ keçdi. "Dağlara çən düşəndə", "Atalılar və atasızlar", "Mənim nəğməkar bibim", "Adamlar və ağaclar", "Kür qırağının meşələri", "Gilənar çiçəyinin dedikləri" və s. kitabların müəllifisiniz. Son illərdə seçilmiş əsərlərinizin ayrı-ayrı nəşrləri işıq üzü görmüşdür. Bu kitablarda toplanan hekayə və povestlərdə müasir insan - onun arzu və istəkləri, tərəddüd və şübhələri, ümidi və inamı tərənnüm olunub. Bədii təsvir vasitələrinin zənginliyi bu əsərlərin sənətkar qələmindən çıxdığını göstərir.
Siz tərcümə ilə də məşğul olmusunuz. Çingiz Aytmatovun "Əlvida, Gülsarı", Qabriel Qarsiya Markesin "Bir qətlin tarixçəsi" əsərlərini məharətlə dilimizə çevirmisiniz. "Quşu uçan budaqlar", "Mənim nəğməkar bibim", "Bağdada putyovka var", "Vəzifə", "Anamın pasportu", "Ata mülkü" və s. pyesləriniz Bakı, Naxçıvan, Gəncə dram teatrlarında tamaşaya qoyulmuşdur.
Əmək fəaliyyətinə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib "Azərnəşr"də tərcümə redaksiyasının redaktoru vəzifəsilə başlamısınız. Sonra "Gənclik" nəşriyyatında baş redaktoru, bir müddət Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor, sonra "Azərbaycan" jurnalında baş redaktor, "Yazıçı" nəşriyyatının direktor işləmisiniz. İşlədiyiniz bütün yerlərdə həmişə gənc ədəbi qüvvələrə qayğı göstərmisiniz.
Ədəbiyyatımızın inkişafı uğrunda qüvvənizi əsirgəmədən can yandırmısınız. Ədəbiyyat sahəsində xidmətlərinizə görə sovetlər dönəmində Komsomol mükafatı laureatı və əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüsünüz.
Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra siz xidmətlərinizə görə "Şərəf" nişanı, "Şöhrət" ordeni və "İstiqlal" ordeni ilə təltif olunmuş, 2005-ci ildə Azərbaycan Milli Məclisinə üzv seçilmisiniz. Azərbaycan xalq yazıçısı fəxri adına layiq görülmüsünüz. Fərdi Prezident təqaüdçüsüsünüz.
Hörmətli qələm dostumuz Əkrəm Əylisli!
Sizi anadan
olmanızın 75 illiyi münasibətilə
bir daha ürəkdən
təbrik edir, sizə
cansağlığı, uzun ömür, yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2012.- 7
dekabr.- S.5.