Əkrəm
Əylisliyə
Əzizim Əkrəm! Köhnə dostum, təzə "düşmənim" Əki bala!
Sənin 50 illiyini ürəkdən
təbrik edirəm. Bilirəm, əlli yox, 60 yaşın tamam olur. Ulu Tanrıdan diləyirəm
ki, 70, 80, 90 yaşına
çatasan və qismətim olsa, ömür möhlət versə, o yubileylərini də görüm. Amma bu gün
50 yaşından söz
açarkən on il əvvəlki günlərə qayıtmaq
istəyirəm, sənin
yarıməsrlik yubileyini
birlikdə, dostluq, səmimiyyət və fərəh içində
keçirdiyimizi, səni
televiziya ekranından təbrik etdiyimi xatırlayıram. Xəyalən o ilə və daha öncəki illərə dönürəm.
Bir də ona görə ki, sovet rejiminin
bəxtimizə və
vaxtımıza düşən
çətin dövrləri
- ömrümüzün bəlkə
də ən gözəl çağı
idi, əlbəttə,
şəraitə, mühitə,
yaşadığımız cəmiyyətin xüsusiyyətlərinə
görə yox, ona görə ki, cavan idik,
gənclik, ümidlərimiz
bol, xəyal qırıqlığımız az idi, inandıqlarımız
da hələ kasadlaşmamışdı. Təbii ki,
o rejimlə, o quruluşla
barışa bilməzdik
və barışmırdıq.
Təbbi
ki, məhdud imkanlarımız daxilində
barışmadıqlarımızla mübarizə aparırdıq.
Əsl ədəbiyyat
uğrunda, ədəbi
dəyərlər uğrunda,
yəni həqiqət
uğrunda, mənəviyyat
uğrunda mübarizə
aparırdıq - deməli,
doğrudan da rəsmi ideologiyaya, sosializm realizmi deyilən əcaib-qəraib
bir anlayışa qarşı müxalifətdə
idik, son nəticədə
bizi "antisovet" damğasıyla çuğullayanlar
əsla yanılmırdılar.
İndi
o çuğulların mənəvi
varisləri başqa adla yenə həmin işi görməkdədirlər - yəni
o çətin illərin
ədəbi mübarizəsini
və bu mübarizənin ədəbi
mətnlərdə həkk
olunmuş bəlirlərini,
izlərini yaddaşlardan
büsbütün silib
atmağa cəhd edirlər. "Dünən heç nə olmayıb. Hər şey bizdən başlayıb" fikrini beyinlərə pərçim
etmək istəyirlər.
"Heç kəs yoxdur, heç kəs olmayıb. Biz varıq "yalanını
şüurlara yeritmək
istəyirlər. Necə deyərlər,
"At öləndə itin
bayramıdır".
Bu günün senzorsuz
qəzet pəhləvanlarının
o dövrdə hər
dürüst sözə,
hər cəsarətli
fikrə qarşı necə həmlələr,
hücumlar, danoslar olduğundan xəbərləri
varmı?
Sənin "Azərbaycan"da, Yusifin
"Ulduz"da, mənim
"Qobustan"da nələr
çəkdiyimizi, hansı
müqavimətlərlə qarşılaşdığımızı təsəvvür etməyə
qabildilərmi? "Azərbaycan"
- ədəbiyyatımızın əsas ağırlığını
daşıyan jurnal idi, onun səhifələrində
çap olunmaq istəyən nüfuzlu və nüfuzsuz qrafomanların sayı da çox, mövqeləri də daha mötəbər idi, yazıları qaytarılmış cızma-qaraçıların
"qaraçılığı" da daha hay-küylüdü.
Odur ki, sənin mübarizən, Əkrəm,
daha ağır, daha üzücü idi. Bunu etiraf etmək
vicdan və tarix borcumuzdur. Bu mübarizələrdə sənin "Azərbaycan"ını
da, nəsrini, dramaturgiyanı da həm yazılı, həm şifahi şəkildə, həm Moskva, həm Bakı mətbuatında həmişə təbliğ
və lazım gələndə müdafiə
etmişəm. Güman edirəm
ki, indiki yaddaşsızlıq dövründə
hər halda bunları xatırlayan tək-tüklər tapılır.
Tapılmasa da, nə qəm. Deyir "Balığı at dəryaya,
balıq bilməsə
də xalıq bilər". Xalıqa, Allaha, Tanrıya sözdə yox, ürəkdə inananların
isə insafı olmalıdır. Axı bu da çoxdan məlumdur ki, "insaf-dinin yarısıdır".
Yuxusuz gecələrimdə, gündüzlərimin
macalsızlığında tez-tez o illəri, günləri anıram: Vaqif küçəsində
(məhz küçədə)
ilk tanışlığımızı,
sonra elə həmin küçədəki
mənzillərimizi - sənin
və mənim mənzillərimizi. İkimizin də
mənzillərimizin qapıları
gündüzün və
gecənin hər saatında bir-birimizin üzünə açıq
idi. Yadındadır, bir gecə
- saat ikiydimi, üçiydimi - qapımızı
döydün. Şəhərin hansı parkından, bağındansa bir ağacın iri budağını qoparıb
gətirmişdin. "Bu şəhərdə mənim
yeganə dostum bir sənsən, bir də bu
ağacdır", - dedin.
Bu sözləri unutmamışam. Mən
də: - Bəs dostunun budağını niyə qoparmısan? - dedim.
Bu yaxınlarda həmin
epizodu sən də xatırladın. "Anarın evinə yaşıllıq, həyat
gətirmək istəyirdim"
- deyə yozdun və yazdın. Mənim evimin nə əlavə həyata ehtiyacı var, nə də hərfi ya məcazi
mənada yaşıllığa.
Bu şikəst olmuş ağacın budağı mənə yalnız sənin o vaxtkı səmimi (hər halda mənə elə gəlirdi) münasibətinin
rəmzi kimi qiymətlidir.
İndi, maşallah, təzə dostların, yan-yörəndə
hərlənənlər çoxdur,
necə deyərlər,
Allah artıq eləsin. Amma inanmıram
ki, özlərini sənə yaxın bilənlərin hər hansı birinin evinə gecə saat üçdə qoparılmış budaq gətirəsən və
o vaxt mənə dediyin sözləri də kiməsə söyləyəsən. Bu - bizimdir, sənin və mənim, yaşanılmış və
o vaxt həqiqiliyinə
inandığımız dostluğumuzun
rəmzi, başqalarına
qəribə, əcaib
görünə biləcək
təzahürüdür.
Bakıda,
Zuğulbada, Moskvada, Leninqradda, Naxçıvanda,
Ordubadda, Batabatda, Nehrəmdə, Əylisdə,
Göyçayda, İsmayıllıda,
Mövludgilin kəndində
keçirdiyimiz xoş
günlər, məzəli
məqamlarla, mübahisələrlə
dopdolu saatlar - bizimdir. Hər halda - mənimdir,
mənimçün əzizdir,
unudulmazdır, əlimdən,
yaddaşımdan, ömrümdən
alınmazdır. Və
məhz bu - ötən illərdəki
ünsiyyətimiz, çox
az adama ürək açmaq mümkün olduğu qorxulu dövranlarda məhrəm söhbətlərimiz,
hər təzə yazıvı ilk dəfə
mənə oxumağın,
hər yeni yazımı ilk dəfə
sənə oxumağım,
kəsdiyimiz duz-çörək,
bəli, məhz bütün bunlar - sonrakı illərdə mənə qarşı hücumlarına, atmacalarına
bir dəfə, bircə dəfə belə cavab verməməyimin yeganə
səbəbidir.
Özümə söz vermişdim
ki, bu "yubiley yazısında"
heç bir ümu-küsüyə yer
verməyim, amma qələmimdən qeyri-ixtiyari
süzülən bu
"gileyi" də pozmayacam - çünki bu da həqiqətdir,
acıdan-acı gerçəklikdir.
Əlbəttə, yubiley günlərində yazıçının əsərlərindən, ədəbi xidmətlərindən danışarlar. Mən həmin bu işi yubileysiz günlərdə çox etmişəm - Moskva və Bakıda çap etdirdiyim məqalələrdə, esselərdə, təqdimatlarda. Özümü təkrar etmək istəmirəm. O yazılarda sənin povest və hekayələrinə verdiyim yüksək qiyməti bir daha təsdiq edə bilərəm. İndiyə qədər yazdıqlarımın bir sətrindən belə imtina etmədiyim kimi, bu mətnlərin də bircə cümləsindən, sözündən, fikrindən imtina etmirəm və heç bir vaxt - nə olur-olsun, etməyəcəm. Heç nəyin peşimançılığını çəkmirəm - nə inandıqlarımın, nə yanıldıqlarımın.
Əsas da budur, Əkrəm. Bütün qalan şeylər ötəri, köçəri məsələlərdir. Bizdən bir şey qalacaqsa, atmacalarımız, sancmalarımız, giley-güzarımız, qarşılıqlı anlaşılmazlıqlarımız, çeşidli aravuranların ara sözləri yox, bədii mətnlər qalacaq.
İndiyə qədər yazdıqların və həqiqi ədəbiyyatımızın dəyərli tərkib hissəsi olan əsərlərin üçün sənə yenə də minnətdarlığımı bildirirəm. Əbədi ötüb keçmiş gəncliyimiz üçün qəribsəyirəm. Gələcəkdə də qiymətli əsərlər yaradacağına inanıram. Sənə yeni uğurlar, cansağlığı, uzun ömür diləyirəm. Ailənə, sənə sözdə və üzdə yox, qəlbən, ruhən yaxın olanların hamısına səadət arzulayıram. Ad gününü bir daha təbrik edirəm.
ANAR
P.S.
Bu mətn on beş il bundan qabaq Əkrəm Əylislinin 60 illiyi münasibətilə yazılıb. Onu olduğu kimi təkrar çap etməyimin səbəbi var. Əvvəla, haçansa yazdığım heç bir yazımdan imtina etməmişəm, etmirəm.
İkincisi, bu keçən on beş il ərzində Əkrəm mətbuatda mənim əleyhimə ancaq və ancaq mənfi fikirlər söyləyib. Odur ki, yeni yazı yazsaydım, gərək onlara bir-bir cavab verəydim. Bu isə artıq yubiley təbriki olmazdı.
Əkrəmi 75 yaşı münasibətilə təbrik edirəm, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Bütün naqis hisslərdən təmizlənmiş bir ürəklə yaşanılacaq uzun ömür!..
A.
5 dekabr
2012-ci il
Ədəbiyyat qəzeti.- 2012.- 7
dekabr.- S.5.