Tofiq Bayram “Ay anam Bakı”

 

Ədəbi ictimaiyyətin bu ilin dekabr ayının 16-da doğum gününün 78-ci ildönümünü qeyd etməyə hazırlaşdığı ünlü Azərbaycan şairi Tofiq Bayramın “Ana təbəssümü” (1961), “Mənim şair xalqım” (1963), “Azərbaycan dünya gəzir” (1965), “İnamım, əqidəm” (1969), “Gərək elə yanım” (1971), “Azərbaycan deyəndə” (1974), “Əsrin oyunu” (1979), “Könlümdə yaşayanlar” (1980), “Məsləkim, silahım” (1984), “Ay gecikən məhəbbətim” (1987) adlı şeir kitabları hələ özünün sağlığındaykən oxuculara təqdim olunmuşdur.

Şairin vəfatından sonra isə “Torpağın altı da mənə Vətəndir” (1998), Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 12 dekabr 2004-cü il tarixli - “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına uyğun olaraq onun “Səkkizliklər” (2004), “Seçilmiş əsərləri” (2005) adlı kitabları nəşr olunmuş, bu yaxınlarda isə “Qanun” nəşriyyatının təşəbüsü ilə “Ay anam Bakı” (2012) adlı son kitabı çapdan çıxaraq oxuculara təqdim olunmaqla yanaşı, həm də ölkəmizdə fəaliyyət göstərən kitabxanaların fonduna daxil edilmişdir (Şairin ölümündən sonrakı nəşrlərin tərtibçisinin şairin həyat yoldaşı Zərifə xanım Bayramova olduğunu xüsusi qeyd etmək lazımdır).

280 fiziki səhifədən ibarət olan “Ay anam Bakı”, 7 bölmədən - “Şeirlər”, “Əmircan lövhələri”, “Uşaq şeirləri”, “Poemalar”, “Satirik şeirlər”, “Pyes” və “Onluqlar” ibarət olmaqla, “Şeirlər” bölməsində şairin Azərbaycana, Bakıya, ana dilimizə, anaya, ataya, həmçinin Üzeyir Hacıbəyliyə və Mikayıl Müşfiqə, “Əmircan lövhələri” bölməsində şairin doğma kəndi Əmircana, məhəbbət mövzusuna, Niyaziyə, Qara Qarayevə, Fikrət Əmirova, Səttar Bəhlulzadəyə, Nazim Hikmətə, özünün cavanlığına və qocalığına, bacısına, övladlarına, qarmonçu Zakirə, “Uşaq şeirləri” bölməsində isə övladlarının uşaqlığına həsr etdiyi şeirlər, “Poemalar” bölməsində boks üzrə ilk Azərbaycan çempionu, bir çox beynəlxalq yarışların qalibi, görkəmli məşqçi, SSRİ əməkdar idaman ustası Abbas Ağalarova və onun şagirdi, idman ustası Paşa Əmirova ithaf etdiyi “Əlcəkli Bahadır”, şairin ilk müəllimi olmuş Kübra Əliyevaya ithaf etdiyi “Təbrik çiçəkləri” və Azərbaycan dramaturgiyasının banisi, böyük inqilabçı-demokrat Mirzə Fətəli Axundzadənin ədəbi-ictimai fəaliyyətinin ilk dövrlərinə həsr olunmuş “Yaralı nəğmə” adlı poemaları, “Satirik şeirlər” bölməsində cəmiyyətdə həmişə mövcud olan eybəcərliklərdən bəhs edən şeirləri, “Pyes” bölməsində böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr ediyi 3 şəkildən ibarət “Füzuli” pyesi, “Onluqlar” bölməsində isə əsasən 10 sətirdən ibarət olan şeirlər cəmlənmişdir.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş, sevimli şairimiz Tofiq Bayramın müxtəlif illərdə yazdığı, şairin zəngin iç dünyasını sərgiləyən bu kitabda cəm olmuş poeziya nümunələri hələ keçən əsrin 60-70-ci illərində olduğu kimi, bugünkü əlahəzrət oxucunun da dərin rəğbətini qazanacağına əminlik bildirməklə, ustad şairimizin növbəti doğum gününə mübarək deyirəm.

 

Fəxrəddin Meydanlı

 

Ədəbiyyat qəzeti.- 2012.- 7 dekabr.- S.5.