Yurd həsrətli şeirlər
Zakir Ağdamlı: "İlahi,
dağlara
qovuşdur məni". Bakı
- 2011
Bədnam erməni cəlladlarının
fitnə-fəsadı ucbatından
doğma yurd-yuvasından
didərgin düşmüş
Zakir Ağdamlının
"İlahi, dağlara
qovuşdur məni"
diləyi ilə eyniadlı kitab araya-ərsəyə gətirməsi
təbiidi. Onun sözügedən kitaba daxil etdiyi
"Dağlara" şerindən
yadımızda qalan
"O dağdan yol alıb, bu dağa
çıxam, xərclənə
yollarda pulum dağlara" istəyinin
səmimiyyəti də
təbiilikdən qaynaqlanır.
Tanınmış şairlərdən Eldar İsmayılın ön sözü və Musa Ələkbərlinin redaktorluğu
ilə işıq üzü görən yeni nəşrə Z.Ağdamlının son illərdə
yazdığı şeirlər
daxil edilib.
Zakirin şeirlərindən
yurd həsrəti, vətənə məhəbbət,
dövlətçiliyə sədaqət hissi sıx-sıx keçir. O, sevdiyi
insana xitabən "Baxmaq istəyirəm həyata ancaq sənin gözlərinin pəncərəsindən" - yazanda da oxucu
üçün səmimi,
həssas bir qələm adamı olaraq qalır: "Elə alışam ki, Ağdamda gərək, bəlkə gərək oldu külüm dağlara"
- deyəndə də...
Bu misraları oxuduqca illər öncəsi Z.Ağdamlının şeirləri
haqqında səmimiyyətlə
söz açan unudulmaz xalq şairimiz Məmməd Arazın münasibəti yaddaşımda canlanır:
"Zakir Ağdamlı
həkimdir. Həkim sənəti insana poeziya sənəti qədər yaxındır...
Həkim də insan qəlbinə "boylanır", şair də! Poetik söz dərman
olur, qeyri-poetik həkim məsləhəti
də. Zakir Ağdamlının, necə
deyərlər, avazı
xoşuma gəlir".
Elə bizi də kitab
boyu çəkib aparan o xoş avazın havasıdı...
Sərvaz
Ədəbiyyat qəzeti.- 2012.-
7 dekabr.- S.7.