İsrafil Məmmədov - 75

      

Hörmətli İsrafil müəllim!

Sizi - tanınmış yazıçı-publisisti 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz yaradıcılığa ötən əsrin əllinci illərində başlamısınız. İlk yazılarınız mətbuatda işıq üzü görmüşdür. "Gənclərin mənəvi siması" adlı ilk kitabınız 1962-ci ildə nəşr olunmuşdur. Daha sonra "Ömür yarpağı", "İnsan elə yaşamalıdır ki…", "Körpüdə", "Ermənistanda Azərbaycan kitabı" və s. kitablarınız oxucuların ixtiyarına verilmişdir.

1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Tariximizin ən aktual mövzularından olan soyqırım, erməni təcavüzkarlığı, deportasiya ilə bağlı yorulmadan araşdırmalar aparmısınız. "Ermənistan azərbaycanlıları və onların acı taleyi", "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası", "İrəvan dəftəri: İctimai fikir tariximizdən", "İrəvan xanlığı", "Rus-türk müharibələrində ermənilərin iştirakı. Səbəb və nəticələr", "Ermənistan-Azərbaycan-Qarabağ münaqişəsinə erməni mətbuatının ikili münasibəti (1988-1989-cu illər)" və s. kitablarınız araşdırmalarınızın nəticəsidir. Erməni tarixşünaslığında davam etməkdə olan saxtakarlıqların təkzib və ifşa edilməsi də fəaliyyətinizin geniş bir hissəsini əhatə edir.

Siz 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmisiniz. Ermənistanda müxtəlif məsul vəzifələrdə işləmiş, 1990-cı ildə "Sovet Ermənistanı" qəzetinin son baş redaktoru kimi ev-eşiyinizi tərk edib Azərbaycana pənah gətirmisiniz. Burada AMEA Tarix İnstitutunda, Azərbaycan Teleradio Verilişləri QSC-də çalışmısınız. Fəaliyyətiniz əməkdar jurnalist, əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı fəxri adlarıyla dəyərləndirilmişdir.

Hörmətli İsrafil müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2012.- 7 dekabr.- S.6.