Qaçaqaç

 

Sənədli hekayə

 

Ocaq deyil, çıraq deyil, od tutmuşdu evlər yanırdı, alışmışdı, kənd alovlanırdı. Zəlzələdənmi, vulkandanmı? Yox, heç ildırım da çaxmamışdı! Təzə məscidin təzə həyəti ağzınacan atlı kazaklarla dolmuşdu.

Hacı Mir Baba gecənin zil qaranlığında ehmalca qapını döyüb gizlincə gələn gözlənilməz qonağını səhərin gözünün açılmasını gözləmədən alatoranlı xəlvətcə aparıb Suludərə səmtindəki Söyüdlükdən azacıq aralı Malgədiyi deyilən köhnə kənd yerində gözdən uzaq, ayaqdan iraq qalmış qəbiristanlıqdan yola saldı:

- Gəldiyin o çəhlimnən qayıda bilməzsən bala, qorxuludur, əlbəəl yaxalayarlar səni! Bu cığır xatasızdı. Qaladaşına sarı gedir. Oradan Xumarana tək bir yol var. O yolla gedib düzün ortasında göylərə dirəklənmiş nəhəng, tək-tənha bir palıd ağacının dibinə çatacaqsan. Diqqətli ol! Oradan iki yol ayrılır. Sağ qol üstə enən yol ermənilərin viran qoyduğu Aşağıkəndə, sol qol üstə enən yol isə Tuğuda gedir. Tuğud da qədimdə kənd yerimiz olub. Ata-babalarımızı çox qırıblar orada. Qəbirləri üst-üstə ikimərtəbəlidir. Qəbiristanlığın yanından nazik, balaca bir çay axır. Elə bil bu ellərin, bu yerlərin göz yaşıdı. O çayın sol böyrü ilə başaşağı gedib çıxarsan Mığrı körpüsünə. Körpü qollu-budaqlı cöviz ağaclarının kölgəsindədi…

Bir anlığa susdu, fikrə getdi Hacı Mir Baba. Yaxşı təlim görmüş əsgərlər kimi nizamla düzülən başdaşlarından birinə söykəndi, gündüzlər addım-addım gəzib-dolaşdığı bu doğma, tanış yerlərin ay işığında daha cazibədar görünən ecazkar mənzərəsini yorğun gözləri, sözlü baxışları ilə bir xeyli süzdü, seyr etdi. Hərəsi qəvi bir yaraya dönüb insan qəlbini göynədən bu yurd yerləri - Qaladaşı, Ağıldüzü, Xumaran, Tuğut, Məgi, Qazandərə, Qazanxan dərəsi, Qanlıgöl, Qanlızəmi, Malgədiyindən qopan hənirti, inilti, fəryad qarışıq min bir məna dolu suallara diqqətlə qulaq asdı, ancaq cavab verə, demək istədiyini deyə bilmədi, ürəyində saxladı, içinə saldı, qarşıdakı dar cığırı göstərib ehmalca pıçıldadı:

- Tərpən, işıqlanmağa az qalıb! Tanrı köməyin olsun! Ləngimə, tərpən! Atan nigarandır, gözü yoldadı, qulağı səsdə! Ömür boyu ona duaçı olacağam. Qoy bizimkilərdən xəta gözləməsin, Allaha şükür, bu barədə onu hamı tanıyır, gözün üstə qaşın var deyən olmaz. Siz özünüzü özünüzünkülərdən qoruyun, gözlərini qan basıb, dünyaya meydan oxumağa başlayıblar, qanla yoğrulmuş bu torpağı indi qanla suvarmağa qalxıblar. Dəy durma, di tərpən, yeri ləngimə! Tanrı xata-baladan qorusun!

Qonağın qaraltısı gözdən itmişdi. Hacı Mir Baba kəndə dönməyə tələsirdi. Lakin təlaş, təlatüm içində atdığı addım göydən asılı qaldı. Nizamla düzülmüş çəhrayı başdaşlarının qapqara kölgəsi göz görə-görə sirli-sehirli bir zülmət pərdəsinə dönüb ətrafı bürüdü. Bu örtüyün üstünə qədəm basmağa cürət etmədi, günah sandı, rəva bilmədi Hacı. Ayaqlarının altında sərilmiş qara örtük çəkilib getsin deyə təngnəfəs yanındakı uca başdaşına söykənmək istədi. İstədi, cəhd etdi, amma söykənə bilmədi. Uca başdaşı o qaranlıq örtüyün altından dikəlib dirəkləndi, dil açıb dilləndi:

Xoflanma, Hacı! Bu qədim məzarıstanda qaldıqca qocalan, qocaldıqca əriyib-ərpiyən adi başdaşı deyiləm mən! Yox, yox! Qara basmasın səni! Heç kabusa - zada da bənzətmə məni! Mən ruham, ruh! Eşidirsənmi, ruh! Seyid Əhmədin haçandan bəri bu el- obada gecəli-gündüzlü dolaşmaqda olan ruhu!

Tanrı dərgahından qopub gələn bu şirin səs, İnam pənahı pılçıtısından süzülüb gələn bu doğma nəfəs, bu tanış ad yetərincə silkələyib sarsıtdı, bərk-bərk kövrəltdi Hacı Mir Babanı. Nagahani zühr etmiş məhrəm kölgə qarşısında hövlnak diz çökdü o, gözlərini kölgədən ayırmadan əllərini göylərə uzadıb boğula-boğula titrək səslə:

- Qadir Allah! Ağa… sən…dedi. Daha nələr və nələr demək istədi. İstədi, amma qəlbini lərzəyə gətirən o tanış səs macal vermədi:

- Düz buyurursan, Hacı, Allah qadirdir! Ancaq sən zənnində yanılma. Atan Seyid Əhməd mənnən çox-çox sonra gəlib bu dünyaya. Məzarı nurla dolsun! Cəmi əlli ildir ki, o rəhmətliyi təzə kəndin təzə qəbirstanlığında dəfn ediblər. Mən isə çox qədimlərdən köhnə kəndin köhnə qəbiristanlığında bu torpağa tapşırılmışam. Əlli il bu el-obada qırx para kəndin əmiri olmuş Seyid Əhmədəm! Əmir Seyid Əhməd!

- Yox, yox! Zənnimdə yanılan deyiləm mən. Eşitdiyim bu səs də, bu nəfəs də eynən ağam, atam Seyid Əhmədin öz səsi, öz nəfəsidir! Ağa! Ata!

Kölgə Seyid, Ruh Seyid Əhmədin səsi həqiqətən də Hacı Mir Babanın ağası - atasının səsinin və nəfəsinin eyni idi. Hacı bu səsi, bu nəfəsi nə eşidir, nə duyur, nə edəcəyini, nə deyəcəyini bilmədən diz üstə çökərək əllərini uzadıb ara vermədən, - Ağam, atam! - deyə hönkürürdü. Bu sarsıntıdan onu çıxarmaq üçün kölgə Seyid Əhməd səsinə qəribə bir mülayimlik, müdriklik qatdı:

- Təlaşa gərək yoxdu, Hacı! Təəccüblənmə, bu torpağın qoynunda bir deyil, min bir Seyid Əhməd yatır. Yerinöz sirri var: altında uyuyanlar üstündə yaşayanlardan çox olar. Səsdəki, nəfəsdəki eynilik mat qoymasın səni, belə olmasa, nəsil yaşamaz, millət millətdən fərqlənməz! Bu səsi, bu nəfəsi, bu torpağı yaşatmaq üçün şəhid olublar bu məzarıstanda uyuyanlar. Hansı qəbri istəyirsən gəl açaq, heç birində bel sümüyü əyilmiş qoca şəhid görməzsən. Burada uyuyanların hamısı nakam diləklər, pak mələklərdir. Bel sümükləri bərkimədən biri başsız qalıb, biri qıçsız, biri qolsuz, biri… Qıranlar qırıblar ki, nəslin kökü kəsilsin. Sağ qalanlar yaşayıb ki, nəslin kökü kəsilməsin, sələflərimizin ayaqalrı bu yerlərdən çəkilməsin. Amandı, Hacı! Mövlamdan qanad istə, tez ol özünü yetir, kəndi oyat, camaatı ayağa qaldır! Əvvəlcə arvad-uşağı kənddən çıxarın, sonra

Xoruz banlasa da, kənd hələ oyanmamışdı. Yuxulara haram qatan itlər oldu. Ağız-ağıza verib qapılarda ulaşırdılar. Dünya görmüş Hacı bilirdi ki, it ulayanda faciə gözlənilir. Tələsirdi Hacı, özünü ortancıl oğlunun qapısına yetirdi. Anam Mərzəni birinci əri Mir Mahmud kişi Güman kəndindən bu qapıya gətirmişdi. Kənddə hamı bu evə "şüşəli imarət" deyirdi. Xorasandan, Tehrandan Mir Mahmud kişi ustalar gətirtdirib dağın başında anam üçün rəngli şüşələrlə bəzədilmiş dörd pəncərəli bir imarət ucaltmışdı. Hacı hövlnak dördüncü pəncərəni döydü:

- Mir Mahmud, Mir Mahmud! Qorxma oğul, mənəm! Qalx bala, qalx, pal-paltardan, yeməkdən-zaddan yır-yığış eləyin, qaçın! Qardaşlarını, Mir Məhəmmədi, Balağanı, Mustafanı da oyat, qoy dalımca gəlsinlər, mən gedirəm məscidə. Ümidim sənsən bala, gəlinləri - Mərzəni, Sonabəyimi, Xeyrənsəni, Gülnisəni, balalarını da götür, gün düşənəcən evdən çıxın, yavaş-yavaş qalxın Seyid Əhməd çeşməsinə tərəf, Topun düzünə

Səhərin gözü yenicə sökülməkdəydi. Məsciddə tərpənməyə yer qalmadığından, camaat həyətdə cəmləşməli oldu. Hamının gözü Hacı Mir Babada, qulağı səsdəydi. Hacı hələ susur, səsindəki titrəyişi sezməsinlər deyə dinmir, danışmırdı. Lakin təlaşdan bezmiş camaatın təlatümə gəldiyini görüb başını qaldırdı:

- Camaat, Tanrı köməyiniz olsun! Əlbəttə, məsləhət onundu. Ancaq sizlər qeyrət eləyin, əlli olun ki, gün çıxanacan arvad-uşağı kənddən çıxara biləsiniz. Axırı xeyir olmuş xəbər eləyib

Xəyallardan ayılıb - ayrılıb gerçəkliyə qaytımışdı Hacı Mir Baba. "Axırı xeyir olmuşun" göndərdiyi xəbərdən hali elədi camaatı. "Axır xeyir olmuş" erməni əsilli Hacı Allahverdiydi, Muğdusi Arakelin oğlu. Doqquz illik həsrətdən sonra doğulduğundan atası ona müsəlman adı qoymuş, islamı qəbul etdirmiş, hətta Məkkəyə ziyarətə də göndərmişdi. Hacı Mir Baba ilə də elə ziyarətdə tanış olmuşdular. Mığrıda çayın sağ sahilində "Kiçik məhəllə"də mal-mülk sahibi, sayılıb-seçilən, sözü keçən kişiydi Hacı Allahverdi. İmanını itirməmiş, gecə xəlvətcə oğlu Askandarı (İskəndəri) göndərib Hacı Mir Babaya demişdi: "Dörd yüz əsgər, əlahiddə cəza dəstəsi iki gündü Mığrıdadı. Qarabağda, Zəngəzurda qətl və qarəti törədən bunlardır. Başçıları Viberin, Birivlikin, FreylixYermolovdu. Dörd top gətiriblər. Kəndimizi topa tuta bilərlər. Bir çarə qılın, arvad-uşağı kənddən çıxarın, ələ keçməsinlər, ayaq altda tapdalanmasınlar…"

Başqa çarə tapmağa vaxt qalmamışdı. Mir Mahmud kişi anamı, öz qardaşlarının arvad-uşağını qabağına qatıb Topun düzünə qalxdı. Düzün ortasında qərar tutmaq təhlükəli idi. Seyid Əhməd çeşməsinin yanından Qərbəzay meşəsinə endilər. Kəndin o biri başıpapaqlıları da arvad-uşağı, mal-heyvanı, ev-eşiyin olub-qalanını yerbəyer edəndən sonra məscidin həyətinə qayıtdılar. Əzan səsi kəsildi. "Xırmanlar"a gedən dar yolda, kəndin qabaq-qənşərində şişparaq ermənilər göründü. Mauzerləri dizlərinə dolaşırdı. Əllərindəki qılıncları başlarından yuxarı qaldırmışdılar. Elə bil düşmən qoşununa qarşı hücuma keçmişdilər. Arxalarınca nizami düzümlə əsgərlər, atlı kazaklar gəlirdi. Təzə məscidin təzə həyəti çox keçmədən şişpapaq ermənilər və atlı kazaklarla doldu. Yüzbaşı Sultan, Axund Hacı Mir Baba, Kərbəlayı Vəliqılu kişi, başqa ağsaqqallar bir-birinin ardınca qabağa gəlir, and içir, dönə-dönə təkrar-təkrar deyirdilər: - Bizim Quranımıza inanmırsınızsa, öz xaçınıza inanın! Molla Mir Mahmud din-iman sahibidi, heç nədən xəbəri yoxdu. Rus əsgərinin dirisini görüb, ölüsünü. Əsgəri ermənilər öldürüb silahını, pal-paltarını ermənilər götürüb, ölüsünü onlar gətirib bizim kəndin yoluna atıblar. Atıblar ki

Tərcüməçi şişpapaq Xaçiki elə bil ildırım vurdu. Yaralı ayı kimi bağıra-bağıra əlini atdı dizinəcən sallanan taxta qoburlu mauzerə. Başına hava gəlmiş dəli kimi cumdu kənd ağsaqqallarının üstünə:

- Əclaflar, üsyankar qatillər!.. Yalan danışırsınız, hamınızı gəbərdəcəyəm!.. Rus padşahına qarşı çıxan sizsiniz! Ermənilərə şər atmayın. Erməni heç vaxt rusu, öz xilaskarını öldürməz!.. dərinizi soyacam, evsiz-eşiksiz qoyacam hamınızı!..

Ağzı köpüklənə-köpüklənə bağırır, daha çox da rusca danışırdı ki, podpolkovnik Viberin ermənilərin haqlı, müsəlmanların haqsız olduğuna inansın. Podpolkovnik də elə buna bənd imiş, səsini başına atdı: - Əclaf qatillər! Kimə qarşı üsyan edirsiniz, mən sizə üsyan göstərərəm. Rus əsgərinə əl qaldıranın cəzasını öz əlimlə verəcəm. Yerin deşiyində gizlənmiş olsa da, tapıb o mollanı gətirin bura! Əsgərin silahı, paltarı kimdədir, qaytarın! Yoxsa hamınızı evsiz-eşiksiz qoyacaq, bu torpaqdan didərgin salacam!..

Ara bərk qarışmışdı. Ağız deyəni qulaq eşitmirdi, çığırtı, bağırtı səngimək bilmirdi. Şişpapaqlardan biri, - mollanın atası budur, - deyib Hacı Mir Babanın papağını dartdı. O biri şişpapaq da Kərbəlayı Vəliqulunun saqqalına od vurdu. Camaat bu təhqirə dözməyib hərəkətə gəldi. Yermolov tapançanı qaldırıb göyü güllələdi. Bir anlığa ara sakitləşdi. Podpolkovnik fürsəti əldən verməyib hədə-hərbəsinə başladı: - Ağlınızı başınıza yığın. Cəza dəstəsi beş gün burda qalacaq. Gündə hər ata bir dərz ot, beş girvənkə arpa verəcəksiz. Əsgərlərə istədikləri qədər yemək gətirməlisiniz! Cəriməniz iyirmi baş at, otuz baş cöngə, əlli baş qoyun, biryeddi min manat nağd pul

Təəccüb, təlaş içində qalmışdı camaat. Sultan yüzbaşı, - bu cəriməni ödəmək mümkünsüzdü, - dedi. Podpolkovnik daha da qəzəbləndi, - sən çəkil o yana, o saqqallıları gətirin bu yana, - dedi. Hacı Mir Babanı, Kərbəlayı Vəliqulunu, Məşədi Rəhimi gətirdilər onun hüzuruna. Şişpapaqlıları çağırıb əmr etdi: - Düşmənləriniz bunlardır, hər üçünün saqqalını qırxın, soyundurun, paltarlarını yandırın, ağılları gəlsin başlarına!..

Hiddət və qəzəbini cilovlaya bilməyən kəndlilər, - Allahu-əkbər! Ya Əli, sən köməyimiz ol! - deyə kazaklara, şişparaqlılara qarşı yeridilər. Bir göz qırpımında başlayan yaylım atəşləri onların bir qismini yerə sərdi. Kütləvi qırğın, qətl və qarət belə başlandı. Molla Mir Mahmudun anam üçün min həvəs, ülvi niyyətlə ucaltdığı imarəti topa tutdular. Qapı, pəncərələr çilik-çilik oldu. Şişpapaqlar, kazaklar içəri doluşub talana başladılar. Sonra da qupquru ot dərzlərini üst-üstə yığıb od vurdular. Alovun qıpqırmızı dilləri, yanan evin qapqara tüstüsü burula-burula göylərə dirəkləndi. Bu alov, bu tüstü içində boğulan təkcə anamın arzusu, diləyi deyil, həm də qayınatası Axund Hacı Mir Baba oldu. Birinci evi belə yandı, belə dağıldı anamın!.. Yanan, dağılan təkcə anamın evi, öldürülən təkcə anamın qayınatası deyildi. Od tutmuşdu bütün evlər yanırdı. Alışmışdı kənd, alovlanırdı. Qaçaqaç belə başlandı.

 

İsrafil Məmmədov

 

Ədəbiyyat qəzeti.- 2012.- 7 dekabr.- S.6.