Orijinaldan tərcümə
Sənətşünas
Biennalenin 622-ci zalında, tanınmış sənətşünas, tənqidçi Paolo Malusardi qarıxmış halda ayaq saxladı. Leo Skuittinnanın fərdi yaradıcılıq sərgisi idi: otuza yaxın, ilk baxışda eyni görünən, Mondrian üslubunda perpendikulyar xətlər torunu təsvir edən rəsmlər; ancaq bu dəfə fonun rəng çalarları daha parlaq idi, həmin o, necə deyərlər, şəbəkə daxilindəki, şaqulilərdən daha geniş olan üfüqi xətlər isə, bəzi yerlərdə daha da qatılaşdığından, nəbz vurması, sıxılma və spazma təsiri yaradırdı, necə ki, çətin bir həzmetmə zamanı, mədədə nəsə ilişıb qalaraq ağrı verir, sonra isə, tədricən sovrularaq, öz daxili yolu ilə keçib gedir.
Ətrafa gözucu nəzər salan tənqidçi əmin oldu ki, zalda təkdir. Tamamilə tək. Günortadan keçmiş bu istidə qonaqların sayı az idi, olanlar da artıq dağılışırdı. Bir azdan sərgi bağlanmalı idi.
Skuittinna? Tənqidçi beynində götür - qoy etməyə başladı. Romada rast gəldiyi bir nəfər olmalı idi, üç il öncə, əgər səhv etmirdisə. Ancaq, o vaxt bu rəssam hələ sadəcə, əşyaları çəkirdi: insan fiqurlarını, təbiət mənzərələrini, vazadakı armudları, bir sözlə, köhnə, çürük ənənənin tələb etdiyi kimi. Başqa heç nə yadına düşmədi.
Kataloqu vərəqlədi. Sərgiyə qoyulan rəsmlərin siyahısı Ermanno Lais adlı birisinin qısa giriş sözü ilə açılırdı. Siyahıya nəzər saldı: adi söz yığını idi. Skuittinna, Skuittinna, - deyə o, astadan təkrar etdi. Soyadı ona bu yaxınlarda baş vermiş nəyi isə xatırladırdı. Ancaq, nə idisə də, huşundan çıxmışdı... Hə, əlbəttə! İki gün öncə bu adı ona bütün nüfuzlu incəsənət sərgilərinin daimi iştirakçısı olan qozbel Tamburini, uğursuz yaradıcılıq yanğısını rəssamların kölgəsində söndürən həmin o manyak xatırlatmışdı, - zəhlətökən, çərənçi, hamının qorxub ehtiyat etdiyi Tamburini. Ancaq böyük həyat təcrübəsinə və təmənnasızlığına minnətdarən, təsviri sənətdəki fenomenləri yanılmadan duyub üzə çıxarmağı, hətta qabaqcadan müəyyən etməyi bacardığına görə, bir - iki il də keçməzdi ki, bütün şəkilli jurnallar, rəsmi tənqidin dəstəyinə arxalanaraq, onun seçimlərinə neçə - neçə tam həcmli, rəngli səhifələr həsr edərdi. Bəli, məhz təsviri incəsənət məsələlərində “iynəyib” çözdələməyin mahir ustası olan bu Tamburini iki axşam öncə “Florian” kafesindəki bir masa arxasında, çoxlarının ona məhəl qoymamasına baxmayaraq, həmin bu Skuittinnanin, Venetsiya biennalesinin yeganə kəşfinin, - o, bunu israrla deyirdi, - “qeyri - fiqurativ konformizm bataqlığı üzərində ucalan “ (kəlməsi - kəlməsinə) bu yeganə fərdiyyətin məziyyətləri barədə uzun - uzadı nitqlər irad etmişdi.
Skuittinna, Skuittinna... qəribə soyadıdır. Tənqidçi, həmkarlarının sərgi barəsində indiyə qədər yazdığı onlarla məqaləni beynində araşdırdı. Heç kim Skuittinnaya iki - üç sətirdən artıq yazı həsr etməmişdi. Skuittinnanın üstündən sükutla keçmişdilər. Nə isə, əl dəyməmiş xam torpaq. Onun kimi öndə gedən bir tənqidçi üçün əla fürsət idi.
O, rəsmləri diqqətlə nəzərdən keçirməyə başladı. Əlbəttə, ona təsir etməli olacaq bu çılpaq həndəsə onu qətiyyən təsirləndirmirdi. Düzünə qalsa, bütün bunlar onun üçün qara qəpik qədər əhəmiyyətsiz idi. Ancaq bu, yaxşı bir başlanğıc ola bilərdi. Kim bilir, bəlkə tale onun üçün yeni, dahi bir sənətkarı kəşf etmək kimi həsəd oyadacaq qismət ayırmışdı?
O, rəsmlərə bir də nəzər saldı. Skuittinnanın xeyrinə təmayül etmək risk olmazdımı? - deyə düşündü. Həmkarlarından kimsə birisi onun üzünə vurmazdımı ki, o, biabırçı bir yanlışa yol verib? Yox, qətiyyən. Bu rəsmlər elə dəqiq, elə açıq, vulqar emosiyaların oyada biləcəyi hansısa bayağı zövqdən elə uzaq idi ki, onları tərif edəcək hər bir tənqidçi özünü dəmir zirehin arxasında hiss etməli idi. Belə bir fərziyyəni də istisna etmək olmazdı ki, - niyə də onun apriorisini nəzərə almayaq ? - söhbət, həqiqətən də, insanları illər boyu özü barədə söz açmağa məcbur edəcək, bəxtinə Skira nəşriyyatının neçə - neçə cildini öz rəngli reproduksiyaları ilə dəyərləndirmək qisməti yazılmış bir dahidən gedir.
Beləcə, ürəklənərək, yağlı bir tikənin əllərindən çıxacağına görə həmkarlarını paxıllıqdan partlamağa məcbur edəcək bir məqalə yazmaq niyyəti ilə o, özünü öz vicdanı qarşısında yüngülcə imtahana çəkdi. Skuittinna barəsində nə demək olardı? Şübhəsiz, az-az hallarda baş versə də, olurdu ki, tənqidçi heç olmasa, özü-özünə münasibətdə səmimi qalmağı bacarırdı. Və o, özünə belə cavab verdi: “ Demək olar ki, Skuittinna abstraksionistdir və onun rəsmlərində təsvir olunacaq konkret bir şey yoxdur. Yaradıcılığının “dili” də dördbucaq sahələrin və onları tamamlayan xətlərin sırf həndəsi oyunundan başqa özgə bir şey deyil. Ancaq Mondrianı açıqdan - açığa təqlıd etməsini o, mahir bir yeniliklə bağışlatmaq istəyir: üfüqi xəttləri genişləndirir, şaquliləri isə daraldır və bu sıxlıqları müxtəlif şəkillərə salmaqla, beləcə, maraqlı bir nəticəyə nail olur: adama da elə gəlir ki, rəsmin səthi yastı deyil, dalğalıdır. Qısası, abstrakt “trompe d`oeil”...1
“Lənət şeytana, bu ki, əla tapıntıdır”, - deyə o, öz-özünə söylədi, - “ yox, sən elə də axmaq deyilsən, axmaq deyilsən.” Bu yerdə onu ani bir titrəmə tutdu, necə ki, birisi qayğı bilmədən gəzişirkən, birdən-birə gözlərini açır və görür ki, uçurumun düz kənarında dayanıb. Əgər o, bütün bu ideyalarını, sadəcə, elə-belə, ağlına gələn kimi kağız üzərinə köçürsəydi, onda “ Florian ”dakı masalar arxasında, via Marquttada2, rəsmi dairələrdə və Brera küçəsindəki kafedə onun barəsində nələr danışmayacaqdılar? O, bunu bir anlığa təsəvvür edib, gülümsədi. Yox-yox, Allaha şükür, o, öz işini dərindən bilirdi. Hər şeyin öz dili var, rəssamlıq barədə danışmalı dilə gəldikdə isə o, bunda mahir idi. Yaxşımı, pismi, ancaq indi yalnız Polterqayster onunla bəhsə girə bilərdi. Avanqard tənqidin eniş-yoxuşlarında bəlkə də hamıdan görkəmli və zəhmli məhz o, Malusardi idi !
Bir saat keçməmiş, mehmanxanadakı nömrəsində, qarşısında Skuittinnanın nümayiş zalına açılmış Biennale kataloqu və bir şüşə mineral su, siqareti siqaret dalınca sümürə-sümürə o, yazırdı:
“...onu (Skuittinnanı) danmaq, qəbul etməmək mümkün olmazdı, baxmayaraq ki, ondakı qaçılmaz surətdə şüurla əldə olunan və bəzən həddən açıq şəkildə iqtibas edilmiş üslub vasitələri bu qədər aşkardır, həmçinin, ondakı müəyyən qəddarlıq və formal asketizmə olan qarşısıalınmaz meyl də onun dialektik təsadüfiliyə istiqamətlənmiş təmayülünü rədd etməyərək, fiqurların, nümunələrə xas olan əsaslı seçim xüsusiyyətlərinə uyğun inadlı, ritmik düzülüşü kimi bu cür təsviri, daha doğrusu, evokativ bir aktın dəqiq ölçülərini təsdiqləyir...”
Bəs, bu “trompe d`oeil”in mənasız konsepsiyasını, az da olsa, məhrəm bir ləyaqətlə necə ifadə etməli? Bəlkə, belə:
“Ancaq, Mondrianın öz istifadə vasitələrindən yalnız reallığı anlamaq formasından onu dərk etməyə keçid hüdudlarında necə istifadə etməsi məhz burada məlum olur, orada ki, bu reallıq özünün daha tələbkar fenomenal hazırlığı ilə təmsil olunacaqdır, ancaq punktual bir abstraksiyaya minnətdarən, o, daha əhatəli və görünməmiş bir əməliyyat surroqatına qədər genişlənəcəkdir...”
O, yazdıqlarını iki dəfə oxuyub, başını buladı, “qarşısıalınmaz”in üstündən xətt çəkib, “təsdirləyir”in qabağında “inamla” sözünü yazdı, iki dəfə də oxudu, yenə başını buladı, telefonun dəstəyini qaldırıb, barla calaşdırmağı xahiş etdi, ikiqat viski sifariş verdi və kresloda sərələnərək, beynindəki dolaşıq fikirlərə qapıldı. Məmnunluq hissi yox idi. Kim bilir, bəlkə, viski onu ilhama gətirəcəkdi.
Gətirdi də! Bir göz qırpımında. Axı, əgər, - deyə o, birdən özü-özünə söylədi, - əgər germetiklərin poeziyasından, bir tələbat kimi, germetik tənqid yaranmışsa, onda insafsızlıq olmazdımı ki, abstroksionizmdən də abstrakt bir tənqid yaranış tapmasın? Belə bir cəsarətli ideyanın necə vüsət alacağı fikrindən o, hətta bir qədər tərlədi də. Tale mələyi, həqiqətən, qanad çalmışdı. Hər şey son dərəcə sadə idi, ancaq bütün çətin şeylər kimi sadə. Hər halda, hələ heç kim bu barədə düşünməmişdi. Bəli, o, yeni bir məktəbin banisi olacaqdı. Əslində, bu vaxta qədər rəssamlıqda tətbiq olunmuş texnikanı yazı səhifələrinə köçürməkdən başqa heç nə qalmırdı. Əvvəlcə, yad bir mexanizmdən istifadə edən birisi kimi tərəddüdlə, sonra, sözlər yavaş-yavaş bir-birinin üstünə çıxmağa başlayanda bir qədər inamla, nəhayət, get-gedə şiddətlənən bir təkəbbürlə o, yazdı:
“...onun (Skuittinnanın) dəlillər strategiyasının kontrapunktunda gerçəklik gerçəklik əlaqə postulatlarına çoxdan əhəmiyyətini itirmiş köləcəsinə əməl etmədən azad olmağın konkret nüvəsi üzə çıxır. Təşəkkül tapmağın aşkar simptomu. Və labüd məqama qapılmağın da həmçinin, oradan da modullar konkret substansiyanın görünüşünü əldə edir, elə aşkar və hiss olunan ki, daha, poetik özünəməxsusluğun uzunömürlülüyü açıq - aydın sübuta yetir”.
Malusardi çətinliklə nəfəs alaraq, dayandı. Onu tər basmışdı. Tələsik bir də oxudu. Yox, hələ də alınmırdı. Köhnə adətlərinin ətaləti onu geri, həddən artıq çeynənmiş ifadələrə qaytarırdı. Bu son zəncirləri də qırmaq, önəmli bir sərbəstliyə nail olmaq gərəkdi.
O, gözlərini bir anlığa yumub, yazının üstünə şığıdı.
“Rəssam”, - deyə o, rəfedilməz
bir coşqunluqdan vəcdə
gələrək, yazdı, - “dəyərli estetik nümunələr
din dünəndən bədələnmişdr.
Ezemistikanın zəfri! Özgə bir şey yox ki, o, serpentizmləri əks ettriir.
Yüskə kvvalitar burlesko
yarcılıdı ki, təkrarsız bi sənti müstəsna məziyyətlərlə fərqlənmişdir.
Vətezslərin bərabərliyi də
Skuittinnada təssilri açıllamalarn tam vəsətiindədrr. Bu döürədə Tambron,
Tambronla mənasız imitasialar edənnərs, elitar
səənət ittensifikasyasında hədrən - bədrənlərn
aatarşndadılar. Həqqi kim...”
Malusardi nəfəsini dərəndə artıq, qaranlıq düşmüşdü. Özünü yorğun və əzgin hiss edirdi, sanki onu yaxşıca kötəkləmişdilər. Ancaq xoşbəxt idi. On beş səhifəlik sıx - sıx yazılımış vərəqlər ətrafa səpələnmişdi. Onları yığdı. Stəkanın dibində qalmış viskini qurtum - qurtum içərək, yazdıqlarını bir də oxudu. Sonda, nəsə qalibiyyət rəqsinə bənzər bir şey təsvir etdi. Lənət şeytana, indi o dahi idi, dahi!
***
Son dərəcə məlumatlı, və ya, daha zərif tərzdə desək, “çox həssas” bir qız olan Fabrizia Smit - Lombrassa divanda tənbəl - tənbəl yayılaraq, böyük maraqla tənqidi məqaləni oxuyurdu. Birdən, o, ucadan qəhqəhə cəkdi. “Qulaq as, qulaq as, Diomeda, gör bir nə ləzzətdir! - deyə o, rəfiqəsinə tərəf çevrilərək söylədi,- “qulaq as, gör Malusardi bu bədbəxt fiqurativistlərə necə döşəyib...” elitar sənət itensifikasiyasında hədrən - pədrənlərin axtarışındadılar!
Qızlar ikisi də ürəkdən güldü.
“Çox incə yazıb, söz ola bilməz”, - deyə Diomeda təsdiqlədi. “Ah, Malusardi ...mən ona pərəstiş edirəm! O, bənzərsizdir!
1. Trompe d`oeil - göz aldanması; burada optik effekt (fransızca).
2. Via Marqutta
- Romada əsasən sənət
adamlarının yaşadığı məşhur
küçə.
Dino Buttsati
(1906 - 1972)
İ t a l i y a
İtalyan dilindən çevirəni:
Cəmşid CƏMŞİDOV
Ədəbiyyat qəzeti.- 2012.- 7
dekabr.- S.8.