İstiqlal şairi
Əhməd Cavad - 120
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyi respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur. 1937-ci ildə repressiyaya məruz qalmış Əhməd Cavad Axundzadənin 120 illik yubileyi şərəfinə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə "Park İnn" hotelində "Əhməd Cavad - istiqlal şairi" mövzusunda "dəyirmi masa" keçirildi.
Tədbiri Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov açaraq qeyd etdi ki, xalqının azadlığı, müstəqilliyi və milli dövlət quruculuğu amalı ilə yazıb-yaradan Əhməd Cavadın əsərləri bu gün də sevilə-sevilə oxunur. Ötən əsrin əvvəllərində milli-azadlıq ruhunda şeirlər yazan, əsərlərində dövrün ictimai-siyasi mənzərəsini dolğunluğu ilə əks etdirən, 1918-1920-ci illər AXC-nin ideoloqlarından olan Əhməd Cavad Axundzadə məhz bu səbəblərdən 1937-ci ildə bolşevik-kommunist rejimi tərəfindən məhv edilmişdir.
Sonra "Azərbaycan" qəzetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, cavadşünas alim Rəhman Salmanlı "Əhməd Cavadın həyat və yaradıcılığı" mövzusunda məruzə ilə çıxış etdi. Natiq vurğuladı ki, Əhməd Cavad Axundzadə antisovet fəaliyyətinə görə Azərbaycan Xalq Daxili İşlər Komissarlığı tərəfindən 1937-ci il iyin ayının 4-də həbs edilmiş, NKVD zirzəmilərində 4 ay 9 gün olmazın işgəncələr verildikdən sonra "xalq düşməni" adlandırılaraq oktyabr ayının 13-dən 14-nə keçən gecə güllələnmişdir. Bundan üç ay sonra azadlıq mücahidinin ömür-gün yoldaşı Şükriyyə xanım həbs edilərək Qazaxıstana sürgün edilmiş, azyaşlı uşaqları başsız qalmışlar. Məruzəçi çıxışında onu da bildirdi ki, məhrumiyyətlərə baxmayaraq, Əhməd Cavadın həmişəyaşar poeziyası bu gün də müasirdir, bu gün də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Təyyar Salamoğlu "Əhməd Cavad yaradıcılığının dövrləşdirilməsi və mərhələ təsnifatı" mövzusunda məruzə ilə çıxış etdi.
Sonra müzakirələr oldu. "Ədəbiyyat qəzeti"nin baş redaktoru, şair Ayaz Vəfalı dedi: "Cənab Prezidentin məlum Sərəncamı ilə ölkəmizin hər tərəfində Azərbaycanın görkəmli şairi, tərcüməçi və ictimai xadim Əhməd Cavadın 120 illik yubileyi geniş qeyd olunur.
Bu münasibətlə təşkil olunan tədbirlər, şübhəsiz zəngin ədəbi-mədəni irsimizin daha dərindən, müasir tələblər səviyyəsində tədqiqinə və təbliğinə lazımi imkan yaradır.
37-ci illər repressiyasının cismən məhv etdiyi böyük istedad sahibi Əhməd Cavadın ölməz sənəti onun təkcə orijinal əsərlərində deyil, həm də tərcümələrində yaşayır. Burada mən xüsusilə dahi Şekspirin "Otello"sunu qeyd etmək istəyirəm.
Əhməd Cavad bu möhtəşəm əsərin doğma dilimizə tərcüməsini qeyri-adi şövqlə yaradıb. Qısqanc Otellonun dilindən eşitdiyimiz bu sətirlərin poetik enerjisi qibtəyə layiqdir:
- Nazənin,
sevgili yar, incə qadın! -
Ah,
qadın, yerlərə girsin bu adın!..
Yaralanmış
ona dəydikdə əlim! -
Of!.. Mənim misli görünməz gözəlim!
Hələ
şahənə camalında gözəl! -
Üstəlik
əqli kamalın da gözəl!
-
Tutalım öylədir, ondan sizə nə?!
- Yox!.. Asılmaq yaraşar pis gəzənə!..
Yaxud
Dezdemonanın bizim ən yaxşı xalq
mahnılarımız qədər doğma-şirin səslənən
həzin nəğməsi:
Söyüdüm
salxım-salxım, -
Yar gəldi - necə qalxım?!-
Ay söyüdüm, söyüdüm!
Vay söyüdüm, söyüdüm!
Məndə belə bir təəssürat yaranıb
ki, repressiya bəlasının görünməmiş
vahiməsi böyük
ilham sahiblərini daha çox vadar edib ki,
öz istedadlarını
dünya şöhrətli
klassiklərin əsərlərini
belə yüksək səviyyədə tərcümə
etməklə təsdiqləsinlər…
Əyil,
Kürüm, əyil keç,
Dövran
sənin deyil, keç! -
kimi səmimi-poetik msiralara qərəzli siyasi rəng verib, müxtəlif ittiham edən cəmiyyətdə istedadın
mümkün çıxış
yolu necə ola bilərdi?! Nəhayət, çox istərdim
teatrımız dahi Şekspirdən böyük
ilhamla tərcümə
olunmuş bu əsərin səhnə taleyini həll edə biləydi.
Bu istəyin reallaşması
bir sıra səbəblər üzündən,
əlbəttə, asan
deyil. Ancaq şühbə etmirəm
ki, mümkündür!"
Tədbirdə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri,
professor Himalay Qasımov,
AMEA-nın Ədəbiyyat
İnstitutunun XX əsr
(sovet dövrü) Azərbaycan ədəbiyyatı
şöbəsinin aparıcı
elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli, AMEA-nın folklor İnstitutunun elmi işçisi Nizami Muradoğlu və başqaları çıxış edərək
Əhməd Cavadın
əsərləri və
sənətkarlıq xüsusiyyətlərindən
danışmış, şairin
tərcümə əsərlərinin
nəşrilə əlaqədar
təklif və tövsiyələrini bildirmişlər.
Ədəbiyyat qəzeti.- 2012.-
21 dekabr.- S.3.