Könül cavan olanda

  

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış nasir-tərcüməçi Hamlet Qocanın 70 illiyilə bağlı tədbir keçirildi. Mərasimi AYB-nin katibi Arif Əmrahoğlu açaraq dedi: "Hər birimiz Hamlet Qocanı öz yaradıcılığı və şəxsiyyət kamilliyinə görə çox istəyirik. Onu tanıyanlar bilirlər ki, Hamlet müəllim gözünü dünyaya açandan bəri sözlə yaşayıb, sözün urvatını uca tutub, sözü qoruyub. Bu, onun mənsub olduğu ailədən gəlir".

Hamlet Qoca bədii yaradıcılığa ötən əsrin 60-cı illərində başlamışdır. İlk qələm tərcümələri - hekayələri mətbuatda işıq üzü görmüşdür.

1970-ci ildə fransız yazıçısı Andre Moruanın hekayələrdən ibarət "fəslin çiçəkləri" kitabı onun tərcüməsində Azərbaycan dilində çapdan çıxmışdır. Orijinaldan bədii tərcümələr edən azsaylı mütərcimlər sırasına istedadlı bir tərcüməçi də qoşuldu. O, Ann Filippin "Bir göz qırpımı" kitabını oxucularımıza təqdim etmişdir. Müxtəlif illərdə Gi de Mopassanın novellaları, Mari-Luiza Verin "Perettanın nağılları", Jorj Simenonun "Malular ailəsi", A.Truayanın "Həvva və alma", Kamyunun "Taun" romanı, Saqanın "Salam qüssə" və "Çəmənlikdə piano" əsərləri, Ümmülbanunun "Qafqaz günləri" və "Paris günləri" əsərləri, "Qırmızı çayın ayağında" adı ilə fransa yazıçılarının hekayələr toplusunu ana dilimizə çevirmiş və nəşr etdirmişdir. XIX-XX əsrləri əhatə edən sanballı "Fransız ədəbiyyatı antologiyası"nı tərtib və tərcümə edib çapdan buraxdırmışdır. Tərcümələri yüksək peşəkarlıq səviyyəsi, orijinala yaxınlığı ilə seçilir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yubilyarı ürəkdən təbrik edərək dedi: "Sovetlər dönəmində bir qayda olaraq tərcümə işində rus, ərəb, az halda da Türkiyə türkcəsinə istinad edilirdi. Hamlet Qoca ilk tərcüməçilərdəndir ki, o, birbaşa orijinaldan tərcümə edib. Tərcüməçi üçün ən vacib cəhət müraciət etdiyi dili bilmək, ana dilinə dərindən bələd olmaq və istedaddır! Hamlet Qoca bu keyfiyyəti özündə birləşdirir. O, qələm adamı kimi də, bir insan olaraq da çox dəyərlidir. Milli Məclisin deputatı olduğumuz vaxt birgə səfərlərimiz zamanı görmüşəm ki, Hamlet müəllim həm də yaxşı həmsöhbət, yol yoldaşıdı. Özümdə rahatlıq tapıram ki, hələ "Qobustan" dərgisinin baş redaktoru olduğum vaxtlar Hamletin yaradıcılıq uğurlarına yol açanlardan biri də mən olmuşam…"

Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca çıxış edərək eyni ocaq başında böyüdüyü sənətkar qardaşının ədəbi uğurlarına ürəkdən sevindiyini qeyd etdi: "Xoşbəxtdi ki, övladları var, yaradıcılığı var, azad xalqı varHamleti mənsub olduğu xalqın adından təbrik edirəm…"

AYB-nin sədr müavini Nazim İbrahimov çıxış edərək dedi: "Kitab işiylə otuz ildir ki, bağlıyam. Mətbuat Komitəsinə rəhbərlik etdiyim illərdə fransız dili ilə bağlı hər hansı məsələ ortaya çıxanda hökmən Hamlet Qocaya müraciət edirdik. Onun tərcümə və pedaktə işi həmişə kamilliyilə seçilərdi".

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə yubilyarın kamil şəxsiyyət və yaradıcı insan olmasından söz açdı: "Bizim sahil parkında Hamlet müəllimi mənimlə rəhmətlik Yusif Səmədoğlu tanış etdi. Baxan kimi bildim ki, Fikrət Qocanın qardaşıdı. Aradan keçən bu uzun illərdə mən Hamlet müəllimin şəxsiyyət bütövlüyünə dərin hörmətlə yanaşmışam. Bilirəm ki, şəxsiyyəti ilə də, yaradıcılığı ilə də kamil insandı. Dünyanın çox ölkəsini gəzib-dolaşıb, gedəndə əsl azərbaycanlı kimi mənəvi dəyərlərimizi ucalda-ucalda gedib, qayıdanda bir dünya mədəniyyət töhfəsiylə qayıdıb".

Yazıçı Xeyrəddin Qoca çıxış edərək bildirdi ki, yaxın günlərdə "Ədəbiyyat qəzeti"nin səhifələrində Hamlet müəllimin yaradıcılıq yolu ilə bağlı faktları oxuyanda heyrətlənməyə bilmədim. Çox zəngin bir yol keçib. Öz işinə həssaslıqla yanaşıb. Bu həssaslıq onun təbiətindən irəli gəlir".

Şair-tərcüməçi Zemfira Quliyeva, tərcüməçi Vaqif Əlixanlı, şairlərdən Maarif Soltan, Telman Dəmirli və filologiya üzrə fəlsəfə doktoru Gülxani Pənah mərasimdə çıxış edərək yubilyar haqqında xoş ürək sözlərini söylədilər. Bildirdilər ki, o, nəyi və necə tərcümə etməyini yaxşı bilir, qocalmamasının səbəbi qəlbinin işıqlı olmasındadı.

Sonda Hamlet Qoca yubileyilə bağlı tədbirin keçirilməsinə təşəbbüs göstərdiyinə görə Yazıçılar Birliyinin rəhbərliyinə və mərasimə qatılanlara minnətdarlığını bildirdi.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2012.- 21 dekabr.- S.8.