Məhsuldar
yaradıcılıq ömrü
O, əvvəl, ilk başlanğıcdan əlinə
qələm alanda şair idi... Yazdı-yazdı,
yazdığına mahnılar bəstəndi, oldu nəğməkar
şair... Sonra dinc
durmadı, hekayə, povest, roman qələmə aldı, oldu
nasir... Pyeslər yazdı, əsərləri səhnəyə
çıxdı, dönüb adına
dramaturq dedilər... Dünya poeziyasından seçmə
şeirlər tərcümə elədi bu adlara bir tərcüməçi
adı da qoşuldu... Xülaseyi-kəlam, oldu şair-nəğməkar,
nasir, dramaturq, tərcüməçi... Amma şairliyi
başına vurmuş bu qocaman yazar nə olur-olsun, harda
olur-olsun, bütün məqamlarda şair olaraq qaldı... Sinəsində
həssas, zərif və kövrək, məhəbbət dolu
bir şair ürəyi gəzdirə-gəzdirə
ömrün pillələrində yuxarıda zirvə nöqtəsini
göz altına alıb addımladı...
Bu qələm
sahibi Şah dağın qoynunda qərar tutmuş, füsunkar
Quba xanlığının mərkəzi şəhərində
anadan olmuş, yaşın şah pərdəsinə - səksənə
çatmış Yusif Həsənbəydir! Rəsmi sənədlərdə
adı, soyadı belədir: Həsənbəyov Yusif Qonaq
oğlu!
Yusif Həsənbəy bir qələm əhli kimi
müxtəlif yaradıcılıq mərhələləri
keçibdir.
Keçən əsrin yetmişinci illərinin əvvəllərinə
qədər onu ədəbi ictimaiyyət əsasən
uşaqların həyatından alınmış mövzularda
yazan bir lirik şair kimi tanıyıbdır. Və bu mərhələdə
Yusif Həsənbəy Azərbaycan uşaq ədəbiyyatının,
uşaq şerinin inkişafında xidmətləri olan,
kövrək, uşaq təbiətli, uşaq məhəbbətli
bir şair kimi “Ördəyin balaları” (1960),
“Yağışda çimən cücə” (1962),
“Qağayı” (1966) kitablarını kiçik balalara hədiyyə
edibdir.
Həmçinin onun “Çay dənizə tələsir”
(1963), “Unutmaram o günləri” (1966) lirik şeirlər məcmuəsi
də o dövrdə maraqla qarşılanan kitablar
sırasında idi. O da maraqlıdır ki, onun uşaqlara həsr etdiyi və
digər lirik şeirləri və ümumiyyətlə,
lirikası Azərbaycanın bu janrda mahnı bəstələyən
ən görkəmli bəstəkarların diqqətini cəlb
eləmiş, onun şeirlərinə xeyli – təxminən
300-ə yaxın mahnılar bəstələnmişdir ki,
indinin özündə də bunların çoxu repertuardan
düşmür, müntəzəm ifa edilir. “Bakı
mahnısı”, “Azərbaycan suitası” (S.Rüstəmov),
“Ömür cala-kantatası” (Süleyman Ələsgərov),
“Saçlarına gül düzüm” (Rauf Hacıyev), “Əl
çalın, qızlar oynasın” ( Nəriman Məmmədov),
“Sənin bircə təbəssümün...”,
“Görüşə gəl” (Adil Bəbirov), “Sən bir nəğmə,
mən bir nəğmə” ( Elza İbrahimova), “Gözlərinin
dünyası” (Arif Məlikov), “Küləklər” ( Oqtay
Zülfüqarov), “Sevirəm demədim” (Cavanşir Quliyev),
“Yel çəmən ətirli” (Ramiz Mirişli) və s.
onlarla mahnılar bu qəbildəndir. O da maraqlıdır ki,
bu mahnıları ən ünlü bəstəkarlar bəstələdiyi
kimi, ən ünlü müğənnilər də ifa ediblər.
Və bu mahnılar əbədi-əzəli Azərbaycan
mahnılarının qızıl fonduna daxil olubdur... Bu da maraqlı faktdır ki, Yusif Həsənbəyin
sözlərinə bəstələnmiş və “Dan ulduzu”,
“Qaya” kimi məşhur, populyar ansambılların ilk ifa etdikləri
mahnılar Yusif Həsəbəyin sözlərinə
yazılmış mahnılar olubdur.
Həmişə “Qabil əmi!” deyə müraciət
etdiyim (çünki, bu böyük sənətkar mənə
“Qardaşoğlu!” – deyərdi) xalq şairi Qabil qələm dostuna həsr
etdiyi “Əsil nəğməkar” məqaləsində onun
şerinin bu istiqamətini belə qiymətləndirmişdi:
“Şair Yusif Həsənbəy ədəbiyyata gələn
gündən öz şeirlərini, hətta sərbəst
şeirlərini belə nəğmələr, mahnılar, təranələr
üzərində kökləmişdir...”
Ümumiyyətlə,
Yusif Həsənbəy bir ziyalı kimi həmişə ədəbiyyatımızın,
mədəniyyətimizin mənafeyini güdmüş, Azərbaycan
Dövlət Musiqi Nəşriyyatında işlədiyi
müddətdə belə (1956-1967) zəhmətə qatlaşaraq,
musiqi mədəniyyətimizin mənafeyi xatirinə Azərbaycan
mahnılarını toplayıb, tərtib edib, kütləvi
tirajla “Mahnılar” (1967) adı ilə irihəcmli kitab şəklində
nəşr etdirmişdir. Sonralar onun bu işi
bir neçə dəfə təkrar, daha təkmil şəkildə
nəşr edilmişdir. Və bu
toplayıcı işi olsa da, bunu onun yaradıcı fəaliyyətinin
ən yaxşı, səmərəli işi hesab edirəm.
Çünki Yusif Həsənbəyin bu zəhməti
hesabına onlarla çox mühüm Azərbaycan xalq və bəstəkar
mahnı mətnləri əbədiyyət
qazanmışdır, itmək, mənimsənilmək təhlükəsindən,
xofundan qurtarmışdır...
Məşhur,
dünya şöhrətli bəstəkar, xalq artisti Arif Məlikov
Yusif Həsənbəyə həsr etdiyi “Sənət fədaisi”
məqaləsində onun yaradıcılığını
belə qiymətləndirir: “Azərbaycan mədəniyyətinə
fədai kimi xidmət göstərən, xalqımızın ən
gözəl nümayəndələrindən biri Yusif Həsənbəydir.
O, bizim şerimizdə ən uca rütbə
daşımağa layiq olan ən gözəl sənətkarlarımızdandır.
Yusif dostluğa sədaqətli insan, Azərbaycan
poeziyasında öz dəsti-xətti olan qələm
sahibidir.”
Onun bu illər
boyu çap etdirdiyi bədii əsərləri ilə bir yerdə
onun yaradıcılığı haqqında yazılan məqalələri
də əhatə edən kitabı Yusif Həsənbəyin səmərəli,
məhsuldar bir yaradıcılıq yolu keçdiyinə əyani
sübutlardır...
Bu əsərlərdəki təbiilik, ilkinlik, uşaq qəlbinə
və insan dünyasına bələdlik, səmimi hisslər
daha qabarıqdır və müəllifin incə, həssas
müşahidələrinin poetik ifadəsidir. Və yaxşı bir cəhət
də odur ki, Yusif Həsənbəy uşaqlara məxsus
saflıq və şirinliyi, gəncliyə məxsus enerji və
həvəsi öz içində və
yaradıcılığında ardıcıl qoruyub saxlaya
bilmişdir...
Yaradıcılığının son on illiyinə aid
olan, mövzu, məzmun cəhətdən gənclik ruhu ilə
səsləşdiyinə, gənclərin həyatından bəhs
etdiyinə görə, yazıçının “Sarı
Çalı” povesti barəsində elə bu məqamda
danışmaq istərdim.
İş elə gətirmişdir ki, Yusif Həsənbəy
gəncliyində bir müddət komsomol işində fəaliyyət
göstərmiş, 50-ci illərin ortalarında çox
nüfuzlu bir idarəetmə sahəsi olan bu təşkilatın
Səbail (o vaxtlar “26 Bakı komossarları” adlanırdı)
rayon komitəsində təlimatçı olmuşdur. Bu sahədə işləmək
ona böyük həyati təcrübə
qazandırmış, gəncliyin və xüsusən Xəzər
gəmiçiliyi sahəsində işləyən
insanların həyatı ilə yaxından tanış
olmaq imkanı yaratmışdır.
Bütün
bunlar onun bədii təfəkküründə dərin izlər
buraxmış, “Sualtı döyüşlər” (2001)
romanı, bir çox povestləri, şeirləri öz
mövzusunu buradan almışdır...
Amma “Sarı Çalı” povestində hadisələr kənddə
cərəyan edir və kənd uşaqlarının, əvvəlki
anlayışla desək, kəndli gənclərin həyatından,
mübarizəsindən, hisslərindən, məhəbbətlərindən
bəhs edir və mövzuya yanaşma tərzinin
orijinallığı ilə fərqlənir. Əslində bu povestdə
Avropa ədəbiyyatında məşhur olan “fiziki şikəstliklə”
“mənəvi şikəstlik” problemi “Kvazimo effekti “ (V.Hüqo. “Paris Notrdam kilsəsi”
əsərinin qəhrəmanı) əksini tapıb.
Povestdə təsvir olunan hadisələr Sarı
Çalı obrazının ətrafında cərəyan
edir. Orta məktəbi təzəcə başa vurmuş,
həyatları hələ qabaqda olan Sarı Çalı, Rəcəb,
Leyla aparıcı surətlərdir. Sarı
Çalı həyatın ona bəxş etdiyi fiziki şikəstliyinə
baxmayaraq bir gənc kimi işığın, xeyirin “Pir baba” cəddinin
nurunun, Pir bulağının şəfqətinin
daşıyıcısıdır, mənəvi təmizliyin,
mərdliyin, qorxmazlığın ifadəçisidir. Rəcəb isə fiziki cəhətdən
sağlam, mənən isə şikəst bir obrazdır.
Leyla isə öz gözəlliyi ilə fərqlənir
və mənəvi gözəlliyə meyl edir, Sarı
Çalını sevir.
Milli-mənəvi
düşüncələr, gəncliyə məxsus emosiyalar,
hisslər, duyğular həyat fəlsəfəsinin
çözələnməsinə, açılmasına xidmət
edir, yazıçı sübut etməyə
çalışır ki, fiziki şikəstlik Tanrı qismətidir,
amma mənəvi şikəstlik ondan da əzablı və
müdhişdir, qorxuludur, sosial bəlalar, faciələr mənbəyini
mənəvi şikəstlikdən alır... Povestin əvvəlində
Hitlerin, Bethovenin və Homerin həyatlarından gətirilən
epiqraflar da əsrin əsas ideyasının şərhinə
açar olur və ibrətamizdir...
“Sarı
Çalı” povestinin ideya-estetik qayəsinə yüksək
qiymət verən xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev
yazır: “Bu povestdə daim inkişaf edən həyatımızın
rəngarəng bədii lövhələri, insanların mənəvi-psixoloji
aləmləri, məhəbbət duyğuları, eləcə
də yaşadıqları dövrün ictimai problemləri
yüksək bədii-estetik səviyyədə qələmə
alınıbdır.
Yazıçı əsərində mənsub olduğu
xalqın bənzərsiz mənəvi-əxlaqi zənginliklərini,
adət-ənənələrini təsvir edibdir. Müəllifin
bədii təsvirində Azərbaycan kəndinin mənzərəsi,
koloriti, gözəllikləri aydın və qabarıq şəkildə
verilir”.
Yusif Həsənbəy ciddi, həyatsevər,
yaradıcılıq zəhmətinə tablaşan, məhsuldar,
ədəbiyyatın müxtəlif janrlarına cəsarətlə
müraciət edən
yazıçılarımızdandır. Moskvada təhsil
illəri (1975-1977) onun yaradıcılığının
mühüm, məhsuldar dövrüdür. O, bu mərhələdə
ictimai-ədəbi mühitdə daha geniş tanınmağa
başlayır, dövrün ən məşhur İttifaq mətbuatında
“ “Pravda”, “İzvestiya” qəzetlərində, “Yunost”, “Molodaya
qvardiya”, “Selskaya jizn”, “Znamya”, “Zvezda”, “Neva” dərgilərində
müntəzəm çap olunur, əsərləri
tanınmış rus şairləri tərəfindən tərcümə
edilir. Həmçinin onun Moskvada uşaqlar
üçün nəzərdə tutulan “Skvoroçniki dlya
pesni” (“Mahnılar üçün quş yuvası”, “Detgiz”
1973, Alla Axundovanın tərcüməsində), “Melnisa” (“Dəyirman”,
“Sov.pisatel”, 1971, Yakov Kozlovskinin və Nikolay Novikovun tərcümələrində),
“Reka toropitsa k more” (“Çay dənizə tələsir”,
“Sov.pisatel”, 1975, Yakov Kozlovskinin və Eduard Balaşovun, Nikolay
Novikovun tərcümələrində) böyük tirajla
çap olunub, o vaxtkı SSRİ, indiki MDB məkanının
oxucularına çatdırılmışdı. İttifaq mətbuatındakı
çıxışları onu digər bir arenaya
çıxarır və onun şeirləri bolqar, macar,
yuqoslav, alman dillərində səslənir, İttifaq məkanında
yaşayan xalqların dillərinə çevrilərək
yayılır.
Yusif Həsənbəy
bu mərhələdən başlayaraq ciddi və və
ardıcıl tərcüməçilik işi görür,
Asiyanın və Avropanın tanınmış sənətkarlarının
əsərlərini dilimizə çevirərək çap
etdirir və onun tərcüməsində Qərbi Avropa
şeri antologiyası “İnadkar sətirlər” (1991) adı
ilə dərc edilir.
Bu
antologiyadan Almaniyadan Frans Bexerin, Robert Bexerin, Bartold Brextin, Uve
Verkerin; Bolqarıstandan Kristo Voterin, Nikola Vapsasovun, Veselin
Andreyevin; Yuqoslaviyadan Vladimir Nazorun, Desanka Maksimoviçin,
Radovan Zaqoviçin; Macarıstandan Bela Balayın, Antal
Qidaşın; Polşadan Leopold Stavın, Kazimira
İllakoviçin, Branislav Bronovskinin; Rumıniyadan Tüdor
Argezinin, Jorje Bakoviyanın, Mixay Belyukun; Çexoslovakiyadan
Yaroslov Brexlitskinin, Jorjev Qoranın, Konstantin Biblin və onlarla
digər şairlərin (biz ölkələrin adlarını
o dövrdə olduğu kimi saxladıq və tərcümə
edilən şairlərin adlarından cüzi seçmələr
verdik) əsərləri azərbaycanlı oxuculara tərcümədə
çatdırılmışdır ki, bu da Yusif Həsənbəyin
istedadlı tərcüməçiliyinə dəlalət
edir.
“İnsan
ömrü” (1971), “Evin ulduzu” (1973), “Nəğməli
yarpaqlar” (1976), “Zirvə qarı” (1978), “Məhəbbətli
dünyamız” (1980), “Günəş doğanda” (1981), “Məhəbbət
məşəlləri” (1984), “Xəcalətli qalmayaq” (1987),
“Çəmən gülləri” (1987) kimi şeir kitabları
bu mərhələnin bəhrələridir və oxucular tərəfindən
rəğbətlə qarşılanmışdır. Bu mərhələdə “Ayı kürkü”,
“Dağlarda işıq” televiziya pyesləri onu dramaturq kimi də
tanıtmış, bir qələm əhli kimi
yaradıcılıq imkanlarının getdikcə genişlənməsini
göstərmişdir.
Bu
dövrdə Yusif Həsənbəyin “Sehrli bulaq” pyesi Mingəçevir
Dövlət Dram Teatrında (1963), “Yıxılanı
qaldırın” pyesi isə Ağdam Dövlət Dram
Teatrının səhnəsində (1965) dəfələrlə
oynanılır və maraq doğurur.
Yusif Həsənbəyin bədii yaradıcılıq
imkanlarının daha böyük bir sferaya və mərhələyə
keçidi Azərbaycan dövlətçiliyinin müstəqillik
dövrünə düşür. Bu mərhələyə qədər
Yusif Həsənbəy bir şair, tərcüməçi,
dramaturq, publisist kimi tanınsa da, geniş mastşablı nasir
kimi az tanınırdı. Doğrudur,
onun maraqlı novellalar, hekayələr müəllifi kimi
ara-sıra nəsr nümunələri ilə rastlaşsaq da,
yeni əsrdə o, birdən-birə roman müəllifi kimi
oratya çıxdı. “Sualtı döyüşlər”
romanı (2001) bu janrın yeni və təzə bir nümunəsi
kimi qarşılandı, Yazıçılar Birliyində və
başqa ictimai yerlərdə geniş müzakirələri
keçirildi, təqdimatı oldu, haqqında tənqidin
maraqlı fikirləri ortaya çıxdı... Mən
özüm də, “Nəsrimiz: yeni mövzunun yeni bədii həlli”
adında (“Ədəbiyyat qəzeti” - 2002) irihəcmli ədəbi-tənqidi
məqalə ilə çıxış etdim...
Yeri gəlmişkən
qeyd edim ki, Yusif Həsənbəyin ümumən
yaradıcılığı M.İbrahimov, B.Nəbiyev,
Q.İlkin, Qabil, F.Qoca, H.Abbaszadə, N.Qəhrəmanlı,
V.Yusifli və başqa qələm dostları tərəfindən
yüksək qiymətləndirilmişdir. Məsələn,
xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı,
akademik Mirzə İbrahimov: “Yusif Həsənbəy respublika həyatında
baş verən bütün ictimai-siyasi hadisələrə dərhal
öz münasibətini bildirən həssas şairlərdəndir.
O, bu sınaq günlərində də xalq taleyinin, vətən
müqəddaratının erməni ekstremistləri tərəfindən
təhlükə altına alındığı zamanında
da xalqı birliyə, müdrikliyə çağıran
şeirləri ilə çıxış edir” (“Həmkarlarımız”
məqaləsi).
Akademik, ədəbiyyatşünas-tənqidçi
Bəkir Nəbiyev: “Yusif Həsənbəy şeir və
poemaları ilə şəxsiyyəti, əxlaq və mənəviyyatı
arasında ürəyəyatan bir ahəngdarlıq var. Təkcə
poeziyasında deyil, nəsr əsərlərində də vətəndaş
və vətənpərvər təfəkkür sahibinin
ümumiləşdirmələri geniş yer tutur!” (“Sevdiyim şair” məqaləsi). “Sualtı döyüşlər” romanında da
yazıçının bu keyfiyyətləri özünü
parlaq şəkildə büruzə verir.
Bu romanın özgürlüyü, özəlliyi nədən
ibarət idi?
Ən əvvəl, mövzu seçimində və mövzuya
yanaşma üsulunda! Süjeti və ideyanın bədii həllinə
xidmət edən təhkiyə isə ənənəvi roman
janrının uğurlu davamı idi...
Azərbaycan
qədim dənizçi ölkəsi olmasına baxmayaraq (Tur
Xeyerdal Qobustan qayaüstü rəsmlərinə görə
Azərbaycanı dünyada dənizçiliyin beşiyi
adlandırmış, Azərbaycanda rəsmi dənizçilik
idarəsi isə 1858-ci ildə yaradılmış, dünyada
ilk buxar gəmisi Xəzər dənizində üzmüş,
1901-ci ildə Xəzər dənizçilik donanmasında 788
gəmi olmuşdur), hələ bu romana qədər Azərbaycan
dənizçilərinin həyatından bəhs edən irihəcmli
bir bədii əsər yazılmamışdı və
doğrudan da təəccüb doğuran o idi ki, bu mövzu nədən
heç kimin diqqətini cəlb etməmiş və dənizçilik
ölkələrindən biri olan Azərbaycan, onun paytaxtı
Bakı (hələ Bakı limanına qədər tarixən
Azərbaycanda Xəzərsahili qədim şəhərlərimizdə
bir neçə böyük ticarət limanları mövcud
olmuşdu) şəhərinin dəniz
donanmaçılarının həyatından, fəaliyyətindən
bəhs edən bədii əsər
yazılmamışdır!..
Yusif Həsənbəy
“Sualtı döyüşlər” romanı ilə dünya ədəbiyyatı
ənənələrindən bəhrələnərək
sırf real dənizçi həyatından bəhs edən, bu
sahədə işləyən müasirlərimizin, həməsrlərimizin
obrazlarını real həyat lövhələrində
canlandıran, müasir dənizçi məişətini
bütün nüansları ilə əks etdirən
yaxşı bir əsər yazaraq Azərbaycan ədəbiyyatında
bu mövzuda ilk bünövrə daşı qoymuş, yeni bir
mövzu istiqaməti müəyyənləşdirmişdir...
Bununla Azərbaycan bədii nəsrinin dövriyyəsinə
yeni mövzu daxil olmuş, aktual, çağdaş ədəbi-bədii
fakta çevrilmişdir.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar bu roman haqqında demişdir:
“Şair, populyar mahnı mətnlərinin müəllifi kimi
tanınan Yusif Həsənbəyin romanını oxudum,
sevindim. Kitabda dənizçi həyatından və müxtəlif
ölkələrdən aldığı təəssüratı
qələmə alan müəllif
maraqlı obrazlar yaradıb. Yusif Həsənbəy mövzuya
aid olan həyatı dərindən öyrənib, uzaq ölkələrdən
keçərək o yerlərin insanlarının həyatına
nüfuz edib və tanış olduğu sferaları əsərinə
bacarıqla gətiribdir”.
Belə bir müvəffəqiyyətli
yaradıcılıq işindən sonra Yusif Həsənbəy
yeni yaradıcılıq enerjisi ilə qələminə
sığınır, bir-birinin ardınca müxtəlif
janrlarda yazdığı əsərləri ilə mətbuatda
çıxış edir, bir-birindən maraqlı bədii
nümunələr yaradır. “Onu çağırırlar” (2005),
“Vicdan yol açır” (2006), yuxarıda bəhs etdiyimiz
“Sarı Çalı” povestləri, “Tanrımla söhbət”
(2007), “Cənnətin bağlı yolları” (2007)
poemaları, “Dəniz aclığı”, “Təkan” kimi hekayələri,
müxtəlif şeirləri, publisist yazıları bu mərhələnin
dəyərli bədii məhsullarıdır.
Demək
olar ki, bu əsərlərin hamısında müasirlik,
ictimai problemlər, sosial mühitin sıxıntıları,
milli-mənəvi, əxlaqi dəyərlər, bu dəyərlərə
insani münasibətlər, ruhi məqamlar, intellekt sahibi olan bəşər
üzvünün Tanrısı ilə saflıq
axtarışlarında ruhi söhbətləri, iç
dünyadan “cənnətin” nədənsə üzümüzə
bağlı qalan yollarının axtarışları, bu
yolları yenə mənəviyyat açarı ilə
“vicdanın açarı ilə açılma istəyi,
insanı təmizliyə, mənəvi saflığa
çağrış istəkləri, arzuları, “Pir
babanın bizlərə qoyub getdiyi Pir bulağının
itirdiyimiz saflığına, duruluğuna” inama
qayıdış bəzən zəif, bəzən
güclü, amma təmiz, xoş yazıçı niyyəti
ilə qələmə alınmışdır.
Bu cəhətdən
“Ədəbiyyat qəzeti”nin keçən
ilki saylarının birində oxuculara təqdim edilən “Cənnətin
bağlı yolları” poeması xüsusən fərqlənir.
Burada “cənnət” mistik obraz deyil, Cənnət kimi gözəl
olan Qarabağa işarədir:
Üz
tutmamış yaramdı Qarabağım!
Nə
sönür, nə qaysaqlanır,
Sulandıqca dağlanır.
Dağıdılmış
yuvamdı Qarabağım!
Al
qumaşı Paris salonlarına
işıq saçan,
İndi
şöləsi qaralan şamdı Qarabağım!
...Əfsanəyə
dönmüş o yurdum,
Viranəyə
dönmüş o yurdum,
...Ucalığımdı,
İntibahımdı,
yeni eramdı!
Çox
müsibətlər görüb elim,
Amma
Qarabağ süqutu
Şekspir
dramlarının qabağına
Doqquz qoyan bir dramdı.
Nə qədər
ki,
Düşmən
əlindədir torpağımız,
Yatdığımız
yuxu haramdı, qardaşlar,
İçdiyimiz
su haramdı!...
Onun bu qəbildən olan poemalarında, ümumiyyətlə,
şeir yaradıcılığında gerçəklik, həyatilik
emosional müstəvidə təqdimi yaxşı bir cəhddir;
mühitlə səsləşən, həmahəng olan və
sadəliyə, adiliyə meyilli emosionallıqdır. O, bir şair kimi şerinə
o qədər bağlıdır ki, şerinin hər
misrasını canından, gözündən əziz bilir:
Sənə
etibar elədim gözlərimi,
Bilirəm ki, əlin dəysə sağalacaq.
Kəs,
parçala, nə istəyirsən sən elə,
İşıq
görsən... O, misramdır,
Sən misrama dəymə ancaq.
( “Paşa
Qəlbinura” şeri,
“Ədəbiyyat qəzeti” - 2012.)
Yusif Həsənbəyin şeirlərində
psixoloji-analitik təhlildən çox real hadisələrə
müraciət, monoloqlar üstündür. Onun şeirləri birtərəfli
monoloqdur, dialoqa çevrilmir; şairin oxuculara ünvanlanan
düşüncələridir... Onun üslubunda poetik-bədii
situasiyanın tərənnümdən çox, şərhinə
üstünlük verilir... Ümumiyyətlə,
Yusif Həsənbəyin misra intonasiyasında bir nəsr
düzümü, nəsir sərbəstliyi var. Həmçinin,
nəsrində, xüsusən hekayələrində sadə
lirizm, şairanə müşahidələr
üstünlük təşkil edir. Onun
hekayə dilində şeir dilinin sintaktik biçimləri
çimlənir. Və bu biçimli hekayələr
oxucusuna lirik, şairanə effekt aşılayır...
Yusif Həsənbəyin belə maraqlı, diqqətimi
çəkən əsəri “Təkan” (“Ədəbiyyat qəzeti”,
20 dekabr - 2007) xatirə motivində yazdığı sənədli
hekayəsidir.
Hekayədə gənc, hələ indi-indi ədəbiyyatın
zəhmli yollarında təzə ayaq açan şairə nəhəng,
müqtədir, şöhrət çələngi gəzdirən,
dağ siqlətli bir sənətkarın – xalq
yazıçısı İlyas Əfəndiyevin
qayğısından, köməyindən, ona güc-qüvvət,
təkan verməsindən söhbət açılır.
Xatirə elə çözələnir ki, bu böyük sənətkara
– İlyas Əfəndiyevə adi insanların məhəbbəti,
hörməti, izzəti ilmələnir, aşkarlanır,
görsənir və son olaraq ümumxalq məhəbbətinin
ifadəsinə çevrilir...
Yusif Həsənbəy həm
yaradıcılığının, həm də həyatının
müdriklik çağlarını yaşayır. Yeni əsərlər üzərində
işləyir... “Dəyirmanın mühafizəsi”
pyesi, “Məhəbbətli dünyamız” şeir və
poemalardan ibarət irihəcmli külliyyatı, “Ədəbiyyat
qəzeti”ndə dərc edilən sisilə şeirləri son
illərin yaradıcılıq məhsuludur. Neçə
müddətdir ki, hissə-hissə “Ədəbiyyat qəzeti”ndə
oxuculara təqdim etdiyi çox maraqlı süjetə malik,
orijinal bir mövzuya həsr etdiyi “NEXT – özgə millət”
romanı tam şəkildə (“Azərmaycan” jurn.,¹ 12, s.58-110.) təzəcə çap olunaraq
oxuculara təqdim edilib. Roman son on illiklərdə,
əsasən Şimali və Cənubi Qafqazda, ümumən
dağılan İttiffaqda baş verən ictimai-siyasi kataklizmlərə
həsr edilib. “Next” ingilis
sözüdür, tərcüməsi də “özgə millət”
deməkdir. Yazıçı bu adın mənasını
romanının leytmotivinə çevirmişdir, ona yeni
ictimai-sosial məna yükü aşılamışdır.
“NEXT” adam əslində özgə millətdən
olan adam deyil. Adını
daşıdığı millətə, çörəyini
yediyi, suyunu içdiyi, havasını udduğu torpaqda geninə-boluna
yaşayan, amma Vətəninə, torpağına, millətinə
bir darı boyda xeyir verməyənlərdir. Adını azərbaycanlı qoyub, mən azərbaycanlıyam
deyib, azərbaycanlıya aid heç bir mənəvi-əxlaqi
yükü daşımayanların, Azərbaycanı
talayanların, millətin, xalqın, dövlətçiliyin dərdlərinə
biganələrin ümumiləşmiş obrazıdır.
Əslində, Yusif Həsənbəy bir az
da macəra üslubunda - süjetində yazdığı,
çox maraqla oxunan bu romanda millətin adını
daşıyan, genetik cəhətdən millətinə mənsub
olan, amma mənəvi-əxlaqi çəhətdən millətindən
olmayan müzürlərin tipik obrazını yaratmağa
müvəffəq olmuşdur. Romanda bir-birindən maraqlı
müxtəlif sosial zümrələrdən, müxtəlif
millətlərdən olan obrazlar, surətlər, xarakterlər
qalereyası ilə qarşılaşırıq...
Yazıçının “Bunlar bizdən olub, amma bizdən
deyillər, özgə millətdəndirlər!” gerçəkliyin
də təstiqlədiyi qənaəti yüksək bədiiliklə,
həyati faktlarla, canlı danışıq dilinin cazibədar
laylarından (özü də müxtəlif millətlərin
dillərində Azərbaycan türkcəsi necə səslənirsə)
ustalıqla istifadə etməklə oxucuya
çatdırılır və yüksək vətənpərvərlik,
millilik, vətandaşlıq ruhu aşılayır...
Yusif Həsənbəy
sakit, məhsuldar bir yaradıcı ömür yaşayır,
bədii-poetik sözə sərf olunan şair,
yazıçı ömrü... Bu ömrün məqamları
görümlü, duyumludur... Bu çətin, əzablı,
axtarışlı, səmərəli, özünəməxsus,
zəngin yaradıcılıq ömrünün məqamlarında
ona sağlam can, sözdən süzülən yeni-yeni
uğurlar, yorulmazlıq arzulayırıq...
Bir də Yusifin bir şeri var – “Doya bilmirəm”. Məna və
mahiyyəti 80 yaşını haqlayan Yusif Həsənbəyin
özünə də, yaradıcılığına da
çox yaraşır. Onun son bəndi belədir:
Həyat beş gündü, beşcə gün,
Sevdalı hər gün, toy-düyün.
Mənası
eşqdir ömrümün,
Başqa bir məna bilmirəm.
80 illik yubileyini qarşılayan qocaman şair-nasir Yusif Həsənbəy,
fəxarətlə geriyə bax, qoca, gör nələr
yazmısan, nə işlər görmüsən?! Eşq mənalı 80 illik
ömrün mübarək!
Qurban BAYRAMOV
tənqidçi-ədəbiyyatşünas
Ədəbiyyat qəzeti.- 2012.- 21
dekabr.- S.7.