Görkəmli alim və
müəllim
Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, professor Xalid Əlimirzəyevin 80 yaşı tamam olur.
O, respublikamızın dilbər guşələrindən biri olan Qəbələ (keçmiş Qutqaşen) rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Orta təhsildən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsinə qəbul olunur. Unversiteti əla qiymətlərlə bitirdiyinə görə Dövlət İmtahan Komissiyası onu aspiranturada saxlamaq haqqında qərar qəbul etsə də, bunu həyata keçirmək mümkün olmur. Çünki o vaxt N.S.Xruşşovun göstərişinə əsasən ali məktəbi bitirmiş gənclər ən azı iki il iş stajı olmadan aspiranturaya qəbul oluna bilməzdilər. Buna görə də o, rayonlarına qayıtmış və orada müəllim və tədris hissə müdiri vəsifəsində çalışmışdır. Rayonda işlədiyi dövrdə doğma universitetlə əlaqəsini kəsməmiş, beş il ona dərs demiş Həmid Araslı, Cəfər Xəndan, Əli Sultanlı, M.H.Təhmasib, M.Qasımov, xüsusilə diplom rəhbəri olmuş Mir Cəlal kimi unudulmaz müəllimlərinin tövsiyəsinə əməl edərək geri qayıdıb filologiya fakültəsinin aspirantura şöbəsinə daxil olur.
Professor X.Əlimizəyev 50 ilə yaxın bir müddətdir ki, Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif dövrlərindən, ədəbiyyatşünaslığın əsasları və ədəbiyyat nəzəriyyəsi fənlərindən mühazirələr oxuyur, məşğələlər aparır. Onun mühazirə və məşğələləri həmişə elmi-nəzəri, pedaqoji cəhətdən yüksək səviyyədə keçir, tələbələr tərəfindən böyük diqqət və maraqla qarşılanır. O, kafedra, fakültə və bütütünlükdə universitet daxilində, həmçinin respublika və respublikadan kənarda keçirilən elmi-pedaqoji tədbirlərdə, konfrans və yığıncaqlarda fəal iştirak edir, filologiya sahəsində kadrların hazırlanmasında, dərslik proqramı, xüsusi məcmuələrin işlənib nəşr olunmasında, dissertasiya, diplom işlərinin müzakirəsində, müxtəlif elmi problemlərin həllində və izahında geniş fəaliyyət göstərir, həmişə prinsipial mövqedən çıxış edir, xeyirxah, işgüzar tövsiyə və məsləhətlərini verir.
Respublika elmi ictimaiyyəti X.Əlimirzəyevi ixtisasını yaxşı bilən, hazırlıqlı, dərin elmi təfəkkürə, eridusiyaya və səlis, emosional nitq mədəniyyətinə malik, öz işinə məsuliyyətlə yanaşan, bacarıqlı, istedadlı bir tənqidçi, ədəbiyyatşünas alim, nümunəvi müəllim kimi tanıyır və onun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirir.
Onun respublikamızda filologiya sahəsində müəllim kadrlarının və elmi işçilərin yetişdirilməsində də boyük xidmətləri vardır. O, indiyədək onlarla elmlər namizədi yetişdirmiş, namizədlik və doktorluq dissertasiyalarının opponenti, elmi məsləhətçisi olmuşdur.
X.Əlimirzəyev həm də respublikamızda ədəbiyyatımızın, teatr və səhnə sənətinin ardıcıl, istedadlı təbliğatçılarından biri kimi tanınmışdır. Onun görkəmli yazıçılarımızın yaradıcılığı, bədii əsərlər, ədəbiyyatımızın çağdaş problemləri, dramaturgiya və teatr tamaşaları haqqında televiziyada və radioda apardığı silsilə verilişlər həmişə öz müasir məzmununa, ictimai mündəricəsinə, aktuallığına görə seçilir, diqqətlə dinlənilir və ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.
X.Əlimirzəyev məhsuldar, nüfuzlu, tədqiqat dairəsi geniş, nəzəri cəhətdən hazırlıqlı, elm aləmində öz sözü, orijinal üslubu, müstəqil mövqeyi olan alimlərimizdəndir. Təsadüfi deyildir ki, indiyədək mətbuatda onun müxtəlif dövrlərdə yaşamış klassiklərimizin yaradıcılığına, həm də müasir dövrün ədəbi-nəzəri, tənqidi problemlərinə, dramaturgiya, teatr, incəsənət və sənətdə estetika məsələlərinə həsr olunmuş 300-dən artıq elmi məqaləsi və 350-dən çox publisistik yazısı çap olunmuşdur. Bundan əlavə o, həm də, ədəbiyyatşünaslığımızın ayrı-ayrı elmi-nəzəri problemlərinə, tanınmış ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığına, müasir ədəbiyyatımızın tədqiq və təhlilinə, ədəbi-tənqidi prosesə həsr olunmuş, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş 20-dək geniş həcmli, yüksək professionallıqla yazılmış monoqrafiya, kitab, dərslik və dərs vəsaitlərinin müəllifidir.
X.Əlimirzəyevin elmi-tədqiqat dairəsi vətənimiz yenidən müstəqillik əldə etdikdən sonra daha geniş və məhsuldardır. Bu dövrdə çap etdirdiyi “Dədə-Qorqud” dastanında şəxsiyyət və cəmiyyət problemi”, “Nizami Gəncəvinin insan konsepsiyası”, “Dramaturgiya, teatr və səhnə sənəti”, “Siyasət və əxlaq”, “Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları”, müəllim və ustadı hesab etdiyi Mir Cəlalın şəxsiyyəti və bədii yaradıcılığına həsr olunmuş “Mənəvi borc”, “M.F.Axundzadənin ideal və sənət dünyası”, “Klassiklərimizin ideal və poetik dünyası” (iki cilddə), böyük ədibimiz Mirzə Cəlil yaradıcılığına həsr olunmuş “Dahi sənətkar, böyük vətəndaş” kimi kitablar həm həcminə, ideyasına və ictimai mündəricəsinə görə yüksək səviyyədə işlənilmiş və müstəqillik dörümüzün ədəbi-nəzəri prinsiplərinə da dolğun cavab verir.
X.Əlimirzəyev elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur.
O, məzmun və sənətkarlıq cəhətdən diqqəti cəlb edən, maraqla oxunan bir sıra poest, hekayə, ssenari və dram əsərlərinin müəllifidir.
Yazıçının bədii əsərləri “Bələdçi” adlı kitabında çap olunmuşdur. “Sənət sorağında” pyesi Akademik Dövlət Milli Dram Teatrında, “Daşa dönmüş ürəklər” dramı isə Bakı Bələdiyyə Teatrında səhnələşdirilmiş və tamaşçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Uzun illərdən bəri tanıdığım, həmkarım, mərd və vətənpərvər insan, qələm dostum Xalid Əlimirzəyev bu gün də gənclik eşqi ilə yazıb-yaradır və səmərəli elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Xalid Əlimirzəyevin elmi-nəzəri, pedaqoji fəaliyyətini və bədii yaradıcılığını M.İbrahimov, İ.Əfəndiyev, Ə.Cəmil, Mir Cəlal, Mehdi Məmmədov, C.Cəfərov, A.Zamanov, A.Nəbiyev, T.Mütəllibov, N.Şəmsizadə, B.Sultanlı, İ.Bəktaşi, C.Əhmədov, Z.Salmanova və başqa tanınmış, mötəbər yazıçı və alimlərimiz müxtəlif vaxtlarda yüksək qiymətləndirmiş, onun haqqında təqdiredici rəylər söyləmişlər.
Mən özümün və bütün dostlarım adından onu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür və cansağlığı arzulayıram.
Tofiq Hüseynoğlu
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2012.- 21
dekabr.- S.6.