Xalid Əlimirzəyev - 80

  

Hörmətli Xalid müəllim!

Sizi - görkəmli ədəbiyyatşünas alim, istedadlı tənqidçi və tanınmış maarif xadimini 80 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Sizin elmi-nəzəri, publisistik məqalələriniz keçən əsrin 60-cı illərindən başlayaraq respublika mətbuatında, elmi məcmuələrdə çap olunmuş, professional səviyyəsi, obyektivliyi ilə seçilən tədqiqat və resenziyalarınız ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Klassik irsimizin böyük dühaları Xaqani, Nizami, Füzuli, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, F.Köçərli, C.Cabbarlı, H.Cavid, o cümlədən müasir ədəbiyyatımızın görkəmli nümayəndələri S.Vurğun, M.Müşviq, R.Rza, M.Hüseyn, M.Cəlal və digərlərinin yaradıcılığına dair yazmış olduğunuz əsərlərinizdə ədəbiyyatşünaslıq elmimiz üçün dəyərli olan nəzəri, estetik problemlər qaldırılır.

Siz çağdaş ədəbi prosesi də diqqətlə izləyir, söz sənətimizin inkişaf mərhələləri barədə dəyərli elmi mülahizələrlə çıxış edirsiniz.

Bədii əsərlərin ictimai məzmun və mündəricəsini, poetik xüsusiyyətlərini, estetik qayəsini, müəlliflərin buna nə dərəcədə nail olduqlarını elmi-nəzəri əsaslarla şərh edirsiniz. Siz eyni zamanda teatr tənqidi ilə məşğul olur, tədqiqat obyekti kimi dramaturgiyaya tez-tez müraciət edirsiniz.

1972-ci ildən başlayaraq bu günə qədər ədəbiyyat tariximizinmüasir ədəbi prosesin tədqiq və təhlilinə həsr olunmuş "Ədəbi qeydlər", "Problemlər və xarakterlər dramaturgiyası", "Bədii həqiqət uğrunda", "Dramaturgiyamızda ideal və qəhrəman", "C.Məmmədquluzadənin ədəbi-tənqidi görüşləri", "Dədə-Qorqud" dastanında şəxsiyyət və cəmiyyət problemi", "Nizami Gəncəvinin insan konsepsiyası", "Dramaturgiya, teatr və səhnə sənəti", "Siyasət və əxlaq", "Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları", "Mənəvi borc", "M.F.Axundzadənin ideal və sənət dünyası", "Klassiklərimizin idealpoetik dünyası" (iki cilddə), "Dahi sənətkar, böyük vətəndaş", "Ədəbi tənqidi məqalələr" və s. kimi qiymətli kitab, dərslik, tədris vəsaiti və monoqrafiyaların müəllifisiniz.

Siz məhsuldar elmi-pedaqoji fəaliyyətinizlə yanaşı, bədii yaradıcılıqla da məşğul olursunuz.

2008-ci ildə çap olunmuş povest, hekayə və dram əsərlərindən ibarət olan "Bələdçi" adlı kitabınız geniş oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

"Sənət sorağında" adlı pyesiniz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və "Daşa dönmüş ürəklər" dramınız isə Bakı Bələdiyyə Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almısınız. Bir müddət Qəbələ rayonunda müəllim və tədris hissə müdiri vəzifəsində işlədikdən sonra, unversitetin aspirantura şöbəsinə qəbul olunmuş, 1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etimisiniz. 1973-cü ildən bu günə qədər doğma ali təhsil ocağının professorusunuz.

Hörmətli Xalid müəllim!

Sizi bir daha 80 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2012.- 21 dekabr.- S.6.