İllər, səhifələr
Xalid Əlimirzəyev-80
Bu rəylərdən
bəzilərini oxuculara təqdim etmək yerinə düşərdi:
“Hər
bir elmi əsərin və hətta adi bir məqalənin də
qiyməti və əhəmiyyəti yalnız bundadır ki, nəzərdən
keçirdiyi obyekt barədə yeni bir fikir söyləsin, ona
daha dərindən nəzər salsın. Bu cəhətdən
Xalid Əlimirzəyevin tədqiqatı diqqətəlayiqdir və
Cəlil Məmmədquluzadənin dramaturgiyasını öyrənməkdə
irəliyə doğru bir addımdır. Əvvəla, qeyd etmək
lazımdır ki, X.Əlimirzəyevin əsəri
yazıçının dramaturgiyasını geniş planda və
küll halında tədqiq edən ilk elmi əsərdir.
Doğrudur, bu vaxta qədər yazılmış çoxlu
elmi tədqiqatlarda və məqalələrdə C.Məmmədquluzadə
dramaturgiyasına geniş yer verilmiş, “Ölülər”,
“Anamın kitabı” ətraflı təhlil olunmuş, bəzi
surətlər haqqında müxtəlif fikirlər söylənilmişdir.
X.Əlimirzəyev yeni monoqrafiyasında əvvəlki tədqiqatları
nəzərə almış, mübahisəli məsələlər
barədə öz rəyini söyləmiş,
yazıçının dolğun ictimai mənalı və
yüksək bədii keyfiyyətli dramaturgiyasını daha dərindən,
daha sistemli şəkildə tədqiq etmişdir.
Müəllif
böyük ədibimizin yaradıcılığının,
xüsusən onun dramaturgiyasının fikri-estetik xüsusiyyətlərini
və müsbət keyfiyyətlərini doğru izah edir, Azərbaycan
realist və inqilabi-demokratik ədəbiyyatının
inkişafındakı rolunu və əhəmiyyətini
yüksək qiymətləndirir. O, C.Məmmədquluzadə
yaradıcılığının ümumbəşəri
keyfiyyətlərini, yüksək humanizmini, demokratizmini, əsrin
mütərəqqi ideyaları ilə, zəhmətkeş
xalqın ideal və arzuları ilə üzvi
bağlılığını dönə-dönə qeyd
edir”.
Mirzə İbrahimov
akademik
“Mən
Xalid Əlimirzəyevi on ildən artıq bir zamandır ki,
tanıyıram. O, əvvəllər hekayə və
oçerklər yazırdı. Mən bunların bəzilərini
mətbuatda oxumuşam. Bu kiçik əsərlərdə də
müəllifin həyatı duymaq, bədii ədəbiyyat
üçün zəruri məsələlərə nüfuz
etmək qabiliyyəti hiss edilirdi. Lakin sonralar o, əsasən nəzəri-tənqidi
məqalələr yazmağa başladı… X.Əlimirzəyevin
məqalələrində mənə an çox xoş gələn
müəllifin səmimiyyəti və əsərdəki bədii
həqiqəti ortaya çıxarmaq bacarığıdır.
Bunların hər ikisi eyni dərəcədə qiymətlidir.
O, bədii əsərlərdəki sözaltı mənaları,
müəllifin nə demək istədiyini və buna nə dərəcədə
müvəffəq ola bildiyini elmi-nəzəri əsaslarla
şərh etməyi bacarır.”
İlyas Əfəndiyev
xalq yazıçısı
“Mən
Xalid Əlimirzəyevi, istedalı dostumu, ədəbiyyat cəbhəsinin
fəal və qeyrətli mücahidi hesab edirəm… Cavan ədəbiyyatşünaslar
arasında öz qüdrəti, elmi fəaliyyəti, təhlil
bacarığı və ədəbi-bədii zövqü ilə
seçilən X.Əlimirzəyev C.Məmmədquluzadənin
bütün səhnə əsərlərini tədqiq obyekti
götürmüş, bu əsərlərin həm ictimai məzmun,
həm də bədii sənətkarlıq keyfiyyətlərini
diqqətlə öyrənmiş, dəqiq müəyyənləşdirmiş,
düzgün elmi nəticələrə gəlmiş, onlar
haqqında ədəbiyyatşünaslıqda indiyəcən
olan mülahizələri nəzərdən keçirmiş,
tənqidi münasibətini bildirmişdir.
Diqqətli
oxucu görür ki, X.Əlimirzəyevin əsərində
ümumi hökm və mülahizələrdən çox,
konkret təhlil, məlum mətləblərdən çox
yeni və orijinal fikirlər üstünlük təşkil
edir. Səmimiyyətlə deməliyəm ki, X.Əlimirzəyevin
tədqiqatı Mirzə Cəlilin dramaturgiyası haqqında
yazılan əsərlər içərisində yeniliyi,
orijinallığı ilə seçilir və diqqəti cəlb
edir. ”
Mir Cəlal Paşayev
“Elmi-pedaqoji
və bədii fəaliyyəti barədə söz
açmağı borcum hesab etdiyim müəllimlərimdən
biri, ömrünün əlli ildən artıq bir
dövrü universitetlə bağlı olan Xalid Əlimirzəyevdir.
X.Əlimirzəyev Mir Cəlal müəllimin elmə gətirdiyi
ədəbiyyatşünaslardan biridir. Onun XX əsr Azərbaycan
ədəbiyyatının tədqiqi və bədii tənqidimizin
inkişafı sahəsində böyük xidmətləri
vardır. X.Əlimirzəyev öz dövründə
böyük bir elmi tədqiqat institutunun işini
görmüş, onun Mir Cəlal müəllimin rəhbərlik
etdiyi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
yüksək elmi-nəzəri səviyyəsinin qorunub
saxlanılmasında əvəzsiz xidmətləri vardır.
Professor X.Əlimirzəyev həm Mir Cəlal müəllimin
sağlığında, həm də onun cismani yoxluğundan
sonrakı dövrdə Azərbaycan Dövlət Universitetinin,
çalışdığı kafedranın ənənələrinin
qorunub saxlanılması sahəsində az iş görməmişdir.
Bu kafedranın aspirantı və doktorantı olan onlarla ədəbiyyatşünasın
yetişməsində onun xeyirxahlığı, köməyi,
ən mürəkkəb məqamlarda mübahisəli məsələlərdə
insanlara arxa durması Xalid müəllimi həmkarları
içərisində ucaltmış, ona sonsuz bir məhəbbət
qazandırmışdır.”
Azad Nəbiyev
Azərbaycan Milli Elmlər
Akademiyasının
müxbir üzvü, professor
“Xalid
müəllim böyük söz ehtiyatına, nitq mədəniyyətinə
malik ədəbiyyatçı alimdir. Bu baxımdan onu Cəfər
Xəndanla, Mehdi Məmmədovla, eləcə də bir
çox başqa böyük natiqlərlə müqayisə
etmək olar. Xalid müəllim son dərəcə
bacarıqlı, əlçatmaz səviyyəli tərbiyəçi
müəllim olmaqla yanaşı, həm də təkrarsız
inandırma bacarığına malik bir ziyalıdır.
Tamaşaçılar televiziyadakı, dinləyicilər
radiodakı, tələbələr auditoriyadakı
çıxışlarını böyük maraqla dinləyirlər.
Şirin ləhcəsi, aydın əzəmətli səsi, əlçatmaz
savadı, sözlərin tələffüzündəki səlistlik
onun nitqinin möhtəşəmliyini bir daha artırır.”
Bəhmən Sultanlı
professor
“Xalid
Əlimirzəyevin məqalələri göstərir ki, onun bədii
maraq dairəsi və imkanları çox genişdir. O, klassik,
hən də müasir ədəbiyyatın müxtəlif
mövzularına cəsarətlə girişir və
onların elmi-nəzəri təhlilinin də öhdəsindən
bacarıqla gəlir.”
Təhsin Mütəllibov
professor
“Milli-mənəvi
dəyərlər, o cümlədən ədəbiyyat, fəsəfi
irs, “Quran” və istiqlal üçün vətəndaş
narahatlığı, alim və şəxsiyyət məsuliyyəti,
özünün mənsub olduğu xalqa və vətəninə
dərin inam X.Əlimirzəyevin kitablarını səciyyələndirən
xüsusiyyətlərdir. …X.Əlimirzəyevin “Nizami Gəncəvinin
insan konsepsiyası” adlı fundamental monoqrafiyasını
Nizamişünaslığa dəyərli töhfə kimi qiymətləndirmək
olar. Bu monoqrafiyanı yalnız filoloji aspektdə
yazılmış əsər kimi qiymətləndirmək
olmaz. Kitabın üç ciddi aspekti var: Nizaminin insan
konsepsiyasının fəlsəfi şərhi, şairin nəzəri-estetik
görüşlərinin şərhi və Nizami
yaradıcılığında dövlətçilik…
Dürrümü
çəkmədim özgə suyuna,
Pislik
yaratmadım düşmənəm buna,
Təmizdir
vicdanım, ucadır adım
Heç
kimin haqqında pis danışmadım.
Bu kəlamları,
X.Əlimirzəyevin taleyini və bioqrafiyasını əks
etdirən əsərləri, alimin monoqrafiyasını
oxuyandan sonra bu qənaətə gəldim ki, insan təkcə
doğulduğu təbiətə bənzəmir, həm də
məşğul olduğu peşəyə bənzəyir. Məncə,
dahi Nizaminin bu sətirləri bir alim və vətəndaş
kimi X.Əlimirzəyevin xarakterini səciyyələndirir:
Humanist, xeyirxah, təmənnasız!”
Nizaməddin
Şəmsizadə
professor
“Ədəbiyyatşünas alimin
elmi axtarışları və tədqiqat
dairəsi çox genişdir.
Ədəbiyyatımızın elə bir
dövrü, elə bir
sahəsi yoxdur ki, ona öz münasibətini
bildirməsin. O, böyük Nizamidən,
Xaqanidən tutmuş ta
müasir şair və
yazıçılarımıza, dramaturgiya
və teatr məsələlərinə qədər
müxtəlif sahələrə aid məqalələr
müəllifidir. Xalid müəllimin ədəbi
və elmi fəaliyyəti bununla
bitmir. Onun
vaxtaşırı respublika radio və televiziya
verilişlərində “Ədəbi salnamələr”
başlığı altında klassiklərimiz və
müasirlərimiz haqqındakı
çıxışları da ictimaiyyət
tərəfindən rəğbətlə qarşılanaraq
yüksək qiymətləndirilir. ”
İnayət Bəktaşi
professor
Ədəbiyyat qəzeti.- 2012.- 21
dekabr.- S.6.