Altmış beş il ədəbi aləmdə

  

Hüseyn Abbaszadə- 90

     

Keçən noyabr ayında xalq yazıçısı, Azərbaycanın Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin anadan olmasının 90 ili tamam oldu. Yəqin ki, gec də olsa, bu yubiley qeyd olunacaq. Çünki Hüseyn Abbaszadə sağlığında həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında tanınmış bir yazıçı idi. Onun sağlığında doğma dilimizdə otuzdan çox kitabı çap olunmuşdu, Moskva nəşriyyatlarında da H.Abbaszadənin nəsr əsərləri dəfələrlə işıq üzü görmüşdü. Yazıçının məşhur «General» romanı Moskva və Sankt-Peterburq nəşriyyatlarında əlli min, yüz min tirajla çap olunmuşdu, Moskvanın «Drujba narodov» kitabxanası seriyasından çapdan çıxan «Qapını döyürlər» povestlər və hekayələr kitabının tiracı isə yüz yetmiş idi. «Pravda», «İzvestiya» qəzetlərində, «Drujba narodov», «Oqonyok», «Smena» jurnallarında ən çox dərc olunan Azərbaycan yazıçılarından biri də Hüseyn Abbaszadə idi. Bir faktı da qeyd etməyə dəyər ki, o, bir neçə dəfə «İlin ən yaxşı əsəri» Ümumittifaq müsabiqəsinin qalibi olmuş, mərkəzi qəzet və jurnalların mükafatına layiq görülmüşdü. Bütün bu faktları nəzərə çarpdırmaqda məqsədim odur ki, deyim: Hüseyn Abbaszadə son altmış ilin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, mövqeyi olan bir yazıçı olmuşdur və elə bu səbəbdən onu unutmaq olmaz…

Azərbaycan oxucularına Hüseyn Abbaszadə imzası, bu imzadan sıyrılan neçə-neçə roman, povest, hekayə yaxşı tanışdır. Neçə nəsil bu əsərləri sevə-sevə oxumuş, onların qəhrəmanlarına oxşamağa çalışmış, sözün əsl mənasında o əsərlərin aşıladığı nəcib hisslərlə yaşamışdır. O illərdə Hüseyn Abbaszadənin «General» romanı oxucuların ən çox mütaliə elədiyi əsərlərdən idi. Roman böyük sərkərdə, Azərbaycan xalqının qəhrəman oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuşdu. Və mən deyirəm ki, bu romanı məktəbli ikən oxuyandan sonra yazıçıya məhəbbətim artdı.

Sonralar da Hüseyn Abbaszadənin bir sıra hekayə və povestlərini oxudum və Hüseyn Abbaszadə mənim sevimli yazıçılarımdan birinə çevrildi. Bu sevgini doğuran yazıçının nəsr əsərlərindəki həyatilik, sadəlik, təbiilik və inandırıcılıq, dil səlisliyi, oxucunu ələ almaq bacarığı, ən başlıcası isə müasirlik duyğusu idi. Deyim ki, Hüseyn Abbaszadə öz əsərlərində müsbət, xeyirxah, nəcib insanları təsvir edir, onları nümunə göstərirdi. Halallığı təqdir edirdi. Olsun ki, onun nəsr əsərlərində sovet ideologiyasının təsiri özünü göstərirdi (xüsusilə, kommunist obrazlarında), amma H.Abbaszadə həmişə diqqətini təsvir etdiyi obrazın mənəvi saflığına yönəldirdi.

İllər keçdi. Elə bir zaman gəldi ki, mən ədəbi mühitə düşdüm. Əməkdaşı olduğum «Azərbaycan» jurnalı bu ədəbi mühitin ən qaynar nöqtələrindən biri idi.

Hüseyn müəllimlə şəxsi tanışlığım da elə o illərdən - 70-ci illərin axırlarından başlandı. «Azərbaycan» jurnalı redaksiyası indiki kimi, o zaman da Yazıçılar Birliyinin binasında yerləşirdi (arada bizim redaksiyanı Kommunist küçəsində yerləşən bir binanın beşinci mərtəbəsinə köçürdülər). Günlərin bir günü tanış olduq və bunun səbəbkarı da Hüseyn müəllim oldu. Yuxarıya-redaksiyaya qalxanda hündür boylu, qədd-qamətli, təmkinli bir insan - Hüseyn Abbaszadə mənə yaxınlaşdı: «Azərbaycan» jurnalına işə götürülən Vaqif sənsənmi?» -deyə soruşdu. Bu tanışlığa çox sevindim. Hüseyn müəllimin sadəliyi çox xoşuma gəldi və hər dəfə onunla rastlaşanda bu səmimiyyəti hiss edirdim.

İlk tanışlığımız zamanı o, mənə təzəcə nəşr olunan «Burulğanlar» romanını avtoqrafla hədiyyə verdi. Sonrakı illərdə də bu səmimi münasibət davam etdi. Sevinirdim ki, Hüseyn müəllim mənim mətbuatda çap olunan bəzi yazılarımı oxuyur, bəzən rəy də bildirirdi. Cavan bir qələm sahibi üçün tanınmış bir yazıçının rəy söyləməsi xoş idi... Bir tənqidçi kimi mən də Hüseyn Abbaszadənin yaradıcılığına biganə qalmadım. Onun 60 illiyi ilə əlaqədar «Ulduz» jurnalında «Həyat həqiqətləri və yazıçı duyumu» adlı bir məqalə çap etdirdim. «Bakı» qəzetində «Çəmbərəkənd balladası» kitabı haqqında resenziyam çıxdı. Nəsr haqqında icmal məqalələrimdə Hüseyn Abbaszadənin romanlarından da söz açdım.

Hüseyn Abbaszadə maraqlı şəxsiyyət idi. Mənim fikrimcə, hər hansı sənət adamının əsərlərindən onun şəxsiyyəti də boylanır. Şəxsiyyəti bu və ya digər dərəcədə naqis olan yazıçı məncə, böyük sənət əsərləri yarada bilməz. Hüseyn müəllim də təmiz adam idi, çalışırdı ki, həmişə kiməsə yaxşılıq eləsin, kömək və qayğı göstərsin, mən bunu illər boyu müşahidə etmişəm.

Bakıda fəhlə ailəsində dünyaya göz açan (1922) Hüseyn Abbaszadə Böyük Vətən müharibəsi başlananda orta təhsili başa vurmuşdu, könüllü olaraq cəbhəyə yollandı.Şimali Qafqazda, Leninqrad və Ukrayna cəbhələrində kəşfiyyatçı-radist, topçu zabit kimi şərəfli döyüş yolu seçdi, ağır yaralanandan sonra tərxis olunub Bakıya qayıtdı. Beş il çəliklə gəzdi . Mirzağa Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsini bitirəndən sonra bütün həyatını yazıb-yaratmağa, mətbuata həsr etdi. Uzun illər «Pioner» və «Göyərçin» jurnallarında, «Ədəbiyyat və incəsənət» qəzetində baş redaktor işlədi. Və bu illər ərzində Hüseyn müəllim o qədər xeyirxah işlər görüb ki, bunları sayıb-sadalamağa heç bir ehtiyac görmürəm. Həm də Hüseyn müəllim huşyar redaktor olub, heç bir intriqaya qoşulmayıb, mübahisəli məqamlarda isə haqq tərəfində durub. Cavan yazıçılar bu keyfiyyətlərinə görə onu çox sevirdilər. Gözüylə odlar-alovlar görən, müharibə ağrılarını yaşayan bir insan qeyri-təbii, süni və saxta ola bilməzdi!

H.Abbaszadə yaradıcılığa şeirlə başlayıb, ilk şeirləri müharibə illərində cəbhə qəzetlərində dərc edilib. «Sınaq illəri» (1949), «Yaşıl küçə» (1951), «Silah yoldaşları» (1954), «İlqar» (1955), «Yasəmən» (1956), «Ağarır yelkənimiz», «Bacı və qardaş», «Sən nə yaxşı nənəsən» (1960), «Yun corab» (1961) …bu kitablarda toplanan şeirlərin və kiçik hekayələrin əksəriyyəti uşaqlar üçün qələmə alınıb. Ümumiyyətlə, H.Abbaszadə bir şair kimi yüksələ bilməyib.

Altmışıncı illərin əvvəllərində H.Abbaszadə «Azərbaycan» jurnalında «General» romanını çap etdirdi və tezliklə bir yazıçı kimi məşhurlaşmağa başladı. Romanın oxucular arasında uğur qazanmasının bir neçə səbəbi var idi. Birincisi; ilk dəfə idi ki, Azərbaycanın igid oğlu Həzi Aslanov haqqında, onun keçdiyi döyüş yolu barədə iri həcmli roman yazılırdı. Həzi Aslanov bu romanda geniş və əhatəli planda təsvir olunurdu. Müharibədə iştirak etdiyi üçün romanda müharibə ilə bağlı səhnələrin təbiiliyi və inandırıcılığı diqqəti cəlb edirdi. O zaman görkəmli tənqidçi Məmməd Cəfər «General» romanı ilə bağlı bir məqalə çap etdirmiş, romanın uğurlu cəhətləri ilə yanaşı, qüsurlarını da qeyd etmişdi. Başlıca qüsur bundan ibarət idi ki, romanda təsvir olunan obrazlar (xüsusilə döyüşçülər, zabitlər) vuruşur, mərdlik göstərir, amma düşünmürlər. Yəni romanda bu obrazların mənəvi dünyası işıqlandırılmır. Bu qüsurları yazıçı romanın ikinci nəsrində aradan qaldırır…

«General» romanından sonra Hüseyn Abbaszadə tamamilə nəsrə keçdi və bir sıra maraqlı hekayələr, povestlər, romanlar yazdı.

O, bir nasir kimi özünəməxsus idi. Eyni mövzuya başqa həmkarları kimi, o da müraciət edir, lakin onlardan seçilirdi. Çünki öz fərdi dəst-xətti, üslubu vardı. O, bir yazıçı kimi həmişə onu düşündürən, cəlb edən mövzulara sadiq idi. Bakıda doğulduğundan neftçilərin həyatından daha çox yazırdı. Müharibə mövzusu da təkcə «General»la bitmədi, başqa əsərlər də meydana gəldi.

Xatırlayıram onun «Qaradağ əhvalatı» povestini. Povestin fabulası belə bir hadisə üzərində qurulmuşdu: beş nəfər neftçi qasırğada motoru xarab olmuş qayıqla dənizdə köməksiz qalıb təbiətin amansız qüvvəsinə qarşı dəyanətlə mübarizə aparır. Lakin altıncısı - Nadir yoldaşlarını qoyub qaçır. Nadirin nişanlısı Vəsilə bu əhvalatı öyrənir və nişan üzüyünü qaytarır. Əlbəttə, burada qeyri-adi heç nə yoxdur. Yəni iş yoldaşlarını qoyub qaçması Vəsiləni həyəcanlandırır, bu qərarı qəbul edənə qədər o, xeyli iztirab keçirir. O istəmir ki, onu yoldaşlarını qoyub qaçan bir qorxağın həyat yoldaşı kimi tanısınlar. Povest Nadirin ərizə verib işdən çıxması və başqa iş yerinə yollanması ilə bitir.Gözlənilən sonluqdur. H.Abbaszadə bu həyat həqiqətini maraqlı lövhələrlə təqdim edib.

Başqa bir povestini - «Qapını döyürlər»i də xatırlayıram. Burda da ibrətli bir həyat hadisəsi qələmə alınmışdır. Respublika Ali Məhkəməsinin üzvü olan Fikrət bir cinayət işi ilə əlaqədar rayona gəlir. Məlum olur ki, müəyyən səbəblər üzündən bir nəfər öz arvadını uşaqlarının gözləri qarşısında güllələmişdir. Əlbəttə, povestdə bu hadisənin səbəbləri ilə bağlı xalis məhkəmə söhbətləri və danışıqlar da diqqəti cəlb edir, lakin məqsəd həmin cinayətin səbəblərini araşdırmaqdır. Fikrət burada hakimdən çox, insan taleyi haqqında düşünən filosof kimi nəzərə çarpır. Onun daxili düşüncələri, ürəyindəki mərhəmət hissi, müttəhimin və onun uşaqlarının taleyinə acıması, - bir sözlə, insan kimi götür-qoy etməsi psixoloji təhlillərdə meydana çıxır.

H.Abbaszadənin qəhrəmanlarını talecə bir-birinə yaxınlaşdıran oxşar cəhətləri də müşahidə etmək mümkündür. Zahirən onun bir çox qəhrəmanları həyatda bəxti gətirməyən insanlardır; «Burulğan» romanında Həmid, «Mansur» povestində Mansur, «Evə kölgə düşür»də Cövdət, Doğrudanmı belədir? Əslində, yox… Məsələn, Cövdət elmi-tədqiqat institutunda çalışır, savadına və bacarığına görə bir çox elmlər namizədindən irəlidir. Lakin «həyat adamı» deyildir; dissertasiyasını tezcə müdafiə edib doktorluqdan yapışmır, arvadının «tələbləri» qarşısında güzəştə getməyi sevmir, zəif dissertasiyalara qarşı üzgörənlik eləmir və s. Cövdət başa düşür ki, elmlər namizədi adını qazanmasa da olar, lakin öz elmi axtarışlarını davam etdirməlidir. Başqaları üçün zahiri maskaya, vəzifəyə yol açan cığırlardan Cövdət keçmək istəmir. İstəmədiyi üçün də həm işdə, həm də evdə mənəvi məhrumiyyətlərə düçar olur. Təmizlik, saflıq, mənəvi yetkinlik Hüseyn Abbaszadənin qəhrəmanlarına xas olan tipik keyfiyyətlərdir. Və araşdırmalı olsaq, keçən əsrin 70-80-ci illərində yazılan əsərlərin bir çoxunda məhz bu tipli qəhrəman obrazları ilə qarşılaşırdıq.

«Mansur» povestinə diqqət yetirək. Mansur elm aləmində məşhur adamdır - tibb elmləri doktorudur, əsərləri neçə-neçə xarici ölkələrdə çap olunur, tez-tez xarici səfərlərdə olur, lakin ailə həyatı ona xoşbəxtlik gətirməmişdir. Vəzifə, şöhrət, elm pillələri onun üçün adi pillələrdir, çünki burada yüksəlməyə, qalxmağa, ucalmağa mənəvi qadağan işarələri yoxdur. Lakin ailə həyatı başqadır. Burada xasiyyətlər, xarakterlər toqquşur, sadəlik, təvazökarlıq, ailəcanlılıq kimi nəcib keyfiyyətlər mənəvi harınlıqla, zahiri təmtərağa meyllə, süniliklə üz-üzə gəlir. O zaman yaşamaq əzaba çevrilir.

Hüseyn Abbaszadənin yaradıcılığında müasirlik hissi qüvvətli idi. Biz bunu «Dörd bazar günü» povestində daha aydın hiss etdik. Əsərdə yaddaqalan xarakterlər yaradılmışdı. Dörd il eyni cəbhədə döyüşən müharibə dostları indi soraqlaşıb bir-birini axtarırlar. Müəllif vaxtilə oddan-alovdan keçən, eyni amal uğrunda vuruşan bu adamların indi çoxlu qayğıları olduğunu və buna görə də aralarında mənəvi yadlaşmanın başlandığını nəzərə çarpdırır. Müharibə illərinin ağır günlərində yaranan o hərarət indi soyuyub və soyuduğu üçün də hərə özünə qapılıb, öz işiylə məşğuldur. Məsələn, cəbhədə şücaətlə döyüşən Nicat indi həbsxanada yatır. Pul onu yoldan çıxarmış, məişətdə əxlaqsızlığa yuvarlanmışdır. Görünür, qəlbindəki vətəndaşlıq heysiyyəti, qürur və ləyaqət hissi bitib-tükənmiş və bu da onu bataqlığa yuvarlamışdır.

Yeri gəlmişkən qeyd edək ki, H.Abbaszadənin nəsrindən vətənpərvərlik bir xətt kimi keçir. Bunu onun «Şokolad paylayan qız», «Hardansınız, müsyö Abel», «Uzaqdan gələn qonaq» povestləri də sübut edir. «Şokolad paylayan qız» povestinin qəhrəmanı Bəhruz müharibəni şərəflə başa çatdırır, amma onun döyüşdüyü hissə hələ Berlindədir. «Döyüş yatsa da, qulaqlarımızdan topların gurultusu, bombaların dəhşətli partlayışlarının səsi getməmişdi». Bu əhval-ruhiyyə Bəhruzun sayıqlığını, hadisələrə fəal münasibətini artırır. Müəllif ayrı-ayrı dillərdə danışan, amma qəlbən bir-birini başa düşən insanları qarşılaşdırır, onların baş verən bəşəri fəlakətə ümumi nifrətini ön plana çəkir. Xalqların təkcə ruh, mənəviyyat yaxınlığını deyil, mədəniyyət doğmalığını da nəzərə çarpdırır. «Bayatı-İsfahan» muğamı ilə Baxın «Tokkada»sı arasında oxşarlıq da bu mənada orijinal detaldır.

Hüseyn Abbaszadənin «Burulğanlar», «Əlibalanın ağır səfəri», «Qayıdanlardan biri» adlı romanları da var. «Burulğanlar»a görə yazıçı Respublika Dövlət mükafatına layiq görülmüşdü. Ayrı-ayrı mövzularda qələmə alınsa da, bu romanlar qəhrəmanlarının taleyi ilə bir-birinə çox oxşayır. Belə ki, hər üç romanın qəhrəmanları - Həmid Xələfov, Əlibala və Xanəli mənən təmiz insanlardır, bunlar o dövrün «müsbət qəhrəman»ları sırasında layiqli yer tutan obrazlardır.

Hüseyn Abbaszadə həm də gözəl hekayə ustası idi. Povestlərinə və romanlarına xas olan həyatilik, bədii ümumiləşdirmə yazıçının «Zəmanət», «Xeybər əminin gülləri», «Ana və oğul», «Axşam şöbəsinin tələbəsi», «Çəmbərəkənd əhvalatı», «Vəzifə», Operasiya və hədiyyə əhvalatı», «Körpüdə bir qadın dayanmışdı», «Əminə», «Çəhrayı mürəkkəbqabı və yaşıl «Jiquli», «Köhnə məhəllədə», «Toy, od, teleqram», «Qısa məzuniyyət» və s. hekayələrində də bariz nəzərə çarpır.Yazıçı bu hekayələrdə müasirlərinin həyatından tipik lövhələr seçir, yaddaqalan, bədii təsir gücünə malik obrazlar yaradırdı. Oxucu abşeronlu bir bağbanın - Xeybər əminin nəcib əməllərinə heyran qalır, hətta ölümündən sonra da bu qocanı unutmur («Xeybər əminin gülləri»). Əri fırtınalı dənizdə həlak olmuş Zeynəbin hiss və həyəcanları da təbii və inandırıcıdır. O, bir vaxt sevimli ərini - Məmmədi Neft daşlarına yola salmışdı, lakin o qayıtmadı. İndi isə Tibb institutunu bitirən Məmməd Neft daşlarına işləməyə gedir («Körpüdə bir qadın dayanmışdı»). Vaxtilə Cəbi sinif yoldaşı Həsənin çəhrayı mürəkkəbqabısını oğurlardı, indi, aradan 30-35 il keçəndən sonra Cəbi tüfeyli həyat keçirir, amma «Jiquli»si də var, pulu da («Çəhrayı mürəkkəbqabı və yaşıl «Jiquli»).

Bir hekayə barədə ayrıca söz açmaq istəyirəm. Çəmbərəkənd deyəndə gözlərimiz önünə Bakının hələ inqilabdan əvvəl tikilən köhnə, balaca, yöndəmsiz evlərdən ibarət bir məhəlləsi gəlir. İndi belə məhəllələrin yerində uca, yaraşıqlı binalar tikilmişdir. Lakin belə məhəllələrin, o cümlədən Çəmbərəkəndin istisini, soyuğunu, özünəməxsus dünyasını yaşadanlar hələ də durur.

Çəmbərəkənd deyəndə bir də adamın yadına köhnə kişilər düşür. İndi şəhərimizin küçələrində, daha çox Dənizkənarı parkda belə kişilər demək olar ki, gözə dəymir. Onlar H.Abbaszadənin hekayələrində qalmışlar. Çünki yazıçı bu qocalardan məhəbbətlə söz açırdı.

Saç-saqqalı ağarana qədər bu məhəllədə yaşayan Zeynalabdin kişi doğulduğu, boya-başa çatdığı, oğul-uşaq sahibi olduğu məhəlləni heç cür tərk eləmək istəmir. Köhnə məhəllə ona çox şeyləri xatırladır. Yadına düşür ki, babası Abutalıb köhnə evlərində qızıl gizlədib. Amma bu xəbər nə dərəcədə doğrudur, bilmir. Lakin qızıl tapılmır ki, tapılmır. Bunun əvəzində yazıçı sadə fəhlə, ekskovatorçu Xəlilin qızıl ürəyini kəşf edir. Xüsusi mülkiyyətçilik hissi ilə yaşayan Zeynalabdin kişi «ayaqlarını dalınca sürütləyə-sürütləyə dönüb Çəmbərəkəndə baxmadan» buradan uzaqlaşır. Göründüyü kimi, maraqlı hekayədir və sovet dövrü insanları təsvir edilsə də, hadisə real və inandırıcıdır.

Hüseyn Abbaszadə xoşbəxt yazıçı idi. Ona görə yox ki, titulları, fəxri adları vardı. Dövlət mükafatına layiq görülmüşdü, xalq yazıçısıydı,yetmiş yaşına qədər həmişə vəzifə başında olmuşdu. Yaşı səksəni də, səksən beşi də keçdi (son illəri ağır xəstə olsa da). O, XX əsrin yetirməsiydi, sovet dövrünün, sovet ədəbiyyatının yetirməsiydi, lakin əsl milli yazıçı idi, çünki əsərlərində azərbaycanlı obrazları yaradırdı, onların həyatını qələmə alırdı, mənəvi-əxlaqi problemlərdən söz açırdı, milli-mənəvi dəyərləri təbliğ edirdi, təsvirlərində yalana varmırdı, həqiqəti yazırdı.

Bax, buna görə də biz gərək Hüseyn Abbaszadə adlı yazıçını unutmayaq!

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2012.- 21 dekabr.- S.5.