Təmiz vicdanla

 

“Yaxşı yadımdadır ki, Hüseyn müəllimin 80 illik yübileyi tədbiri zamanı, bildiyimə görə, onun qayğısını çox çəkən, indi haqqa qovuşmuş ömür-gün yoldaşı Solmaz xanım belə bir ifadə işlətdi: “Hüseynin rəhbər vəzifəsi redaktorluq olub, əgər buna rəhbər vəzifə demək mümkünsə...”

Bu sözləri kim necə yozdusa bilmirəm, ancaq mən o xanımın öz ömür sirdaşının gərgin zəhmət dolu sənəti - fəaliyyəti ilə necə qəlbən bağlı olduğuna, onu necə dərindən duyduğuna heyran qaldım. Ancaq Hüseyn müəllim vəzifənin üstünlüyünü onun rəsmi səlahiyyət səviyyəsində yox, ədəbiyyata, sənətə nə dərəcədə gərəkli olmasında görürdü. Pərvanənin şam atəşinə münasibəti kimi.” (Ayaz Vəfalı)

Ədəbiyyatımızın mötəbər tədqiqatçısı, akademik Məmməd Arif barədə yazdığı bu xatirədə unudulmaz Hüseyn müəllimə xas olan həmin keyfiyyəti açıq-aşkar duymaq mümkündür.

 

1966-cı ilin mayı idi. Heç bir ay olmazdı ki, "Ədəbiyyat və incəsənət" qəzetinə redaktor təyin edilmişdim. Bir səhər mənə iri bir zərf gətirib verdilər. Dedilər ki, Məmməd Arif göndərib. Zərfin içində əl ilə yazılmış kiçik məktub və makinada çap olunmuş beş səhifəlik məqalə vardı. Məktubda yazılmışdı:

"Əzizim Hüseyn!

Əvvəla, sənin qələbə bayramını təbrik edirəm, bu sənə daha çox aiddir!

İkincisi, "Azərbaycan" jurnalında dərc edilən bir məqalə məni çox narahat edir. T.İsmayılov elə bir səhv buraxmışdır ki, onu biz düzəltməyə bilmərik. Xahiş edirəm, bu barədə yazdığım kiçik məqaləni (məqalə çox böyük idi, ixtisar edib, məğzini saxladım) çap edəsən.

Hörmətlə,

M.Arif. 9.V.66"

 

***

Həyəcanla yazılmış bu kiçik məktub məni də narahat elədi. Tənqid şöbəsinin ədəbi işçisi, şair Ayaz Vəfalını çağırıb məsələni ona danışdım. Tapşırdım ki, təcili "Azərbaycan" jurnalının üçüncü nömrəsini tapıb T.İsmayılovun orada dərc olunan yazısını, Arif müəllimin ona cavab məqaləsini oxusun və fikrini mənə desin.

Ertəsi gün Ayaz Vəfalı gəlib dedi ki, Arif müəllimin narahatlığı əsaslıdır.

"Azərbaycan" jurnalında çap olunan "C.Cabbarlı "Od gəlini" üzərində necə işləmişdir?" məqaləsini və ondakı iddiaların əsassızlığını göstərən "Tədqiqatçının səhvi" məqaləsini oxudum. Arif müəllim Azərbaycan tənqidçi-alimləri arasında böyük dramaturq C.Cabbarlının yaradıcılığını hamıdan mükəmməl bilirdi. Ömrünün ən qaynar illərini bu nəcib, çətin işə həsr eləmişdi. Həm də ölməz sənətkarımızın yaxin dostu olmuşdu. Daha doğrusu, filologiyamızda cabbarlışünaslığın əsasını qoymuşdu. "Cəfər Cabbarlının yaradıcılıq yolu" monoqrafiyası bu sahədə ən mükəmməl vəsait idi. Arif müəllimin T.İsmayılovun məqaləsinə belə həssaslıqla yanaşması və həyəcanı təbii idi. O yazırdı:

"Əlyazmaları ilə məşğul olan tədqiqatçı tədqiq etdiyi materialın məzmununu yaxşı bilməkdən başqa, dəst-xətləri də yaxşı bilməli, onlardan baş çıxarmalıdır. Çünki ədiblərin əlyazmaları üzərində çox vaxt başqa adamlar da işləyirlər, redaktorlar və s. Teatrlara verilən əlyazmaları nüsxələri də müəyyən dərəcədə bu əməliyyata məruz qalır. Onların üzərində rejissor işləyir. Səhnəyə uyğunlaşmaq üçün bəzən ixtisar edir, bəzən də dramaturqa əlavə epizodlar yazdırırlar. Bunlar təbiidir. Odur ki, əlyazma nüsxələri üstündə işləyən tədqiqatçı səhvə yol verməmək üçün son dərəcədə diqqətli olmalı, sənətkarın xətti ilə başqa xətləri bir-birinə qarışdırmamalıdır. Əgər belə etməsə, onun tədqiqatı elmilikdən çox uzaq olar.

Təəssüf ki, belə bir hadisə T.İsmayılovun başına gəlmişdir. O, Cabbarlının arxivindəki əlyazmaları içərisində elə bir nüsxəni əsas götürmüşdür ki, o nüsxə "teatr nüsxəsi" olduğu üçün müdiriyyətin "redaktəsindən" keçmişdir. Daha sonra Arif müəllim yazırdı: "T.İsmayılov da bunları dramaturqun əsər üzərində işi kimi qəbul etmişdir. İşin əvvəlində belə yanlış yola düşən tədqiqatçı getdikcə səhvini dərinləşdirmiş və qeyri-elmi nəticəyə gəlib çıxmışdır".

"Tədqiqatçının səhvi" məqaləsində Arif müəllim T.İsmayılovun tədqiqatının nöqsanlarını göstərməklə ədəbiyyata gələn gənc filoloqlara ustad alim, qayğıkeş müəllim kimi faydalı göstərişlər verir. Onları elmi araşdırmalarında dəqiq olmağa, "tədqiq elədikləri sahədə özlərindən əvvəl görülən işlərə hörmət etməyə", ciddi yanaşmağa çağırırdı.

Arif müəllimə zəng çalıb məqaləsi barəsində redaksiyanın fikrini dedim. Və "Tədqiqatçının səhvi" qəzetimizin on dörd may tarixli nömrəsində .dərc edildi, ədəbi aləmdə razılıqla qarşılandı. Heç şübhəsiz ki, bu məqalə təkcə öz tədqiqatında ciddi səhvlərə yol verən "Cəfər Cabbarlı "Od gəlini" üzərində necə işləmişdir?" yazısının müəllifinə yox, başqa gənc ədəbiyyatşünaslar üçün də faydalı oldu.

Yeni redaksiya heyəti belə qərara gəlmişdi ki, qəzetin hər nömrəsində azı bir hekayə versin, qardaş xalqların, xarici ölkə yazıçılarının bu janrda olan ən yaxşı əsərləri ilə oxucuları tanış eləsin. Ancaq qəzetimiz hekayə sarıdan yaman korluq çəkirdi. Nəsr şöbəsinin müdiri Sabir Əhmədovla redaksiyanın portfelində olan hekayələri oxuyub saf-çürük elədik. Ələ gələn tutarlı yazı tapmadıq. Bu fikrə gəldik ki, qəzetin səhifələrində hekayə janrı ilə bağlı geniş müzakirə açmaqla ədəbi ictimaiyyətin, birinci novbədə nasirlərimizin diqqətini bu məsələyə cəlb eləyək. Redaksiyada məsləhətləşəndən sonra müzakirəni mötəbər bir yazıçının məqaləsi ilə açmağı qərara aldıq. Bu işi M.Arifdən xahiş eləməyi öhdəmə götürdüm. Və tezliklə onunla danışdım. Arif müəllim redaksiyanın təşəbbüsünü bəyənsə də, məqalə yazmaqdan imtina elədi. Dedi ki, bərk məşğulam, başqa adama tapşırın. Hətta bir-iki yazıçının adını da çəkdi. Razı olmadım. Arif müəllim özünəməxsus mülayimliklə qımışdı:

- Madam ki, istəyirsiniz giriş məqaləsini mən yazım, onda gərək gözləyəsiniz. Möhlət verin, əlimdəki yarımçıq işləri qurtarım, həm də istilər başlayıb, gedib dincələk, başımız ayılsın, inşallah, payızda bu barədə bir də danışarıq.

- Neynək, Arif müəllim, - dedim, - payızacan gözləyərik, ancaq məqalə yazmaq barəsində bizə möhkəm söz verin. Arxayınlıq olsun.

- Yaxşı. Bir şərtlə ki, məni tələsdirməyin. Görüm neynirəm. Hələ gərək son illərdə çap olunan hekayələrə bir də baxam, axır ki, boynuma qoydun.

Əslində Arif müəllimin giriş məqaləsini payızda yazıb verməsi və bizim müzakirəni o vaxt başlamağımız daha münasib idi, çünki havalar istiləşirdi. Camaat məzuniyyətə çıxıb şəhərdən bağlara, yaylaqlara dincəlməyə gedirdi. Müzakirədə iştirak eləmək üçün bizə lazım olan adamların çoxunu tapmaq çətin olacaqdı.

Arif müəllimlə razılaşdıq. O dedi:

- Redaksiyanızın hekayə barəsində müzakirə açması yaxşı təşəbbüsdü. Axır vaxtlarda neyçünsə nasirlərimiz bu sahədə az işləyirlər. Müharibədən əvvəlki illərdə romana, povestə nisbətən hekayə daha çox yazılırdı. İnsafən, pis hekayələr də yaranmadı. Onların bəziləri hekayəçiliyimizin gözəl nümunələridi. İndi hekayə janrının vəziyyəti məni də düşündürür. Mübahisə eləməyə, deməyə söz çoxdu. Belə müzakirələrin ədəbiyyatın inkişafına xeyri çox olur. Razılaşdıq, payızı gözləyək.

Arif müəllim sözünün axırında gülümsəyə-gülümsəyə əlavə elədi:

- Əyər xəstələnib-eləməsəm, sifarişinizi vaxtında yerinə yetirəcəyəm.

Mən də dedim:

- Arif müəllim, dua eləyərik, xəstəlik sizə yaxın düşməz. Başımız redaksiyada işə qarışdı. Bilmədik yay haçan gəlib getdi. Payız yetişdi. Hekayə müzakirəsi ilə məşğul olmaq, materialları toplamaq Ayaz Vəfalıya tapşırılmışdı. O, Arif müəllimlə əlaqə saxlayacaqdı.

Nəhayət, oktyabrın əvvəllərində müzakirəyə giriş məqaləsi redaksiyaya gəldi. "Hekayənin imkanı" adlı bu kiçik məqalədə Arif müəllim hekayəçiliyimizdən söz açır, klassiklərimizdən bir neçə nümunə göstərir, nəsrimizin bu janrında səmərəli çalışan yazıçılarımızın adlarını çəkir, ədəbiyyatımızın yaşlı və gənc nəslinə mənsub olan iki nasirin əsərini misal gətirir, təhlil eləyirdi.

Arif müəllim kimi böyük tənqidçinin hekayə janrı haqqında müzakirəyə ilk məqalə yazması redaksiya üçün şərəf idi. Əmin idik ki, bu müzakirə səmərəli keçəcək, onda görkəmli yazıçılarımız fəal iştirak edəcəklər. Lakin ümidimiz o qədər də doğrulmadı. Dörd ay davam eləyən bu müzakirədə müasir hekayəçiliyimizin vəziyyəti, onun uğurları, kəsirləri, qarşısında duran problemlərdən açıq söhbət getdi. Müzakirədə iştirak edənlərin əksəriyyəti tənqidçilər oldular. Hekayə yazan nasirlərimizdən yalnız iki nəfər - Mir Cəlal və Elçin çıxış eləyib öz fikrini dedi. Müzakirə açanda biz bunun əksini gözləyirdik. Çünki bilavasitə hekayənin yaranmasında iştirak edən yazıçıların özlərinin fikirlərini eşitmək daha maraqlı idi. Onlar şəxsi təcrübələrindən çıxaraq gənc nasirlərimiz üçün bir sıra faydalı fikirlər söyləyə bilərdilər.

Müzakirə açmamışdan Arif müəllimlə belə danışmışdıq ki, sonuncu, yekun məqaləsini də o yazsın. Vədələşdiyimiz kimi, qəzetdə çıxan bütün yazıları yığıb ona göndərdik. Müzakirəyə yekun yurdu. O belə yazmışdı: "Doğrudur, müzakirə bir o qədər də qızğın keçmədi. Əvvələn, ona görə ki, burada hekayəçilərimizin, yaxşı hekayə yazanlarımızın özləri fəal iştirak etmədilər. Söz yox ki, istər gənc olsun, istər yaşlı, hekayəçilərimizin bilavasitə müzakirədə iştirak etməsi bizi yaradıcılıq məsələlərinə, bu sahədəki konkret vəziyyətə çox yaxınlaşdırar, yazıçıların yaradıcılıq laboratoriyaları, axtarış çətinlikləri, mülahizələri ilə tanış edərdi.

İkinci, müzakirədə iştirak edən yoldaşlar məsələyə üzdən yanaşdılar, dərinə getmədilər, istər tənqid edəndə və istərsə tərif edəndə konkret danışmadılar, bir sözlə, vəziyyəti bütün çılpaqlığı və ciddiliyi ilə meydana qoymadılar.

Lakin bütün bunlara baxmayaraq, hekayə müzakirəsi faydasız olmadı".

Hər bir böyük sənətkar kimi Arif müəllimi də ədəbi gənclik və onun taleyi çox düşündürürdü. Ədəbiyyatımıza yeni gələn ədəbi qüvvələrin - gənc nasirlərin, şairlərin, dramaturqların, tənqidçilərin yaradıcılığını diqqətlə izləyir, vaxtaşırı onların əsərləri haqqında mətbuatda, ya ədəbi yığıncaqlarda fikrini söyləyirdi. "Ədəbiyyat və incəsənət" qəzetinin keçirdiyi müzakirənin yekun məqaləsində də Arif müəllim gəncləri yaddan çıxarmamış, onların barəsində xeyirxahlıqla yazmışdı:

"Bədii nəsrə, xüsusən, hekayə aləminə son zamanda gənc istedadların gəlməsi və bu aləmə orijinal sənət nümunələri, müasirlik ruhu, yeni yaradıcılıq, axtarış və təşəbbüsləri gətirməsi fərəhli bir haldır".

Arif müəllim təkcə gənc yazıçıların yox, bütünlüklə müasir Azərbaycan ədəbiyyatının inkişafını müntəzəm izləyir, klassiklərimizin ədəbi irsinin öyrənilməsi, araşdırılması, onların çapı ilə yaxından məşğul olurdu. Bir alim, vətəndaş kimi bu vacib ümumxalq işi onun həyatının, qaynar fəaliyyətinin əsasını təşkil edirdi. Bu məsələ ilə əlaqədar kim, haçan ona müraciət eləsəydi, Arif müəllim məmnuniyyətlə əlindən gələn köməyi göstərirdi. "Ədəbiyyat və incəsənət" qəzetinin əməkdaşları ədəbiyyatımızın vacib məsələlərinin işıqlandırılmasında yubileylərin qeyd edilməsində onun redaksiya heyətinə necə qayğı ilə kömək eləməsinin dəfələrlə şahidi olmuşdular.

1969-cu ildə böyük dramaturqumuz Cəfər Cabbarlının anadan olmasının yetmiş illiyini bayram edirdik. Bu münasibətlə bizim qəzetdə Cəfər Cabbarlının həyat və yaradıcılığı barədə bir silsilə məqalə çap olundu. Arif müəllim bu materialların hazırlanmasında bizə ağıllı məsləhətlər verirdi. Qəzetimizin həmin ilin oktyabr ayının on birində çıxan nömrəsi bütünlüklə Cəfər Cabbarlının yubileyinə həsr edilmişdi. Bu nömrənin planının tutulması, materialların seçilməsi işində Arif müəllim yaxından iştirak elədi. Yubiley nömrəsi ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.

Qəzet oxuculara çatan günü Arif müəllim redaksiyaya zəng çaldı. Xoş sözlərlə bizi həvəsləndirdi. Cəfər Cabbarlıya layiq nömrə buraxdığımız üçün məndən xahiş elədi ki, redaksiyanın əməkdaşlarını onun adından təbrik eləyim.

- Arif müəllim, - dedim, - oxunaqlı qəzet buraxmaq bizim işimizdi. Ancaq yubiley nömrəsinin belə çıxmasında siz bizə xeyli kömək eləmisiniz. Əksinə, gərək biz sizə minnətdarlıq eləyək.

O yumşaq səslə dedi:

- Göstəriş vermək şərtdən olsa da, əsas icra eləməkdi. Onu da siz ləyaqətlə eləmisiniz.

Ədəbiyyatımızın böyük təəssübkeşi olan Arif müəllim qələm yoldaşlarının, ümumiyyətlə, mədəniyyətimizin yeni nailiyyətlərini görəndə ürəkdən sevinirdi. Çalışırdı ki, bir vasitə tapıb o barədə ürək sözünü söyləsin.

1970-ci ilin baharında Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında Hüseyn Cavidin "Xəyyam" faciəsi tamaşaya qoyulmuşdu. Hələ o çağacan səhnə üzü görməyən bu poetik əsərin çox orijinal bir tamaşası yaranmışdı. Əsərin quruluşunu görkəmli rejissorumuz Mehdi Məmmədov vermişdi. O həm də baş rolu ifa edən iki artistdən biri idi. Mehdi Məmmədov "Xəyyam" faciəsini özünəməxsus rejissor üslubunda səhnədə canlandırmış, baxımlı, dərin fəlsəfi mənalı tamaşa yaratmışdı. Bu quruluşda rejissor kimi Mehdi Məmmədovun böyük istedadı ən tələbkar tamaşaçını belə laqeyd qoymurdu. Hamı bu fikirdə idi ki, "Xəyyam"ın quruluşu səhnə sənətimizdə çox fərəhli bir hadisədir, irəliyə doğru addımdır.

Mən də "Xəyyam" tamaşasının ictimai baxışına dəvət olunmuşdum. Arif müəllim orada idi. Baxışdan sonra Mehdi müəllimi təbrik eləyənlərdən biri də o idi.

Redaksiyamız "Xəyyam" tamaşası haqqında məqalə yazmağı cavan teatrşünas Mahmud Allahverdiyevə tapşırmışdı. O, əsərin məşqlərinə baxmış, ictimai baxışda iştirak eləmiş, ilk tamaşada olmuşdu. Mahmud məqaləni tez yazıb redaksiyaya təqdim elədi. Elə həmin gün Arif müəllim mənə zəng çalıb soruşdu:

- Yəqin "Xəyyam" tamaşası haqqında kiməsə məqalə sifariş vermisiniz?

- Bəli, Arif müəllim, - dedim, - məqalə hazırdı.

- Kim yazıb?

- Mahmud Allahverdiyev.

- Mahmud teatrı yaxşı bilir. Tamaşa haqqında yazması maraqlıdı. - Arif müəllim sözünə ara verib soruşdu: - Mən də öz təəssüratımı kiçik bir məqalədə yazmışam. Onu da verə bilərsinizmi?

- Əlbəttə, Arif müəllim, məqalə böyük olsa da, eybi yoxdu, təki siz yazı verin.

- Bilirsən, - dedi, - mən çox istəyirəm "Xəyyam" tamaşası haqqında bu kiçik rəyim qəzetdə çap olunsun.

Arif müəllim kimi təvazökar bir sənətkarın kiçik bir yazısının qəzetdə çap olunmasını belə istəməsi mənə qəribə gəldi.

O zaman Arif müəllim Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti idi. Redaksiyamızla Akademiyanın Kommunist küçəsindəki əsas binası arasında az məsafə vardı. Danışığımızdan heç beş dəqiqə keçməmiş katibə Arif müəllimin göndərdiyi məqaləni gətirib mənə verdi. Məqalə "Müvəffəqiyyətli kəşf' adlanırdı. Onun bir yerində yazılmışdı: "Mehdi Məmmədovu səhnə xadimi, rejissor kimi Hüseyn Cavidin "Xəyyam" dramı çoxdan düşündürürdü. Cavidin bu gözəl əsərini səhnədə təcəssüm etdirmək onun çoxdankı arzusu, daha doğrusu, ehtirası idi. Doğrusu, mən ona bu işdə ürək-dirək vermirdim. "Xəyyam" mənə səhnə tələblərinə az cavab verən bir əsər kimi gəlirdi. Öz xəyalımda onu səhnədə təsəvvür edəndə də həmişə əvvəlki fikrimdə qalırdım. Lakin Əzizbəyov teatrında tamaşaya qoyulan "Xəyyam"ın quruluşu məni məğlub etdi, qarşımda təsəvvürümə gəlməyən bir aləm açıldı. Bu, həqiqi mənada bədii yaradıcılıq məhsulu idi, səhnə yollarında şüurlu axtarışlar nəticəsində tapılan gözəl sənət nümunəsi, müvəffəqiyyətli kəşf idi".

Mən bu sətirləri oxuyanda Arif müəllimin kiçik yazısının nə üçün belə çap olunmasını istəməsinin əsl səbəbini anladım, fikirləşdim ki, o, sənət yoldaşı qarşısında öz səhvini yazılı surətdə etiraf eləməyi vacib bilir. Axı Arif müəllim bunu görüşəndə şəxsən Mehdi Məmmədova deyə də bilərdi. Bəlkə ayrıları belə eləyirdi.

Lakin Arif müəllim kimi pak vicdanlı səmimi bir insan Mehdi Məmmədovun sənətinin geniş imkanlarını göstərməkdən ötrü mətbuatda çıxış eləməyi daha üstün tutmuşdu. Onun bir alim, əsl ədəbiyyatşünas kimi böyüklüyü də bunda idi.

"Ədəbiyyat və incəsənət" qəzeti uğurlu tamaşa kimi "Xəyyam"a üç səhifə (onda qəzet kiçik formatda idi) yer verdi. Quruluş haqqında Məmməd Arifdən başqa Mirzə İbrahimov da "Şairanə tamaşa" başlıqiı kiçik rəy göndərmişdi. Bu yazılar tamaşadan çəkilmiş dörd şəkillə bərabər qəzetin 1970-ci il 11 aprel tarixli nömrəsində dərc olundu.

Həmin günlərdə mən bir axşam Mehdi Məmmədovla dəniz sahilində görüşdüm. O:

- Məmməd Arifin qəzetinizdə çıxan məqaləsi mənimçün gözlənilməz oldu - dedi.

Mehdi Məmmədov mənə danışdı ki, "Xəyyam"ın itmiş əlyazması tapıldıqdan sonra məlum olduğu kimi, bu pyes müsabiqədə mükafat alsa da, Hüseyn Cavidin sağlığında nə səhnəyə qoyulmuş, nə də çap edilmişdir. Heç müəllifin arxivində də onun qaralaması belə qalmamışdı alıb oxuyum. Pyes məni tutdu. Məndən əvvəl "Xəyyam"ın əlyazması ilə tanış olanların hamısı bu fikirdə idi ki, pyes qiraət üçündür, səhnəlik deyil. Bu məsələ məni çox düşündürdü. Fikrimdən keçdi ki, onu tamaşaya qoyum. Məmməd Arif Hüseyn Cavidin dramaturgiyasına dərindən bələd idi. Arzumu ona deyib, fikrini soruşdum. Arif müəllim məsləhət görmədi: "Xəyyam" Cavidin ən yaxşı pyeslərindən olsa da, səhnəlik deyil, - dedi, - onun quruluşunu vermək çox çətindir. Filan qədər zəhmət çəkib tamaşa hazırlayarsan, baxılmaz, işin hədər gedər". Arif müəllim mənə o vaxt Cavidin ayrı pyeslərindən birini seçib tamaşaya qoymağı məsləhət gördü.

Onda Mehdi Məmmədov bunu da dedi ki, Məmməd Arif "Xəyyam"ın ictimai baxışından sonra məni hərarətlə təbrik eləyib dedi: "Mən "Xəyyam"ın ancaq qiraət üçün olması, tamaşaya yaramaması fikrində yanılmışam. Çox şadam ki, sən bu gözəl tamaşanla təkcə mənə yox, bir çox səhnə xadimlərinə "Xəyyam" dramı barəsində səhv elədiyini sübuta yetirdin".

1974-cü ilin oktyabrında respublikamızın elmi və ədəbi ictimaiyyəti Məmməd Arifin anadan olmasının 70 illiyini bayram eləyirdi. Bu yubiley ərəfəsində onun haqqında məqalələr dərc olunurdu. Həmin günlərdə mən yubiley komitəsindən Arif müəllimin ədəbi fəaliyyəti haqqında qısaca məlumat verən bir buklet aldım və ona məktub göndərdim.

"Əziz Arif müəllim!

Sizi anadan olmanızın yetmiş illiyi münasibətilə qəlbən təbrik edirəm. Siz iyirminci əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi qüdrətli sənətkarlardan birisiniz. Doğma ədəbiyyatımızda Cəfər Cabbarlı dramaturgiya, Məmməd Səid Ordubadi nəsr, Səməd Vurğun şeir sahəsində nə qədər böyük iş görmüşdürsə, sizin də ədəbi tənqid sahəsində xidmətiniz eyni dərəcədə böyükdür. Sizin qələminizdən çıxan əsərlər tənqidimizin klassik nümunələridir. Monoqrafiyalarınız, məqalələriniz, resenziyalarınız xalqımızın zəngin mənəvi xəzinəsində layiqli yerlərdən birini tutur.

Sizin bir tənqidçi-alim kimi, müasir Azərbaycan ədəbiyyatının inkişafında əməyiniz misilsizdir. Siz bizim Azərbaycan ədəbiyyatının böyüklü-kiçikli bütün yaradıcılarının tələbkar və qayğıkeş müəllimisiniz. Biz hamımız buna görə sizə minnətdarıq. Sizin hər yeni əsərə necə həssaslıqla yanaşmağınız bütün tənqidçilərimiz üçün nümunə ola bilər. Böyük şairimiz Səməd Vurğun haqqınızda nahaq deməmişdir ki, Məmməd Arif Azərbaycan tənqidinin vicdanıdır. İlk baxışda adi görünən bu sözlərdə nə qəaər böyük və dərin bir məna vardır. Tənqidçi əməyinə bundan böyük qiymət ola bilməz.

Əziz Arif müəllim! Doğma ədəbiyyatımızın bu əlamətdar günündə, anadan olmanızın yetmiş illiyi bayramında sizə "həyatın ən gözəl və əvəzsiz neməti" cansağlığı arzulayıram. Yüz yaşayın, bizi yenə də gözəl əsərlərinizlə sevindirin.

Sizin böyük sənətiniz və həssas bir insan kimi şəxsiyyətiniz qarşısında səcdə edən

Hüseyn Abbaszadə. 26.10.74"

Bu məktubu göndərdiyim günü axşamüstü Arif müəllim bizə zəng çaldı:

- Hüseyn, - dedi, - məktubunu aldım. Mənə hərarətli təbrik sözləri yazdığınçün çox sağ ol. Ancaq öz aramızdı, gördüyüm işləri xeyli şişirtmisən.

Arif müəllim təvazökarlıq eləyirdi. Sübutsuz, mübaliğəsiz hamıya bəlli idi ki, o, iyirminci əsr Azərbaycan ictimai fikrinin, ədəbi tənqidinin, ədəbiyyatşünaslığının yaradıcılarından, böyük nümayəndələrindən biridir.

Arif müəllim yenə cavanlardan söz saldı:

- Bizim nəsil öz sözünü deyib, indi meydan cavanlarındı, bütün ümid onlarındı, yeni ədəbi yüksəlişimiz onlarla olmalıdı. fərəhlidi ki, ədəbi tənqidə hərtərəfli hazırlıqlı ağıllı gənclər gəlir və özləri ilə müasirliyin yeni ab-havasını gətirirlər. Bu gözəl əlamətdi.

Oktyabın iyirmi doqquzunda Azərbaycan Elmlər Akademiyasının əsas binasının böyük salonunda Arif müəllimin yetmiş illiyinin təntənəli yubiley gecəsi keçirilirdi. Yubileyə xeyli adam gəlmişdi. Yığıncağı giriş sözü ilə Akademiyanın prezidenti Həsən Abdullayev açdı. Yubilyarın həyat və yaradıcılığı haqqında Məmməd Cəfər Cəfərov danışdı. Müxtəlif təşkilatların nümayəndələri, yazıçılar, alimlər, maarif və mədəniyyət xadimləri Arif müəllimi təbrik elədilər. Onun şəxsiyyəti, sənəti və fəaliyyətləri barəsində hərarətli sözlər dedilər. Axırda Arif müəllimə söz verildi. Q çox həyəcanlı idi:

- Burda yoldaşlar məni geninə-boluna təriflədilər, - dedi, -ünvanıma çox gözəl sözlər dedilər. Adətən, belə iclaslarda yubilyarı tərifləyirlər. Etiraf eləyim ki, bu xoş sözlər təkcə mənə deyil, ədəbi-tənqid sahəsində çalışan bütün qələm yoldaşlarıma da aiddi. Neyləyəsən ki, indi onların bəziləri aramızda yoxdu...

Arif müəllim kövrəlmişdi. Qəhərdən udquna-udquna Mikayıl Rəfilinin, Cəfər Cəfərovun, Feyzulla Qasımzadənin, Əli Soltanlının, Cəfər Xəndanın adını çəkdi. O, bu səmimi çıxışında qısaca olaraq ədəbi fəaliyyətinə yekun vurdu:

- Əlimdən nə gəlirsə, onu doğma ədəbiyyatımızçün eləmişəm. Ədəbi əsərlərə qiymət verəndə heç zaman vicdanımın əleyhinə getməmişəm. Ola bilsin ki, haradasa yanılmışam, düz yazmamışam. Lakin bunu qəsdən eləməmişəm. Mən də insanam, səhvsiz insan olmur.

Böyük alim, tənqidçi, nəcib insanın bu səmimi etirafını salondakılar gurultulu alqışlarla qarşıladılar.

Yazıçılar, ədəbi ictimaiyyət Məmməd Arifi nədən ötrü belə çox sevir, böyük ehtiram eləyirdi? Ona görə ki, o həmişə hər yerdə axıradək obyektiv olmağı, ədəbi vicdanının əleyhinə getməməyi, yazıçılarımızın uğurlarına fərəhlənməyi, uğursuzluqlarını görəndə ürəkdən yanmağı bacarır, öz səhvini başa düşəndə isə etiraf eləməkdən çəkinmirdi. Buna görə də Səməd Vurğun Məmməd Arifi tənqidimizin vicdanı adlandırmışdı. Tənqidçi üçün yazıçılar arasında belə yüksək şərəfə layiq olmaq, hamının etibarını qazanmaq asan məsələ deyildir. Məmməd Arif bu etibarı, bu hörməti düz sözü, səmimiliyi, ədəbi təmkini ilə qazanmışdı.

 

Hüseyn Abbaszadə

 

Ədəbiyyat qəzeti.- 2012.- 21 dekabr.- S.4.