“Qarabağ folkloru: problemlər,
perspektivlər”
AMEA
Folklor İnstitutu bir tərəfdən
folklor örnəklərini toplayır, digər
tərəfdən isə onları xalq ruhunun əvəzolunmaz nümunəsi kimi tədqiqatlara cəlb edir.
Bunun əsasında duran
ən mühüm səbəblərdən
biri isə qloballaşan
cəmiyyətdə folklorun
oynadığı vacib roldur.
Belə ki, bir dünya görüşü
olaraq folklorun özünün prinsipləri olmaqla
yanaşı, həm də fəlsəfi dəyəri və dəyərləndirmə
sistemi vardır. Folklorun müasir fəlsəfəsi etnokulturoloji
dəyərləri vahid bir
mərkəzdə cəmləməsi, kənar, yad təsirlərə qarşı qoruyucu sistem kimi çıxış etməsidir. Heç təsadüfi deyildir
ki, müasir
araşdırmalarda folklor keçmişin
eksponatı olmaqla qalmır, xalqın gələcəkdə
özünüifadə etmə arzusunun əks
olunduğu potensiya kimi götürülür.
Yəni folklorda keçmiş,
bu gün və gələcək
qovuşmuş şəkildə
yaşayır.
Bu konfrans
il uzunu həyata
keçirilən “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi
və araşdırılması” adlı layihənin tərkib
hissəsidir. İl uzunu
aparılan elmi araşdırmalar, toplama və sistemləşdirmə işləri
konfransın keçirilməsi üçün
zəmin yaratmışdır.
Konfransı
giriş sözü
ilə AMEA-nın müxbir üzvü, humanitar və
ictimai elmlər bölməsinin akademik-katibi Kamal Abdulla açıq elan etdi və konfransın elmi-praktiki
istiqamətindən, onun respublikanın
ictimai-mədəni həyatındakı rolundan
bəhs etdi. Alim hər
şeydən əvvəl onu dedi ki, bu
tədbir də Qarabağla bağlı
mücadiləmizin tərkib hissəsidir. Qeyd
etdi ki, konfransın problemi elmi baxımdan aktual, praktiki baxımdan isə
əhəmiyyətlidir.
Giriş
sözündən sonra
çıxış edən AMEA-nın vitse-prezidenti,
akademik Nailə Vəlixanlı Folklor İnstitutunun həyata keçirdiyi
bu layihənin Qarabağla
bağlı olmasını yüksək dəyərləndirdi.
Tarixçi alimin
fikrinə görə, belə araşdırmalar
Qarabağın tarixini, etnoqrafiyasını,
Azərbaycanın ictimai-siyasi həyatındakı
yerini öyrənmək baxımından da vaciblik təşkil edir.
Daha sonra çıxış edən AMEA Folklor İnstitutun direktoru, fil.ü.e.d. Muxtar
Kazımoğlu əvvəlcə layihə barədə konfrans iştirakçılarına məlumat
verdi, Qarabağ folkloru, onun
toplanılması və bu sahədəki çətinliklərdən,
eləcə də görülən bu
işlərin ictimai-siyasi və mədəni
əhəmiyyətindən bəhs etdi.
Çıxış zamanı alim bildirdi ki, Qarabağ
regionuna ezamiyyələr nəticəsində
hər biri 500 səhifə həcmində
olmaqla 3 kitab hazırlanmışdır:
Bu kitabları o, belə
dəyərləndirdi: “Qarabağ
toplularında 125 mifoloji mətn, 346 əfsanə
və rəvayət, 180-dən çox
nağıl, 170 lətifə, 400-dən artıq atalar sözü, 1000-ə
yaxın bayatı, həmçinin laylalar,
oxşamalar (nazlamalar),
düzgülər və xalq lirikasına aid bir çox
digər nümunələr çap olunub oxucuların ixtiyarına verilibdir.
Toplama işi nəticəsində
indiyə qədər Azərbaycanda qeydə
alınmamış 20-yə yaxın nağıl süjeti aşkar edilib. Hacı Qaraman,
Hacı Qasım Çələbi, Alı Çələbi,
Seyid Nigari, Seyid Həsən ağa, Seyid Füqəra,
Seyid Məhəmməd ağa
və b. şəxsiyyətlər
haqqında, eləcə də Qarabağdakı müxtəlif
yer adları barədə onlarla
rəvayət və əfsanə də ilk
dəfə işıq üzü görən
nümunələrdir. Toplama işi nəticəsində Molla
Lətif, Soltan bəy, Bic
Qənbər kimi yeni-yeni
personajlar aşkar edilib. Bu layihə çərçivəsində
Bəhlul Danəndə haqqında 24, Abdal
Qasım haqqında 18, Kəlniyyət haqqında 1 mətn tədqiqatçılara
təqdim olunur ki, bir çox digər
nümunələr kimi, bu
mətnlərin də bir qismi
yeni süjetlərdir. Yeni
mətnlər Bəhlul Danəndə, Kəlniyyət, Abdal Qasım haqqında təsəvvürümüzü
dolğunlaşdırmaqla yanaşı, həmin
personajların daha ətraflı öyrənilməsinə
yaxından kömək edir”.
Məruzəçi
çıxış zamanı bu günə
qədər toplanılmış folklor
nümunələrinin toplanılması zamanı yol verilmiş qüsur və təhriflərə də nəzər
salaraq toplama işinin vəzifələri, məqsədi, bu sahədəki problemlərə də diqqəti
yönəltdi. Xüsusilə alim Qarabağ folklor mühitinin, lokal mənada
desək, auditoriyasının məlum səbəblərdən
pərən-pərən düşməsinin folklorun
saxlanılması, yaşadılması və
ötürülmə mexanizminə vurduğu
zərbəni nəzərə çatdırmaqla folklor materiallarının toplanılması
işində tələb olunan peşəkarlığın
vacibliyini qeyd etdi. Bildirdi ki, AMEA Folklor İnstitutu sözügedən layihəni
növbəti ildə bu konfransın elmi-praktiki nəticələri də nəzərə
alınmaqla daha təkmil və səmərəli
şəkildə davam etdirməyi nəzərdə
tutur.
AMEA-nın
müxbir üzvü Tofiq Hacıyev tədbirin dövlətçilik
və siyasi baxımdan çox
böyük əhəmiyyət kəsb etdiyini dedi. Qeyd etdi ki,
Folklor İnstitutu bu qəbildən
olan tədbirlərə həmişə xüsusi önəm vermiş
və milli-mənəvi dəyərlərimizin keşiyində
durmuşdur.
İclasda fəlsəfə,
Sosiologiya və Hüquq
İnstitutunun direktoru
professor İlham Məmmədzadə
də çıxış edərək tədbirin əhəmiyyətindən
danışdı. Alim bildirdi
ki, istər tarixi hadisə
və faktlar, istərsə də folklorda yaşayan adət
və ənənələr birbaşa olaraq fəlsəfənin də predmetinə daxildir. Bu mənada
qarşılıqlı elmi təhlillərin
aparılması bütövlükdə humanitar
sahə üçün perspektivlər vəd
edir.
Fəlsəfə,
Sosiologiya və Hüquq
İnstitutunun şöbə müdiri professor Zümrüd Quluzadə Qarabağla
bağlı keçirilən bu konfrans və görülmüş
işlərlə bağlı öz təşəkkürünü
bildirdi. Alim folklorda yaşayan tarixə
xüsusi nəzər salmağın vacib olduğunu qeyd etdi. Onun
fikrinə görə, folklorumuzu, tariximizi, adət-ənənələrimizi
öyrənməklə bizə məxsus olanlara
sahibliyimizi bir daha təsdiq edə bilərik.
Konfransın
keçirildiyi bölmələr də simvolik olaraq
Qarabağın müxtəlif regionlarının
adlarını daşıyırdı: “Şuşa”,
“Xocalı” və “Laçın”.
Konfransın
“Şuşa” bölməsindəki
toplantıya AMEA-nın müxbir üzvü Tofiq Hacıyev
sədrlik edirdi. Bu
bölmədə tanınmış folklorşünas
fil.ü.e.d. Füzuli Bayat “Qarabağın tərəkəmə folkloru” adlı məruzə ilə
çıxış etdi. Alim
Qarabağın elat həyatı, tərəkəmə
folkloru barədə çıxış
edərkən bildirdi ki,
onların özünəməxsus təhkiyə (söyləmə)
tərzi, deyimləri, başqa bölgələrdən
fərqli folklor janrları vardır. Məruzəçi
bu nümunələri təhlil etdikdən
sonra Qarabağ folkloru barədə düşüncələrini
yekunlaşdırdı: “Qarabağ folklor nümunələri işğal
olunub talanmış, ərazilərimiz məhv
edilmiş, maddi-mənəvi abidələrimiz
psixoloji və mənəvi depressiyaya məruz qalmış insanların
özlərinin özləri haqqında
danışdıqları canlı tarixidir”.
Bölmədə
eyni zamanda İslam Sadıq, Tahir Orucov, Ləman Süleymanova,
Sönməz Abbaslı, Zümrüd Səmədova
və Hİkmət Quliyevin məruzələri
də maraqla qarşılandı.
“Xocalı”
bölməsindəki toplantının sədri isə professor Kamran Əliyev oldu. Qarabağ folklor nümunələrinin
toplanılmasında yaxından iştirak
edən İlkin Rüstəmzadə
“Yuxarı Qarabağ folklorunun
toplanılması problemləri” adlı məruzəsində
ezamiyyət zamanı müşahidə etdiyi
müxtəlif problemlərdən danışaraq ezamiyyə nəticəsində
gəldiyi qənaətləri belə ümumiləşdirdi:
1.
Şifahi ənənəni gözəl
bilən, zəngin repertuara malik insanlara az-az da olsa,
bu gün də rast gəlinir. Belə insanlar
çox vaxt ibtidai təhsili belə olmayan
sıravi insanlardır. Sadəcə onlar şifahi ədəbiyyata böyük
maraqları və güclü hafizələri
sayəsində eşitdikləri folklor
örnəklərini hafizələrində saxlamışlar.
Belə insanlar şifahi
ənənəni özündə yaşatmaqla
yanaşı, həm də onun gənc nəslə
ötürülməsində də fəal iştirak
edirlər.
2.
Aparılan müşahidələrə əsasən deyə
bilərik ki, bir çox janrların, xüsusən də sehrli nağılların ifası xeyli zəifləmiş, onun
əvəzinə dini və novellavari nağıllar daha
aktivlik qazanmışdır.
Bölmədə
maraq və müzakirəyə səbəb
olan məruzələrdən biri də fil.ü.e.d. Mahmud Allahamanlının “Qarabağ
ədəbi mühitində xalq şeir ənənəsi” məruzəsi oldu. Məruzəçi Qarabağ
ədəbi mühitində formalaşan şeir ənənəsinin xalq
ruhu ilə çox
sıx şəkildə bağlı olduğunu
və nümunələrin məzmun və formaca
bir-birinə yaxınlaşdığını xüsusi vurğuladı. Bölmədə tarixçi Xəlyəddin Xəlil “Qarabağ folklorunda Qarabağ mənəvi dünyası” mövzusunda çıxış edərək
diqqəti Qarabağ folklorunda
əks olunan xalq ruhuna yönəltdi. Bölmənin digər məruzəçiləri
- Səbinə İsayeva, Almaz
Həsənqızı, Mətanət Abbasova
və Səfa Qarayevin də
çıxışları iştirakçılar tərəfindən
çox maraqla dinlənildi.
Konfransın
“Laçın” bölməsində isə prof.
Füzuli Bayat toplantıya sədrlik edib.
Bölmənin maraqla izlənilən məruzələrindən
biri də Adil Cəmilin
“Çağdaş
bayatılarımızda yurd həsrətinin
poetikası” barədə məruzəsi oldu.
Kəlbəcər sakinlərindən toplanılmış
nümunələr əsasında problemi
diqqət mərkəzinə gətirən alim
bildirdi ki, bayatı
janrının poetikasındakı daxili çeviklik Qarabağ həsrətini,
yurd-yuva nisgilini ifadə
etmək baxımından xüsusi rola malikdir. Bu bayatılarda Qarabağ
dərdi folklor dilində xüsusi
ifadə qazanmışdır.
Bölmənin
digər məruzəçisi Şakir
Albalıyev “Qarabağ folklorunda
təbii-coğrafi-sosial amillərin vəhdəti” mövzusunda maraqlı çıxış təqdim
etdi. Məruzədən belə bir nəticə hasil oldu ki, Qarabağın təbii-coğrafi
şəraiti və mənəvi dünyası vahid bir mərkəzdə
çulğalaşaraq bəşəri bir harmoniya
yaratmışdır: təbiət sanki
insanın, insan isə təbiətin
dilində danışır.
Bölmədə
Nübar Həkimova, Aynur
Əliyeva, Şəfəq Əliyeva, Əsmər Bəşirova,
Şəbnəm Hüseynova kimi tədqiqatçıların Qarabağ folklorunun
müxtəlif problemlərinə həsr olunmuş
məruzələri də yaddaqalan oldu.
Bütün bunlar onu göstərdi ki, Qarabağ Azərbaycan üçün yalnız bir
coğrafi məkan, maddi-fiziki
ölçü deyil,
yüksək dəyərlərin fiziki ölçülərdə
təqdim edildiyi milli-mənəvi “abidə”dir.
Bu baxımdan Qarabağın mənəvi
mahiyyətini heç bir
elm sahəsi folklorşünaslıq qədər
dəyərləndirə bilməz. O sakral
məkan arxetipinin təzahürüdür.
Hikmət
Quliyev,
Səfa
Qarayev
Ədəbiyyat qəzeti.- 2012.- 28
dekabr.- S.8.