Uşaqların dostu

  

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində tanınmış şair, filologiya elmləri doktoru Zahid Xəlilin 70 illik yubileyilə bağlı tədbir keçirildi. Mərasimi sözügedən təhsil ocağının rektoru Yusif Məmmədov açaraq yubilyarın zəngin yaradıcılığı, elmi nailiyyətləri haqqında ətraflı məlumat verdi: "Zahid Xəlil əsasən uşaqlar üçün yazıb-yaradıb. O, uşaq psixologiyasının incəliklərinə dərindən bələd olan bir qələm adamıdı. Təsadüfi deyil ki, sovetlər dönəmində Zahid müəllimin uşaqlar üçün yazdığı kitabı SSRİ miqyasında ilin ən yaxşı uşaq kitabı nominasiyasının qalibi olmuş, əsərləri dünya xalqlarının dillərinə tərcümə edilmişdir. Zahid Xəlilin elmi yaradıcılığı da zəngin və mötəbərdir. Bir çox monoqrafiya və dərslik müəllifidir, gənc nəslin yetişməsi prosesinə bir alim-vətəndaş olaraq xidmətini əsirgəməyib. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, təqdir edilib…"

Rektor çıxışının sonunda Baş nazirin müavini, xalq yazıçısı Elçinin təbrikini yubilyara çatdırdı.

Sonra dosent Füzuli Əsgərov yubilyarın həyat və fəaliyyətilə bağlı geniş məruzə ilə çıxış etdi.

Tanınmış şair Çingiz Əlioğlu Z.Xəlildən yaxın dost, yaxın qohum və həmkar kimi söz açdı: "Zahid müəllimin geniş qəlbi mükəmməl xarakteri var. Dəfələrlə xarici ölkələrdə birgə səfərlərimiz olub. Yevtuşenko, Tulatov, Mixalkov, Soltıkova, Mustay Kərim kimi Sovetlər məkanında geniş tanınan görkəmli söz ustalarının Zahid müəllimin yaradıcılığına xüsusi diqqət yetirmələrindən həmişə qürur duymuşam.

Nazirlər Kabinetinin məsul işçisi Akif Əli, tanınmış elm xadimlərindən Mirzə Cəfərzadə, Qara Namazov, Əjdər Ağayev, Buludxan Xəlilov, Nizami Xudiyev, Himalay Qasımov, Rafiq Yusifoğlu, şair Yusif Nəğməkar və başqaları çıxış edərək yubilyarın uşaq ədəbiyyatı sahəsində əldə etdiyi nailiyyətlərdən dərin sayğıyla çöz açdılar.

Vurğulandı ki, Zahid Xəlilin müşahidə qabiliyyəti geniş və xeyirxahdı. O, öz ədəbi qəhrəmanlarının xeyirxahlıq, səmimiyyət simvolu kimidi. Zahid müəllimin gözlərinin dərinliyindən hər dəfə düşüncələrinin diqtəsini var səsilə dünyaya bəyan etmək istəyən, ancaq hər dəfə də kiminsə ruhi sakitliyini, rahatlığını poza biləcəyindən ehtiyat edib səbirlə susmağı bacaran müdrik bir insanın doğma, tanış siması boylanır. Yaşa dolsa da, ömrün 70-ni haqlasa da, gözlərinin dərinliyindəki, düşüncələrinin ən dərin qatındakı kövrək, duyğulu varlığı gənc qalıb. Zahid müəllim uşaqların dostudu. Ona görə ki, o, bütün ömrü boyu uşaqlıq səmimiyyətini, duyğusunu hifz edə bilib, xeyirxahlıq nümunəsi olaraq yaşayıb. Uzun illərdi körpələrimizin gül yuxusuna qatdığı həzin nağılları səmimiyyət, insanlıq ətri qoxuya-qoxuya bir-birinə calanır, vətəndaş tərbiyəsinin istinad nöqtələrindən biri kimi maraq çəkir…

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.- S.8.