“Rübailər karvanı”

  

Tanınmış şairimiz, bir neçə şeir kitabı yayınlamış Oqtay Rzanın bu yaxınlarda çapdan çıxmış "Rübailər karvanı" (Yazıçı, 2011) kitabını görəndə öncə təəccüb etdim, daha sonra anladım ki, sənətkarın yetkin çağında Şərq poeziyasında xüsusi yeri olan bu janra müraciət etməsi tamamilə məntiqidir. Fikir, düşüncə axarı baxımından son dərəcə mürəkkəb olan rübai janrı şairdən geniş həyat təcrübəsi, ensiklopedik bilgi, xalqın adət-ənənələrinə dərindən bağlılıq, geniş dünyagörüşü, yüksək bədii-estetik zövq, keçmişin klassik şairlərinə aid zəngin poetik mirası dərindən bilməsi və s. tələb olunmaqdadır. Təbii ki, bütün bu söylənilənləri yaradıcılığa başlamış gənclərdə aramaq o qədər də inandırıcı görünmür. Bundan ötrü müəyyən bir zaman, həm sənətkarlıq, həm də intellektual baxımdan bəlli bir zirvəyə qalxa bilmək gərəkdir. Təsadüfi deyil ki, bu qəbildən olan gənclərin əksəriyyəti əslində öz intim, fərdi hiss-həyəcanlarını, daha çox da sevgidən doğan əhval-ruhiyyələrini dilə gətirməkdə demək olar ki, bütün sosial-məişət problemlərini də məhz sevgi, məhəbbət kontekstində həll etməyə çalışmaqdadırlar. Zahirən rübai janrı kompozisiya baxımından o qədər də mürəkkəb görünmür. Dörd misralıq və qədim bir tarixə malik bu janrın qafiyə sistemi əsasən a, a, a, b və ya a, a, a, a -dır. Bu səbəblərdən dolayı da əsasən lirik xarakterdə olan bu janrın mürəkkəbliyini onun kompozisiya, sistemi baxımından gözdən keçirmək heç də düzgün olmazdı. Burada söhbət daha çox mövzu dərinliyindən, ideya-məzmunundan, intellektual səviyyədən, məntiqi dəlillərdən, yüksək mədəniyyətdən və bütün bu söylədiklərimizin ümumiləşdirilmiş bir şəkildə və yüksək bədiiliklə oxuculara çatdırılmasından getməlidir. Bir çətinlik də orasındadır ki, burada şair öz fikir və ümumiləşdirmələrini lakonik bir dillə və dörd misralıq bir poetik parçada ifadə edə bilməlidir. Təxminən X əsrdə Şərq poeziyasında, xüsusilə də fars və tacik xalq ədəbiyyatında meydana gəlmiş bu janrın Rudəki, Ömər Xəyyam, Mövlanə Cəlaləddin Rumi, həmçinin klassik Azərbaycan şairlərindən Nizami, Məhsəti Gəncəvi, Nəsimi kimi nümayəndələri, daha sonralar XX əsr türk şairləri Yəhya Kamal və Arif Nihad Asya onun ən mükəmməl nümunələrini yarada bilmişlər. Rübai janrının əsasən məhz dərin ideya-məzmunu ifadə etməsi, lakonik dili, yəni az sözlə çox şey ifadə edə bilmə imkanları (burada assosiasiyalardan, məcaz, qoşa qafiyə, təkrir vasitələrindən məharətlə istifadə olunması və s.) mütəxəssislərin hər zaman diqqət mərkəzində olmuş və təsadüfi deyil ki, Azərbaycan şərqşünas alimləri ilə birlikdə, xarici alimlərin də tədqiqat sahəsinə çevrilmişdir. Məsələn, məşhur folklorşünas alimimiz M.H.Təhmasib kimi tanınmış şərqşünas alimlərdən E.A.Bertels, H.E.Krımskiy, Fritz Meier və başqaları da rübai janrı ilə yaxından maraqlanmış, onun poeziya dünyasında layiqli bir yerə sahib olması və gələcəkdə də müstəqil olaraq yaşamaq haqqının olmasını müdafiə belə etmişlər. Maraqlıdır ki, bir çox ensiklopediyalarda da (məsələn, Azərbaycan sovet ensuiklopediyası, Türkiyədə yayımlanmış "Rəhbər Ansiklopedisi" və s.) rübai janrının xüsusiyyətləri əsasən onun quruluşu, qafiyələnmə üslubu, bir sözlə əslində zahiri cəhətlərilə izah edilməyə meyl göstərilməkdədir. Rübai janrının müraciət etdiyi mövzular isə heç də yalnız sevgi, məhəbbət motivləri çərçivəsində qalmayıb aləm, kainat, zaman, məkan haqqında insan düşüncələri, fəlsəfi ümumiləşdirmələri, həmçinin təfəkkürünün hüdudsuz yaradıcılıq gücünə malik olması kimi mövzuları da diqqət mərkəzinə ala bilməkdir. Bir daha vurğulamaq lazımdır ki, əslində əksər hallarda öyüd-nəsihət şəklində həll olunan bu sosial-psixoloji problemlər heç şübhəsiz müəllifdən, şairdən ensiklopedik bilgilərə, dərin həyati təcrübəyə, mənəvi tərəqqiyə meylli dünyagörüşünə malik olmasını tələb edir. Bu mərifətlərdən uzaq gənc bir qələm sahibinin digər bir gəncə öyüd-nəsihət verməsi, xüsusilə də bu rübai kimi lakonik bir dilə sahib poetik janr vasitəsilə edilirsə, onun inandırıcı, təsirli olmasına təəssüflər olsun ki, o qədər də inanmaq olmur. Hər bir sənət əsərinin, o cümlədən rübailərin emosional təsir gücü o zaman tam olaraq özünü ifadə etmiş olur ki, burada ilk növbədə müəllifin professionallığı, istedadı, həyat təcrübəsi, püxtələşmiş dəst-xətti, istifadə etdiyi janrın estetik xüsusiyyətlərinə və obrazlar aləminə dərindən nüfuz etməsi özünü büruzə vermiş olsun. Oqtay Rzanın miniatürlər kimi adlandırıla bilən rübailərini oxuduqca bütün yuxarıda söylədiklərimiz məziyyətləri hiss etmək çətinlik törətmir. Hər şeydən öncə onun yetkin yaşında rübai janrına müraciət etməsini yalnız şairin müdriklik yaşında öz iç dünyasını, istək-arzularını, həyat fəlsəfəsini burada ifadə etmək arzusu ilə sınırlamaq düzgün olmazdı. Zənnimizcə, şair, eyni zamanda burada əsrlərin süzgəcindən gələn bu poetik janrın günümüzdə də yaşamını sürdürməsi, unudulmaması, itib-batmaması amacını ifadə etməkdədir. Eyni zamanda şairin rübailərini oxuduqca onun müasir bir şəxsiyyət tərəfindən yazıldığını duyursan. Oqtay bəy rübai janrına xas ənənəvi sevgi-məhəbbət mövzusunun çərçivəsini də olduqca genişləndirir, buraya kainat, evren, ideoloji, texnoloji tərəqqi, bəzən insanların qlobal ekoloji hadisələr qarşısında acizliyi, mübarizəsi, keçirdikləri qorxu və həyəcan hissləri, həmçinin sosial-məişət problemləri və s. daxil etməkdən heç də çəkinmir. Etiraf etmək lazımdır ki, onun rübailəri içərisində bu qəbildən olan misraları sevgi-məhəbbət mövzulu rübailərindən qat-qat çoxdur. Bununla belə şairin bütün rübailərində milli-mənəvi sərvətlərdən qidalanan bir vətəndaş qəlbinin çırpıntılarını hiss edirsən. Onun şeirləri dostluğa, qardaşlığa, sülhə, əmin-amanlığa çağırır, vətəninin bütünlüyünü, bölünməzliyini vəsf edir, bütün bölgələrinin onun üçün eyni dərəcədə əziz olmasını xüsusi olaraq qeyd etməyə çalışır:

 

Başlanır haradan, nədən yollarım?

Sərhəddə qırılır hərdən yollarım;

Məni millətimə bağlayan teldir

Bakıdan hər yana gedən yollarım!

 

Qəlbi hər zaman vətəninin xoşbəxtliyi, çiçəklənməsi ideyası ilə döyünən şair öz keçmiş əcdadları Dədə Qorqudu, Babəki, Koroğlunu heç zaman unutmur, onların qəhrəmanlıqlarından, yüksək mənəviyyatından, vətənpərvərliklərindən, yenilməzliklərindən dərs almağa səsləyir və

 

İgidlik dərsi al Qorqud elindən,

Gücsüzün, yazığın yapış əlindən.

"Ot kökü üstündə bitir" kəlamı

Arif adamların düşməz dilindən, - deyir.

 

Şair rübailərində ikiüzlü, yaltaq, yalançı, böhtançı, özlərini yaxşı niyyətli, xoşsifətli kimi göstərən, bəzən ziyalı cildinə belə girə bilən insanların da iç üzünü açıb, onlara inanmamağı tövsiyə edir:

 

Olub səxavətli, vəfalı kimi,

Göstərir özünü həyalı kimi.

İçində qaranlıq gəzdirən kəsi,

Hələ tanıyırlar ziyalı kimi.

 

Digər bir rübaisində isə Oqtay Rza təbiətin göz-bəbəyi kimi qorunmasını, onun flora və faunasının əbədi olaraq yaşamasını arzulayır, təbiətə və heyvanat aləminə qarşı cinayət işlədən hər bir kəsin düşməni olduğunu belə söyləyir. Eyni zamanda o keçmişimizi, qədim adət-ənənələrimizi, məişət mədəniyyətimizi unudan adamları da adam belə hesab etmir.

 

Ələk, sac, bayatı... çıxıb yadından,

Əl çək naşılıqdan, adam ol, adam!

Əlik, qarapaça, cüyür öldürən

Əliyə düşmənəm, Vəliyə yadam!

 

Oxucular yəqin ki, bu şeirin səslənməsinə, qafiyələnməsinə, "əl" kəlməsinin müxtəlif söz birləşmələrində məharətlə istifadə olunmasına, həmçinin bütün bunların şeirin ideya içindən doğduğuna diqqət edə bilərlər. Bu qəbildən olan digər bir rübaisində isə müəllif sözün insan həyatında son dərəcə mühüm rol oynamasından, onun yerli-yersiz istifadəsindən və sonunda onun insan həyatına, mənəviyyatına müsbət və ya mənfi təsirindən söz açır:

 

Ağı-ağ adlandır, düzü-düz, Oqtay!

Ağı yaz, nəğmə qoş, misra düz, Oqtay!

Acıdan acıdır yersiz, nahaq söz,

Ağıl nur çiləməz sevgisiz, Oqtay!

 

Burada da şair "ağ" kəlməsini müxtəlif modifikasiyalarda işlədir, sevgi ilə edilən hər bir işin daha səmərəli, daha məhsuldar və qalıcı olmasını söyləmək istəyir.

Şairi yaşadığı dünyadakı insanların taleyi, istək, arzuları, səadət və uğursuzluqları, bəzən onlara olan biganəlik hissləri çox düşündürür, narahat edir, fəqət o hər zaman yaxşı insanların varlığına, çoxluğuna inanır:

 

Sayı çoxalsa da pisin, xəbisin,

Yaxşı adamlarla doludur dünya!

 

- fikrini ifadə edir. Digər bir rübaisində isə şair bəzən həyatı boyu öz həqiqi dəyərini almamış, haqsız olaraq unudulmuş insanların acı taleyini qələmə alır:

 

Görəsən heç qohum-qardaşı yoxdur,

Qəbrini isladan göz yaşı yoxdur?

Daşlar aləmindən kitab yazanın

Hələ indiyədək başdaşı yoxdur!

 

Təsadüfi deyil ki, insan sevgisi ilə yanaşı, şair bir daha elə bir cəmiyyət arzulayır ki, orada bu haqsızlıqlar minimuma endirilsin, hər bir insanın potensial-intellektual imkanları azad bir şəkildə özünü büruzə verə bilsin, hərtərəfli çiçəklənə bilsin, millətinə, xalqına daha çox yararlı ola bilsin:

 

Az deyil müəmma, möcüzə, tilsim,

Gərək hər istedad parlaya bilsin!

 

Digər bir rübaisində də biz əslində bütün gücünü, əməyini təmənnasız olaraq digərlərinə, xalqına, cəmiyyətə verə bilən fədakar və heç bir zaman özünü gözə soxmayan, mənəm-mənəm deməyən insanlar təsvir olunur:

 

Ürək hey döyünür səxavət ilə,

Yanır son anadək dönmədən külə;

Özü sol tərəfdə yerləşir, amma,

Gücünün çoxunu verir sağ ələ.

 

Rübailərinin çoxunda ümumiləşdirilmiş insan surəti yaradan, onun zəngin psixoloji-əxlaqi, mənəvi keyfiyyətlərini açmağa çalışan müəllif insana sanki antropoloji fəlsəfə baxımından yaxınlaşmağa çalışır. Onun insanı yalnız milli-mənəvi çərçivələr içərisində qalan bir bio-psixoloji varlıq deyil, o ümumibəşəri keyfiyyətlərlə zəngin olan bir varlıqdır. Təsadüfi deyil ki, şair dünyanın gələcəyini sınırsız, sərhədsiz, insanlarını isə dünya vətəndaşı kimi görmək istəyir. Zənnimizcə, Oqtay Rzanın aşağıdakı misraları bir daha fikrimizə haq qazandırmış olur:

 

Baxıram dünyanın xəritəsinə,

İstəyim sinəmə sığışmır yenə:

Bütün qitələri gəzib-dolaşan

Vətəndaş sənədi verilsin mənə!

 

Oqtay Rzanın bir çox rübailərində elmi bilgilərlə, təbiət hadisələrinə, təbiətin rəngarəngliyinə, dənizlərin kükrəməsinə, qızılın merkantil dəyərinə aid yüksək bədiiliklə yazılmış misralara rast gəlmək olur. Heç şübhəsiz, bu misraların canlı, inandırıcı olması, bir baxımdan Oqtay Rzanın ixtisasca geoloq-kəşfiyyatçı olması ilə də əlaqədardır. O, eyni zamanda həyatımıza, məişətimizə, insani münasibətimizə, təbiət hadisələrinə bir araşdırmaçı, psixoloq-kəşfiyyatçı kimi də baxmaqdadır.

Bəzən onun misralarında təbiət hadisələrinin bədii bir dillə ifadəsini də duya bilirik və zənnimizcə, bu qəbildən olan öyüdverici intellektual bilgilərin məktəbli-tələblərin, gənclərin elmi-nəzəri inkişafına xidmət edə biləcəyi heç bir şübhə doğurmur , bu və ya digər elmi bilgilərin hafizələrdə həkk olunmasını saxlaya bilir. Məsələn, o yazır:

 

Suyu su eyləyən Haş iki O-dur,

Buzun da tərkibi Haş iki O-dur.

Suyun çox qəribə, üçüncü halı -

Şimşəyə, yağışa dönən buluddur.

 

Yenə digər bir rübaisində şairin söylədiyimiz meyli ifadə etməsinin şahidi oluruq:

 

Qış xoş havalarda yaza çevrilir,

Donan su başlayıb buza çevrilir.

Xlor boğucu qaz, natrium zəhər-

Birləşib süfrədə duza çevrilir...

 

Oqtay Rza rübailərində təbiət hadisələrinə, onun dəyişgənliyinə, bəzən fəlakətlər, bəzən də xoş günlər gətirməsinə diqqət çəkir:

 

Yayır fəlakəti, şəri qasırğa,

Ulayır nə vaxtdan bəri qasırğa.

Küləyin cürbəcür oyunları var:

Biri meh, biri yel, biri qasırğa.

 

Digər bir rübaisində də təbiətin gözəlliyi, rəngarəngliyi, xoş əhval-ruhiyyə yaratdığı fikri bədii şəkildə öz ifadəsini tapmış olur:

 

Yerdə ot göyərir, çiçək yaranır,

Səmada yeddi cür xoş rəng yaranır.

Qız bulud öpüşər oğlan buludla,

Lərzəli ildırım, şimşək yaranar.

 

Burada şair sözlərlə-anlayışlarla təbiət lövhəsini ortaya qoya bilir və oxucunun xəyalında həqiqətən də bu təsirin canlı surəti yarana bilir. Burada şair yaratdığı canlı assosiasiyalar vasitəsilə istəyinə nail olur, bizi təbiətin dəyişkən xarakterini və ülviliyini, təkrarsız gözəlliklərini görməyə çağırır.

Şair öz rübailərində bəzi sənət hadisələrini, hətta bəzən xoşagəlməz halları belə qələmə alır, şeirin, sənətin saflığını, milli köklərə bağlılığı ideyasını müdafiə etməsini açıq bir şəkildə görmək mümkün olur:

 

Yüz payız, yüz bahar ötüb o vaxtdan-

"Leyli və Məcnun"lu tarixi çağdan.

Neçə simfoniya balet, opera ...

Od alıb muğamat adlı ocaqdan.

 

Şair oxucularının qarşısında sosial məsuliyyət hissini hər zaman yüksək tutmağa çalışır, onların bədii zövqünə, estetik istəklərinə hörmətlə yanaşır, "şeir sevənlərdə sərraflıq da var" - deyir. Eyni zamanda Oqtay Rzanın şeir sənətinin taleyi ilə bağlı narahatçılığı, əndişəsi də öz bədii ifadəsini tapmaqdadır:

 

Vallah verməsə də xeyir, yazırlar,

Sözü bədahətən deyir-yazırlar.

"Şairlik" adətə çevrilib, hətta

Millət vəkilləri şeir yazırlar.

 

Bu sözləri söyləyən müəllifin öz yaradıcılığına da ciddi məsuliyyət hissi ilə yanaşmasını, eyni zamanda təvazökarlığını hiss etmiş oluruq:

 

Dünyada get-gedə ləl, dürr tükənib,

Qızıl bahalaşıb, kömür tükənib.

Yazmaq istəyəndə yaxşı şerimi -

Gördüm gecikmişəm, ömür tükənib.

 

Şairin rübailərinə bədbinlik, kədər, qəm-qüssə hissləri demək olar ki, yaddır. Onun rübailəri bizi daha çox gələcəyə, bəşəriyyətin sağlam mənəviyyatına, insanların dostluğuna, qardaşlığına səsləməkdədir.

 

Göz verib sənə bu, mənə bu dünya,

Gərək gülüstana dönə bu dünya.

Qədim zamanlarda sərhədsiz imiş,

Sərhədsiz olacaq yenə bu dünya!

 

Kitabda şairin bəzi şeirlərindən nümunələr də verilir. Bu şeirlərdə şairin vətənpərvərlik təbiəti, ustadlarına (məsələn, Əlişir Nəvai, Mövlanə Cəlaləddin Rumi və s.) ehtiram hissi, varislik, tarixi yaddaş, Azərbaycanın bağımsızlığı, həmçinin sevgi-məhəbbət motivləri geniş yer tutur. Şair bu əsərlərində də yüksək poetik istedadını, geniş yaradıcılıq və mövzu palitrasını nümayiş etdirə bilir. Onun "Yasəmən ağacı çiçəkləyəndə", "Sonuncu nəğmə", "Quyruq", "Bir pəri gördüm", "Cıdır", "Çıxarma yaddan" kimi şeirlərini oxuduqca fikrimiz bir daha təsdiqlənə bilər. Bu baxımdan şairin "Yasəmən ağacı çiçəkləyəndə" şeirindən yalnızca birinci bəndini oxucularımla paylaşmağım kifayət edə bilər:

 

Yoluma incilər düzür təbiət,

Sinəm məskənidir kamanın, neyin.

Rənglər dəryasında üzür təbiət,

Sən də bənövşəyi donunu geyin -

Yasəmən ağacı çiçəkləyəndə.

 

Şeirin emosional təsir gücü olduqca böyükdür. Onun xoş arzu və niyyətlərlə yazılmış misraları bir musiqi kimi səslənir. Buna kəlmələrin məntiqi olaraq yerli-yerində düzülməsi, səs ahənginin pozulmaması ənənəvi qafiyələnmə üsuluna riayət olunması, burada qəhrəmanın hər şeydən öncə sevgilisinin xoşbəxtliyini düşünməsi kimi humanist bir ideyanın ifadə olunması səbəb olmaqdadır.

Kitabda yer alan rübailər və şeirlər bir daha Oqtay Rzanın geniş yaradıcılıq marağını göstərməklə birlikdə, eyni zamanda şairin yüksək bədii-estetik zövq və istedadını da üzə çıxarmış olur. Səlis dilə malik, zəngin klassik ənənələrimizə təməllənən , eyni zamanda aktual sosial-mədəni mövzulara müraciət edən Oqtay Rza şeiri elə sırf bu səbəblərdən dolayı geniş oxucu kütləsinin sevgisini qazanır və gələcəkdə də bu sevginin sönməyəcəyinə inamımız böyükdür.

 

 

Babək Qurbanov,

professor

Türkiyə

 

Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.- S.7.