Hamı yaşar öz içində
Vaxtsız gəlir, vaxtsız gedir,
Yay gözləmir yaz içimdə.
Saçlarımda qışın qarı,
Sırsıradı buz içimdə.
Könül tutsa fikir
dönmür,
Alovlansa arzu sönmür.
Daşı,hörgüsü görünmür,
Saray tikir söz
içimdə.
İnsan oğlu nələr etmir,
Yaxşı-yaman yaddan itmir.
Qırğın salır yola getmir,
Əyri ilə düz içimdə.
Nələr ilişib yadıma,
Qılınc çəkdim inadıma.
Özüm qızdım öz oduma,
Ümid közdü, köz içimdə.
Dedik nələr bu dünyaya,
Deyən neylər bu dünyaya.
Gələn gələr bu dünyaya,
Hamı yaşar öz içində.
Mənə şeir oxu
Mənə şeir oxu bu axşam
bir az,
Təzədən dünyaya gətir sən məni.
Özümü şeirdə taparam, gülüm,
Harada itirsən,itir sən məni.
Mənə şeir oxu bu axşam
bir az,
Coşdur damarımda qanımı bir an.
Gözlərim səmadan asılı qalsın,
Ruhum tərk eyləsin canımı bir an.
Mənə şeir oxu bu axşam
bir az,
O odu, atəşi canıma qaytar.
Yapış şerinlə əlimdən mənim,
İlahi bir eşqin
yanına qaytar.
Mənə şeir oxu bu axşam
bir az,
Dönüm çəmənlərə
şeh arzusuyla.
Dağlarda daş üstə qoyum başımı,
Dan üzü bir xəfif meh arzusuyla.
Mənə şeir oxu bu axşam
bir az,
Ömrümə bir ömür
cala beləcə.
Tanrı kəlməsindən,
Tanrı sözündən,
Qəlbimdə bir ocaq
qala beləcə.
Mənə şeir oxu bu axşam
bir az,
Saflaşım, durulum çeşmələr kimi.
Dünyaya yenidən gətir sən məni,
Yenicə doğulmuş körpələr kimi.
İçində
Fikri aydın, fikri düz,
Bax, yaradan öyünmür.
Bir boşluq var görünmür
Hər dolanın içində.
Sınadım, yüz yoxladım,
Əyrini düz yoxladım.
Zərrə işıq tapmadım
Min yalanın içində.
Nə qəribə həyatdı,
Suyu da zəhər
daddı.
Əsirəm mən can adlı
Bir qalanın içində.
Payızdı, külək əsir,
Yarpaq torpağa əsir.
Ölümün xofu gəzir
Hər solanın içində.
Dərgaha çatan çatır,
Tanrı batıran batır.
Haqqın cavabı yatır
Kərbəlanın içində.
Ruhum, göydə süzürsən,
Candan əlmi üzürsən?
Zeyqəm, sirmi gəzirsən,
Sirr olanın içində.
Əlimdə
Əllərimdə bircə dəstə gül görüb,
Balmı gəzir arı mənim əlimdə.
Gül-çiçəkdə o, gəzdiyi şirəni
Tapacaqmı barı mənim əlimdə.
Bu aləmi sərvətiylə
bəzərdim,
Haqq adına ləl-cəvahir düzərdim.
Cəmləşsəydi bərabərlik gəzərdim
Bu dünyanın varı mənim əlimdə.
Göydən yerə gəlib çatan bir nur var,
Gün içində şər-böhtan var,uğur
var.
Mənə çatan il sayılı ömür var,
Yarı Tanrı, yarı mənim əlimdə.
Məni xəyal səmasından yendirin,
Məni uşaq ədasıyla dindirin.
Uşaqlıqda şələ çəkdim, kəndirin
Nə zamandı yeri mənim əlimdə.
Zeyqəm Vüqar seçir ağı qaradan,
Əməlindən xəbərdardı yaradan.
Yamanlığı götürərdim aradan,
O gücün yox,Tanrı, mənim əlimdə.
Şairin gücü sözdə
Şairin gücü sözdə,
Sözdə ki, pula getmir.
Şair zamanın oğlu,
Zamanla yola getmir.
Diqqətini al çəkir,
Nə doyur, nə
əl çəkir.
Şair dərddən bal çəkir,
Çiçəyə, gülə getmir.
İlhamı bulaq gözü,
Dayaq ona haqq
özü.
Şair sözü haqq sözü,
Küləyə, yelə getmir.
Salıb dünya toyuna,
Yazmaq düşüb payına.
Çəkilməsə oyuna,
Qovğaya-qala getmir.
Dildə sözü göyərsə
Fikri yozular tərsə.
Əməlidi nədənsə,
Başından bəla getmir.
Haqq qapısı döyürəm
Gülüş var, zarafat
var,
İnan olsam harda
mən.
Gülüşümlə beləcə,
Sədd çəkirəm dərdə mən.
Qarışır əhval-halım.
Görürəm hər cür zalım.
Yerdən üzülür əlim,
Gəzirəm göylərdə mən.
Hər qarışda sitəm, qəm,
İnsafsızdı bu aləm.
Tanrı göndərsə gəlməm,
Bu aləmə bir də mən.
Zeyqəm Vüqar
Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.-
S.6.