Parlaq zəka sahibi
- böyük vətəndaş
...Hüsn və cəlal sahibi
böyük Rəbbimiz hər bir insanın taleyini doğuluşundan müəyyənləşdirir
və qismət payını Öz kəraməti
ilə bölüşdürür. Bu gün Vasim Məmmədəliyev
kimi düha və zəka
sahibinin həyat yoluna,
elmi fəaliyyətinə və insani keyfiyyətlərinə nəzər
saldıqda, tam əminliklə demək olar ki, Allah-Təala onu seçilmişlərindən etmiş və ilahi vergisi ilə şərəfləndirmişdir.
Necə ki, müqəddəs
kitabımız Qurani-şərifdə bu
barədə buyurulur. "...Şübhəsiz
ki, lütf Allahın əlindədir,
onu istədiyinə bəxş edər. Allah çox böyük kərəm sahibidir!".
Allah-Təala
Vasim müəllimə xoşbəxt
valideynlər nəsib etmişdir. Onun ilk uğurları
valideynlərinin və müəllimlərinin adı ilə
bağlıdır. Vasim Məmmədəliyev mərhum ədibimiz,
Quranın, klassik Azərbaycan ədəbiyyatının
və əruzun gözəl bilicisi Əli
Fəhmi Ələkbərovun
və böyük ərəbşünas
Ələsgər Məmmədovun xatirəsini daim
əziz tutur, onları daim
hörmətlə yad edir.
Ustadlarını hörmətlə xatırlamaq, onların ruhunu Allah rəhməti ilə
şad etmək Vasim
müəllimə xas olan
xüsusiyyətlərdəndir. Bu isə onun kamilliyinə, qədirbilənliyinə və
yüksək mədəniyyətinə dəlalət edən
cəhətlərdən sayılmalıdır.
Vasim Məmmədəliyevin
elmi fəaliyyəti barədə müfəssəl
danışmağa lüzum görmürəm.
Təkcə onu demək kifayətdir ki, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, əməkdar
elm xadimi, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev
500-dən çox əsərin, 30-dan çox kitabın müəllifidir. O, Bakı
Dövlət Universitetinin dekanı, prorektoru vəzifələrində
çalışıb, hal-hazırda ilahiyyat
fakültəsinə rəhbərlik edir. İraq Elmlər Akademiyasının, Suriya Quran elmləri və
ərəb filologiyası Akademiyasının üzvüdür.
Professor V.Məmmədəliyevin elmi metodologiyasından ərəb dilçiliyi, ümumi dilçilik, islamşünaslıq,
quranşünaslıq və ərəb-Azərbaycan ədəbi-mədəni
əlaqələri sahəsində geniş
istifadə olunur.
Mənim
üçün Vasim
Məmmədəliyevin üləmalıq tarixində çox vacib və önəmli
olan bir cəhət
vardır: Vasim müəllim XX əsr Azərbaycan
şərqşünaslığında yeganə alimdir ki, elmin
və dinin qarşılıqlı
münasibətlərini, vəhdətini və təkamülünü
yaratmağı bacarmışdır. Uzun illik sovet ateist
təbliğatından, ilahiyyatşünaslığın tam atrofiyasından sonra
qazanılmış bu nailiyyət ideoloji vaakuma ölümcül zərbə vurdu
və yeni düşüncə tərzinə
yol açdı.
"Allah kəlamı olan Quran elə bir ecazkar ilahi kitabdır ki, heç bir müfəssir onu tam dolğunluğu ilə
təfsir və heç bir
mütərcim mükəmməl tərcümə edə bilməz".
Bu sətirlər Vasim
Məmmədəliyevin Qurani-kərimin Azərbaycan dilinə tərcüməsinə
yazdığı "Ön söz"dəndir.
Təvazö, iman sahiblərinə məxsus
keyfiyyətdir. Mərhum akademik Ziya Bünyadov ilə
birlikdə Qurani-kərimin Azərbaycan dilinə tərcüməsinə
başlarkən Vasim müəllim də,
məsləhətçi-redaktor kimi mən
də çox böyük
həyəcan keçirirdik. Heç kim üçün sirr deyil ki, Quran
yalnız zahirdə anlamlı görünür,
əslində isə fani insan
düşüncəsinin əhatə edə bilmədiyi
möhtəşəm ümmana bənzəyir.
Bu gün artıq on ikinci nəşri
işıq üzü görən Qurani-kərim
öz tərcümələrinə
mütəvazilik müqabilində ədəbi şöhrət
çələngi bağışlayır. Həqiqətən:
"Elm verilmiş kimsələr
Rəbbindən nazil edilənin haqq olduğunu və onun yenilməz qüvvət sahibi,
(hər cür) şükrə layiq olan Allahın yolunu göstərdiyini görürlər".
Qurani-kərimin
tərcüməçisi, təfsirçisi və tədqiqatçısı
kimi Vasim Məmmədəliyevin
adı dünya
islamşünaslığının diqqət mərkəzində
və şərəf səhifəsindədir.
Mən
Vasim müəllimlə
saysız-hesabsız xarici səfərlərdə
olmuşam, beynəlxalq konfranslarda
iştirak etmişəm. Onun
sanballı elmi
çıxışlarının necə böyük
maraqla
qarşılandığının, dünya
şöhrətli şərqşünasların heyrət və
rəğbətinin canlı şahidiyəm. Və
bu məclislərdə ən çox fərəhlənən, qürur hissi keçirən
mən olmuşam. Çünki
Azərbaycan xalqının bu şərafətli
nümayəndəsi, Vətənimin bu
möhtəşəm alimi - mənim ən
əziz dostum, ən dəyərli
qardaşımdır.
Vasim Məmmədəliyev
həqiqətən, adı böyük hərflərlə
yazılmağa layiq olan
Azərbaycan vətəndaşıdır. Onun
bütün yüksək insani
keyfiyyətləri və daxili mənliyi vətənpərvərlik
hissi ilə yoğrulub.
Doğma torpağa, milli soykökə, əsrlərdən keçib gələn tarixi
yaddaşa bağlılıq onun özəl cəhətlərindəndir. Vasim Məmmədəliyevi xarakterizə edən
ən mühüm amil
isə onun milli
dövlətçilik ideyalarına sadiqliyi
və mütərəqqi mənəvi intibah
uğrunda mübarizliyidir.
Mən
onun daxili zənginliyini
uzun illər boyu
müşahidə etmişəm. Tale elə
gətirib ki, bizim ümumi amallar naminə
qarşılıqlı əməkdaşlığımız
sonradan sarsılmaz dostluğa
və qardaşlığa çevrilib. Biz islamın
inkişafında din ilə elmin vəhdətinə nail
olmaq üçün
ümummilli lider Heydər
Əliyevin xeyir-duası ilə Qafqaz
Müsəlmanları İdarəsi nəzdində akademik Vasim Məmmədəliyevin
rəhbərliyi altında Elmi-Dini Şura yaradılmasına qərar verdik və şükür
Allaha ki, niyyətimiz uğurla nəticələndi. Şura bu günə qədər
səmərəli fəaliyyətini davam etdirir, dini-mənəvi dəyərlərin təbliğində
aparıcı rol oynayır.
Vasim Məmmədəliyev
fenomeninin bir cəhəti
də var: o öz tədqiqat sahəsinin istedadlı
mütəxəssisi olmaqla yanaşı,
həm də universal biliklərin toplusunu özündə birləşdirməyi
bacaran şəxsiyyətdir. Mən onu Şərq poeziyasının ən incə
sərrafı kimi dinləməkdən doymuram. O, məni muğam, onun şöbələri,
təsnifləri barədə mükəmməl söhbətləri
ilə əsl mənada heyran edir. Ümumiyyətlə, bir
elmi dərindən, mənbəyindən
öyrənmək, daim öz
üzərində çalışmaq, öyrəndiklərini
hər zaman təkmilləşdirmək və
dinləyicisi qarşısında çox
mükəmməl savad nümayiş
etdirmək Vasim müəllimin məxsusi
özəl keyfiyyətidir. Doğrusu, bu keyfiyyətlər hər alimə nəsib olmur.
Mən
Vasim Məmmədəliyev haqqında saatlarla danışsam belə, yenə də
deyilməmiş sözlərim, bitməmiş fikirlərim qalmış olar. Bu da
ondan irəlı gəlir ki,
onun haqqında yalnız bir
fərd kimi fikir
söyləmək mümkün deyil. Vasim Məmmədəliyev
məktəbi haqqında danışmaq böyük
bir xəzinəni araşdırmağa bənzər.
Məncə, bu dilemmanın ən dürüst cavabı - Vasim
Məmmədəliyev məktəbinin mövcudluğu,
inkişafda olması və daimiliyidir. Bu isə bizim fərəhimiz və qürurumuz
üçün tükənməyən bir mənbə olacaqdır.
Şeyxülislam Allahşükür
PAŞAZADƏ,
Qafqaz Müsəlmanları İdarəsinin
sədri,
tarix elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2012.- 28
dekabr.- S.3.