Böyük alim, bənzərsiz şəxsiyyət

 

Böyük yaradan bəzi bəndələrinə qeyri-adi istedad, dəryalar qədər ağıl, geniş ürək, xeyirxahlıq, sadəlik, təvazökarlıq, səmimiyyət bəxş edir. Belə insanlar haqqında düşünəndə göz önünə ilk gələnlərdən biri görkəmli şərqşünas və ilahiyyatçı alim, Səudiyyə Ərəbistanı, Misir, Suriya, İraq və s. Şərq ölkələrinin, eləcə də Milli Elmlər Akademiyamızın həqiqi üzvü, Bakı Dövlət Universitetinin sütunlarından biri, akademik Vasim Məmmədəliyev gəlir. Vasim müəllim dilçi ilə dilçi, ədəbiyyatçı ilə ədəbiyyatçı, tarixçi ilə tarixçi, hüquqşünasla hüquqşünas, etnoqrafla etnoqraf, musiqişünasla müsiqişünasdır. O, nədən danışır-danışsın, adamı heyran edir, savad dairəsi adamı heyrətə gətirir.

Azərbaycan, ümumən Şərq poeziyasını Vasim müəllim qədər dərindən bilən və ən gözəl biçimdə təbliğ edən, sevdirən az adam tanıyıram. Və təkcə poeziyanı deyil, eləcə də muğamatı. Bu yaxınlarda “Mədəniyyət” kanalında Aşıq Xanlar Məhərrəmova həsr olunmuş bir verilişdə iştirak etdim. Səhərisi gün təsadüfən Vasim müəllimlə görüşdüm. Sən demə verilişə baxıbmış. Onun aşıq musiqisi, aşıq sənəti barədə fikirləri məni çaş-baş qoydu. Bakı mühitində böyümüş ustadın folklor musiqimizi, aşıq yaradıcılığını belə dərindən bilməsi məni mat qoydu. Sanki Vasim müəllimi yenidən kəşf edirdim, fərəhləndim. Uşaqlıqdan mənəvi qidam saz-söz olduğundan qəlbim Vasim müəllimə minnətdarlıq hissi ilə döyündü.

Vasim müəllimi fərqləndirən cəhətləri saymaqla bitməz. Onlardan biri də onun məclis, yığıncaq aparmağıdır. O, insanları elə məftun edir, elə sehrləyir ki, məclisin nə vaxt qurtardığını belə unudursan, təəssüflənirsən ki, məclis sona yetdi, Vasim müəllimin söhbətlərindən doymadım.

Bir sözlə, Vasim müəllim bənzərsiz şəxsiyyətdir.

Dəfələrlə onun evinin qabağında Bakı kəndlərindən gələn neçə-neçə maşının düzüldüyünü görmüşəm. Toya dəvət edən kim, kəndlərində hüzür düşdüyünü xəbər verən kim. Hər yerə də vaxt tapıb baş çəkir.

Bəzən düşünürəm, bu yaşda adam bu qədər enerjini haradan alır, yorulmur, usanmır, məclislərin ən arzuolunan adamına çevrilir. Ağlıma ilk gələn o olur ki, bu enerjini o, xalq məhəbbətindən alır. Ümumxalq məhəbbəti qazanmaq çox çətindir. Bu məhəbbəti qazanıb onu xərcləməmək daha çətindir. Bir dəfə Vasim müəllim və oğlu Ayazla söhbət edirdik. Söhbət əsnasında Ayaz gileyləndi ki, onun yaşında olan gənclərin çoxunun maşını var, onun isə velosipedi də yoxdur. Mən söhbətə müdaxilə edərək dedim ki, Ayaz, sənin atan sənə elə bir miras, ad-san qoyub ki, ömrün boyu xərcləsən də qurtarmayacaq. Hansı qapıya üz tutsan, qapılar taybatay açılacaq. Deyəcəklər, Vasim müəllimin oğludur.

Dediklərim, səmimi sözlərimdir. Olanı yazıram. Nə gizlədim, elə şəxsiyyətlər var ki, haqqında söz demək istəyəndə ona layiq sözləri diqqətlə seçir, ifrata varmaqdan və oxucuların məzəmmətindən çəkinirsən.

Elə şəxsiyyətlər də vardır ki, haqqında ən mötəbər sözləri belə deməkdən çəkinmirsən. Bilirsən ki, deyilən söz ona layiqdir, verilən qiymət ona ana südü kimi halaldır.

Neçə illərdən bəri əxlaqına, mədəniyyətinə, elminə, dünyagörüşünə, sadəliyinə, təvazökarlığına, bir dost kimi sədaqətinə, poeziyamızı, musiqimizi, bir çox dilləri gözəl bilməyinə, insanlarla bənzərsiz ünsiyyət qabiliyyətinə, bəlağətli nitqinə heyran olduğumuz, üzündən, gözündən, kəlamından nur yağan akademik Vasim Məmmədəliyev belə şəxsiyyətlərdəndir. Onu bəzi ziyalılarımızdan fərqləndirən cəhətlər qədərincədir. Əvvələn, onu deyim ki, xalqın bütün təbəqələri ona eyni dərəcədə hörmət və ehtiram göstərir. Maraqlıdır ki, ona paxıllıq edən, demək olar ki, yoxdur. Qibtə və pərəstiş edənlər isə çoxdur. Bir yandan həlim xasiyyətlidir, mülayimdir. Başqa bir tərəfdən də möhkəmdir, dəyanətlidir. Əqidəsini tez-tez dəyişənlərdən deyil.

Vasim müəllim iddiası olan adam deyil, mənəviyyat aşiqidir. Maddi sərvətlərə münasibət məsələsində onun sadə həyat sürən ailəsi çoxlarına örnək ola bilər. O, ruhən, mənən təmiz və pakdır. Odur ki, Vasim müəllimin “İslam, təfəkkür və təkamül” və “Haqqın dərgahında” kimi misilsiz televiziya verilişlərində və məclislərdə insanları paklığa, saflığa, imana, inama çağırması ilahidən gələn səda kimi təbii qəbul olunur.

Ölkəmizdə milli azadlıq və din azadlığı bərqərar olmağa başlayanda qadağa xofunu xalqın qəlbindən götürməyi bacaran, xalqa əsl həqiqəti bəyan edən ziyalılarımızdan biri də akademik Vasim Məmmədəliyev oldu. Və o, bunu təkcə güclü natiq kimi radio və televiziyada heyranedici çıxışları və mütəmadi apardığı verilişləri ilə deyil, möhtəşəm bir işlə - Qurani-kərimi Azərbaycan dilinə tərcüməsi ilə etdi. Vasim müəllim fitri natiqlik istedadı, bəlağətli nitqi, məntiqi və xoş rəftarı ilə insanların dünyagörüşünə, qəlbinə, hərəkət və rəftarına təsir edə bilən ilahi gücə malik ziyalımızdır.

Deyirlər əvəzolunmaz insan yoxdur. Mən bu fikirlə razılaşa bilmirəm. Mənə qalırsa, Vasim müəllim əvəzolunmazdır, təkrarsızdır. O, dahilər məqamına yaxın bir insandır.

Burada Vasim müəllimi fərqləndirən bir məsələdən də söz açmaq yerinə düşərdi. Adətən elmi, təfəkkürü, fitri istedadı ilə seçilən böyük şəxsiyyətlərlə uzun müddət oturub-duranda, təmasda olanda çox vaxt onlar adiləşirlər. Lakin Vasim müəllimlə yaxın olduqca qəribə bir mənzərə ilə qarşılaşırsan. O, gündən-günə insanın qəlbində və gözündə ucalır, əzəmətli dağa dönür. Bu, ilahi möcüzəyə bənzəyir. Kim bilir, bəlkə də bu onun dahiliyinə dəlalət edir. Axı dahilərin qiymətini zamanında vermək çətin olur. Heç şübhəsiz, ardıcıl olaraq biliklərə, elmə, hikmətə yiyələnməsi, fitri istedadı, qeyri-adi yaddaşı və təfəkkürü onu bir mərtəbədən başqa bir mərtəbəyə yüksəltmiş, kamillik məqamına çatdırmışdır. Və demək olar ki, Vasim müəllim şəriət, təriqət, mərifət, həqiqət adlanan və kamil insanı şərtləndirən hədləri fəth etmiş, elmin enişli-yoxuşlu, daşlı-kəsəkli yolunda büdrəməmişdir.

Bir çox Şərq ölkələrinin, o cümlədən də Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, elm və din fədaisi, ölkəmizdə şərqşünaslıq elminin, inam və etiqadımızın inkişafına, formalaşmasına təkan verən professor Vasim Məmmədəliyevi başqa şərqşünaslarımızdan fərqləndirən bir cəhət vardır. Adətən şərqşünasları Şərq müdrikliyi elə ram edir, elə ovsunlayır ki, onlar bu müdrikliyin tilsimindən ömürlük kənara çıxa bilmirlər. Lakin Vasim müəllim ərəb və fars dilləri ilə bərabər, rus və ingilis dillərini, Avropa və Qərb mədəniyyətini, elmini və şəriətini də mükəmməl bilməsi ilə seçilir.

Bakı kəndlərində Vasim Məmmədəliyevə “müəllim” deyə müraciət edirlər. Və bu kəlmə burada böyük alimə böyük hörmət, ehtiram məqamında işlənir. Vasim müəllim məclisə girəndə ayağa dururlar.

İnkarolunmaz həqiqətdir ki, elmi yaradan alimdir, ancaq alimi yaşadan və ona əbədiyyət gətirən isə elmdir. Vasim müəllim əqli, iradəsi, gərgin əməyi, daxili inamı, əzmkarlığı ilə bunu artıq sübut edib.

Azərbaycan elminin korifeylərindən biri Nəsirəddin Tusi elm adamlarından danışarkən xüsusi vurğulayırdı ki, elm sahiblərini elmlərin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır.

Əgər səkkiz yüz il öncə böyük alimin göstərdiyi şərtlərlə mizan-tərəzi qurulsaydı, sınaqdan üzüağ çıxanlar arasında mütləq akademik Vasim Məmmədəliyev də olardı.

Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Vasim Məmmədəliyevin rəhbərlik etdiyi Elmi-dini şuranın üzvü və nəhayət, qırx ildən artıq onunla dostluq edən bir adam kimi apardığım müşahidələr imkan verir çəkinmədən deyim ki, onun bir alim kimi şəxsiyyətini və cəmiyyətdə mövqeyini şərtləndirən saf əxlaq, yüksək mənəviyyat, fitri istedad, fədakarlıq, düzlük, biliklərə can atmaq və s. kimi amillər olmuşdur.

Deyirlər insanın adını valideynləri, yaşını və qismətini Yaradan, qiymətini xalq verir. Bu kəlamda böyük bir həqiqət vardır. Və bu həqiqət akademik Vasim Məmmədəliyevin tərəfindədir. O, ömrünün 70 ilini şərəflə başa vuran, xalqın dərin hörmət və ehtiramını qazanan, xalqımızı Şərq aləmində layiqincə təmsil edən böyük ziyalımız, görkəmli alimimizdir.

Ərəblərdə deyim var: İki adam iki şeydən usanmaz; varlı pul yığmaqdan, alim öyrənməkdən. Şərqşünaslıq və ilahiyyat elmlərində zirvələr fəth edən müdrik Şərqin bu müdrik kəlamı sanki onun boyuna biçilib. Öyrənməkdən usanmayan, yorulmayan Vasim müəllim elmi səviyyəmizdən asılı olmayaraq, çoxlarımızı öyrədir. Qazancı ümumxalq məhəbbəti, ehtiramı olur.

 

 

Qəzənfər Paşayev,

filologiya elmləri doktoru,

professor

 

Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.- S.3.