Min
yaşlı Qətran Təbrizi
Bu
il XI yüzildə yaşamış, ədəbi-bədii
yaradıcılığı ilə məktəb
yaratmış, ictimai-siyasi və diplomatik fəaliyyəti ilə
Qafqazda və Yaxın Şərqdə böyük nüfuz
qazanmış Qətran Təbrizinin anadan olmasının min
ili tamam oldu.
Araşdırıcıların
etibarlı müəyyənləşdirmələrinə
görə Qətran Təbrizi 403-cü ildə (1012-ci il) Qədim
Azərbaycan şəhəri Təbrizin
yaxınlığında (12 km) Şadiabad (Pinəşalvar) kəndində
doğulmuşdur.
Doğulduğu
yurdu şair özü də xatırladır:
Tanrı
mənim canımı Şadiabadda yaratmış olsa da,
Könüldə qəm şəhərdə sənə xidmət
edirəm.
(Q.Təbrizi. Divan, B., 1967, s.4)
Şairin
divanında o da qeyd olunur ki, atası Şadiabad kəndində
əkinçiliklə və bağbanlıqla məşğul
olmuşdur. Özü isə bədii yaradıcılığa
15-16 yaşlarından başlamışdır. Artıq
20 yaşında saraylara yol tapmağa nail olmuşdur.
Qətran
Təbrizinin fəaliyyətini dəyərləndirmək
üçün onun yaşadığı XI yüzildə Azərbaycanın
ictimai-siyasi mənzərəsini müxtəsər yada salmaq
daha vacibdir.
XI yüzilin əvəllərindən
Azərbaycanda bir neçə dövlət müstəqil fəaliyyət
göstərirdilər: Şirvanşahlar dövləti, Sacilər
dövləti, Salarilər dövləti, Rəvvadilər
dövləti, Şəddadilər dövləti. Bu dövlətləri əslində ərəb
sülalələri idarə etsələr də,
torpağın əsl sakinləri müxtəlif türk
tayfalarından ibarət idi. Onların
arasında yerli oğuzlar, qıpçaqlar, hun türkləri
və başqa türk tayfaları çoxluq təşkil
edirdi. Yüzilliyin əvvəlindən
rusların, eləcə də ərmən və gürgülərin
Azərbaycana qarşı tez-tez baş verən
basqınları ölkənin dağıdılıb talan
edilməsinə səbəb olurdu. Şimaldan
axıb gələn həmin xristian təriqətli xalqları
birləşdirir, onların qarşısını almaq
mümkün olmurdu.
Türksoylu
xalqlara hakimlik edən ərəb sülalələri - Təbriz,
Gəncə, Naxçıvan, Şirvan hakimləri bir-biri ilə
bəzən münasibət qursalar da, bu münasibətlər
müxtəlif səbəblərdən tezliklə pozulur,
münaqişəyə və nəhayət, müharibəyə
də səbəb olurdu. Belə məqamlarda artıq dövlətlər
arasında tanınmış və nüfuz qazanmış Qətran
Təbrizi çox az hallarda diplomatik
missiyanı da yerinə yetirir, hətta baş verən
münaqişə və müharibənin bilavasitə
iştirakçısı olur, eyni zamanda baş verən
olayların təfərrüatlarını nəzmə
çəkirdi.
Qətran
Təbrizinin uşaqlığı doğulduğu Şadiabad
kəndində keçmiş, atasının torpaq
mülkündə onun əkinçilik peşəsini davam
etdirmişdir. Bununla belə
o, dövrün tələb etdiyi ərəb-fars dillərini,
bu dillərdə geniş təşəkkül tapan müxtəlif
elmləri - dini-fəlsəfi cərəyanları,
poetikanı, müxtəlif ədəbi məktəbləri,
Firdovsi, Rudəki, Əbül-Əla və başqa sələflərinin
ədəbi-bədii irsini mənimsəmiş, özü də
onların səviyyəsində dayanan yüksək məqamlara
nail olmuşdur. Qətran Təbrizi daha çox
Təbrizdə Rəvvadilər sarayında xüsusi hörmət
və nüfuz qazanmışdır. O, burada bədii
yaradıcılıqla yanaşı, bəzən Gəncəyə
və Naxçıvana da səfərlər etmiş, bir
müddət Gəncədə Şəddadilər sarayında
da yaşamışdır.
Qətranın
bu saraylara ayaq açıb tez-tez gedib-gəlməsi, həm də
bu dövlətlər arasında diplomatik əlaqəni
genişləndirmək, əmin-amanlıq yaratmaq, müharibələrin
qarşısını almaq, daha çox dövrün tələb
etdiyi elmlərə rəvac vermək məqsədi
güdürdü. Qətranşünasların
araşdırmalarına görə Qətranın Təbriz və
Gəncə saraylarında nüfuzu yüksək olmuş,
xüsusi hörmət qazanmış, lakin sonralar o da Əbül-Əla
və Xaqani kimi paxılların toruna düşmüş,
nüfuzdan salınmış, saraylardan uzaqlaşmış,
ona verilən çox kiçik bir kəndə çəkilmiş,
yoxsul həyat keçirmişdir.
Qeyd edək
ki, yüzilliyin 30-cu illərindən başlayaraq Azərbaycana
Səlcuq-Oğuz axını başladı. Oğuzlara qarşı
müqavimət göstərilsə də, yerli oğuzlarla gəlmə
oğuzların dil birliyi və
qaynayıb-qarışmaları, xarici basqınların
qarşısını aldı və hətta bütün
yaxın Şərqi - İranı, İraqı, Azərbaycanı
vahid bir dövlətdə birləşdirib imperiya yaratdı.
Hətta Abbasilər xəlifəsi də onun
tabeliyinə keçdi. Sonralar da, Oğuz-Səlcuq
yürüşü davam edib böyük Səlcuq
imperatorluğuna çevrildi. Artıq Azərbaycanda
fəaliyyət göstərən Rəvvadilər, Şəddadilər,
Şirvanşahlar dövlətləri Alp Arslan imperiyasına
birləşdi. Bununla da Azərbaycana
qarşı şimal basqınlarına son qoyuldu.
Həmin
illərdə Qətran Təbrizi yaradıcılıq fəaliyyətini
davam etdirir, Azərbaycanda baş verən bu olayları
yazıya alır, nəzmə çəkir, bu tarixi
missiyanı da yerinə yetirirdi.
Məqamında
xatırladaq ki, elə Azər-türkçülük bu
yüzildə təşəkkül tapdı.
Qətran
Təbrizinin kimliyi, şəxsiyyəti, həyatı, ədəbi
irsi, yaşadığı ictimai-siyasi mühit,
özünün saraylara və bu mühitə münasibəti
haqqında çox yazılıb. Bu yazılarda bir-birini təsdiqləyən
və ya inkar edən fikirlər də çox olubdur. Əlbəttə, bu kiçik məqalədə
onlara münasibət bildirmək imkan xaricindədir. Mənim
məqsədim tam min il bundan əvvəl
doğulub, dövründə böyük nüfuz
qazanmış və hətta məktəb yaratmış bu əzəmi
şairini minilliyi münasibətilə xatırlamaq, müasir
ədəbi fikri bu istiqamətə yönəlməkdir.
Şairin
yaradıcılığı min ildən bəri bütün
mənbələrdə adı xatırlanır və dəyərləndirilir. Özünün müasiri Nasir Xosrov Ələvi
səyahət zamanı Təbrizdə Qətranla
görüşünü xatırlayıb yazır: "Təbrizdə
Qətran adlı bir şairi gördüm ki, yaxşı
şeir yazırdı. Ancaq fars dilini
yaxşı bilmirdi. Mənim yanıma gəlib
"Mencik" və "Dəqiqi" divanlarını gətirdi
və oxudu. Ona çətin olan sözlərin
mənasını soruşdu, söylədim, izahlarını
yazdı. Öz şeirlərini də, mənim
üçün oxudu".
Elə
buradan aydın olur ki, Qətran Təbrizi türk imiş, ancaq
şeirlərini dəri dilində yazırmış. Şeirlərində onlarla
Azər-türk sözləri, xalq zərb-məsəlləri
işlətmişdir.
Əbivərdi
Ənvəri seçib tərtib etdiyi kitabında yazır:
"Şairlərin fəsihi, fəsihlərin
yaxşısı, gözəl natiqlərin kamili Əbumənsur
Qətran çili Azərbaycani-nin şeirləri" əsərdə
şairin adı və haralı olduğu dəqiqləşdirilmişdir.
Rəşidəddin
Vətvat isə (1088-1182) onu "Həkim Qətran"
adlandırıb demişdir: "Mən öz həyatımda
ancaq həkim Qətranı əsas şair kimi
tanıyıram, yerdə qalanlar, ümumiyyətlə, elm yox,
təb-şeir sahibləridirlər".
XII
yüzilin şairi Ruhi Vəlvəlaci özünü Qətranın
şagirdi hesab etmişdir.
Məhəmməd
Övfi isə demişdir: "Bütün şairlər qətrədirlər,
Qətran dənizdir, bütün fəzilət sahibləri zərrədirlər,
o günəşdir, şairləri ustadlıq və sənət
nümunəsidir. Təfilələri
başdan-başa sevilməlidir. Özü
də Təbriz cömərdlərindəndir".
Professor
Q.Beqdelinin tədqiqində deyildiyi kimi, Dövlətşah Qətranini
ədəbi bir məktəbin banisi hesab edir. Qətranı şeir elminin
ustadı sayır, "Qövsnamə" və ya
"Quşnamə" adlı əsəri olduğunu
yazır.
Rzaquluxan Hidayət
(1800-1872) "Məcməül füsəha" əsərində
Qətran haqqında daha geniş məlumat verir: "Həkim
Qətran qüdrətli bir şair, məharətli bir
ustaddır. Təbi fərqədeyinin (ən
yüksək ulduzlar) fövqündə duran, təfəkkür
gəlini, gözləri işıqlandırandır. Mənim zənnimcə, məşhur şairlərin
heç birindən əskik olmamışdır".
Qətranın
yaradıcılığına İran
tarixşünaslığında daha dəyərli məlumatı
Səid Nəfisi vermişdir. O, Qətranın Təbrizdən
olduğunu dəlillərlə təsdiq edir, Rudəki ilə
Qətranın şeirlərinin qarışıq
salındığına aydınlıq gətirir və Rudəki
divanı adlı şeirlərin Qətranın olduğunu dəlillərlə
təsdiq edir və yazır: "Bu şübhəsizdir ki, Qətran
azərbaycanlı və aranlı olmuşdur… Bütün
qəsidələri Azərbaycan və Arran
hökmdarlarının mədhindədir. Öz
şeirlərində Azərbaycan, Təbriz, Gəncə, Ərdəbil
o diyarın başqa-başqa yerlərinin adlarını tez-tez
çəkmişdir". Səid Nəfisi təsdiq edir
ki, Qətran uzun müddət - 45 il Azərbaycan
və Arran hökmdarları sarayında
yaşayıb-yaratmışdır. Onların
bütün sülalələrinin və qoşun sərkərdələrinin
adlarını çəkmişdir.
Q.Beqdeli
yazır ki, Azərbaycan alimi və tarixçisi Seyid Əhməd
Kəsrəvi üç cilddən ibarət olan "Şəhriyarani-komnam"
əsərinin müəyyən hissəsini Qətran Təbrizi
divanının əsasında tərtib etmişdir. Orada bir çox Azərbaycan şəxsiyyətlərinin
həyatını müəyyənləşdirmişdir.
Qətran
Təbrizinin "Divan"ını ilk dəfə çap
etdirən Azərbaycan alimi və tədqiqatçısı Məhəmməd
Əli Naxçivanidir. M.Naxçivani "Divan"a yazdığı
ön sözdə Qətranın həyat və
yaradıcılığı haqqında zəngin elmi məlumat
verir. Əlbəttə, müəllifin
qeyd etdiyi kimi, divanda bütün əsərləri əhatə
olunmamışdır.
Azərbaycan
araşdırıcıları Qətranın şeirlərindən
bəhs edərkən onun Azərbaycan dilinin ifadə
formalarından, xüsusən atalar sözlərindən, xalq
deyimlərindən, hətta xalq sözlərindən dönə-dönə
istifadə etmişlər.
Q.Beqdeli
1963-cü ildə Qətranın divanını çox
ustalıqla Azərbaycan dilinə çevirmiş, geniş
müqəddimə yazmışdır. Müqəddimədə Qətran
haqqında araşdırmaçıların demək olar ki,
hamısına diqqət yetirmiş, münasibət
bildirmiş, müqayisələr aparmış, həqiqəti
ortaya çıxarmağa çalışmışdır.
Beqdeli həm
də Qətranın divanında işlətdiyi Azərbaycan
sözlərinə və xalq zərb-məsəllərin,
işlətdiyi ifadələrə xüsusi diqqət
yetirmişdir.
Q.Beqdeli
Divanın müqəddiməsində onlarla belə misallar
göstərmişdir:
Tək
başına hakim (qazı) yanına gedən şad
qayıdar.
Qapıdan
qovub, bacadan çağırar.
Min belə
bayram görsən, ip gəlib həmişə doğanaqdan
keçər.
Örkən
nə qədər uzun olarsa, yenə gəlib doğanaqdan
keçər.
Ömrü
boyu kimsəni ilan çalsa, daima alaçası
onun gözlərinə ilan görünər.
Günəşi
palçıqla suvarmaq olarmı?
Cidanı
çuvalda gizlətmək olmaz.
Yaxşılıq
edib Ceyhuna afsanda bar verəcək.
Sən
yaxşılıq edib dənizə at, balıq bilməsə,
xalıq bilər.
Zülm
edən hər kəsə zülm yetər.
Zülm
ilə abad olan axırı viran olar.
Sən
birdəfəlik mənim gözümdən düşdün.
Qətranın
əsərlərində eləcə də, şəhər və
yer adları - Arran, Abxaz, Muğan, Xorasan, Xuzistan, Təbriz,
Sarab, Şirvan, Gəncə, Şəki, Ərdəbil, Xalxal,
Naxçıvan, Zəngan, İsfahan, Bağdad, Buxara, Bəlx,
Xarəzm, Səmərqənd, Kəşmir, Kərbəla, Məkkə,
Yəmən; ölkələrdən: Azərbaycan, İran,
Yunan, Rum, Misir, Ərəbistan, Hindistan, Türküstan,
Çin, Tibet və s., eləcə də dağ, bağ,
çay, qala, kənd, şəhər, vilayət və s. yerləri
əsərlərində işlədir.
Akademik
Həmid Araslı üç cildlik "Azərbaycan ədəbiyyatı
tarixi"ndə (1960) Qətran Təbrizidən xüsusi bəhs
etmiş, onun ədəbi məktəbindən söhbət
açıb yaradıcılığını yüksək
dəyərləndirmişdir.
Qətran
Təbrizi haqqında ardıcıl araşdırma aparan müəlliflərdən
biri Firuz Sadıqzadə olmuşdur. F.Sadıqzadə
ayrı-ayrı məqalələrində Qətranın lirik
şair kimi şeirlərindən, tarixi mənzumələrindən
bəhs etmiş, onları Firdovsinin "Şahnamə"sindəki
qəhrəmanlarla müqayisə etmişdir. F.Sadıqzadə həmçinin Oğuz-Səlcuq
yürüşləri ilə Dədə Qorqud dastanları
arasındakı oxşarlıqlara diqqət yetirmiş,
maraqlı fikirləri söyləmişdir.
F.Sadıqzadənin
vəfatından sonra yarımçıq qalmış
işini qızı Nigar davam etdirmiş, "Qətran Təbrizinin
tarixi mənzumələri" mövzusunda dissertasiya işi
yazıb müdafiə etmişdir.
Qətran Təbrizi
haqqında son və mükəmməl elmi
araşdırmasını X.Hüseynov "Azərbaycan ədəbiyyatı
tarixi"nin ikinci cildində çap etdirmişdir.
Bu dəyərli tarixi oçerk də ilk dəfə
olaraq yerli türk-oğuz tayfaları ilə Oğuz-Səlcuq
axını arasındakı münasibətləri doğru
qiymətləndirmişdir. Bu birləşmə
Azərbaycan xalqının gələcək taleyində həlledici
rol oynamışdır.
Biz bu muxtəsər
yazıda ulu sənətkarın min il
bundan öncə doğulub, tarixin keşməkeşli
yollarından keçib Azərbaycan və Şərq ədəbiyyatı
və ictimai düşüncəsinə yeni fikirlər
aşılayan Qətran Təbrizini yada salmaq istədik.
Qara Namazov,
professor
Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.-
S.4.