"Qarabağ hekayələri" audio-kitabda
Yazıçı-publisist Günel Anarqızının sayca
ikinci audio-kitabı olan
"Qarabağ hekayələri"nin
dekabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda
təqdimatı keçirildi. İki dildə hazırlanan audio-kitaba
yazıçının "Ataya",
"Şuşam", "Ağac", "Qadın üzlü
şəhər", "Arzu" və
"Keçmişə sarı" hekayələri daxildir. Xalq artistləri
Şükufə Yusupova, Fəxrəddin Manafov,
Yalçın Adıgözəlov, əməkdar artist Mehriban Zəki,
aparıcılar Nərgiz Cəlilova və Emin
Musəvinin səsləndirdiyi hekayələr toplusunda
əməkdar artist Emil
Əfrasiyab və pianoçu Nizami Əliyevin bəstə və ifaları yer alıb.
Tədbiri
giriş sözü
ilə açan AYB-nin
katibi Rəşad Məcid Günel
Anarqızının yaradıcılığı haqqında
məlumat verdi: "Günelin
"Oğlun Qarabağ"
adlı ilk kitabına yazdığı ön sözdə Anar
müəllim Günelin
yaradıcılığa başlaması ilə bağlı həm
qürur, həm də məsuliyyət hissi keçirdiyini demişdi. Qarabağla bağlı hekayələri barədə fikrini bildirən Anar
müəllim uzun illər yay
istirahətini Şuşada keçirdiklərini,
Günelin hekayələrindəki Şuşa haqqında təfərrüatların
məhz həmin illərdə yarandığını
söyləmişdi. Günelin Şuşa ilə bağlı genetik
yaddaşı var. Anar 80-ci illərdə Şuşa haqqında "Özüm
də bilmirəm Şuşanı niyə bu
qədər çox sevirəm"
yazmışdır. 1950-ci illərdə Rəsul Rza "Arzular dəftəri"
yazısında
Şuşa haqqında yazırdı. Şuşa ilə bağlı bu
nisgilli yazıların əhval-ruhiyyəsi
Günelin hekayələrinə hopub. Günel müasir dövrün tələb
və istəklərini nəzərə alaraq
belə bir audio-kitabı gerçəkləşdirib.
Bu layihəyə dəstək "Bank Standard" tərəfindən
verilib. Hekayələrin təhkiyəsində
emosionallıq çox mühüm
hadisədir. Arzu edirəm ki,
gələcəkdə Şuşa
haqqında yazılarınız ağrılı, iztirablı,
nisgilli olmasın".
Xalq
yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev "Günelin
"Qarabağ hekayələri"
audio-kitabının həm azərbaycanca, həm də rus dilində işıq üzü
görməsini Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
uğuru kimi dəyərləndirdi:
"Mən əslən qarabağlıyam. Günelin
hekayələrində Qarabağ ruhu duyulur. Təbii ki, biz XXI əsrdə yeni-yeni texnologiyalara keçirik. Gənc nəsil üçün belə
audio-kitablar, internetdə
mütaliə çox
vacibdir".
Xalq şairi, AYB-nin birinci katibi
Fikrət Qoca Güneli yeni audio-kitabının çıxması
münasibətilə təbrik
etdi: "Günelin yazıları nəsrlə
poeziyanın sintezidir.
O, yazılarında öz
ürəyini qoyub. Onun hekayələrində Şuşa
yaşayır".
AYB-nin sədr müavini
Nazim İbrahimov audio-kitabla bağlı fikirlərini tədbir iştirakçıları ilə
bölüşdü: "Günel "Qarabağ hekayələri"ndə xalqının
ağrısını görüb,
hiss edib, o, hamını
Qarabağı unutmamağa,
onu qaytarmağa çağırıb".
Ədəbiyyatşünas alim, AYB-nin katibi Arif
Əmrahoğlu çıxışında
Günel Anarqızının
böyüyüb boya-başa
çatdığı mühitin
onun yaradıcılığına
təsir etdiyini dedi: "Günelin böyüdüyü ocaq
"yaddaş" ocağıdır.
O, Azərbaycan, Qarabağ
nisgili ilə böyüyüb. Biz Cəlil Məmmədquluzadəni
düşünəndə yadımıza acı gülüş düşür,
Sabiri düşünəndə
satira yada düşür, Rəsul Rzanı düşünəndə
ilk olaraq yadımıza
"Rənglər" düşür.
Günel
xanımı səciyyələndirən
isə onun redaktoru olduğu "Pəncərə" jurnalıdır.
Günel
"Pəncərə" jurnalı ilə gözəlliyə, zərifliyə,
həzinliyə pəncərə
açdı. Günel dərdi,
ağrını görür,
oxucuya göstərir.
Mən onun yazılarında yaddaşımızı hərəkətə
gətirən ağrı
gördüm".
Yazıçının anası, AMEA-nın müxbir üzvü Zemfira Səfərova Günelin uşaqlıq illərində
Şuşada keçirdikləri
günləri xatırladı,
onun bu kitabla
öz vətəndaşlıq
borcunu yerinə yetirdiyini vurğuladı və gələcəkdə
belə əsərlərin
Qarabağda, Şuşada
işıq üzü
görməsini arzuladı.
Təqdimat mərasimində Elçin Hüseynbəyli,
Bəhram Bağırzadə,
Fəxrəddin Manafov, Yalçın Adıgözəlov,
Mehriban Zəki, Nərgiz Cəlilova, Emin Musəvi, Nizami Əliyev, Lalə Cəbrayılova çıxış edərək
təqdim olunan audio-kitabın məziyyətlərindən
söz açdılar.
Xalq yazıçısı,
AYB-nin sədri Anar çıxışında
Günelin istedadlı
yazıçı olduğunu,
onun yaradıcılıq
potensialına inandığını
söylədi: "Mən
birinci dəfə Şuşaya 14 yaşında,
Günel isə 9 yaşında gedib. Günelin istedadından başqa, yaddaşı da məni təəccübləndirir.
Onun gördüyünü, müşahidə
etdiyini yadında saxlamağı təqdirəlayiqdir.
Günel
yeni texnologiyalar əsrinin yazıçısıdır.
Onun əsərlərini internetdə
oxuyan ermənilər də ona kəskin
cavablar yazırlar.
Bu da "Qarabağ
hekayələri"nin rezonans
doğurduğunu göstərir".
Təqdimat mərasiminin sonunda çıxış
edən Günel Anarqızı iştirakçılara,
çıxış edənlərə,
layihənin həyata keçməsinə köməklik
göstərən "Bank Standard"ın rəhbərliyinə
öz təşəkkürünü
bildirdi: "Qarabağ
hekayələri" audio-kitabındakı
hekayələr 2002-2006-cı illərdə qələmə
alınıb. Bəziləri avtobioqrafik nüansları
əks etdirir, bəziləri təxəyyülün
məhsuludur. Bu kitab mənim Qarabağ nisgilimin təxəyyülüdür. Mən səmimi deyirəm ki, istərdim bu layihə olmayaydı, amma Şuşa indi özümüzdə olaydı".
Sərvaz
Ədəbiyyat qəzeti.- 2012.- 28
dekabr.- S.5.