Bir daha Mirzə
Fətəli Axundzadənin Füzuliyə münasibəti
haqqında
M.F.Axundzadə milli
dramaturgiyanın və realist nəsrin əsasını
qoymuşdur. Azərbaycan ədəbi-mədəni
fikir tarixində o, həm
də professional ədəbi tənqidin banisi kimi yer
tutur.
“Fehristi-kitab”, “Nəzm
və nəsr haqqında”, “Mollayi-Ruminin və
onun təsnifinin babında”, “Kritika. Yüksək
İranın “Millət” qəzeti munşisinə”, “Mirzə
Ağanın pyesləri haqqında kritika”,
“Tənqid risaləsi”, “Türkcə “Təmsilat”ı tərcümə
edən Tehran sakini
Mirzə Məhəmməd Cəfərə” adlı məqalələri
onun ədəbi tənqid sahəsindəki
fəaliyyətinin nəticəsi olaraq
yaranmışdır.
Bu məqalələrdə,
ilk növbədə, tənqidçinin şeir haqqında nəzəri mülahizələri
diqqəti cəlb edir. Bütün bədii
yaradıcılıq növlərində olduğu
kimi, Axundzadə şeirdə də məzmunla
formanın vəhdətini, bir-birini
tamamlamasını əsas götürür,
eyni zamanda məzmunun birinciliyini önə çəkirdi. “İki şey şeirin əsas şərtlərindəndir: məzmun
gözəlliyi və ifadə gözəlliyi” deyən tənqidçi,
“məzmun gözəlliyinə malik olub ifadə gözəlliyinə malik olmayan” şeiri “məqbul
nəzm”, “ifadə gözəlliyinə malik
olub, məzmun gözəlliyindən məhrum
olan” şeiri isə
“kəsalət artırıcı nəzm” hesab
edirdi.
Axundzadə
şeirlə nəzm arasında sərhəd qoyur,
onların tamam fərqli anlayışlar
olması fikrində israr edirdi.
Tənqidçi əsl şeiri həqiqi
zövq və təsir vasitəsi kimi alır, onun “laməhal
ziyadə ləzzətə və hüzndə və fərəhdə
ziyadə təsirə bais olması”nı
vacib şərt hesab edirdi. O, şeirdən məzmunun yüksək
sənət dili ilə obrazlı və təsirli
ifadəsini tələb edir və belə
düşünürdü ki, bu cür
şeirin
yaranması üçün şairdə
gərək Allah vergisi
olsun. Belə şairləri “maddə
sahibləri” hesab edən Axundzadə
yazırdı: “Şeir əlahiddə bir bəxşi-ilahidir ki və
maddeyi-qabiliyyəti-şair xudadədir və təhsil və tərbiyət
o maddənin ancaq
inbisatına və əşarın artıq zinətinə bais olar”. Axundzadəyə
görə, müasir terminologiya
ilə desək, sənətkarın öz
üzərində işləməsi, nəzəri savada, dünyagörüşünə malik olması ancaq bu “bəxşi-ilahi” ilə birlikdə böyük sənətə yol
aça bilər.
Tənqidçi
öz estetik
konsepsiyasına uyğun olaraq
şeirdəki ləzzət və təsiri, ilk
növbədə, onun həyati məzmununda,
real həyatla
bağlılığında axtarır.
Klassik Şərq
ədəbiyyatında Firdovsi, Nizami, Sədi, Cəlaləddin Rumi
və Hafizi belə sənət sahibləri
hesab edən Axundzadə müasirləri
arasında M.P.Vaqifi və Qasımbəy Zakiri həqiqi şair hesab edərək təqdir edir.
“Amma mən əyyami-səyahətimdə
səfheyi- Qarabağda Molla
Pənah Vaqifin bir para xəyalatını gördüm
ki, zikr etdiyim şərt bir növ ilə onda göründü” - deyən tənqidçi Q.Zakir haqqında yazır: “Bunun
xəyalatı binəzirdir. Ancaq bunun əşarını oxuyanda
müstəme inana bilir
ki, şeir vaqiən ləzzətə
bais olurmuş”.
Onun M.P.Vaqif və Q.Zakir
yaradıcılığına bu qədər
böyük əhəmiyyət və qiymət
verməsinə K.Talıbzadə aşağıdakı kimi izah verir:
“Vaqifin real
həyat və təbiət hadisələrini ədəbiyyata
gətirməkdə böyük xidməti
vardı, o öz
poeziyası ilə Azərbaycan ədəbiyyatında realizmin gələcək inkişafı üçün gözəl zəmin
yaratmışdı. Zakir isə bu realizmi bir
qədər irəli aparmış, onun tənqidi
istiqamət almasında xeyli iş görmüşdü.
Müasir cəmiyyəti tənqid Zakir şeirində çox
qüvvətli idi. Azərbaycan realizminin ilk müjdəçiləri
olan iki görkəmli
şairin
yaradıcılığındakı bu cəhətlər
Axundovu heyran qoymuşdu”.
Axundzadənin
realist tənqid konsepsiyası kontekstində
bu cür təfsir
tamamilə məntiqi və inandırıcıdır. Hətta
bu kontekstdə onun “Füzuli şair deyil və xəyalatında
əsla təsir yoxdur, ancaq
nazimi-ustaddır” - deməsi də başa
düşüləndir. Təsadüfi deyil
ki, ədəbiyyatşünaslıqda onun bu mülahizəsi realizmi qəbul və müdafiə
konsepsiyası işığında təfsir olunmuşdur.
K.Talıbzadə Füzuliyə münasibətdə
Axundzadənin “açıq-aşkar ədalətsizlik” etdiyini, bu mülahizələrin
son dərəcə “subyektiv
qiymət” olduğunu, bu
məqamda onu tənqid edənlərin
haqlı olduğunu qeyd
etsə də, “Axundova şərti bəraət
qazandıran bəzi obyektiv-tarixi məqamlar”
da tapıb ortalığa
çıxarır. K.Talıbzadənin təfsirinə
görə, Füzulini inkar Axundzadəyə
“əsası qoyulmaqda olan
realizm məktəbinin gələcəyini
təmin etmək, onun nəzəri prinsiplərini
əsaslandırmaq və yaymaq üçün əsrlərlə davam edib gələn
möcüzəli poeziya təsirini (elə
təsir ki, bir çox hallarda epiqonçuluqdan uzağa getmirdi)
qırmaq, romantik ədəbiyyatın bəzi
kök salmış estetik
müddəalarına qarşı çıxmaq üçün lazım olmuşdu”.
K.Talıbzadə fikrini əsaslandırmaq
üçün dünya
ədəbiyyatı tarixindən nümunə gətirərək,
vaxtı ilə V.Hüqonun romantizmin nəzəri prinsiplərini əsaslandırmaq
üçün klassizmin
nəzəri prinsiplərini alt-üst etdiyini göstərir.
Y.Qarayev də
məsələyə demək olar ki, K.Talıbzadə ilə eyni
mövqedən yanaşır: “Lakin Axundovun elan etdiyi estetik mübarizənin
proqramı bilavasitə Füzuliyə
yox, Füzuli
bütünə, üç əsrdən
bəri bu bütə sitayiş
qılanlara - “poeziya möminləri”nə
qarşı çevrilmişdi. Odur ki, sözün əslində
Axundov poeziyada Füzuliyə
qarşı yox, Füzuli
bütünün və böyüklüyünün
poeziyaya saldığı “Füzuli
boyda” kölgəyə, kabusa
qarşı çıxmışdır” (Y.Qarayev.
Realizm: sənət və həqiqət. Bakı. “Elm”, 1980, s.72).
Böyük
mütəfəkkirin Füzuliyə
münasibətinin bu cür
təfsirləri bizi razı salmır. Füzuli ədəbi
tarixi prosesi təmsil edir. Ədəbi tarixi prosesin nümayəndəsi kimi
onun böyüklüyünü
hər iki tənqidçi təsdiq edir. “Büt”ün yaradıcısı Füzuli deyil, ondan sonra
ədəbi prosesin təmsilçisi olan, belə deyək ki, “poeziya möminləri”dir. Füzuli
özündən sonra gələn ədəbi
prosesə cavabdehlik və məsuliyyət
daşıya bilməz. Füzulinin böyüklüyü onun
üçün ittiham
aktına çevrilə bilməz. Füzuli
yaradıcılığını “Füzuli boyda” kölgəyə, kabusa
müncər etmək ədəbi tarixi
prosesdə Füzulinin yerini təhrif etmək deməkdir.
Füzuliyə
inkarçı münasibəti “romantik ədəbiyyatın
bəzi kök salmış estetik müddəalarına qarşı
çıxmaq” (K.Talıbzadə) mövqeyindən izah etmək məntiqi düşüncənin
müqaviməti ilə rastlaşır. Hər şeydən əvvəl
ona görə ki, klassik Şərq ədəbiyyatında
Axundzadənin təqdir etdiyi və yaradıcılığını
Allah vergisi hesab etdiyi sənətkarların
hamısı (Firdovsi, Nizami, Cami, Sədi, Mollayi Rumi, Hafiz)
romantik idi. Bədii
yaradıcılıq üsuluna görə
Füzuli məhz
bu romantik məktəbin
davamçısı idi. K.Talıbzadə
Firdovsi və
Nizaminin romantik sənətkar
olmalarına rəğmən “Şərq realizminin
ilk rüşeymlərini hazırlayan sənətkarlar”
kimi Axundzadənin rəğbətini
qazanmasını önə çəkir. Bəlkə də burada müəyyən həqiqət var. Ancaq elə bu məqamda da onun nə üçün romantik və
lirik sənətkar Hafizi
həqiqi şair, romantik
və lirik şair Füzulini
“şair deyil və xəyalatında
əsla təsir yoxdur; ancaq
nazimi-ustaddır” deyə qiymətləndirməsi bütün məntiqi ilə cavabsız
qalır. Axundzadə realist sənəti
təbliğ və təqdir edirsə də, romantik
şeiri də inkar etmir. Yüksək sənət dili
ilə ərsəyə gələn romantik
şeir onun üçün həqiqi sənətdir; təsir
və zövq mənbəyidir: “Və şeir təbaye və adata
və istilaha qərib əlfaz və məzamin
ilə deyiləndə ləziz və müəssir düşəcək
və ləvazimatdandır hüsni-əlfaz və təşbihat
və təmsilat və tövzih və təsrih
və sair mühəssənat”. Tənqidçinin
şeirdən tələb etdiyi və bizim kursivlə fərqləndirdiyimiz bu keyfiyyətlər daha çox klassik romantik şeirə məxsus xüsusiyyətlərdir.
Və bu da təsadüf
hesab edilə bilməz ki,
o öz fikirlərini
qəzəl janrına (klassik romantik şeirin ən
aparıcı janrına) münasibətdə
aydınlaşdırır: “Bu cəhətdəndir
ki, əksək qəzəliyyat məzaci-insanidə
hərgiz bir şövq
və vəcd əmələ gətirmir”. Axundov
mülahizələrini əsl sənət və qeyri-sənət
müstəvisinə gətirir. Ümumiyyətlə, qəzəli
yox, “əksər qəzəliyyatı” inkar edir. Bu
məqamda onun üçün
qəzəl “şeir”, “əksər qəzəliyyat”
isə “nəzm” hesab edilir.
Tənqidçi qəzəl janrında yazılmış qəzələ
qarşı deyil, qəzəl janrında
yazılmış nəzmə qarşı çıxır.
Geniş götürdükdə isə
demək olar ki, həqiqi
romantik şeirə yox, nəzm
qismində yazılan romantik şeirə
qarşı çıxır. “Bəs məlum oldu ki, şeir
əgərçi nəzm ilə olur, amma hər nəzm şeir
deyil” - qənaəti də bunun ifadəsidir.
Axundzadənin Füzuli sənətinin
böyüklüyünü görə
bilməməsi, onun təsir gücünü inkar etməsi
və Füzulini “nəzm
ustası” adlandırması ədəbiyyatşünaslıqda
dönə-dönə qeyd edildiyi kimi, obyektivlikdən
kənar və tam yanlış qiymətləndirmədir. Burda mübahisə ediləcək bir məsələ yoxdur.
Mübahisə edilə biləcək məsələ onun hansı səbəbdən inkarçı
mövqe tutmasıdır.
Tənqidçinin Füzulidən başqa
adını çəkdiyi klassik romantik şairlərin hamısı onun öz təbiri ilə
desək, “əhli-fürs”dür, yəni fars
şairləridir (Onun Nizamini
də birmənalı olaraq fars şairi hesab etməsi diqqətdən yayına bilməz). Diqqət
yetirəndə görmək çətin deyil
ki, irad məqamında
və tənqid təriqi ilə deyilən fikirlərini Axundzadə
“milləti-islam”a aid edir.
“Tarixi-hicridən bu zamana
qədər milləti-islam arasında bir
kimsənə şeir ilə nəzmə
fərq verməyib, hər nazimin adına
bərxilafi-həqq şair deyiblər” və
s.
Söhbət
böyük şairlərdən gedəndə
isə “milləti-islam” ifadəsi yox, “əhli-fürs”
ifadəsini işlədir. “Əhli-fürs” ifadəsi “milləti-islam”
ifadəsindən fərqli olaraq “türklüyü” öz
içərisinə ala bilmir.
“Bəhər surət, türk arasında
dəxi bu zamana qədər
mütəqəddimindən şair
olmayıbdır”. Məhz bu fikrin ardınca Füzulini inkar fikri gəlir. Axundzadənin
mülahizələri bu kontekstdə analitik təhlildən keçirildikdə onun Füzulini türk (Azərbaycan) ədəbiyyatına məxsus
sənətkar kontekstində inkar etdiyi aydın olur.
K.Talıbzadənin “…Füzuliyə
münasibəti biz Axundovun
ədəbi görüşlərində təsadüfi hadisə
hesab etmirik” mülahizəsinə
biz də müəyyən mənada şərikik.
Lakin tədqiqatçının dediyi kontekstdə yox,
K.Talıbzadə Axundzadənin Füzulini “romantik poeziya” kontekstində
inkar etdiyini
vurğulayır. Nədənsə, Y.Qarayev
də, K.Talıbzadə də tənqidçinin təkcə Füzulini deyil, onunla bərabər türk şeirinin XIX əsrə
qədərki tarixini inkar
etməsi faktına münasibət bildirmirlər. “Bəhər
surət, türk arasında dəxi bu zamana qədər
mütəqədimindən şair
olmayıbdır. Füzuli şair deyil və xəyalatında
əsla təsir yoxdur, ancaq
nazimi-ustaddır” fikri Axundzadənin Füzuliyə inkarçı
münasibətinin türk şeirinin
XVIII-XIX əsrlərə qədərki tarixinə
inkarçı münasibət kontekstində meydana
çıxması haqqında mülahizələr irəli
sürməyi qaçılmaz edir. Bu halda, Axundzadənin
mülahizələrində Azərbaycan türklərinin ədəbiyyatının
tarixini müasirləşdirmək meyli onun ədəbiyyat və
tənqid konsepsiyasının ciddi
qüsurlarından biri hesab
edilməlidir.
İkinci halda, Axundzadənin Füzuli
haqqındakı yanlış mülahizəsini ədəbi-tənqidi
görüşlərindəki ziddiyyətlərin,
qeyri-ardıcıllığın tərkib hissəsi də hesab etmək olar. Onun ədəbi-tənqidi mülahizələrində
belə ziddiyyətlərlə, hətta öz-özünü
inkar faktları ilə rastlaşmaq
mümkündür.
*
* *
Professor
Q.Paşayev yazır: “M.F.Axundzadənin anadan olmasının
175-ci ildönümü 1987-ci ildə Azərbaycanda dövlət
səviyyəsində qeyd edilərkən əcnəbi qonaqlar
arasında ehtiramla qarşılanan iki nəfər vardı.
Onlar Axundovlar nəslinin nümayəndəsi Pərirux
xanım və onun həyat yoldaşı, Tokio Universitetinin
professoru İrəc Parsinecad idi. Görkəmli alim Azərbaycandan
dönəndən sonra M.F.Axundovun ədəbi tənqidə həsr
olunmuş “Kritika”, “Risaleyi-irad” (“Tənqid risaləsi”), “Mollayi
Ruminin və onun təsnifinin babında”, “Nəzm və nəsr
haqqında” və s. kimi on məqaləsini ingilis dilinə
çevirərək “M.F.Axundzadənin ədəbi tənqidi”
adı altında ABŞ-da nəşr etdirmişdir”.
Prof.Q.Paşayev onu da əlavə edir ki, ilk dəfə ingilis
dilinə tərcümə olunan bu kitaba İrəc Parsinecad
iri həcmli, sanballı giriş məqaləsi yazmışdır.
Prof.Q.Paşayev İ.Parsinecadın bu məqaləsini ingilis
dilindən tərcümə edib birinci dəfə “Ədəbiyyat
qəzeti”ndə (23 dekabr 1994, 6 və 13 yanvar 1995), ikinci dəfə
isə “Azərbaycan” jurnalında çap etdirmişdir.
İ.Parsinecadın
məqaləsində M.F.Axundzadə tənqidinə çox
yüksək qiymət verilmiş, bununla belə onun tənqidinin
“ciddi xətalardan xali” olmadığı da qeyd edilmişdir.
İ.Parsinecad yazır: “Axundzadənin türk poetikası (oxu:
poeziyası - T.S.) barədə fikirləri də arzu olunan səviyyədə
deyildir. Burada onun bu sahəni dərindən
bilməməsi üzə çıxır.
Yuxarıda
qeyd edildiyi kimi, o yalnız beş klassik İran şairinin
yaradıcılığıni qiymətləndirir. Türk
şairlərindən danışarkən Füzuli
kimi klassik şairi qiymətləndirməməsi, o zaman nisbətən az tanınmış Vaqif
və Qasım bəy Zakir kimi
müasir şairləri bol-bol
tərifləməsi bu baxımdan səciyyəvidir”
(“Azərbaycan” jurnalı, 2012, ¹2, s.175-176).
Rus nəzəriyyəçisi
Lixaçov yazırdı ki,
“Ədəbiyyatşünaslıq elmi kimi qalmaq istəyirsə dəqiqliyə
meyl etməlidir”. Bu dəqiqlik
və milli mənafe naminə hətta uzaq Yaponiyada (Tokio Universitetində) etiraf
olunan bir həqiqəti
biz də deməyi bacarmalıyıq. Həm
də ona görə ki,
İrəc Parsinecadın da xüsusi vurğuladığı kimi, “bu xətalar...
Axundzadənin xidmətlərini azaltmır”.
Təyyar
Salamoğlu,
filologiya elmləri
doktoru, professor
Ədəbiyyat qəzeti.- 2012.- 28
dekabr.- S.5.